Sorğu: Britaniyalılar ölkələrinin dünyada zəif kimi göründüyünə inanırlar
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 29 sentyabr, AZƏRTAC
Yeni keçirilmiş ictimai rəy sorğusuna görə, britaniyalılar ölkələrinin beynəlxalq arenada zəif və asanlıqla təsirlənən kimi qəbul olunduğunu düşünürlər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, sorğunun nəticələri yalnız hər dörd britaniyalıdan birinin Böyük Britaniyanın dünyada müsbət imicə malik olduğuna inandığını göstərib.
“More in Common” təşkilatı və “Save the Children” tərəfindən keçirilən sorğuya əsasən, iştirakçıların 75 faizi Birləşmiş Krallığın beynəlxalq imicinin onlar üçün vacib olduğunu bildirib. Eyni zamanda, sorğu iştirakçılarının 61 faizi çoxsaylı geosiyasi böhranların yaşandığı bir dövrdə Böyük Britaniyanın beynəlxalq məsələlərdə böyük rol oynamasını istədiyini vurğulayıb.
Sorğu, həmçinin göstərib ki, “Reform UK” partiyasına səs verənlər Böyük Britaniyanın xaricdə daha çox mənfi imicə malik olduğunu hesab edirlər. Yaşıllar Partiyasının tərəfdarları isə ölkənin dünyada müsbət göründüyünə ən az inanan qrup olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


