Icma.az
close
up
RU
“Soros fondu” Gürcüstanı dinc buraxmaq istəmir

“Soros fondu” Gürcüstanı dinc buraxmaq istəmir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Salome Zurabişvili isə milli maraqlara arxa çevirib

Bu gün Gürcüstanda siyasi vəziyyət hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə səlahiyyət müddəti dekabrın 29-da başa çatan ölkə prezidenti Salome Zurabişvili arasında qarşıdurma ilə xarakterizə olunur. Salome Zurabişvili seçki prosesini “etibarsız” sayır və onun nəticələrini tanımaqdan imtina edib. O, parlament seçkilərinin yenidən keçirilməsini tələb edir və Avropa liderləri ilə telefonla məsləhətləşmələr aparır. Bu barədə Zurabişvilinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Gürcüstan prezidenti avropalı həmkarlarına Bidzina İvanişviliyə verdiyi təklifi təqdim edib: “Bu, böhrandan yeganə çıxış yoludur. Təklif iki əsas məsələnin razılaşdırılması üçün görüşü nəzərdə tutur: yeni seçkilərin tarixi və ATƏT/DTİHB-nin hesabatı əsasında seçkilər üçün yeni şərtlərin müəyyən edilməsi”.

Avropa ilderlərindən isə dəstək gəlib. Polşa Prezidenti Andjey Duda yeni parlament seçkilərinin keçirilməsinin zəruriliyini bəyan edən ilk Avropa lideri olub: “Mən prezident Salome Zurabişvili ilə Gürcüstandakı vəziyyətlə bağlı danışdım. Xanım Prezidenti əmin etdim ki, onun liderliyinə və gürcü xalqının Avropaya yönəlmiş istəklərinə sarsılmaz dəstəyim var. Onların vahid Avropaya doğru irəliləmək üçün toxunulmaz hüquqları var. ATƏT-in tövsiyələrinə uyğun olaraq yeni seçkilər hazırkı böhrandan çıxış yoludur".

Çexiya lideri Petr Pavel də Zurabişvilini dəstəklədiyini bildirib: “ATƏT ötən cümə günü Gürcüstanda keçirilən seçkilərlə bağlı hesabatını dərc edib. Bu gün baş verənlər prezident Salome Zurabişvilini son hadisələri müzakirə etməyə vadar edib. Mən Prezidentə bu çətin vəziyyətdən çıxış yolu tapmaqda göstərdiyi səylərə, eləcə də ölkələrinin demokratik gələcəyi uğrunda mübarizəni davam etdirən Gürcüstan vətəndaşlarına dəstəyimi təklif edirəm”.

Prezident Salome Zurabişvili isə bildirib ki, hakim “Gürcü Arzusu” partiyası təkrar seçkilərin keçirilməsinə razılıq vermədiyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətindədir. Bu barədə siyasətçi feysbukda yayımlanmış videomüraciətində bildirib. Zurabişvilinin sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir. Hakim partiya kompromisə getməsə, dialoq əldə olunmasa, başqa variant var – biz bu rejimi devirməklə seçkilərə gedəcəyik, başqa yol yoxdur”.

Zurabişvili, bununla yanaşı, yeni prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq niyyətindədir. “Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün şura yaradılacaq. Bu şuranın mandatı yalnız bir məsələyə – yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır”.

Onun bu açıqlamalarına hakim partiyadan sərt reaksiya gəlib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Salome Zurabişvili istər qanundan, istərsə də Konstitusiyadan asılı olmayaraq tamamilə nəzarətsiz hərəkət edir. Onun fikrincə, S.Zurabişvilinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi heç bir legitimliyə malik deyil və əsassızdır.

Gürcüstan parlamentinin deputatı Eka Sepaşvili isə hesab edir ki, Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır: “Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur”.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski bəyan edib ki, ölkədə keçirilən seçkilər saxtalaşdırılmayıb və nəticələrdən narazılıq siyasi spekulyasiya kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, seçkinin nəticələrindən narazı olan bəzi qrupların ölkəni gərginliyə salması yolverilməzdir: “Bu qruplar müəyyən ssenari üzrə hərəkət edərək, ölkəyə xüsusi tapşırıqları yerinə yetirəcək və Gürcüstanın dağıdılmasına zəmin yaradacaq bir hakimiyyəti gətirməyi hədəfləyir. Hakimiyyət, arxasında 1 milyon 120 min seçicinin dəstəyi olduğu halda, güzəştə getməməlidir”.

Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani isə ölkədəki etiraz aksiyalarında “Soros fondu”nu ittiham edib: “Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp “Soros və fondu”nun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir”.

Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.

“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze müxalifəti ATƏT-in hesabatının məzmununa diqqət yetirməməkdə ittiham edib: “Bizim müxalifətin səsləndirdiyi spekulyativ fikirlər ATƏT/ODİHR-in yekun hesabatında öz əksini tapmayıb. Hesabatda müəyyən tənqidi qeydlər var və bunu heç kim inkar etmir. Lakin müxalifət seçkilərlə bağlı 300 min saxtalaşdırılmış səslə əlaqədar iddialar irəli sürürdü, ancaq bu barədə hesabatda heç bir məlumat yoxdur. Əksinə, yekun sənəd ilkin hesabatın eyni məzmununu genişləndirilmiş formada təsdiqləyir”.

O qeyd edib ki, müxalifət əvvəlcə bu hesabatı “fəlakət” adlandırmışdı, indi isə onu “müsbət” kimi təqdim edir, bu da onların sənədin məzmunundan çox, necə təqdim ediləcəyinə önəm verdiyini göstərir.“Bilmirəm, konstitusiyanı oxumurlar və bilmirlər, o qədər də cahil deyillər. Amma bunlar baş nazir təyin etmək, yeni seçkilər keçirmək istəyirlər. Lakin qeyd etmirlər ki, bunun üçün əsas lazımdır”, - deyə Mamuka Mdinaradze bildirib.

Bu arada Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədəki səhifəsində yazıb ki, Almaniya ölkənin Avropa İttifaqına inteqrasiya yolundan uzaqlaşması və etirazların yatırılmasına cavab olaraq Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb. Almaniya səfiri dayandırılmış bir neçə layihə ilə birgə, yaşıl hidrogen, enerji infrastrukturu layihələri, həmçinin Batumidə su infrastrukturunun maliyyələşdirilməsinin dayandırıldığını qeyd edib.

P.ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri