Sosial islahatların uğurları
Respublikamızda sosial sfera dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”. Prezident İlham Əliyevin bu fikirləri Onun tapşırıqları əsasında ardıcıllıqla həyata keçirilən sosial islahatlarda öz təsdiqini tapır.
Buna nümunə olaraq dövlətimizin başçısının Fərman və Sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar. Həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük. Respublikamızda sosial məzmunlu islahatlar artıq sonuna yaxınlaşdığımız 2024-cü ildə də geniş miqyasda davam etdirilib.
Yeni sosial paket
Ölkə vətəndaşları 2024-cü ilin son günlərdə yeni sosial paketin elan ediməsi xəbərinə sevindilər. Prezident İlham Əliyevin imzaladığı yeni “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
O cümlədən cari ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 mln. manat çox olmaqla 5 mlrd. 949 mln. manat vəsait yönəldilib. Həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, həmçinin yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası da gələn il davam edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq.
Bu yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün 15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
Əlilliyi olan şəxslərə xüsusi qayğı
Sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2024-cü ildə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən cari ildə 130-a çatdırılıb. O cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxsləri 87,7 min reabilitasiya vasitəsi ilə təmin edib.
Onlardan 5,8 mini təkərli oturacaq (o cümlədən 238-i mühərrikli təkərli oturacaq), 1,8 mini aşağı və yuxarı ətraf protezi, habelə 2,1 mini eşitmə aparatı, 2,6 mini qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub. Həmin şəxslərə 3,1 min cüt protez ayaqqabı və 5,9 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 11 ayı ərzində, ümumilikdə, 11,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib, 113 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.
Onlardan 61,1 mini ambulator, 26,5 mini stasionar və icma əsaslı, digərləri isə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri ilə təmin olunub.
Şəhid ailələrinin, qazilərin mənzil təminatı
Respublikamızda Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsi olaraq həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır. Sabiq Prezident Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə daha da genişləndirilir. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram postmüharibə dövründə 5 dəfə genişlənib.
Müvafiq kateqoriyadan olan vətəndaşlara bu günlərdə daha 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib. İlin sonunadək şəhid ailələrinə və qazilərə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə, ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatıb. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.
174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
Ölkədə aparılan sosial islahatların əsas hədəflərindən biri də bu sahədə şəffaf, çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan DOST Konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub və bu gün Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformadan təqdim edilir. 30-dan çox e-arayış xidməti, həmçinin 2019-cu ilin əvvəlindən 50-dən çox proaktiv təyinat mexanizmləri, həmin il ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə “Əmək və Məşğulluq” altsistemi işə salınıb.
Yaradılan müasir infrastruktur sayəsində bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 33 mini pensiya, 141 mini müavinət və təqaüd təyinatları olub.
Qeyd edək ki, proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.
Geniş məşğulluq proqramı
Ölkəmizdə dərinməzmunlu sosial siyasətin diqqət mərkəzində saxlanılan mühüm istiqamətlərindən biri də fəal məşğul əhalinin əhatə dairəsinin genişləndirilməsidir. Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-noyabr aylarında 366,9 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 149 min şəxs münasib işlərlə təmin olunub, 16,1 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Cari ilin 11 ayında 14,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 187,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Eyni zamanda, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri də davam etdirilir. İndiyədək bəhs olunan ərazilərə 10 minə yaxın vətəndaşımızın köçürülməsi təmin edilib. 2026-ci ildə bu rəqəmin dəfələrlə artaraq 140 minə çatacağı gözlənilir. Məşğulluq proqramı da bu dinamikaya uyğun hazırlanıb. İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda, sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır. Artıq 125 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Doğma yurdlarına qayıdan vətəndaşlardan 145 sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Cari ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib.
Avropa üçün yaxşı təcrübə - 110-dan çox beynəlxalq mükafat
Azərbaycanda uğurlu sosial layihələrdən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST mərkəzlərinin yaradılmasıdır. Vətəndaşlar üçün əlçatan olan bu şəbəkə getdikcə genişlənir. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə DOST Agentliyi, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ilin iyun ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb. DOST Konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. 2024-cü ilin yanvar-noyabr aylarında DOST mərkəzlərində 850 min vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.
DOST konsepsiyası artıq Azərbaycanın dünyada tanınan intellektual brendlərindən biridir. İndiyədək bu konsepsiya 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si “Good practice awards of Europe”, yəni, “Avropa üçün yaxşı təcrübə mükafatı”dır. Ümumilikdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların uğurları mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Təkcə 2024-cü ildə bu uğurlar 110-dan çox beynəlxalq mükafatla təltif edilib.
Heydər Əliyev Fondunun sosial siyasətdə fəal iştirakçılığı
Ölkəmizin dərinməzmunlu sosial siyasətindən bəhs edərkən burada Mehriban xanım Əiyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal iştirakçılığını xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə, digər həssas qruplardan olan insanlara, uşaqlara son dərəcə həssas yanaşması hər kəsə bəllidir. Onun təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olmaqla, bu sahədə mühüm rola malikdir. Burada ötən dövrdə 600-ə yaxın şəxsə xidmət göstərilib. Bu vaxtadək mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub. Burada benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. Ötən ilin noyabr ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub. Eyni zamanda, Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi başa çatıb. 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günündə sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Tədbirdə vurğulanıb ki, belə bir ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkili də əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olmaqla, onların yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır. Sərgi-müsabiqədə Bakı və bölgələr üzrə 195 nəfər əlilliyi olan şəxsin 2500 əl işi təqdim edilib. Onların sırasına rəsm, bədii oyma, bədii tikmə əsərləri, xalça və xalçaçılıq məmulatları, toxuma, metal və daş üzərində işlər və s. daxildir.
İl ərzində Mehriban xanım Əliyevanın və Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplardan olan insanlarla, o cümlədən də qayğıya ehtiyacı olan uşaqlarla çoxsaylı görüşləri baş tutub. Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib. Müəssisədə 150-dək uşaq dövlət himayəsində yaşamaqla, onlara reabilitasiya xidmətləri də təqdim olunur. Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərilir. Mərkəzə qəbul edilənlər dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunurlar. Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb. Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub. Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər. Leyla Əliyeva da onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər. Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.
Mübariz ABDULLAYEV