Sosial şəbəkə, qonşu məsləhətləri ilə uşağa müalicə etmək düzgün deyil Pediatrla MÜSAHİBƏ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son illərdə valideynlər arasında uşaqların sağlamlığını qorumaq və xüsusilə soyuqdəymə, bronxit, astma kimi tənəffüs yolları problemlərini aradan qaldırmaq məqsədilə inhalyasiya üsuluna tez-tez müraciət etmələri geniş yayılıb.
Redaktor.az bu mövzuya münasibət öyrənmək üçün ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti, həkim-pediatr Nigar Bayramova ilə söhbətləşib.
- Ev şəraitində müxtəlif kimyəvi preparatlarla uşaqlara inhalyasiya müalicələri edilir. Bu nə dərəcədə doğrudur?
- İnhalyasiya pediatriyada dəyərli və effektiv müalicə üsuludur. Lakin son zamanlar inhalyasiya müalicəsi valideynlər arasında demək olar ki, “zərərsiz və hər kəs üçün uyğun” bir üsul kimi qəbul olunur. Bunu qəti şəkildə demək lazımdır ki, inhalyasiya müalicəsi sadə buxar proseduru deyil, dərman müalicəsidir və yalnız diaqnoz qoyulduqdan sonra göstəriş olan xəstələrə həkim tövsiyəsi ilə aparılmalıdır. Hər inhalyasiya müalicəsi fərdi yanaşma, doğru dərman, doğru doz və düzgün gigiyena qaydaları tələb edir.
- Valideynlər bu dərmanları niyə bu qədər rahat istifadə edirlər?
- Bunun bir neçə səbəbi var. Birincisi, inhalyasiya dərmanlarının “yerli təsir göstərdiyi” düşünülür və sistemik təsiri az olduğu üçün təhlükəsiz hesab edilir. İkincisi isə sosial şəbəkələrdə, valideyn forumlarında, bəzən də tibbi səlahiyyəti olmayan şəxslərin verdiyi tövsiyələrdir. “Öskürürsə, ... ilə inhalyasiya elə, düzələcək” kimi şablon yanaşmalar formalaşıb. Bu isə tibbi baxımdan son dərəcə yanlışdır.
- Bu dərmanlardan konkret olaraq hansı hallarda istifadə olunmalıdır?
- Bu preparatların hər birinin müxtəlif təsir mexanizmi və göstərişləri var. Bu preparatların arasında bronx genişləndirici, steroid, kombinə olunmuş dərmanlar əsasən bronxial obstruksiya, astma tutması zamanı istifadə olunur. Sadəcə öskürək varsa, bu dərmanların verilməsi düzgün deyil, inhalyasiya hər öskürək və ya virus infeksiyası üçün nəzərdə tutulmayıb. Bu dərmanların səbəbsiz və uzunmüddətli istifadəsi uşaqlarda ürək döyüntülərinin artması, titrəmə, davranış dəyişiklikləri, hormon balansına təsir kimi fəsadlara yol aça bilər. Lakin steroid preparatların nəzarətsiz, diaqnozsuz və uzunmüddətli istifadəsi uşaqlarda bir sıra lokal və sistemik əlavə təsirlərə - ağız boşluğu və boğazla bağlı fəsadlar, ağız boşluğunda göbələk infeksiyası, səs batması, boğazda yanma, quruluq və qıcıqlanma hissi, ağız selikli qişasında eroziyalar, diş və diş əti problemləri, diş minasının zəifləməsi və kariyes riskinin artması, diş əti iltihabı, ağız mikroflorasının pozulmasına səbəb ola bilər.
- Evdə, həkim müayinəsi olmadan inhalyasiya etmək hansı riskləri yaradır?
- Ən böyük risk düzgün diaqnozun gecikməsidir. Məsələn, öskürəyin səbəbi allergiya, reflüks, infeksiya, yad cisim aspirasiyası və ya virus mənşəli pnevmoniyalar ola bilər. Siz bronx genişləndirici verərək simptomu müvəqqəti azalda bilərsiniz, amma əsas xəstəlik irəliləyir.
Bundan əlavə, valideynlər bəzən dozanı düzgün hesablamadan, dərmanları qarışdıraraq və ya uzun müddət fasiləsiz istifadə edirlər. Bu isə artıq tibbi nəzarətdən kənar müalicə deməkdir. Həkim tərəfindən qiymətləndirildikdən sonra inhalyasiya müalicəsi uşağın həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıra bilər.
- Valideynlərə əsas mesajınız nə olardı?
- Valideynlər bilməlidirlər ki, inhalyator cihazı, dərman ötürən tibbi cihazdır. Sosial şəbəkə tövsiyələri, qonşu məsləhətləri və ya başqa xəstələrin reseptləri əsasında uşağa müalicə etmək düzgün deyil. Öskürək, xırıltı, tənəffüsün çətinləşməsi varsa, ilk addım müayinədir, inhalyasiya yox. Diaqnoz qoyulmadan edilən hər müalicə uşağın sağlamlığı üçün riskdir.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Yanvar 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















