Icma.az
close
up
RU
Soyuq qitə uğrunda qızğın mübarizə

Soyuq qitə uğrunda qızğın mübarizə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa gəlir, amma son qərar Ağ Evindir

2026-cı ilin yanvar ayında yaşanan hadisələr beynəlxalq münasibətlər sistemində yeni səhifə açır. Fransa, Almaniya və İsveç hökumətlərinin rəsmi Kopenhagen və Nuuk rəhbərliyi ilə razılaşdırılmış şəkildə Qrenlandiya ərazisinə təlim-məşq məqsədli hərbi kontingent göndərmək qərarı ilk baxışda Şimali Atlantika Alyansının şimal cinahını möhkəmləndirmək cəhdi kimi görünsə də, mövcud gedişin Donald Trampın strateji hesablamalarına mühüm təsir göstərməyəcəyini ortaya qoyur.

Ağ Evin siyasi kursunu müəyyən edən respublikaçı liderin dünyagörüşündə Qrenlandiya məsələsi Amerikanın qlobal resurs bazasına nəzarət imkanlarının genişləndirilməsi və Şimal yarımkürəsində mütləq dominantlığın təmin edilməsi doktrinasının ayrılmaz hissəsidir. Avropalı tərəfdaşların Arktika adasına məhdud sayda hərbi personal, təlimatçı və xüsusi təyinatlı qüvvələr yerləşdirməsi Vaşinqton tərəfindən tərəfdaşlıq jesti kimi qiymətləndirilsə də, Trampın praqmatik və “Öncə Amerika” yanaşmasını dəyişmək gücündə deyil.

Mövcud prosesin analizində diqqət yetirilməli ilk məqam Trampın Qrenlandiyaya yanaşmasının tarixi və iqtisadi kökləridir. Hələ ötən əsrin ortalarında ABŞ rəhbərliyi tərəfindən adanın satın alınması təklifi irəli sürülmüşdü və hazırkı ABŞ lideri məhz həmin tarixi irsi davam etdirərək Qrenlandiyanı Şimali Amerika qitəsinin strateji qalası kimi görür. Fransa və ya Almaniyanın hərbi mövcudluğu ABŞ üçün adanın dəyərini azaltmır, əksinə, regionun hərbiləşməsinin qaçılmaz olduğunu təsdiqləyərək Vaşinqtonun daha qətiyyətli addımlar atması zərurətini önə çıxarır. Tramp administrasiyası hesab edir ki, Avropa dövlətlərinin hərbi büdcələri, logistik imkanları Arktika kimi sərt iqlim şəraitində uzunmüddətli və genişmiqyaslı əməliyyatlar aparmaq üçün yetərli deyil. Buna görə də, Paris və Berlinin göndərdiyi simvolik qüvvələr Rusiya və Çin kimi rəqiblərin regiondakı fəaliyyətini neytrallaşdırmaqda aciz qalacaq.
İsveç kimi yeni NATO üzvünün prosesə qoşulması Alyans daxilində Arktika məsuliyyətinin bölüşdürülməsi cəhdi kimi dəyərləndirilir. Lakin Trampın siyasi fəlsəfəsində kollektiv məsuliyyət çox vaxt “effektsizlik” kimi qəbul edilir. O, ikitərəfli, birbaşa və konkret nəticəyə hesablanmış sövdələşmələrə üstünlük verir. Qrenlandiya ilə bağlı onun vizyonu adanın resurslarına və idarəçiliyinə birbaşa nüfuz etməyi nəzərdə tutur. Avropa kontingentinin orada olması, bəlkə də Kopenhagenin Vaşinqton qarşısında manevr imkanlarını artırmaq cəhdidir. Yəni Danimarka hökuməti göstərmək istəyir ki, adanın təhlükəsizliyini təmin etmək üçün təkcə ABŞ-a möhtac deyil və alternativ tərəfdaşları var. Amma Tramp administrasiyası mövcud gedişi asanlıqla oxuyur və buna qarşı iqtisadi rıçaqları işə salmaq potensialına malikdir. Məsələn, ABŞ Qrenlandiyanın iqtisadiyyatına elə həcmdə investisiya vəd edə bilər ki, Aİ-nin ayırdığı qrantlar onun yanında cüzi görünər.
Hərbi-strateji aspektdən yanaşdıqda Qrenlandiyadakı Pituffik aviabazasının əhəmiyyəti əvəzsizdir. Rusiya qitələrarası ballistik raketlərinin ABŞ ərazisinə çata biləcəyi ən qısa trayektoriya məhz Qrenlandiya üzərindən keçir. Bundan əlavə, kosmik müşahidə və raketdən müdafiə sistemlərinin radar stansiyaları burada yerləşir. Avropa ölkələrinin göndərdiyi kiçik qruplar belə qlobal səviyyəli strateji obyektlərin mühafizəsini və ya əvəzlənməsini həyata keçirə bilməz. Tramp yaxşı anlayır ki, nüvə çəkindirmə qüvvəsi baxımından Avropa ABŞ-dan tam asılıdır. Ona görə də, Fransa və ya Almaniya hərbçilərinin adada olması strateji balansı dəyişmir.
Avropa paytaxtlarının mövcud qərarının arxasında duran siyasi motivləri də nəzərdən qaçırmaq olmaz. Rusiya təhlükəsinin artması fonunda Avropa liderləri öz ictimaiyyətinə fəaliyyətsiz qalmadıqlarını göstərməyə çalışırlar. İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə Arktika Şurasının, demək olar ki, bütün üzvləri (Rusiya istisna olmaqla) alyansın çətiri altında birləşib. Alyans daxilində liderlik məsələsi Tramp üçün qırmızı xətdir. O, heç bir halda NATO-nun Avropa qanadının müstəqil qərarlar verməsini və ABŞ-ın strateji maraqlarına toxunan addımlar atmasını qəbul etmir. Buna görə də Qrenlandiyaya qoşun göndərilməsini Ağ Ev soyuq qarşılayacaq, “yaxşı addımdır, amma pulunu ödəyin tipli bəyanatlarla müşayiət olunacaq.
Hadisələrin gələcək inkişaf ssenarilərində daha maraqlı mənzərənin şahidi ola bilərik. Ehtimal edilir ki, Tramp administrasiyası cavab olaraq Qrenlandiyada ABŞ konsulluğunun statusunu yüksəldəcək və ya birbaşa iqtisadi nümayəndəlik açacaq. Həmçinin ABŞ hərbçilərinin adadakı sayının artırılması və yeni infrastruktur layihələrinin başladılması gündəmə gələcək. Belə layihələr yerli əhali üçün iş yerləri deməkdir və bu, siyasi elitanın ABŞ-a rəğbətini artıracaq. Avropa hərbçilərinin adada, sadəcə, təlim keçməsi uzunmüddətli iqtisadi fayda vermədiyi üçün onlar yerli əhali arasında “qonaq” kimi qəbul ediləcək, amerikalılar isə “tərəfdaş” və “investor” statusu qazanmağa çalışacaqlar. Digər tərəfdən, Rusiya amilini də unutmaq olmaz. Rəsmi Moskvanın Arktikada hərbi fəallığı, nüvə sualtı qayıqlarının sınaqları və “Poseydon” kimi strateji silahların yerləşdirilməsi Qərbi narahat edir. Avropa qoşunlarının Qrenlandiyaya gəlməsi Kreml tərəfindən təxribat kimi qiymətləndiriləcək, Rusiya bunu “NATO-nun Arktikanı işğal etməsi” kimi qələmə verəcək. Belə gərgin vəziyyətdə Trampın “Mən Putinlə danışa bilərəm, Avropa isə vəziyyəti gərginləşdirir” arqumenti yenidən aktuallaşacaq.
Siyasi analitikanın dərin qatlarında gizlənən başqa bir məqam Qrenlandiyanın müstəqillik arzularıdır. Yerli siyasi partiyalar uzun müddətdir Danimarkadan tam ayrılmaq istəyirlər. Trampın strategiyasının məhz həmin istəkləri körükləmək üzərində qurulması ehtimalı böyükdür. O, müstəqil Qrenlandiyanı daha asan idarə edilə bilən tərəfdaş kimi görür. Avropa qoşunlarının adaya gəlməsi, Danimarkanın suverenliyini möhkəmləndirmək cəhdi kimi göründüyü üçün, müstəqillik tərəfdarı olan qrenlandiyalılar tərəfindən mənfi qarşılana bilər.
Texnoloji amillər də mövcud məsələdə rol oynayır. Arktika regionunda kommunikasiya, peyk rabitəsi və naviqasiya çətinlikləri mövcuddur. ABŞ-ın “SpaceX” və digər özəl şirkətləri vasitəsilə təqdim etdiyi “Starlink” tipli sistemlər regionun rəqəmsal infrastrukturunu dəyişir. Avropa qoşunları da rabitə və kəşfiyyat məlumatları üçün Amerika texnologiyalarından asılı vəziyyətdədir. Vaşinqton istənilən an məlumat mübadiləsini məhdudlaşdırmaqla avropalı müttəfiqlərinə yerini göstərə bilər. Hərbi əməliyyatlarda informasiya üstünlüyü həlledicidir. Ona görə də, fiziki olaraq, orada kimin əsgərinin dayanmasından asılı olmayaraq, rəqəmsal və kəşfiyyat məkanı ABŞ-ın nəzarətindədir.
Avropa qoşunlarının Qrenlandiyaya yerləşdirilməsi hadisəsi transatlantik münasibətlərdəki etimad böhranının göstəricisidir. Tərəflər bir-birinə tam güvənmir və hər kəs öz sığorta variantını hazırlayır. Lakin güc balansı birmənalı şəkildə ABŞ-ın xeyrinədir. Donald Trampın stabil və dəyişməz yanaşması ondan ibarətdir ki, güc haqlıdır və gücə sahib olan tərəf Qrenlandiyanın sahibidir. Avropa isə hazırkı vəziyyətdə yumşaq güc nümayiş etdirir, sərt güc isə Pentaqonun əlindədir. Sözügedən proseslərdən sonra gözlənilən əsas hadisə Arktika regionunda ABŞ hərbi infrastrukturunun genişlənməsi və Qrenlandiya hökuməti ilə Vaşinqton arasında birbaşa təmasların intensivləşməsi olacaq. Avropa bayraqları Qrenlandiya küləyində dalğalana bilər, amma siyasi küləklər Vaşinqtondan əsməkdə davam edəcək. Trampın Arktika xəritəsində Qrenlandiya hələ də ABŞ gələcək əyaləti kimi işarələnib və heç bir xarici qüvvə həmin xəritəni silmək iqtidarında deyil. Nəticədə, Qrenlandiya uğrunda gedən səssiz müharibədə həlledici sözü yenə də Ağ Ev deyəcək.
Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri