Söyüşə görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səməd İbrahimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 02 avqust 2024-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən Sumqayıt şəhər 1 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan Səməd İbrahimov zərərçəkmiş Qulam Hacıyevin (adı, soyadı şərtidir) yanında olan tanışı ilə danışıq tərzini bəyənməyib. Bu zaman onlar arasında yaranmış mübahisəyə müdaxilə edib. Sonra özünün Qulamla mübahisəsi düşüb və zərərçəkmiş onun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlədib. Daha sonra Səməd üzərində gəzdirdiyi bıçaqla Qulamın qəsdən kürək və sağ qol nahiyəsinə zərbələr endirərək ona sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunub.


