Icma.az
close
up
RU
SÖZÜN QƏLİBƏ YOX, QƏLBƏ KÖÇDÜYÜ POEZİYA

SÖZÜN QƏLİBƏ YOX, QƏLBƏ KÖÇDÜYÜ POEZİYA

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

(Şair Maşallah Məftunun 70 illik yubileyi münasibətilə)

Ədəbiyyatın ən sərhədsiz sahələrindən biri olan poeziya zaman-zaman müxtəlif formalarda inkişaf etmişdir. Klassik dövrlərdə heca vəzninə və ya əruz qaydalarına sadiq qalan şairlər sonrakı mərhələlərdə heca vəzni ilə yanaşı sərbəst ifadə tərzlərinə də üz tutmuş, sözün ahəngi ilə yanaşı, mənanın azadlığını da ön plana çəkmişlər. Ölçüsüz, yəni sərbəst şeirlərin yaranmasında və inkişafında belə şairlərin rolu danılmazdır. Onlardan biri də Maşallah Məftundur.

Maşallah Məftunun heca şeirləri də var, əlbəttə, amma bu yazıda onu daha çox sərbəst vəznin təmsilçilərindən biri kimi təqdim etməyimin səbəbi onun şeirlərinin çoxunun “qafiyəli bir düşüncə” deyil, “düşüncəli bir hiss” üzərində qurulmasıdır. Bu da ona imkan verir ki, sözün sərhədlərindən çox, mənanın sərhədsizliyinə vararaq oxucunu da öz poetik düşüncə yoluna cəlb etsin.

Şeirlərini oxuduqca bu qənaətə gəlirsən ki, Maşallah Məftun üçün poeziya yalnız qafiyə və vəzn içində döyünən bir ritm deyil, ruhun özünəməxsus axınıdır. Onun şeirlərində bəzən bir cümlə, bəzən bir söz bütövlükdə o andakı hisslərini ifadə edir. Sərbəst şeirlər ona öz fikirlərini məhdudiyyətsiz və qəlibsiz təqdim etməyə imkan verir. Bu şeirlərdə oxucu həm fikirlərin azadlığını, həm də duyğuların təbii axınını hiss edir.

Böyüdü çocuq,

atası Qurban kişinin Vətən sevgisiylə...

Yollarında çox oldu

vəhşi savaşlar, ölümlər, itimlər.

Sahilində doğulduğu Xəzəri sevdi.

Sevdi qəzəbli, kinli dünyanı.

Hüseyn Cavidi, Müşfiqi, Salman Mümtazı,

Ustadları sürgün edən

Sibirin ölüm düşərgələrinə səyahət etdi.

Yandırılan kitablar,

ümidlər,

gümanlar,

haqsız tökülən qanlar...

Şairin yaradıcılığında insanın daxili aləmi, varlıq sualları, sevgi, itki, cəmiyyət və zaman kimi dərin mövzular mühüm yer tutur. O, sərbəst şeirlə bəzən mürəkkəb fikirləri sadə, ancaq təsirli bir dildə ifadə edir. Duyğularını oxucuya çatdırmaqda çox vaxt ölçüyə bağlı qalmaqdan imtina etməsi, onun poetik səmimiyyətini artırır. Hər bir şeiri öz axarı ilə gəlir, oxucunu öz dalğasında aparır.

İnsanın ürəyi

Görən niyə daşa dönür?!

Güllü, çiçəkli baharı

Görən niyə qışa dönür?!

Və ya:

Gəlimli-gedimmi dünya,

Gülləri açılan,

Cüllələri saçılan dünya...

Yaxud:

..Hara çapıb gedib Qarabağ atları?...

Yel qanadlı atlar

demirlərmi ömürdən qəbrə düşmüş

Pənah tək xanların goru çatlar..

Unudulsun deyə bu qəhər,

lap elə günü səhər

kişnərti göndərsinlər Qarabağa

qeyrəti üstə,

O səslər düşməni sarsıdacaq

                                   “Heyratı” üstə.

Nümunələrdən də göründüyü kimi, Maşallah Məftun yazdıqlarını ütüləmir, bəlkə də tələskənlik edir, amma sərbəst şeirin çağdaş təmsilçilərindən biri kimi, ənənə ilə müasirlik arasında bir körpü qurur. Ənənəvi poeziyanın dərinliklərini və müasir insanın ehtiyaclarını bir araya gətirərək yeni bir ifadə tərzi formalaşdırır. Onun şeirləri gənc şairlər üçün həm ilham, həm də azad yaradıcılıq nümunəsidir.

Bizim qonşu qadın,

Yaxşı bilmirəm adın.

Okeanın o tayına

səfər etmiş

Fransada eniş etmiş...

Qızına hədiyyə olsun deyə

bir köpək gətirmiş.

...Hər səhər,

ağ əlcəkli qadın itin gəzdirir,

mən nəvələrimi...

O itiylə danışır,

səsi-küyü,

əllamələr,

rabitəsiz kəlmələr...

mən nəvələrimlə danışıram...

Bu şeirdə zamanla yarışmayan, amma zamanın içində gizlənən sözlər var. Elə sözlər ki, deyilməmiş kimidir, amma oxucu onu “eşidir”, anlayır. Maşallah Məftun bu sözlərin adamıdır sanki, onun poeziyasında formadan çox ruh danışır. Sükutun içindən doğulan misralar, ölçüsüzlüyün içində öz ritmini tapan sətirlər... bunlar onun şair taleyinin izləridir. O, bəzən heca şeirlərində də misralarının bəzilərini azad buraxır, yaxud vəznin qaydalarına riayət etmir. “37-ci il,90-cı il...” şeirində deyir:

Hansı yaraları görmədi şair!

Xalqına,yurduna qurdular tələ,

Hansı yaralarla ölmədi şair!

İki əsr,iki yara...

Şairin sadə, kiçik misralarının arasında gizlənən böyük həqiqətlər yatır. Maşallah Məftunun şeirləri təkcə hisslərin deyil, həm də sualların meydanıdır. İnsan, zaman, ömür, Tanrı...

Suların bulanıq axar həmişə,

Qəlbimi yandırıb yaxar həmişə,

Gözlərim gözümlə baxar həmişə,

Xan Araz, gözümlə gözün yanmasın.

Və yaxud:

Şuşaya qar yağır, canım üşüyür.

Vuran damarımda qanım üşüyür.

Şuşanın bu günlər bircə fəsli var,

Şuşanın Bakıda qərib nəsli var...

Şuşanın işğalında yazılan bu mirsalarda Şuşa canlı insan kimi qələmə verilir. Bakıda köçkün həyatı yaşayan Şuşalıları Şuşa adlı “kişinin” qərib nəsli olaraq görür. Bu misralar onun poetik dünyasının mahiyyətini göstərir: söz danışmaq üçün yox, düşündürmək üçündür. Bu misralarda həm vətən sevgisi, həm etiraf, həm də sükunət var.

Maşallah Məftunun poeziyasında anlayışlar bəzən bir-birinə toxunur, bəzən də bir-birinə çevrilir. O, insanı sorğuya çəkir, amma ittihamla yox, səmimi bir baxışla.

Üzü qaralıb əkinçi babamın üzü kimi,

Gözündən yaş gəlir dərdli nənəmin gözü kimi.

Qara zurna, qara zurna,

Baş götürüb hara gedir, hara zurna?...

Şairin poetik dili bəzəksiz, lakin ifadəlidir, şeirlərində sadə sözlər bəzən qılınc kimi kəsir, bəzən də yaraya məlhəm kimi yayılır. O, emosiyanı süni təsvirlərlə deyil, təbii axarla verir. “Şəhidlər Xiyabanı” şeirində oxuyuruq:

...Göydən asılı qalıb

Bura zülmün muzeyi,

Vaxtsız ölüm muzeyi,

Məzarlar üstündəki

Ölü günün muzeyi.

... Şəhidlər Xiyabanı-

Burda ölü əsgərlər,

Burda ulu əsgərlər,

Məzarlar gül qoxuyur

Hələ diri əsgərlər

“Can Qarabağ” oxuyur.

Bu misralar həyatın ironiyasının, eyni zamanda faciəsinin poetik dillə ifadəsidir. Oxucu bu misranı oxuyanda susqunluğunu xatırlayır. Çünki Maşallah Məftun oxucunun özü qədər sadə, dünyagörşü qədər də mürəkkəb danışa bilir.

O, sərbəst vəznin incəliklərini yalnız texnika kimi deyil, yaşanmışlıq kimi təqdim edir. Şeirlərində forma qapalı deyil, məna qədər açıqdır. Onun poetik nəfəsi heca vəznindən yox, duyğunun içindən gəlir. Hər misra sanki bir cümlədir, hər cümlə bir həyat boyudur.

Türkün möcüzəsi

Türkün özüdür.

Onun əqidəsi,

onun vicdanı,

Tanrı qarşısında qızıl kəlməsidir,

qızıl sözüdür.

Ərşidə, fərşidə

birliyi, hürlüyü

qanında, canında,

əməllərində.

Qeyrəti

Türklüyün təməllərində.

O, adi bir duyğunu, poetik obrazlara çevirməyi bacarır. Şeirlərində daim təmkinli bir tənhalıq, qürurlu bir susqunluq və saf bir sədaqət də gizlənir.

Dünya köhnə, sən də köhnə,

Zaman bu gün köhnə səhnə,

Xanəxərab bir bəhanə...

Bir türkü de, bir türkü de.

Həsrət, vüsal tac olmasın,

Yarıyolda qıc olmasın,

İnsan vaxtsız qocalmasın,

Şeirlərdən gül bağı de,

Nurəngiz Gün sayağı de,

Bir türkü de, bir türkü de.

Bu misralarla şair öz poetikası ilə aktrisa, diktor, xüsusilə də daxilən azad  şair kimi tanıdığımız mərhum Nurəngiz Günün poetik dünyasının qapısını aralayır. Onun sədaqət, etibar, vəfa bəxş edən misraları oxucuya nə hökm edir, nə yol göstərir - sadəcə yolun özünü, eyni zamanda Nurəngiz Günün daxili sərbəstliyini hiss etdirir.

Təbiidir ki, hər şairinin yaradıcılığında zəif şeirlər də olur, bu nüans Maşallah Məftutun yaradıcılığında da var. Amma şeirlərinin çoxu bu cür mənəvi dəyərlərin zərrəciklərindən ibarətdir. Onun oxucuya təqdim etdiyi hər şeiri, hər bir misrası bir iç səsin təcəssümüdür. Şairin poeziyasından sərbəst həqiqətlərdən saya biləcəyimiz “Sən demə bu şəhər bizim deyilmiş” şeirinə diqqət yetirək: 

İnsan bu dünyaya gəlir bir kərə,

Sevgisı sığmayır nə göyə, yerə,

Çox ümidlə gəldik biz bu şəhərə,

Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

Bu zordu, bu gücdü, bu dostluq deyil,

Gör, bu mənzərəni, gör Mirzə Cəlil,

Dur qalx məzarından, Xəlil, ay Xəlil,

Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

Maşallah Məftunun şeirlərində klassik poeziyanın ruhu, xalq yaddaşının izləri və çağdaş düşüncənin azad axını birləşir. Ümumi yaradıcılığının təxminən yarısında ənənədən üz döndərmədən, sərhədləri pozmadan, amma formanın qəlibindən çıxaraq danışır və oxudumu təsirləndirir. “Şəhid məzarı önündə düşüncələr” şeirində yazır:

Sən gedən yollara çatmaq min əzab,

İllərlə adını ağırlamışam.

Səndən özgəsinə ümid bağlayıb

Heç vaxt köməyimə çağırmamışam.

Yazdığım misralar kasıb görünsə,

Xəcalət mənimdir, bağışla, canım.

Qələmim də budur, düşüncəm də bu,

Bağışla, ay yavrum, bağışla, canım.

Söz var deyilir, unudulur. Söz də var oxunur, amma sükutun içində yaşayır. Maşallah Məftunun sözləri bu ikinci kimidir – görünməz, bəzəksiz, səmimi və oxucu yaddaşında bir iz buraxan...

Bu gün kiçik bir baxışla sözün və sükutun sərhədində dayanan bir şairin – Maşallah Məftunun poetik yaradıcılığına nəzər saldım və müəyyən etdim ki, bir şairin ömrü boyu nə qədər misra yazdığını ölçmək çətindir, amma müəyyən qədər sərbəst poetik ifadə söyləndiyini şeirlərindən hiss etmək mümkündür. Maşallah Məftun yaşadığı ömrü sadəcə keçməyib, onu düşünərək, duyaraq və yazaraq dəyərə çeviribdir. Demək ki, 70 il – bir insan üçün nə qədərdirsə, bir şair üçün bir az daha artıqdır, çünki o, bu illərin yükünü həm də şeirlə daşıyıb.

Gənc yaşlarından poeziyaya könül verən Maşallah Məftunun yaradıcılığı gənc şairlərə istiqamət, oxuculara düşüncə, ədəbiyyata isə özünəməxsus bir yol təqdim edir. Onu sözə olan sevgisinə, poeziyaya olan sədaqətinə görə alqışlayır,  70 illik yubileyi münasibətilə təbrik edirəm!

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri