Icma.az
close
up
RU
Şpaqat vəziyyəti Mübariz Örənin hekayəsi

Şpaqat vəziyyəti Mübariz Örənin hekayəsi

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün yazıçı Mübariz Örənin doğum günüdür.

Kulis.az bu münasibətlə Mübariz Örəni təbrik edir və onun “"Şpaqat" vəziyyəti” hekayəsini təqdim edir.

“ ... burda pul qar kimidi, nənə, adamın əlində qalmır”.

İşə bax, sən demə, neftin kəskin ucuzlaşmasının, üzüaşağı qəfil dombalağının ucsuz-bucaqsız Tayqada fındıq boyda balaca Radujnıya təsiri olarmış! Təsir nədi əşi, bir ilin için də çökdü şəhər. İri zavodlar dayandı, müəssisələr bağlandı, işçilər qeyri-müəyyən müddətə məzuniyyətə buraxıldı. Şəhərə taun düşdü sanki, başını götürən qaçdı...

“Kimin ağlına gələrdi belə olacaq, nənə... – şəhərin lap mərkəzində, köhnə pinəçi butkasının yerində ağ-qırmızı kərpicdən tikdirdiyi əzəmətli Ticarət Evinin qabağında indi sapand daşı kimi düşüb qalıb. Başını doğma kəndlərinin axşamüstüsündə nənəsinin dizinə qoyub fikrən, gözləri şimalın süd kimi ağ, bəyaz gecəsində sərgərdan günəşə dikili. – Mənimki də belə gətirdi, nənə”.

Başının üstündə yellənən bir topa bataqlıq mığmığısı qara ipək kəlağayısıdı nənəsinin, qanını sümürdükcə şişib qara-qırmızı tuluğa dönmüş ağcaqanadların göynədici dişdək yeri – quru, cod əlləridi, boynunda-boğazında gəzir, keçəlləşmiş daz başında əvvəlki şəvə, sıx saçlarını qarışdırır. “Özü yıxılan ağlamaz, dur qayıt gəl emmizə, Edan. Gəl yurdunda yurdçu ol. Quru qaraltın bəsimizdi, gəl...”

“Özü yıxılan ağlamaz...” – nənəsinin heydən düşmüş, xırıltılı səsi qulağının dibində cəhrə kimi cırıldayır hey, kirkirə daşı kimi fırlanıb oyur beynini.

“İldar, vsyo brasay k çortu, priezjay. Tam uje delat neçevo...” – bu tərəfdən də Lyuda. Uzaq Karpat dağlarının ətəyində binələnmi yad ukrayna kəndindən əl edir ona...

İki yolun ayrıcında qalıb indi. Atacağı hər hansı addım onu iki yerə böləcək mütləq.

Kürəyinin ortasına vuran küt ağrı canına üşütmə salıb: “başıma bir iş gəlsə noolacaq?”.

“Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağında...” – axır vaxtlar, nədisə, Qurban tez-tez düşür yadına. Xarabadı bura, deyirdi yazıq, bataqlıqdı, çıxmaq olmur...

Ona ən çox yer eləyən oğlu Ruslan oldu. Anası tərəfə çəkdi oğraş, anasının götünə düşdü getdi. Yaxşı da elədi. Əlinin lap içindən gəldi. Nə eləməliydi? Ətək-ətək pulu aparıb Fyodor kişinin qapısına tökəndə bilmirdi axırı belə olacaq? Amma, nə bir olduu! Qəsr tikdirirdi kişinin oğlu! Yekə-yekə! Əlində-ovcunda nə qalmışdı tökdü Lyudagilin qapısına. Halbuki bir sınıq kərpic nədi, qıymadı öz kəndlərinə. Bir daxma qaraltmadı. Elə dedi, edərəm. Sonra eləyərəm.

Sonrası da belə...

Onun həmişə gülüb lağa qoyduğu adamlar özlərinə yer-yurd elədi Bakıda, ev-eşik sahibi oldu. “Nə qalmısınız “şpaqat” vəziyyətində, – gülüb onlara eyzən. – Bir ayağınız burda, biri Bakıda...”

İndi gül, Eldar müəllim, gül! Gör indi kim şpaqat vəziyyətindədi...

O vədə rusetə razı deyildi nənəsi. ”Mayda qayıdacam” deyib and-aman elədi, – niyə mayda, özü də bilmirdi, – dədəsinin goruna and verdi. “Kişinin ili çıxsın, nişannan, cəhənnəm ol get, hara gedirsən...” – əlacsız razılaşdı arvad. İnstitutdan sonra gədənin ortalıqda avara qalacağından qorxdu. Kənd yeriydi, iş yox, güc yox. O da candərdi razılaşdı nənəsiynən. Oktyabrın iyirmi biri, – tarix indiki kimi yadındadı – nişanladılar onu. Hər şey elə sürətlə baş verdi ki, otuz ildi hazırlıq gedirmiş sanki bu işə. Onu ən çox təəccübləndirən xalası oldu, hə, yaxınlaşıb boynundan elə bir öpüş qopartdı, guya qaynana olmaq xala olmaqdan irəliymiş. Hələ Südabə! Həmişə sakit, fağır tanıdığı xalaqızısının canfəşanlığı, aktivliyi onu lap mat qoydu... Səhərisi çıxdı kənddən. Vəssalam! O oktyabr – bu oktyabr.

Gör neçə il keçib üstündən. İyirmi iki elə Ruslanın yaşıdı...

”Özü yıxılan ağlamaz”, – Sverdlovskinin səsli-küylü, izdihamlı küçələrində döyüküb tək qalanda da fikirləşmişdi bu barədə. – “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”.

– Yezjay na sever, zemlyak, tam rubli dlinnıe, – dəmir yol vağzalında bir erməni biletsatan yaxınlaşmışdı ona, sifətində qarışıq, müəmmalı təbəssüm.

Başqa yolu onsuz da yox idi. Bircə yol vardı, o da qeyri-müəyyənliyə çağırırdı. Şimala! Gülən arvadın oğlu Qurbanın yanına.

... Plaskart vaqonun pencərəsindən açılan mənzərələr bir-birini itələdikcə içini yeyən şübhələr, tərəddüdlər də üst-üstə qalanmışdı. Uralın enliyarpaq sıx, sağlam meşələri şimala doğru təkəmseyrək dılğır-tösmərək şam ağacları ilə əvəzlənirdi. Tək-tək gözə dəyən əlçim qar topaları partlayan qarğıdalı dənləri kimi getdikcə çoxalıb artır, ağacdan ağaca sıçrayır, gah hirs-hikkə ilə vaqonunn şüşələrinə çırpılıb içəri dürtülməyə cəhd edir, gah da sərnişinləri qatarqarışıq dürməkləyib udmaq əzmində görünürdü... Yarıqaranlıq-yarıboş plaskartın üst yerində uzanıb tavandakı plafonun üzücü sarı-solğun işığına baxa-baxa tək bir şey haqda fikirləşmişdi: – Hara gedir və nə gözləyir onu?! Axı, Qurban da o Qurban deyil indi. Bir vaxtlar şəhərdə çalıb-çapan, vurub-tutan olsalar da. İki qardaş kürək-kürəyə verib davaya qoşa atılanda bir batalyon adamı şil-küt edərmişlər. Su sənəyi suda sınar, düz sözdü. Qardaşı adam öldürüb türmələrə düşmüşdü, özü də belindən bıçaqlanıb şikəst qalıb, deyirlər, şəhərdə pinəçilik edir...

Bilsə Qurbanın yanına gedəcək, ömürbillah qoymazdı nənəsi.

Kök bələdçi qızın işıqlı-cingiltili səsinə, ayazlı-bəyazlı səhərin sərt nəfəsinə oyanıb qalxanda artıq vaqonun bütün pencərələrində Təbiət Qocanın “Qış” tablosu asılmışdı. Sakit, ağır, əngin... Tayqa!

Qəribədir, kənddən çıxdığı neçə ildi gör, – azı iyirmi beş il! – amma fikirləşəndə, elə bil dünən gəlib şimala; arada o iyirmi beş il heç olmayıb. Əvvəlki sıx, şəvə saçları, sapsağlam, balta dişləri yerində olsa, deyər bəs yuxuymuş Radujnı, – ha əlləşsə də yadına sala bilmədiyi yuxu.

Şəhərin ortasındakı balaca, dar-basırıq pinəçi budkasında rastlaşdığı ilk mənzərə qaynar su kimi çırpılmışdı sifətinə; həməşə ədəbaz, təşər, daşbədənli, dəlisov görüb tanıdığı Qurbanın... büstü dayanmışdı sanki ortada. Əlil arabasında... İçirdi Qurban. Şüşə kimi soyuq, işıltılı gözlərində, tapmaq olmurdu, sevinir onun gəlişinə, yoxsa narazıdı. Məngənə kimi möhkəm qollarıyla gah çəkib sinəsinə sıxırdı onu, gah da itələyib hirslə arabanı döyəcləyirdi: “ ... xarabadı bura. Bataqlıqdı. Çıxmaq olmur burdan. Nə may? Mən də mayacan gəlmişdim o vədə. Görürsən? – əlil arabasını yumruqlayırdı. – S...sən bura daş qoyanın vardatını. Qəhbəynən, anasının əmcəyini kəsənnən doludu bura. Sənə yazığım gəlir. Gül kimi oğlansan! Boylu-buxunnu! Bir yönnü şəhər tapaydın... – qalın stəkanda araq süzmüşdü ona, yarıyacan, çörəyin arasına kolbasa, bekon yığıb vermişdi, bankadan turşu çıxarmışdı. – Elə bilirsən daralıram gəlməyinə? Toba! Üç göz otağım var sağlığına. Kimim var guya mənim, – stəkanı alıb özünə də süzmüşdü. – Elə bilirlər, yel əsib qoz tökülüb. Qoz-zad bitmir burda. Hara baxsan qotur şamdı. O da qoza gətirir. Qoza! – gülmüşdü havalı kimi. – Mənə baxma, hökümət ev verib mənə, pensiya ayırıb. Dava-dərman, müalicə... – hamısı pulsuz. Bilirsən, nə qədər pensiya alıram? Sənin məlliminnən, həkiminnən on qat çox. Gedib nağayracam Bakıda?..”

İsti budkanın bayırdan xırda sırsıra bağlamış nəfəsliyinə baxırdı Qurban, kəndi xəbər aldı – öləni, qalanı... Dədəsini soruşdu onun. Öldüyünü eşidib uşaq kimi hönkürdü təzədən, ağız-burnunun heliyi bir-birinə qarışdı...

– Elə bilirsən Rusdamı ağlıyıram? Özümü ağlıyıram! Xoş halına Rusdamın. Xoş halına orda yatanın. Ərikli bağın üstündə, yovşannı, göytikannı yalın döşündə... Cənnət qoxusu gəlir ordan. Mənim axırım noolacaq? Kim aparacaq məni ora? Ərikli bağın üstünə? Sən aparassan? Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağına...

“Gördün, nənə, demişdim axı mayda qayıdacam, qayıtdım.” – Qurbanı aparmışdılar o may. Gözəl, günəşli bir gündə basdırdılar onu. Ərikli bağın üstündə, yovşanlı, göytikanlı yalın döşündə... Qıraqdan, ağ daşın üstündəki dördkünc mərmər parçasından Gülən arvad baxırdı Eldara, – minnətdar! Qurbanın “qayıtdığına” sevinirdi sanki, az qalırdı sevincdən dodağı qaça...

Gülən arvadın alqışı idi, nəydi, – yəqin ölünün də alqışı olur, – onun bu şəhərdə hər xırda işi asanlıqla düzəldi, hər niyyəti tezcə hasil oldu. Əvvəlcə, Qurbanın uzun müddət ağzı qıfıllı qalmış pinəçi budkasını ərzaq köşkü etmək qərarına gəldi. Sovetin dağılan vaxtı, hökumət mağazalarında kilkədən, tozağacı şirəsindən başqa heç nə yox... Nə satırsan gedir, neçəyə qoyursan uçur... Özü də hazır deyildi bu gəlhagələ. Çaşıb qalmışdı lap. O, pulun dalınca qaçmırdı, yox, sanki hansısa güclü axın onu qabağına qatıb özüylə ayaqlaşmağa vadar edirdi, hansısa qüdrətli əl onu dartıb pillə-pillə qaldırırdı. Lap nağıllardakı kimi, bir göz qırpımında şəhərin düz mərkəzində, köhnə pinəçi butkasının yerində, ağ-qırmızı kərpicdən əzəmətli, yaraşıqlı Ticarət Evi ucalmışdı, – içində marketlər, atelye, kafe, salon... Rüstəm kişinin oğlu Eldar dönüb “İldar Rustamıç” olmuşdu, – özünün kabineti, möhürü...

“Burda pul qar kimidi, nənə, – hara baxırsan puldu...”

Bəlkə Südabənin ah-naləsi idi hər şeyi alt-üst edən! Bəlkə Lyuda ilə evlənməyi onun öz taleyinə müdaxiləsi idi? Hər halda, nişanlısı vardı onun, daima oturub yolunu gözləyəcək Südabəsi vardı! Digər tərəfdən, başqa yolu da yoxdu; Lyuda boylu idi, uşağa qalmışdı ondan, gec idi...

O pulla davrana bilmədi, pulu dərk etmədi. Pulun çoxluğu qorxutdu onu. Hərdən ona elə gəlirdi ki, pul onu təqib edir. Pul onu qabağına qatıb Aqan çayının qırağında böyük bir restoran yeri götürtdürdü, layihəsini çəkdirtdi, ağır-ağır texnikalar gətirtdirib yerə iri payalar – svayalar vurdurtdu, daşını-qumunu Böyük Torpaqdan gətirtdirdi, – Ob çayından üzü şimala ümumiyyətlə torpaq sayılmır; bataqlıqdı, – dizayneri Peterburqdan, mərməri Jitomerdən, çilçirağı İtaliyadan, nə bilim, hovuzu İspaniyadan... Qab-qacaq – “çexski”, bilyard – “korolevski”, özü də ən əlası...

Bir də vaxtı dərk etmədi o. Elə bildi həmişə belə olacaq, – var da, pul da, cavanlıq da, yaşadığı şəhər də. Ona elə gəlirdi ki, istədiyi vaxt öz “obyekt”lərini dalına şəlləyib öz doğma kəndlərinə apara bilər. Fyodor kişinin qapısındakı “ikimərtəbə”sini də istədiyi vaxt öz köhnə sot yerlərinə qondurar, istədiyi vaxt bu müvəqqəti, yalançı həyatından asanca qopub öz “həqiqi”, “əsl” həyatına dönər. Ruslanı nənəsinə göstərib – anasına uşaqlıqdan “nənə” deyib, – “bax, deyər, atamın adını qoymuşam ona. Rüstəm...”

“Bax, – deyər Südabəyə, – oğlumuz nə böyük olub...” – kəndə hər dönüşündə o, Lyudanı “itirir”; təbii, ağrısız bir şəraitdə, işıqlı bir dumanda harasa yox olur Lyuda...

“Halal olsun, oğul, Rusdamın çörəyi sənə.” – kənd adamları yaxınlaşıb əlini sıxar bir-bir, arvadlar gəlib boynundan-boğazından öpər. “Zalım qızları öz kişiləriynən öpüşmürlər, nədi – iki daşın arasında gülür arsız-arsız, – ətli, yaş dodaqları adamın boyun-boğazını islatmamış əl çəkməzlər.”

Kürəyinin ortasını dələn küt ağrı gerçəkləyib əməlli, bədənini hiss etmir heç. Xarabadı bura, deyirdi yazıq Qurban, bataqlıqdı, çıxmaq olmur ... İndi tək bircə istəyi var dünyada – qalxmaq! Qalxıb Aqanın qırağınadək birtəhər getmək, qapıları taybatay açılı möhtəşəm, dəbdəbəli restoranına girib... onun düz ortasına işəmək! Şoruldatmaq nəyi var! Göllətmək, – ağ-çiçək köpükcükləri dırmanıb onun bahalı məxmər divarlarını isladana qədər, qatı təzə açılmış süfrəsində düzülü-hazır “çexski” büllur badələrini bum-buz çex pivəsitək doldurub, aşırıb-daşırana qədər...

Başqa heç nə gözündə deyil.

Ərikli bağın üstünü istəyir bir də! Cənnət qoxulu, yovşanlı, göytikanlı yalın döşünü...

“Kim aparacaq məni ora, – Qurban yazıq deyirdi hey. – Ərikli bağın üstünə? Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağına...”.

Amma onu apardılar...

Şimalın süd kimi ağ, bəyaz gecəsində sərgərdan, tək-kimsəsiz günəşə ürəyi acıdı. Hönkürüb ağlamaq istədi möhkəm. Bir də baxdı, heç günəş deyilmiş bu, atasının ağ-nurlu sifətidi, – yuxarıdan sakit ona baxır...

Sonra gördü, yox, nəsə təlaşdadı atası; var gücüylə ona sarı qaçır, – uzun ayaqlarını buluddan-buluda ata-ata... Ona sarı uzalı əlləri onu bu darlıqdan qurtarmağa tələsir, şüa kimi uzun bərk, əzələli qolları – niyəsə qollar Qurbanınkıydı, – onu, necə qalıbsa eləcə, hop götürüb aparmaq istəyir, cənnət qoxsu verən yovşanlı, göytikanlı yalın döşünə . Öz yanına...

Amma ha qaçır, yaxınlaşmır heç...

Həkimlərin oxumağı qadağan etdiyi, "Laçınım mənim"lə dəfn olunan Məhəbbət Kazımov Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də... Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see215

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see178

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see174

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see142

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see136

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see123

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see114

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

Zəngilanda 150 dən çox sakin tibbi müayinədən keçirilib FOTO

11 İyul 2025 21:54see111

Pentaqon öz siyasətini kökündən dəyişir...

12 İyul 2025 00:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri