“Stajlı ermənipərəst”in siyasi naşılığı
Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağın dağlıq hissəsində etnik separatizmin başlanmasında dünyanın bir sıra ölkələrindəki, xüsusilə ABŞ və Fransadakı erməni lobbisinin özünəməxsus rol oynadığı heç kəsə sirr deyil.
Erməni lobbisi hələ SSRİ-nin mövcud olduğu dövrdə daxildəki separatçılığa meyilli şəxslərlə əlbir olaraq, onlarla aktiv iş apararaq, bütövlükdə, bölgədə yaşayan erməniləri mərkəzi hakimiyyətə qarşı çıxmağa, Ermənistanla birləşməyə, “miatsum” planını həyata keçirməyə şirnikləndirirdi. Sovet İttifaqında “yenidənqurma, aşkarlıq siyasəti” adları altında başlanan dağıdıcılıq siyasəti ermənilərin hərəkətə keçmələrinə əlverişli zəmin yaratdı.
1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında başlanan nümayişlərin nə ilə nəticələndiyi hər hər kəsə aydın olduğu üçün bu barədə təkrar yazmağa ehtiyac duymuruq. Sadəcə, qeyd etmək istəyirik ki, istər Qarabağın Azərbaycandan ayrılması ilə bağlı keçirilən nümayişlər zamanı, istərsə də 1992-ci ilin əvvəlindən iki ölkə arasında başlanan genişmiqyaslı müharibə və sonrakı atəşkəs dövründə haylar daim xaricdəki havadarlarından böyük siyasi, maddi və hərbi dəstək alıblar.
Ölkəmiz əleyhinə atılan addımların ən böyüyü, şübhəsiz ki, 1992-ci ildə ABŞ Konqresinin “Azadlığa dəstək aktı”na etdiyi 907-ci düzəliş oldu. Bilavasitə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş həmin düzəliş Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edib. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitlik üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir. Yeri gəlmişkən, qeyd edək ki, düzəlişin qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində nəzarətdə saxladığı sonuncu şəhəri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal etmiş, Xocalı şəhərini tutaraq dinc sakinlərə qarşı soyqırımı aktı törətmişlər.
Onu da bildirək ki, ABŞ-nin hazırkı prezidenti Cozef Bayden 907-ci düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxışmışdır. Ümumiyyətlə, Azərbaycana qarşı atılan addımlarda Demokratlar Partiyasının üzvləri hər zaman xüsusi fəallıq göstərmişlər. Erməni lobbisini təmsil edən bu şəxslər işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dəfələrlə hörmətsizlik etmişlər. Onlar rəsmi Bakıdan icazə almadan, ölkəmizin rəyini soruşmadan, qanunlarımıza tabe olmadan istədikləri vaxt Ermənistan ərazisindən keçməklə işğal olunmuş torpaqlara daxil omuşlar.
2020-ci ildə Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyulması, 2023-cü ildə isə Azərbaycanın suverenliyinin tam bərpa olunması bu qüvvələri bərk pəjmürdə etdi. Onlar hələ də bu hadisələrdən özlərinə gələ bilmirlər. Azərbaycanın Qarabağ Zəfəri onların, necə deyərlər, yuxusun ərşə çəkib. Odur ki, bu qüvvələr ölkəmiz əleyhinə səfərbər olublar. Çıxış yolunu Azərbaycana qarşı qarayaxma kampaniyasının “dozasını artırmaqda”, böhtanların sayını çoxaltmaqda, bədxah əməllərin sırasına yenilərini əlavə etməkdə görürlər. Bununla da, sanki, Azərbaycandan acıq alır, hirslərini soyudurlar.
Bugünlərdə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “stajlı” üzvü, demokrat Bred Şerman Konqresin Ermənistan üzrə komitəsi sədrinin müavini seçilib. Qeyd edək ki, Konqresin 100-dən çox üzvündən ibarət komitə Ermənistan–ABŞ münasibətlərinin möhkəmləndirilməsi və “erməni məsələsi”nin gündəmdə saxlanılması ilə məşğuldur. Bununla bağlı yaydığı açıqlamada Şerman deyib: “Komitənin sədr müavini vəzifəsinə seçilmək mənim üçün böyük şərəfdir. Mən ömrümün, demək olar ki, otuz ilini ABŞ və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsinə, ermənifobiya ilə mübarizəyə və ABŞ-dəki erməni icmasının maraqlarını müdafiə etməyə həsr etmişəm. Komitə sədrinin müavini kimi mən bu irsə əsaslanaraq, Ermənistan və onun xalqı üçün demokratik, təhlükəsiz və firavan gələcək naminə həmkarlarımla birlikdə çalışacağam”.
Şermanın hansı fikri yalan olsa da, bu fikri doğrudur. O, həqiqətən də, 1997-ci ildən Nümayəndələr Palatasında Demokratlar Partiyasını təmsil edən konqresmen kimi fəaliyyət göstərir. Hazırda qanunverici orqanda Kaliforniya ştatının Los–Anceles şəhəri üzrə 30-cu seçki dairəsini təmsil edir. Məlum olduğu kimi, Kaliforniya ştatı ermənilərin kompakt halda yaşadıqları ştatlardan biridir. Hətta, Amerika kino sənayesinin mərkəzi olan Los–Ancelesdəki məşhur Hollivud rayonunda “Kiçik Ermənistan” adlanan mikrorayon yerləşir. Təxminən 20 min nəfər əhalisi olan mikrorayonun adı orada Amerika ermənilərinin cəmləşməsindən, eləcə də ermənilərə məxsus çox sayda mağaza və müəssisələrin olmasından irəli gəlir. Yeri gəlmişkən qeyd edək ki, oradakı Aleksandriya (İsgəndəriyyə–S.H.) prospektində erməni apostol kilsəsinin 1978-ci ildə tikilmiş Karapet kilsəsi yerləşir. Hər il aprelin 24-də “Kiçik Ermənistan”da 1915-ci ildə baş verdiyi iddia olunan qondarma “erməni soyqırımı”nın tanınmasına dəstək məqsədilə müxtəlif aksiyalar, o cümlədən fləşmoblar və avtomobil yürüşləri ilə müşayiət olunan mitinqlər keçirilir.
Qeyd etdiyimiz kimi, ərazidə ermənilərə aid xeyli müəssisə mövcuddur. Bu sırada Çamlyan, Pilibos erməni məktəbini, ixtisasların öyrənilməsi, erməni bazar günü məktəblərini, maraq cəmiyyətlərini, xeyriyyə fondlarını, siyasi partiyaları, biznes qurumlarını və sair göstərmək olar. Beləliklə, aydın olur ki, burada Şermanın potensial seçicisi olan çoxlu etnik erməni var. Bu mənada onun uzun illərdir ki, Ermənistanın maraqlarını müdafiə etmək üçün aktiv fəaliyyət göstərməsi qətiyyən təəccüblü deyil. Bred bunu Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğu dövrdə də edib. Şerman Azərbaycana ABŞ-nin birbaşa maliyyə yardımı ayırmasını qadağan etməklə yanaşı, Qarabağ separatçılarına illik rəsmi maliyyə yardımı ayrılmasını dəstəkləyən 907-ci düzəlişin qüvvədə olma müddətinin uzadılmasını müdafiə edənlərdən biridir.
Onun keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin səbəb və nəticələrini təhrif edərək, bir neçə dəfə bilərəkdən yalan danışması da yaddaşlardan silinməyib. Ötən ilin oktyabrında Şerman açıq şəkildə təxribat xarakterli bəyanatla çıxış etmişdi. Başabəla konqresmen “X” platformasındakı mikrobloqunda yazmışdı: “Müdaxilənin qarşısını almaq üçün indi Ermənistanı müvafiq müdafiə silahları ilə silahlandırmaq lazımdır”. Burada Şermana hansı müdaxilədən danışdığını sual vermək lazımdır. Məgər o bilmir ki, münaqişə, o cümlədən hərbi əməliyyatlar heç vaxt Ermənistan ərazisində olmayıb, həmişə bizim torpağımızda olub?!
Eyni zamanda, Şerman bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını elan etməsindən sonra vermişdi. Hətta, Hayastan parlamentinin sədri Alen Simonyan bu yaxınlarda bəyan edib ki, Azərbaycan öz ərazilərini BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq azad edib. Amma bütün bu reallıqlar Şermanın növbəti dəfə anti-Azərbaycan bəyanatlar səsləndirməsinə mane olmur. Bu ilin aprelində isə Şerman lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsini tərk edən ermənilərə yardımları artırmaq, eyni zamanda, Azərbaycana yardımı azaltmaq gərək olduğunu söyləmişdi. ABŞ-nin Azərbaycana hansı yardımından söhbət getdiyini açıqlamayan Şerman bununla siyasi naşılığını ortaya qoymuşdur.
Konqresmenə xatırlatmaq istərdik ki, 907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa dayandırılması üçün imkan 2001-ci il sentyabrın 11-də baş vermiş məşhur terror aktlarından sonra yaranıb. Azərbaycan anti-terror koalisiyasına qoşularaq ABŞ-nin
Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərib. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsinə ehtiyac yaranıb. Beləliklə, ABŞ Prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verib. Cozef Baydenin göstərişinə uyğun olaraq, ABŞ Konqresi “Azərbaycanın Ermənistanı işğal riski”ni əsas gətirərək 2022-ci ildə növbəti 2 il üçün 907-ci düzəlişin qüvvədə olma müddətini uzatdı. Bu baxımdan, Şermanın hansı köməyi nəzərdə tutduğunu aydın yazmasına ehtiyac var. Qarabağdan getmiş ermənilərə kömək etməyə gəlincə isə ermənipərəst konqresmen bilməlidir ki, separatçılar Ermənistanda qalmamağa, daha yaxşı həyat axtarışında başqa ölkələrə üz tutmağa üstünlük verirlər.
Ümumiyyətlə, Şerman və onun kimilərinin hazırda yürütdükləri siyasət ABŞ-ın özünün milli maraqlarına da ziddir. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar formalaşıb. Əvvəldən də regionun ən güclü ölkəsi olan Azərbaycanın mövqeləri indi daha da möhkəmlənib. Vaşinqton Cənubi Qafqazın şəriksiz iqtisadi, siyasi və hərbi lideri olan Azərbaycanla əlaqələrin sürətlə və geniş inkişafında maraqlı olmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bugünlərdə yaydığı məlumatda bildirildiyi kimi, son 4 il bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan–ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Zənnimizcə, bu fikir bütün demokratlar, o cümlədən, ziyankar fəaliyyətlə məşğul olan Şerman üçün də keçərlidir...
Mövzu üzrə fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, ABŞ-ın Azərbaycana münasibətində ciddi ziddiyyətlər mövcuddur. Onun sözlərinə görə, biz hər zaman bunun səbəblərini axtarmağa çalışır, arxasında hansı qüvvələrin dayandığını təhlil edirik. Lakin aydındır ki, ABŞ Konqresində kifayət qədər azərbaycanofob, türkofob şəxslər var. Onlar ermənilərin maraqlarının təmin olunması üçün əllərindən gələni edirlər: “Hətta, bəzən Ermənistanı ABŞ-nin maraqlarının üzərindən xətt çəkmək hesabına müdafiə edir, “erməni məsələsi”nə xüsusi həssaslıqla yanaşırlar. İndiyədək Frenk Pallone, Adam Şiff, Nensi Pelosi, Robert Menendes kimi şəxslərin anti-Azərbaycan fəaliyyətini görmüşük. Onlar çirkli erməni maliyyəsi hesabına özlərinə siyasi karyera qurublar. Müxtəlif bölgələrdən qanunverici orqana seçiliblər və seçildikdən sonra ermənilərin sifarişlərini yerinə yetiriblər. Çünki məşhur deyimdə deyildiyi kimi, pulu kim verirsə, musiqini də o sifariş edir”.
Azərbaycana qarşı fəaliyyətin istər işğal dövründə, istərsə də ondan sonra davam etdiyini bildirən politoloq dedi ki, 30 il ərzində işğal faktının aradan qaldırılması üçün heç bir dinləmə keçirməyən ABŞ Konqresi 2020-ci ildən sonra təxribatyönlü, həqiqətləri təhrif edən dinləmələr keçirib: “Biz bunu təəccüblə qarşılamışıq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz bölgədə təhlükəsizlik mühitinin formalaşmasına önəmli töhfələr verib. Separatçılığa, transmilli cinayətkarlığa və terrorçuluğa son qoyub. Təəssüf ki, bu ikili standartlar uzun müddətdir davam edir. İndi isə Bred Şermanın Konqresin Ermənistan üzrə komitəsinin sədr müavini seçilməsi onun ölkəmiz əleyhinə fəaliyyətini gücləndirəcəyi anlamına gəlir. Bu şəxs ermənilərə xidmət üçün sanki “sədaqət andı” içib”.
İ.Hüseynov güman edir ki, 2025-ci il yanvarın 20-dən, yəni Donald Trampın səlahiyyətlərinin icrasına başlamasından sonra ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Tramp administrasiyası ilə əməkdaşlıq formalaşacaq və münasibətlər əvvəlki məcrasına qayıdacaq. Biz iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılacağına ümidliyik. Ancaq Şerman kimilərinin cavabı isə bundan sonra da veriləcək.
Səxavət HƏMİD
XQ