Icma.az
close
up
RU
Su çərşənbəsi yazın ilk müjdəsi

Su çərşənbəsi yazın ilk müjdəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Novruz adətlərimizə görə, bu gün təzə ilimizin “Su çərşənbəsi”dir. Baharın ilk xəbərçisi olan bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. Kiçik çillə çıxandan sonra boz ayda ilk olaraq bu günü qeyd edirik. Evlərdə aş bişirilir, kəndlərdə su üstündən atlanılır, su adamların azar-bezarını aparır. Bu gün xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

Üzümüzə gələn həftələr - martın 4-ü “Od çərşənbəsi”, 11-i “Yel çərşənbəsi”, 18-i isə “İlaxır (Torpaq) çərşənbəsi” olacaq. Bunlar doğru çərşənbələr sayılır. Etnoqraf alimlərin fikrincə, ta qədimdən yazqabağı sayca 7 oğru-doğru çərşənbələr olub. İndi isə Azərbaycanda yalnız yuxarıda sadalananlar qeyd edilir. Tarixən Novruzaqədərki mərasimlərə böyük çillənin, kiçik çillənin gəlib-getməsi, Xıdır Nəbi bayramı daxildir. Novruz mərasimləri isə boz ayın əvvəlindən başlayır: Boz ayın ilk 4 çərşənbəsi və bayramın özü.

Mifik mətnlərdə su həyat, dirilik mənbəyi kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar təmizlənir. Bayrama hazırlıqlar su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir...

Bu yazını hazırlayarkən yadıma filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun 1980-ci ildə çap etdirdiyi “Elimizdən, obamızdan” kitabı düşdü. Kitabxanamı araşdırıb həmin ilin 26 oktyabrında əldə etdiyim o kitabı tapdım ki, bəzi sitatlar gətirim.

Son dəfə Kamil müəllimlə inişil dekabrda “Nizami” Kino Mərkəzinin arxasında, Hikmətin kafesində görüşmüşdük. Həmkarım İlqar Həsənovla orada çay içirdik, bir də gördük, Kamil müəllim gəldi. İlqarla isti münasibəti vardı, mənimlə isə ilk və son görüşü imiş. Bir az söhbət elədik. İllərdən bəri qardaş Türkiyədə yaşayıb, İstanbuldakı Aydın Universitetində dərs deyən Kamil müəllim bir neçə günlüyə Bakıya gəlibmiş, işğaldan azad edilmiş doğma Cəbrayıla, türk mədəniyyəti ilə bağlı xeyli tarixi yerləri olan Dərbəndə getmək istəyirdi. Çox sağlam, gümrah görünürdü. Amma qəfil ürəktutması onu əlimizdən aldı. Sən demə, Vətənlə, dostlarla son görüşə, torpaqla qovuşmağa gəlibmiş...

Düz 430 gün bundan əvvəl - 16 dekabr 2023-cü ildə 77 yaşında vəfat edən Kamil Vəli Nərimanoğlunun “Elimizdən, obamızdan” kitabını vərəqləyirəm. Bir vaxtlar əl-əl gəzən bu kitabın səhifələrində folklor xəzinəmizin çoxlu incisi, yaz, Novruz haqqında nümunələr, ana dilimiz, ellərimiz və yer-yurd adlarımızla bağlı bədii-publisistik duyğu və düşüncələr, “Təbiətimiz “Dədə Qorqud yarpaqlarında” bölümü yer alıb. Bəzilərini yada salaq:

“Uzaqlarda bir qatar durna göründü, yaxınlarda bir topa sığırçın. Göylərin sevdalanan, yerin qubarlanan çağında leylək gəldi, bülbül gəldi. Daş həmin daş, ağac həmin ağac, yurd həmin yurd. Bir vaxtlar soyuq-çovğun onları didərgin saldı. Küləyin vıyıltısı, havanın qaşqabağı uçarlarımızı qorxutdu, Vətəndən uzaq düşdülər”... İndi isə qayıdırlar. “Civ-civ sərçələr sevincək olublar. Yurdun nəğməsi gəlir, yurdun səs-səmiri gəlir. Sərçənin yalqızlığı arxada qalır”...

“Şırıl-şırıl suları daşmayan çaylar içli-içli burular, köpüklü-köpüklü axan ağca suları dörd gözlə gözlər... Dədə Ələsgərin sözləri qanad çalıb uçar:

Hər kəsin qəsdindən aşıqlıq keçir,
Qarşı gəlsin, edək cəngi qıjhaqıj.
Dəli könül dərya təki çalxanır,
Qeyzə gəlir xoş ahəngi qıjhaqıj...

Yox olub gedər donuqluq, soyuqluq. Elə bil, heç yerindən, kökündən yox imiş”.

“Bu çağda gözəl yurdumuz bir yanar dağ olub dörd yanına işıq salar. Ər igidlərin sinəsi birə-beş qabarar. Ürəkdə qan cuşa gələr... Kişnəm-kişnəm kişnəyən atların yaz gücü igidlərin yaz qırımına qarışar. Yerindən gözəl olan qızlar, gəlinlər ilk bahar yetişincə işıl-işıl yanarlar. Ər igid sevgilisini görüncə gözündən od yağar, bilməz neyləsin ki, bu qara qıyma gözlü qızın baxışlarını özünə çəksin. Atı oynağa gətirər igid. Səyirdər elədən-elə, belədən-belə. Qorxdum dməz, hürkdüm deməz”.

“Bizim ellərdə yaz oyunları dillə deyilər. Babaların inamlarının, vuruşlarının, savaşlarının izi olan bu oyunlar ürəklərdəki yazdan, qandakı yazdan soraq verər: “Dirədöymə”, “Turnavurdu”, “Çilinfağac”, “Hilləqoydu”, “Ay qaraquşum, salma yerə”...

Su dolu qaba üzük salmaqla qızlar ürəklərində niyyət tutar, oxuya-oxuya ürəklərindəki arzunu sınayarlar”. Su aydınlıqdır, axı. Müəllif ardınca yazır ki, “Qızlar bardaqlarını, səhənglərini suyla doldurdular, bərəkət adına səhəngə, bardağa bir kiçicik daş da saldılar. Bir ovuc dolusu bayram suyu içib “Oxxay” dedilər”.

“Buludlar gəzə-gəzə ağlar, yaşıl-yaşıl otlara, təkəmseyrək yarpaqlara, sarıca-sarıca çiçəklərə, körpəcə tumurcuqlara çevrilər, sular daşar, meşələr yanar. Çobanlar örüşləri anar, bala-bala quzular mər-mər mələşər, oyur-oyur oynar”... “Qırxbuğumun, qıjının, yarpızın, quzuqulağının, quşəppəyinin ətri gələr havadan”.

Dədə Qorqud hikmətindən su işmiş, yaz qoxulu atalar sözlərimiz yan-yanaşı sıralanar: “Yaz yağmuru tez keçər”, “Yaxşı il baharından bəlli olar”.

Qıvraq olsun baharımız! Nurlu olsun sabahımız! Qaba-qaba dağlardan enməsin, yaşıl-yaşıl düzlərdən getməsin,isti-isti ürəkləri istilətsin, qan qaynatsın, təpər versin bu yazın yaz nəfəsi!”

Budəfəki ilk çərşənbə ərəfəsində qar həsrətimiz də ovundu. Bu, sanki, Kamil Vəliyə əyan olmuşdu. Görün, nə yazır: “Gecənin ayazı sıra-sıra sırsıralar düzdü. Bəzədi eyvanları, damları. Damlardan damla-damla düşən gümüşü damcıların nəğməsi kəsildi, sular lülə-lülə donub qaldı. Şaxta-sazaq “mən düşdüm” deyən damlanı elə yerdə yaxaladı ki, onun düşməyi də, getməyi də eləcə gözündə qaldı”. Amma tezliklə gün doğacaq, Kamil Vəli demişkən, soyuğun barmaqları sustalacaq, qarlar, buzlar utanıb gizlənməyə yer axtaracaq. Şaxta ilə günəş qurşaq tutacaq. Bu tutaşın sonunda günəş üstün olacaq. O da var ki, “Qar ili var ilidir”, - deyib babalarımız. Qar əriyib su olacaq. “Dədə Qorqud” qəhrəmanı Salur Qazan demişkən:

Böyük-böyük ağac gəmilər oynadan su”!
Şahbaz atlar içdiyi su!
Qızıl dəvələr gəlib keçdiyi su!
Ağ qoyunlar çevrəsində yatdığı su!
Ordumun xəbərin bilirmisən, degil mana!
Qara başım qurban olsun, suyum sana!

Bu aralar “Aydan arı, sudan duru” deyimi də dillərdən düşmür... “Haqlı söz suyu da dayandırar”, “Ömür axar su kimidir”, “Yağışla yer göyərər, alqışla ər öyünər”, – bunları da xatırladır kitabında Kamil Vəli. Doğrudan da, ər igidlərimiz alqışa layiq hünər göstərib, Kamil Vəlinin doğulub boya-başa çatdığı Qarabağı, Şərqi Zəngəzuru azad ediblər. İndi Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər,.. Suqovuşan qələbə sevincinə, su aydınlığına qovuşub.

Kamil Vəli kitabında başqa bir müharibədə haqqın qələbəsindən danışıb. Amma, sanırıq ki, elə bizim Vətən müharibəmizə də aid etmək olar bu fikirləri: “Doğma yurda candan-qandan bağlılıq yağının dişini qarnına tökdü. Ellərimizin bağlılığı, doğmalığı, qol-qola duruşu düşmənin yatağına su caladı. Yurdsevərlik bir ox olub yağı bağrına sancıldı. Anaya sevgidən başlayan yurdsevərlik alaçıqdan, evdən çıxar, el-el, oba-oba yayılıb bir yurdun içindən, çölündən keçər, dönməzliyə çevrilər. Bir səsli, bir ürəkli olan xalqı diz çökdürmək olarmı?”

Dağ döşündə hay olar,
Dərd əlindən vay olar.
El bir yerə yığılsa,
Gücü çoşğun çay olar.

Bir azdan pişvazına çıxacağımız yazdan – İlahi avazdan, cilvədən-nazdan, sözdən-sazdan ağızdolusu danışacağıq. “Elimizdən, obamızdan” kitabından sonra “Dastan poetikası”, “Sözün sehri”, “Elin yaddaşı, dilin yaddaşı”, “Bizim sözlər, gözəl sözlər” kimi dəyərli toplular yazmış Kamil Vəli Nərimanoğlunun da ruhu şad olacaq və qayibanə səsi eşidiləcək: “Elimizə-obamıza yaz gəldi. Qış yuxusuna gedənlər oyandı. Torpaq cana gəldi, dağlar, meşələr, çaylar, irmaqlar, bulaqlar oyandı. Xumar gözünə yaz aydınlığı köçmüş torpaq yuxusunu suya danışdı. Ağaclar yuxusunu bir-biriylə xısınlaşdı...

Axar sular torpağın yuxusunu dinləyib xeyrə yozdu, belə söylədi: “Yuxun xeyirliyədir, ay ana torpaq. Muradına çatacaqsan, Yuxuda at görmək xoşbəxtlikdir. Bu il sənin barını yığıb-yığışdırmaq olmayacaq”...

Qoy, ömrümüz-günümüz su qədər saf, təmiz olsun, aydınlığa qovuşsun!

ƏLİ NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri