Icma.az
close
up
RU
Sülh yoluna “daş qoyanlar”

Sülh yoluna “daş qoyanlar”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Barışı təhdid kimi göstərənlərin məqsədi nədir?

Azərbaycanın, guya, Ermənistana hücum edəcəyi, yaxud etməyə hazırlaşdığı ilə bağlı fikirlər son illər bu ölkədə gündəmdən düşmək bilmir. Bu fikirlərin heç bir əsasının olmadığı, dezinformasiya xarakteri daşıdığı çoxdan sübut edilsə də, yenə də bəzi şəxslər, xüsusilə revanşist dairələr məlum iddiaları tirajlamaqda israrlıdırlar. Onların məqsədi həm ölkə daxilində qorxu atmosferi yaratmaq, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Belə saxta təbliğat müəyyən dairələrin əlində Ermənistanın daxili siyasi gündəmini öz maraqları istiqamətində yönləndirmək üçün bir vasitəyə çevrilib.

Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə dair bəndin yer alması, bundan sonra Zəngəzur dəhlizi ideyasının reallaşmasına doğru atılan addımlar, eyni zamanda, Qərbi azərbaycanlıların dinc şəkildə öz yurd-yuvalarına qayıtmaları istiqamətində görülən işlər revanşist ekspertlər tərəfindən fərqli şəkildə təqdim olunur. Halbuki Azərbaycan tərəfi bizim Ermənistan ərazisində gözümüzün olmadığını dəfələrlə yüksək səviyyədə bəyan edib. Sonuncu dəfə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetinə müsahibəsində Cənubi Qafqazda real sülhə nail olunduğunu vurğulayıb.

H.Hacıyev hazırda Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiyanın gündəmdə olmadığını qeyd edib. O, hələ də bəzi fikir ayrılıqlarının mövcudluğunu və bunların aradan qaldırılması üçün dialoqun davam etdirildiyini bildirib. Verilən bu bəyanatlara baxmayaraq, qarşı tərəfdəki bəzi şəxslər eyni isterik düşüncələrdən əl çəkmək bilmirlər. Belələrindən biri də Ermənistan hərbi-sənaye komitəsinin sabiq sədri, “Hayakve” müxalifət hərəkatı şurasının üzvü Avetik Kerobyandır.

O, bugünlərdə “Nyus.am”a müsahibəsində “müharibə təhlükəsinin həmişə mövcud olduğunu” bildirib. Qeyd edib ki, hazırkı hakimiyyət hər cür bəyanatlar verir və müxtəlif piar kampaniyaları aparır, cəmiyyətə orduda ciddi islahatların aparıldığını göstərməyə çalışır: çavuş sistemi tətbiq olunur, müxtəlif ölkələrdən müşavirlər gətirilir, irimiqyaslı silah alışı aparılır və sair. Lakin onun sözlərinə görə, 2020-ci il müharibəsi göstərdi ki, problemi təkcə ordu həll edə bilməz. Müharibə başlayanda isə yalnız silahlı qüvvələr deyil, bütün cəmiyyət savaşda dövlətlə birgə, harmonik və vahid iradə ilə iştirak etməlidir.

Daha sonra Azərbaycanı və Türkiyəni erməni toplumuna “xoxan” kimi təqdim edən Kerobyan deyib ki, türklərlə dinc yanaşı yaşamaq Ermənistanın həqiqətən müharibəyə hazır olduğu zaman mümkündür. Guya, yalnız bu şərtlə Türkiyə ilə hansısa davamlı birgəyaşayışdan danışmaq olar: “Axı Türkiyənin qonşuları – Suriya, Yunanıstan, İran və İraqla münasibətlərinə nəzər salsanız, görərsiniz ki, o, çoxdan İraqın şimalına qeyri-qanuni müdaxilə edib və oradan çıxmayacağını açıq şəkildə bəyan edir. Eyni şey Suriyanın şimalına da aiddir – Türkiyə bu əraziləri də tərk etmək niyyətində deyil. Bundan əlavə, o, Yunanıstanın ərazi bütövlüyünü mütəmadi olaraq pozur və Kiprdən çıxmaq fikrində deyil”.

Kerobyan iddia edib ki, Türkiyənin istəyinin sülh deyil, ermənilərin daha bu torpaqda yaşamaması olduğunu anlamaq lazımdır. “Üstəlik, türklər öz niyyətlərində kifayət qədər dürüstdürlər – bunu daim və açıq şəkildə bəyan edirlər” - deyən başabəla ekspert qeyd edib ki, eyni sözlər Azərbaycan Respublikasına da aiddir. O, belə bir fikir bildirib ki, Zəngəzur dəhlizi ətrafında baş verən bütün ritorika erməniləri və Ermənistanı aldatmaq, iqtisadi səmərə ilə bağlı yalan fikirlər aşılamaqdır. Guya, Türkiyə əvvəlcə Zəngəzuru, sonra isə Kotaykı, Araqatsotnu və Şirakı tutmağa çalışır, tədricən ölkənin dərinliklərinə doğru irəliləyir.

***

Əlbəttə, özünü ekspert kimi təqdim edən, əslində isə Ermənistan cəmiyyətində qorxu və çaşqınlıq toxumu səpmək üzrə ixtisaslaşmış Kerobyanın bu çıxışı onun Azərbaycan və Türkiyəyə qarşı ictimai şüuru hər fürsətdə zəhərləməyə çalışmasının göstəricisidir. O, reallıqdan tamamilə uzaq, təhlükəli və məsuliyyətsiz iddialarla sanki Ermənistan əhalisini növbəti böhrana psixoloji cəhətdən hazırlamağa cəhd edir. Kerobyan müharibə təhlükəsinin həmişə mövcud olduğunu deyərək, cəmiyyətdə süni panika yaratmağa çalışır. Sonra isə hökumətin, guya, ordunu modernləşdirmək adı altında görüntü yaratdığını vurğulayır.

Bununla həm hakimiyyətin legitimliyinə xələl gətirir, həm də orduda aparılan islahatları gözdən salır. Burada maraqlı məqam odur ki, Kerobyan konkret fakt və arqumentlərlə danışmır. O, daha çox fərziyyələrə əsaslanaraq “təhlükəli düşmən” obrazı yaradır. İddia edir ki, türklərlə dinc yanaşı yaşamaq yalnız Ermənistan tam şəkildə müharibəyə hazır olduqda mümkündür. Bu fikrin arxasında heç bir məntiq dayanmır. Çünki sülh yalnız müharibəyə hazır olanda deyil, qarşılıqlı etimad, beynəlxalq hüquq normaları və siyasi iradə vasitəsilə təmin edilir. Bu, hay cəmiyyətinə “qarşı tərəfə güvənmək olmaz” mesajından başqa bir şey deyil.

Onun Türkiyə ilə bağlı fikirləri isə daha geniş dezinformasiya xarakteri daşıyır. Suriyada, İraqda və Şimali Kiprdəki prosesləri kontekstdən çıxararaq təhrif edir, geosiyasi reallıqları ümumiləşdirilmiş və emosional formada çatdırır. Ən təhlükəlisi isə budur ki, Kerobyan bu “analizləri” ilə Ermənistanı təcrid olunmuş və əhatəyə alınmış ölkə kimi göstərməyə çalışır. Beləliklə, əhali öz qonşularını düşmən, öz dövlətini isə yalqız buraxılmış kimi qavrayır. Əgər Kerobyanda azacıq rasional yanaşma olsaydı, başa düşərdi ki, bu, uzunmüddətli perspektivdə sosial parçalanma və dövlətçilik institutlarına inamsızlıq yaradır.

Hərbi–sənaye komitəsinin sabiq sədri Zəngəzur dəhlizi ilə bağlı da təhrif olunmuş fikirlər formalaşdırmağa çalışır. İddia edir ki, bu layihə yalnız erməniləri aldatmaq üçün uydurulmuş iqtisadi oyundur. Guya, dəhliz vasitəsilə əvvəlcə Ermənistanın cənub bölgəsi, daha sonra digər vilayətləri zəbt olunacaq. Bu düşüncə, təəssüf ki, faktlardan yox, paranoyadan doğur. Regionda nə Azərbaycan, nə də Türkiyə Ermənistana qarşı hərbi ekspansiya planlaşdırır. Əksinə, hər iki ölkə əməkdaşlıq və inteqrasiya çağırışları edir. Ancaq Kerobyan kimi fiqurlar bu çağırışları cəmiyyətə təhlükə kimi təqdim edərək, gələcək inkişaf imkanlarını baltalayırlar.

Onu da bildirək ki, bu cür çıxışların motivi çox vaxt daxili siyasi ambisiyalarla bağlı olur. Onlar ya hakimiyyətin mövqelərini zəiflətmək, ya da revanşist dairələrə xidmət göstərmək üçün qorxu, təlaş üzərindən mövqe qazanmağa çalışırlar. Amma bunun əvəzini Ermənistan cəmiyyəti ödəyir. Nəticədə hayların gələcəyinə inam azaldılır, əməkdaşlığa olan ümid boğulur, əhalinin informasiya ilə davranışı zədələnir. Ən pisi isə odur ki, bu iddialar beynəlxalq platformalarda da yayılır və Ermənistanın siyasi iradəsini qeyri-ciddi göstərir. Bu mənada Kerobyanın və onun kimi radikal revanşistlərin çıxışları təkcə fərdi fikir deyil, planlı psixoloji basqı mexanizmidir. Ermənistan cəmiyyəti bu kimi çıxışlara alət olmamalıdır. Əksinə, haylar belələrini “iqnor” etməlidirlər. Onlar regionda real təhlükənin haradan gəldiyini düzgün qiymətləndirərək həm təhlükəsizliyini təmin etməli, həm də qarşılıqlı əlaqələr üçün sağlam zəmin formalaşdırmalıdırlar. Əks halda cəmiyyətin üzləşəcəyi əsas təhdid hansısa “xarici müdaxilədən” deyil, daxildən yayılan saxta təsəvvürlərdən qaynaqlanacaq.

Birmənalı şəkildə demək mümkündür ki, Kerobyanın dedikləri Ermənistanın gələcək inkişafına xidmət etmir. Əksinə, bu cür fikirlər cəmiyyəti keçmişdə ilişib qalmağa vadar edir. Halbuki bu gün Ermənistan üçün əsas prioritet sabitlik, iqtisadi dirçəliş və regional layihələrə qoşulmaqdır. Qonşularla düşmənçilik siyasəti davam etsə, ölkə daha da təcrid olunacaq. Ermənistanın gələcəyi qorxu deyil, qarşılıqlı maraqlar üzərində qurulmalıdır. Cəmiyyət bu tip ritorikaları ayırd etməyi bacarmalı və öz rifahını düşünməlidir.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– Bu cür çıxışlar Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq məqsədi daşıyır. Onlar Azərbaycan və Türkiyəni təhdid kimi təqdim etməyə çalışırlar. Halbuki bu fikirlər reallığa uyğun deyil. Bakı və Ankaranın bölgədə əsas məqsədi sülh, sabitlik və əməkdaşlıqdır. Kerobyan kimilər isə süni qorxu yaratmaqla bu dəyərlərə qarşı çıxırlar.

Bu şəxsin Zəngəzur dəhlizi ilə bağlı dedikləri isə tamamilə əsassızdır. O, bu layihəni təcavüz planı kimi təqdim edir. Halbuki dəhlizin region üçün iqtisadi imkanlar yarada biləcəyi hamı tərəfindən etiraf olunur. O cümlədən bundan Ermənistanın da faydalanacağı şübhəsizdir. Amma belə çıxışlar bu fürsətlərin qarşısını alır. Kerobyanın Türkiyə ilə bağlı söylədikləri də birtərəfli, qərəzli və emosionaldır. O, regional prosesləri təhrif, faktları yanlış təqdim edir. Bu isə ictimai fikri çaşdırır və dialoqa mane olur. Ermənistan bu cür yanaşmalardan uzaq durmalıdır. Reallıq budur ki, bölgənin gələcəyi əməkdaşlıqdan keçir. Ermənistan cəmiyyəti gərginlik yox, qarşılıqlı anlaşma yolu seçməlidir. Belə çıxışlar isə bu yola daş qoyur. Əslində, Ermənistan dövləti və xalqı üçün Türkiyə və Azərbaycan deyil, belə fikirlər təhlükəlidir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see369

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see277

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see270

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see266

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see265

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see259

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see256

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see254

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see254

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see250

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see246

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see243

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see241

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see232

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see230

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see221

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see202

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see199

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see190

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri