Icma.az
close
up
RU
Süni intellektə kim nəzarət edəcək?

Süni intellektə kim nəzarət edəcək?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ, Çin, yoxsa...

Bir neçə il əvvələ qədər süni intellekt haqqında danışarkən əsas maraq doğuran məsələlər onun nə qədər inkişaf edəcəyi idi. İndi isə onu kimin nəzarətdə saxlamalı olduğu maraqlıdır. Buna cavab axtaranların, demək olar ki, hamısı eyni narahatlığı bölüşsə də, eyni masada oturmağa hazır deyillər. Nyu-Yorkda BMT Baş Assambleyasının salonlarında səslənən çağırışlar bunu bir daha göstərdi.

Dünya yeni bir güc mərkəzinin meydana çıxmasını izləyir. Bu dəfə söhbət nə ərazi işğal edən ordudan, nə nüvə başlığından, nə də enerji ehtiyatlarından gedir. Məlumatı emal edən, qərarları sürətləndirən, iqtisadiyyatları dəyişdirən və gələcəkdə insan davranışına təsir imkanlarını daha da genişləndirə biləcək bir texnologiyadan – süni intellektdən gedir. Qəribəsi odur ki, hamı təhlükədən danışsa da, onun qarşısını almaq üçün lazım olan qlobal razılaşmanın özü böyük güclərin rəqabətinə ilişib qalır. ABŞ Prezidenti Donald Trampın BMT-dəki çıxışında süni intellekt üzərində hər hansı “qlobalist nəzarət sxemini” rədd etməsi bu ziddiyyətin aydın ifadələrindən oldu. Vaşinqtonun yanaşmasının arxasında təkcə suverenlik məsələsi dayanmır. Çünki süni intellekt artıq iqtisadi və texnoloji üstünlük uğrunda yarışın əsas cəbhələrindən biridir. Bu sahədə üstünlüyü əldə edən dövlət iqtisadiyyat, müdafiə, kəşfiyyat və informasiya mühitində də əlavə imkanlar qazana bilər. Belə vəziyyətdə lider dövlətlərdən birinin “gəlin, hamımız eyni qaydalara tabe olaq” fikrinə məsafəli yanaşması təəccüb doğurmamalıdır. Problem bundan sonra başlayır. Hazırda süni intellektin yaratdığı risklər sərhəd tanımır. Bir ölkədə hazırlanmış model başqa ölkədə istifadə edilə, bir şirkətin sistemində aşkar edilən boşluq qlobal rəqəmsal infrastruktura təsir göstərə, bir kiberhücumun nəticələri isə xəritədəki sərhədlərdən daha sürətlə yayıla bilər.

Nəzərə alınmalıdır ki, süni intellekt modelləri aylar ərzində dəyişir. Amma dövlətlər arasında razılaşmaların hazırlanması hətta illərlə çəkə bilir. Bunu qeyd etməkdə məqsədimiz odur ki, bir alqoritm bir gecədə milyonlarla istifadəçiyə çata bilsə də, beynəlxalq hüquqi mexanizmin yaradılması üçün uzun diplomatik danışıqlar tələb olunur. Böyük güclər isə gələcəyin texnologiyasını keçmişin diplomatik sürəti ilə idarə etməyə çalışırlar. Üstəlik, bu yarışda iki ölkənin xüsusi çəkisi var: ABŞ və Çinin. Onların hər ikisi süni intellekt sahəsində əsas texnoloji güclər sırasındadır. Biri qlobal nəzarət mexanizmlərinə skeptik yanaşır, digəri, ən azı, bəzi beynəlxalq idarəetmə təşəbbüslərinə açıq olduğunu bildirir. Avropa və digər ölkələr də həmin iki gücün arasında öz yanaşmalarını formalaşdırmağa çalışırlar.

Bu nöqteyi-nəzərdən Fransanın mövqeyi xüsusilə maraqlıdır. Emmanuel Makron ölkələrin ABŞ və Çinin “vassalına” çevrilməməli olduğunu deyərək açıq mənbəli qabaqcıl süni intellekt modelinin hazırlanması ideyasını irəli sürür. Onun yanaşması Avropanın qarşısındakı daha geniş strateji dilemma, “texnologiya sahəsində müstəqil olmaq, yoxsa böyük güclərdən birinin ekosisteminə daha dərindən bağlanmaq?” ilə səsləşir.

Süni intellektin imkanları artdıqca onun istifadəsinə dair ortaq qaydalar formalaşmırsa, texnologiyanın və hüququn inkişaf tempi arasında təhlükəli boşluq yaranır. BMT məhz həmin boşluğu doldurmağa çalışır. Amma BMT qlobal konsensus yaratmaq üçün mövcud olan ən geniş platformalardan biridir, lakin onun effektivliyi böyük dövlətlərin siyasi iradəsindən asılıdır. ABŞ və Çin kimi aktorlar prosesdən kənarda qalanda ən mükəmməl sənəd belə praktik mexanizmə çevrilməkdə çətinlik çəkir. Əgər ən güclü texnologiyanı yaradanlar onun qaydalarını müəyyən edən masada yoxdurlarsa, həmin qaydalar nə qədər işlək olacaq?

Finlandiya və Norveçin öncüllük etdiyi təşəbbüs məhz buna görə diqqət çəkir. Onlarla ölkənin süni intellektin insan nəzarəti altında qalmasını tələb etməsi siyasi baxımdan əhəmiyyətlidir. Amma siyasi əhəmiyyətlə praktiki effektivlik arasında həmişə məsafə olur. Həmin məsafəni bağlamaq üçün texnologiya ilə diplomatiyanın eyni dildə danışması lazımdır. Bəlkə də qarşıdakı illərin ən böyük mübarizəsi sözügedən məsələnin ətrafında gedəcək. ABŞ və Çin texnoloji üstünlük uğrunda rəqabəti davam etdirəcək. Avropa öz strateji muxtariyyətini qorumağa çalışacaq. Digər dövlətlər isə bu yarışın yaratdığı imkanlarla risklər arasında seçim etməli olacaqlar.

Bu səbəbdən süni intellekt məsələsində “mənim texnologiyam, mənim qaydam” yanaşması uzunmüddətli perspektivdə kifayət etməyə bilər. Eyni zamanda, hamı üçün vahid qayda ideyasının reallaşması da asan deyil.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Süni intellektin (AI) təhlükəsiz, məsuliyyətli və insan hüquqlarına uyğun formada istifadəsini ehtiva edən müəyyən beynəlxalq sənədlər, əslində mövcuddur. Məsələn, UNESCO-nun 2021-ci ildə qəbul etdiyi “Süni intellektin etikası üzrə Tövsiyə” bu sahədə ilk qlobal normativ çərçivələrdən biridir. Sənəd süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqları və ləyaqəti, şəffaflıq, ayrı-seçkiliyin yolverilməzliyi, insan nəzarəti kimi prinsipləri müəyyənləşdirir. Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi “Süni intellekt haqqında Akt” isə süni intellekt sistemləri sahəsində riskləri azaltmaq üçün konkret hüquqi tələblər müəyyənləşdirir. Avropa Şurasının hazırladığı “Süni intellekt, insan hüquqları, demokratiya və hüququn aliliyi haqqında Çərçivə Konvensiyası” da bu istiqamətdə mühüm beynəlxalq hüquqi sənədlərdəndir. Bununla belə, mövcud sənədlər effektiv tətbiq mexanizminə malik deyil. Məsələn, UNESCO-nun sənədi tövsiyə xarakterlidir. Avropa İttifaqının “AI Aktı” isə regional hüquqi çərçivədir. Yaxud Avropa Şurasının Konvensiyası yalnız ona qoşulan dövlətlər üçün beynəlxalq öhdəliklər yaradır.

Bu məqamda ABŞ Prezidentinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Donald Tramp sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış edərkən, süni intellekt üzərində qlobal nəzarət mexanizminin yaradılmasına qarşı olduğunu bildirib. İlkin təəssürat belədir ki, ABŞ da daxil olmaqla, bəzi güc mərkəzləri süni intellekt sistemlərinin tənzimlənməsinə qarşı çıxırlar və bu sahədə yekdil, təkmil sənədin qəbul edilməsini əngəlləyirlər. Tramp administrasiyasının yanaşması süni intellekt texnologiyası sahəsində ABŞ-ın üstünlüyünün qorunmasına əsaslanır. Bu baxımdan deyə bilərik ki, beynəlxalq ictimai rəydə əsas fikir ayrılığı süni intellektin tənzimlənib-tənzimlənməməsi üzərində deyil, bu tənzimləmənin hansı səviyyədə həyata keçirilməsi məsələsindədir.

Analitik hesabatlarda qeyd edilir ki, süni intellektin yaratdığı riskləri “milli sərhədlər daxilində” zərərsizləşdirmək imkansız görünür. Bu baxımdan beynəlxalq ictimai rəydə əksəriyyət qlobal qaydaların hazırlanması tərəfdarlarını dəstəkləyir. Artıq bu istiqamətdə konkret addımlar da atılır. Məsələn, BMT Baş Assambleyasının 2025-ci ildə qəbul etdiyi 79/325 saylı qətnamə Süni İntellekt üzrə Qlobal Dialoqun yaradılmasını nəzərdə tutur.

Əslində ABŞ-ın iştirakı olmadan da digər dövlətlərin müəyyən ortaq qaydalar və standartlar hazırlaması mümkündür. Aİ-nin 2024-cü ildə qəbul etdiyi Akt bu istiqamətdə effektiv nümunədir. Düzdür, süni intellekt texnologiyalarının inkişafında aparıcı rol oynayan ABŞ kimi ölkənin prosesdən kənarda qalması belə qaydaların praktik tətbiq effektivliyini məhdudlaşdıra bilər. Lakin mövcud şərtlər bütün ölkələr üçün vahid və sərt qanun qəbul etməkdən daha çox, minimum qlobal standartların müəyyənləşdirilməsini diktə edir.

Yəni ABŞ-ın hazırkı mövqeyi süni intellekt (AI) üzrə qlobal konsensusunun formalaşdırılmasını çətinləşdirir, lakin beynəlxalq əməkdaşlığı mümkünsüz etmir. Süni intellektin yaratdığı imkan və risklərin təsiri milli sərhədlərlə məhdudlaşmadığı üçün uzunmüddətli perspektivdə dövlətlərin əməkdaşlığı qaçılmaz görünür. Burada əsas məsələ hansısa bir ölkənin mövqeyini qəbul etdirmək yox, müxtəlif yanaşmaları ortaq məxrəcə gətirə biləcək prinsipləri müəyyənləşdirməkdir.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri