Suriyadakı vəziyyəti çox yaxşı bilirdim DTX nin həbs etdiyi şəxs
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əzizov sərbəst ifadə verib.
Təqsirləndirilən əvvəllər 4 ay Suriya Ərəb Respublikasında yaşayaraq müxtəlif yardım qruplarında iştirak etdiyini deyib:
“Mən Suriyada olduğum üçün oradakı vəziyyəti çox yaxşı bilirdim. Azərbaycana gəldikdən sonra İdlib şəhərinə Elşənin vasitəçiliyi ilə pul göndərirdim. Yardımın oraya çatması və paylanması ilə bağlı Elşən mənə oradan şəkil, videolar göndərirdi. Mən də onları yardıma dəstək verən şəxslərə göndərirdim ki, pullarının hara getdiyini görsünlər. Təxminən 10-15 dəfə yardım etmişəm. Yardımlarım 2023-cü ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi davam edib".
Elçin Əzizov Xəqani Ömərovu əvvəllər tanımadığını və ilk dəfə istintaq zamanı gördüyünü bildirib. Eyni zamanda Anar Salamzadəni də bu işlə əlaqədar tanımadığını vurğulayıb.
Növbəti proses avqustun 12-də davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli


