Şuşanın təməlini qoyan nəsillərdən biri Şirinbəyovlar
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İbrahimxəlil xan onların babasına “bəy” titulu vermişdi
Bu şöhrətli nəslin əsil-nəcabəti neçə-neçə görkəmli şəxsiyyətin ulu babası, Qarabağda baş verən ictimai-siyasi, tarixi hadisələrin şahidi və fəal iştirakçısı Əlinağı bəyə gedib çıxır. Onun atası Şuşa qalasının təməl daşlarını qoyanlardan və ilk sakinlərindən olub, ömrü boyu şəhərin əvvəlinci məhəlləsində – Çuxur məhəllədə yaşayıb, qalanın xarici və daxili düşmənlərdən qorunmasında dəfələrlə iştirak edib, igid və cəsur döyüşçü kimi ad çıxarıb, Şuşanın inkişaf edib böyüməsində xüsusi rolu olub. Və məhz bu misilsiz xidmətlərinə, vətəndaşlıq keyfiyyətlərinə görə Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir ona “bəy” titulu verib.
Əlinağı bəyin oğlu Şirin bəy XVIII yüzilliyin sonlarında (1794) Şuşada dünyaya göz açıb. Təxminən, 80 il ömür sürüb, böyük bir sülaləyə başçılıq edib, nəslin ağsaqqalı olub. İbtidai dini təhsillə kifayətlənməyib, Qurani-Kərimlə bərabər, yazı-pozu işlərini də mükəmməl öyrənib. Dövrün aparıcı peşələrindən sayılan və şuşalıların daha çox həvəs və meyil göstərdikləri ticarəti seçib, bütün həyatı boyu bu sahə ilə məşğul olub. Həm bəy adını kişi kimi, qürurla daşıyıb, həm də Qarabağda ticarət işlərinin təşkilatçılarından və əsl bilicilərindən hesab olunub.
Şirin bəyin Şuşada təkrarolunmaz tikinti üslubu ilə seçilən, şəhərə xüsusi memarlıq gözəlliyi və görünüşü verən, eləcə də cürbəcür cizgiləri, daxili zənginliyi və zahiri gözəlliyi ilə məhəllənin bəzəyinə çevrilən möhtəşəm və gözəgəlimli, topdağıtmaz ikimərtəbəli imarəti vardı. Bina Qarabağ xanlarının yaşadıqları Çuxur məhəllə ilə Qurdlar məhəlləsinin kəsişdiyi yerdə – Xanlıq qapısının düz ağzında tikilmişdi. İmarət bir tərəfdən Allahverənli Salman bəyin, o biri yandan Hacı İbrahimin mülklərinə söykənirdi. Qarşıda isə Məşədi Murtuzanın (müğənni Bülbülün atasının) evi yerləşirdi.
Şuşalı zövqünün gözəlliyini, özəlliyini, rəngarəngliyini özündə əks etdirən və uzaqdan daha əzəmətli, möhtəşəm, gözəgəlimli, cazibədar görünən bu maraqlı və orijinal bina 19-cu yüzilliyin 70-ci illərində inşa edilmişdi. Tikintidə yerli materiallardan – çaylaq daşından, çiy və bişmiş kərpicdən, yonulmuş sal daşlardan istifadə olunmuşdu. Binanın iri bişmiş kərpicdən naxışlarla bəzədilmiş tağlı darvazası, geniş eyvanı, bağ-bağatı vardı.
İmarətin hər iki mərtəbəsində 40-45 kvadratmetr sahəsi olan böyük bir otaq və mətbəx, yuxarı mərtəbəsindəki otağın qarşısında geniş artırma vardı. Yay vaxtı gecələr bütün ailə burada yatırdı. Mətbəxin qarşısında isə yaşıllığa bürünmüş səfalı həyətə baxan eyvan vardı. Həyətdə çoxlu meyvə və bəzək ağacları (3 tut, 1 armud, 1 alma, 1 gavalı, 1 yasəmən) əkilmişdi. Evin hasarlarının dibində isə hər mövsümdə qoxusu bütün məhəlləni bürüyən bənövşələr açırdı...
Şirin bəy ömür-gün yoldaşı Tükəzban xanımla birlikdə bu ocaqda 5 oğul, 1 qız övladı böyüdüb boya-başa çatdırıblar: Hüseyn bəy (1829), Həsən bəy (1834), Tağı bəy (1843), Məhəmməd bəy (1846), Zeynalabdin bəy (1848) və Ayna xanım (məşhur həkim Əbdülkərim bəy Mehmandarovun anası). Ailənin böyük övladı Hüseyn bəy mədrəsə təhsili görüb, gəncliyində müsəlmanların daha çox üz tutduqları Məkkəni ziyarət etdiyinə görə “hacı” titulu alıb. Bir müddət atasının peşəsini davam etdirib, sonralar Qarabağ və Mil düzlərində hektarlarla pambıq sahəsi icarəyə götürüb. Uzun müddət kənd təsərrüfatı işləri ilə məşğul olub. 1896-cı ildə kiçik qardaşı Zeynalabdin bəylə birlikdə “Govurarx” kanalını müqavilə ilə 33 illiyə icarəyə götürüb. Şirinbəyovlar nəslinin bütün kişi üzvləri kimi o da “kavaler” ləqəbi daşıyıb, bütün Qarabağda “Kavalerli Hüseyn” kimi tanınıb.
Şirin bəyin ikinci oğlu Həsən bəy İraqa səfərlərinin birində İmam Hüseynin qəbrini ziyarət etdiyinə görə “Kərbəlayı” adı qazanıb. XIX əsrin 70-ci illərində dövlətdən qaçaq düşüb, böyük ad-san sahibi olub, igidliyi ilə elinə, obasına, nəslinə, kökünə başucalığı gətirib. Mənfur ermənilərə, qaniçən rus məmurlarına, həm də onlara quyruq bulayan “sapı özümüzdən olan baltalar”a qarşı amansız olub, ömrünün sonunadək belə ünsürlərlə mübarizə aparıb. Demək olar ki, həyatının çox hissəsini həbsxanalarda keçirib.
Həsən bəyin 6 oğlu olub: Ağalar bəy (təvəllüdü 1869), Yusif bəy (1871), Xanlar bəy (1874), Bəylər bəy (1877), Cəmil bəy (1882) və Şəmil bəy (1884). Onun bəzi törəmələri sonralar Həsənov familiyasını götürüblər.
Şirin bəyin 3-cü oğlu Tağı bəydir. Atası evini övladları arasında bölüşdürəndə mülkün üçdəbir hissəsi ona düşüb. Tağı bəy də həyatını ticarətlə bağlayıb. Böyük qardaşı Həsən bəy kimi başı çox bəlalar çəkib, ömrünün bir çox illərini sürgündə və qazamatda keçirib, bir müddət Qarabağdan uzaqlarda yaşayıb, təsadüfi düşmən gülləsinə tuş gəlib.
Məhəmməd bəy ailədə 6 övladın 4-cüsü idi. Həyatda onun da bəxti gətirməyib. Böyük qardaşları Həsən bəy və Tağı bəy kimi qaçaq həyatı yaşayıb. Xalq qəhrəmanı Qaçaq Nəbinin əməl yoldaşı, sirdaşı, dostu olub, igidlikdə heç də ondan geri qalmayıb, bir an da olsa, əlindən tüfəng düşməyib, ölənə qədər çar üsul-idarəsinə qarşı vuruşub. Dəfələrlə həbsxanaya düşüb, soyuq Sibirdə sürgün həyatı keçirib, həm də “Sufi” təxəllüsü ilə yazıb-yaradıb. İranda səfərdə ikən xəyanətin qurbanı olub.
Şirinbəyovlar Qarabağda igidlikdə, vurub-tutmaqda, namus-qeyrətdə ad çıxarmışdılar. Onlar həm də “tacirlər ailəsi” kimi tanınırdılar.
XIX əsrin 60-70-ci illərində Şuşanın təsərrüfat həyatında aparıcı rol oynayan daxili və xarici ticarətin inkişafı burda peşəkar tacirlər zümrəsinin çoxalmasına səbəb olub. Qala zəngin və alıcılıq qabiliyyəti güclü olan ticarət mərkəzi kimi Cənubi Qafqazın məşhur şəhərlərindən birinə çevrilib. Təsadüfi deyildi ki, bütün Zaqafqaziyada “bəylər şəhəri” kimi tanınan Şuşa həm də “tacirlər şəhəri” statusu almışdı.
Həm daxili, həm də xarici ticarət işləri ilə məşğul olan Şirinbəyovların tacir övladlarının çalışqanlığı və işgüzarlığı sayəsində əhali xeyli varlanmış, özləri isə mal ticarət dövriyyəsi olanların siyahısına düşmüşdülər. Alış-verişi həmişə düz və təmiz olan, hər şeyi ustalıqla qızıla çevirməyi bacaran Şirinbəyovlar fəaliyyət dairələrini getdikcə genişləndirərək müxtəlif ölkələrlə işgüzar əlaqələr yaratmış, şəhərdə ticarəti, demək olar ki, öz əllərinə almışdılar.
Şəhərin mərkəzi küçələri boyu, xüsusilə də, “Böyük bazar”la “Bazarbaş”nı birləşdirən “Rastabazar”da Şirinbəyovların istənilən malı tapmaq mümkün olan dükanları sıralanmışdı. Burda xırdavat mallarından tutmuş ət-süd məhsulları, quru meyvələr, baqqal malları, gil qablar, qızıl-gümüş məmulatları, ipək və sair satılırdı. Bunların çoxu, əsasən, İrandan və Rusiyadan gətirilir, bəzi hallarda isə Bakı və Tiflis bazarlarından alınan mallar Şirinbəyovların vasitəsilə İrana aparılırdı.
Şuşa tacirləri arasında rəqabət getdikcə artırdı və nəticədə bu nəslin tacir övladları daha da varlanırdılar. Şirinbəyovlar Qarabağdan başqa vilayətlərə barama, müxtəlif növ parçalar, bazar iqtisadiyyatının əsasını təşkil edən xalı-xalça aparırdılar. Ən çox işbirliyi qurduqları yerlər isə Təbriz, Bakı, Vladiqafqaz, Aşqabad idi. Ümumiyyətlə, İran və Rusiya ilə ticarət şəbəkələrinin genişlənməsində, mal dövriyyəsinin artmasında, Şuşanın ticarət şəhəri kimi tanınmasında bu nəslin nümayəndələri çox mühüm rol oynamışlar. Təsadüfi deyildi ki, XIX əsrin 70-80-ci illərində Şirinbəyovlar nəslinin nümayəndəsi Tağı bəy “II dərəcəli gildiya” şəhadətnaməsi almışdı.
Şirinbəyovların övladları bütün həyatlarını ticarətlə bağlamış, bu sahənin inkişafı və çiçəklənməsi yolunda böyük zəhmətə qatlaşaraq adlarını Qarabağın iqtisadi tarixinə pozulmaz hərflərlə yazmışlar. Bu nəslin Şirin bəylə başlanan ticarət işlərini sonralar Zülfüqar bəy, Muxtar bəy, Azad bəy, Səməd bəy, Həsən bəy, Tağı bəy, Zeynalabdin bəy, Məhəmməd bəy kimi nümayəndələri öz ata-baba peşələrini layiqincə davam etdirmişlər.
Şirinbəyovlar şəhərin ziyalı-dövlətli adamları kimi bütün varlıqları ilə çalışırdılar ki, vətənləri Şuşa nəinki ticarət şəhəri, həm də Qarabağın mədəni mərkəzi kimi də tanınsın, məşhurlaşsın, şöhrət tapsın...
Ümumiyyətlə, Şirinbəyov övladları maarif, mədəniyyət, ədəbiyyat, səhiyyə və xalq təsərrüfatının müxtəlif sahələrində yüksək mövqe tutmuşlar. Nəslin məşhur nümayəndələri - Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” və Süleyman Vəliyevin “Düyünlər” əsərlərinin baş qəhrəmanı, Azərbaycanın ilk radio diktorlarından biri Ənvər Həsənov, ilk azərbaycanlı alpinist Kamal Həsənov, hərbi təyyarəçi Bəhram Şirinbəyov, aktyor Arif Həsənov, jurnalist Faiq Şirinbəyov, kinorejissor Rüfət Həsənov, rejissor Cəmil Şirinbəyov adlarını Azərbaycan tarixinə yazmışlar.
Mühacir tarixçi-alim, hüquqşünas Qara Hüseynov (Hüseyn Baykara), pedaqoq, 30-cu illər repressiyasının qurbanı Surxay Hüseynov, müəllim Əsəd İbrahimov, millət vəkili Toğrul İbrahimli, mərhum idman və gənclər naziri Azad Rəhimov, iqtisadiyyat sahəsində görkəmli mütəxəssis, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və onlarca başqaları bu qollu-budaqlı sülalənin ana xətti üzrə davamçılarıdır.
Vasif QULİYEV,
“Şuşa” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Redaksiyadan: Şirinbəyovlar nəslinin görkəmli nümayəndələrindən biri – erməni daşnakların qətlə yetirdiyi Tağı bəy Şirinbəyovun faciəli tarixçəsini oxucularımıza “XQ”nin növbəti sayında təqdim edəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 04 Sentyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















