Tahir Kərimli: “Sənin hansı xərcin çoxalıb ki, parkinqin qiymətini iki dəfə artırırsan?”
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
““28 Mall”, “Gənclik Mall” və digər ticarət mərkəzlərinin bir saatlıq parkinq pulunu 1 manatdan 2 manata qaldırmalarını mənfi qarşılayıram. Bizdə qiymət artımı fəlsəfəsi daim bahalaşmadan ibarətdir. Parkinq pullarında iki dəfə artım baş verib. Təbii ki, özəl şirkətlərdir, “özümüz bilərik, bəyənmirlər, gəlməsinlər” prinsipi ilə yanaşırlar. Azərbaycanda bu cür ticarət mərkəzlərini hamının boykot etməsi, daha ucuz ticarət yerlərinə getməsi çox çətindir. Məsələn, “Sədərək” ticarət mərkəzində parkinq qiyməti 50 qəpikdir. Hər bir halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi var və Agentlik bu məsələyə nəzarət etməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Xarici dövlətlərdə hansı özəl şirkət birdən-birə istədiyi vaxt qiyməti qaldıra bilir? Rusiyada neft satışını həyata keçirən özəl şirkətlər də var, amma orada dövlət tənzimlənməsi də mövcuddur. Hesab edirəm, özəl şirkətlərlə də bağlı qiymətlərə dövlət nəzarət etməlidir. Necə ola bilər ki, bizim ölkədə ancaq bahalaşmadan söhbət gedir? Ucuzlaşma baş vermir. Bu vəziyyət belə də davam edir. Dövlətin də imicinə çox mənfi təsir edir. Camaatda böyük narazılıq yaradır. Xalqın güzəranının yaxşı olmadığını hər kəs bilir. Belə qiymət artımları isə nə qədər ziyanlar, zərbələr vurur. Çox adam çətinlik çəkir. Əlbəttə, özəl şirkətlərə çağırış etmək olar ki, humanizm nöqteyi-nəzərindən belə etməsinlər. Onsuz da, humanist olsaydılar, heç qiymət qaldırmazdılar ki. Özəl şirkətlər çörək satışı ilə bağlı əvvəlki illərdə özbaşına qiymət artımı həyata keçirirdilər, amma dövlət dərhal müdaxilə edirdi. Bu səbəbdən istənilən halda dövlət parkinq qiymətlərinə də müdaxilə etməli, tənzimləməlidir. Bu dərəcədə də olmaz axı. Sənin hansı xərcin çoxalıb ki, parkinqin qiymətini iki dəfə artırırsan. Bu, yaxşı hal deyil” - bildirib.
Aytəkin Qardaşova


