Tanrının seçdiyi şəxsiyyət : Partiya sədrlərindən Prezidentə TƏBRİKLƏR
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü təbrikləri ünvanlayan şəxslər sırasında ölkədə fəaliyyət göstərən partiya sədrlərinin də adları var.
Modern.az saytı hansı partiyalardan dövlət başçına təbrik ünvanlandığını araşdırb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı İlham Əliyevi Tanrının seçdiyi nadir tarixi şəxsiyyət adlandırıb:
"XX yüzillikdə dünya siyasətində silinməz izlər buraxmış Ulu Öndər Heydər Əliyevin övladı və siyasi varisi olmaqla yanaşı, Siz türk dünyasının haqq səsi, Qarabağın xilaskarı, Qələbə memarı olaraq dünyada böyük şöhrət qazanmış və xalqımızın başını ucaltmısınız...
... Bu gün azad edilmiş və yenidən qurulan Qarabağı gəzəndə, ildən-ilə abadlaşan şəhər və kəndlərimizi görəndə mənim yadıma Ümummilli Lider, insan kimi, ziyalıların dostu kimi dərin hörmət bəslədiyim Heydər Əliyevin əlində Azərbaycan xəritəsi, dünyanın bəzi böyük ölkələrinin nadan başçılarına necə ciddi- cəhdlə tarixi anlatdığı, Qarabağın Azərbaycan torpağı olduğunu sübut etməyə çalışdığı, ölkənin başının üstünü almış ərzaq qıtlığı dövründə gecə-gündüz bilmədən işlədiyi, şəxsən şahidi olduğum ağır günləri xatırlayır və istər istəməz “kaş, Heydər Əliyev Azərbaycanın bu günlərini görərdi” deyirəm. Sizin bir insan kimi xoşbəxtliyiniz, atanızın vəsiyyəti və arzularını yerinə yetirməyinizdir.
Belə bir əhval-ruhiyyə ilə, yeni il ərəfəsində Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və millətimizin gələcəyi naminə Uca Tanrıdan Sizə, çox hörmətli Mehriban xanıma və ailənizin bütün üzvlərinə uzun ömür, möhkəm cansağlığı arzulayıram”.
Azad Vətən Partiyasının sədri Akif Nağı Prezidentin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında çox böyük xidmətlər göstərdiyini vurğulayıb:
"Siz öz mükəmməl və müdrik siyasətinizlə ölkəmizin dünyanın siyasi orbitində mövqeyinin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün bərpa edilməsinə, sürətli inkişaf yoluna çıxmasına nail olmusunuz”, - deyə A.Nağı bildirib.
Partiya sədri qeyd edib ki, Ali Baş Komandan olaraq İlham Əliyevin sərkərdəlik qabiliyyəti, siyasi çevikliyi, əzmkarlıq göstərməyi, ordumuzu və xalqımızı bir məqsəd ətrafında birləşdirməyi sayəsində Qarabağ müharibəsində qələbə təmin edildi:
“Sizin rəhbərliyiniz altında 2023-cü il sentyabrın 19-da başlanmış antiterror əməliyyatları da uğurla başa çatdı. Azərbaycan Respublikasının Konstitusiya quruluşu, ərazi bütövlüyü, suveren hüquqları tam bərpa olundu”. “Azad Vətən Partiyası adından doğum gününüz münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, dövlətimizin bu günü və gələcəyi üçün apardığınız fədakar işinizdə davamlı uğurlar arzulayırıq”, - A.Nağı yazıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə Prezidentə cansağlığı, uzun ömür və məsuliyyətli dövlətçilik fəaliyyətində davamlı uğurlar arzulayıb:
“Azərbaycan Respublikası Sizin rəhbərliyiniz dövründə əhəmiyyətli tarixi nailiyyətlər əldə edib. Ali Baş Komandan kimi göstərdiyiniz qətiyyət və siyasi iradə nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyimiz tam bərpa olunub, dövlətimizin beynəlxalq səviyyədəki mövqeləri ciddi şəkildə möhkəmlənib.
Ümid Partiyası olaraq. Azərbaycanın milli maraqlarının qorunması, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən siyasətin gələcəkdə də xalqımıza rifah və əmin-amanlıq gətirəcəyinə inanırıq”.
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa təbik mesajını parlamentin sonuncu plenar iclasında çıxış edərkən səsləndirib, dövlət başçısına möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının təbrikində deyilir:
“Azərbaycanımızı bütün varlığı ilə sevən vətənpərvər, qətiyyətli və polad iradəli, yüksək intellektə və qeyri-adi idarəetmə bacarığına malik müdrik dövlət başçısı, dünya çaplı siyasi xadim və tarixi şəxsiyyət kimi Siz, bəşəri dəyərlərə ehtiram göstərən hər kəsə örnəksiniz, 50 milyonluq xalqımızın qürur mənbəyisiniz, sevimli və alternativsiz liderisiniz”.
O, dövlət başçısına arzusunu da ifadə edib:
“Ziyarət etdiyiniz Xudafərin körpüsü önündə ən yaxın və sədaqətli silahdaşınız və həyat yoldaşınız Mehriban xanımla Araz çayının suyuna toxunmaqla gələcək müqəddəs yolumuza ürəyinizdə və düşüncələrinizdə verdiyiniz xeyir-dua düşərli olsun və onu da Zəfərlə başa çatdırmağı Uca Tanrı talehinizə qismət etsin”.
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə hörmət və ehtiramını belə ifadə edib:
“Sizi doğum gününüz, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin təbrik mətni bu sözlərdən ibarətdir:
“Siz ölkəmizin müasir dövrünün memarısınız. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, “Böyük qayıdış”ın həyata keçməsi, mühüm beynəlxalq və regional layihələrin icrası, tranzit xətlərin, iqtisadi və ticarət kanallarının qurulması, inkişafı, gələcək nəsillər üçün etibarlı zəmin yaratması Sizin liderliyiniz sayəsində mümkün olub.
Ölkəmizin iqtisadi cəhətdən güclənməsində, çoxqütblü dünyanın mürəkkəb siyasi konfiqurasiyasında dövlət müstəqilliyimizin qorunmasında, beynəlxalq arenada nüfuzunun artmasında, Türk dünyası ilə yüksək səviyyəli əlaqələrinin qurulmasında, regionda sülhün bərqərar olmasında xidmətləriniz danılmazdır. Ümid edirik ki, Siz bundan sonra da bu missiyalarınızı şərəflə davam etdirəcəksiniz”.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev:
“Dünyada gedən proseslər fonunda və dövlətimiz üçün çox əhəmiyyətli bir zamanda Sizin rəhbərliyiniz altında istər ərazi bütövlüyümüz və itirilən tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində, istərsə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyükmiqyaslı tikinti-quruculuq sahəsində görülən işlər göz önündədir.
Son illər Azərbaycanın daxili və xarici siyasətində qazanılmış uğurlar, yüksək inkişaf yolu məhz Sizin apardığınız siyasətin nəticəsidir. Buna görə də bu gün böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.
Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və dövlətimiz adına gördüyünüz işlərdə uğurlar arzulayıram”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə təbrik mesajında qeyd edib:
“Sizin rəhbərliyiniz altında, Azərbaycan Respublikası yalnız öz müstəqilliyini möhkəmləndirməklə kifayətlənməmiş, həm də qlobal miqyasda əhəmiyyətli və strateji mövqelərə yüksəlmişdir. Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi və xalqımızın həyat səviyyəsinin yüksəldilməsi Sizin müdrik və uzaqgörən siyasətinizin bəhrəsidir.
Mən inanıram ki, Sizin şəxsiyyətiniz və Liderliyiniz Azərbaycanı yeni zirvələrə daşımağa davam edəcəkdir. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı daha parlaq sabaha doğru əzmlə irəliləyəcək, dünya səhnəsində özünün layiqli yerini möhkəmləndirəcəkdir”.
Prezidenti doğüm günü münasibətilə təbrik edən Haqq Ədalət Partiyasının sədri Əli İnsanov deyib:
“Sizə, ölkəmizin dinamik inkişafı, xalqımızın yüksək rifahı və xoşbəxt gələcəyi üçün həyata keçirdiyiniz bütün işlərinizdə böyük uğurlar, özünüzə isə uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dövlət başçısına göndərdiyi təbrik mesajında yazıb:
“Sizi ad gününüz münasibətilə Müasir Müsavat Partiyasının yüz minlik ordusu adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.
Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa işləri həyata keçirilir. Digər tərəfdən, bölgəyə Böyük Qayıdış təmin edilir, Qarabağa onun tarixi gözəlliyi və dərin mənəvi həyatı qaytarılır.
Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:
“Sizi, doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 44 günlük Zəfərlə, bir günlük antiterror əməliyyatı ilə Azərbaycanın bütövlüyünü təmin edən, xalqımızı müzəffər xalqa, dövlətimizi qalib dövlətə çevirən sərkərdənin doğum günü hər kəsin bayramı sayılar. Türk dünyasının inteqrasiyası siyasəti başda olmaqla milli maraqlarımıza xidmət edən xarici siyasətiniz qısa zaman kəsiyində Azərbaycan dövlətinə böyük nüfuz qazandırmış, müdafiə qabiliyyətimizin gücləndirilməsinə səbəb olmuşdur. Sizin əməli işinizin, prinsipial və gərgin əməyinizin nəticəsində iqtisadiyyatımızın davamlı inkişafı, sosial problemlərin sürətlə aradan qaldırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması, cəmiyyətimizin demokratikləşməsi təmin edilmiş, Qarabağ problemi keçmişdə qalmışdır.
Uğurlu quruculuq və inkişafa yeni yollar açılmışdır. Sizə bu yolda uğurlar arzulayır və bütün imkanlarımızla yanınızda olduğumuzu bəyan edirik”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bildirib ki, tarix, zaman və reallıq bir daha təsdiq etdi ki, xalq 2003-cü ildə İlham Əliyevə etimad göstərməklə, onu özünə rəhbər seçməklə ən düzgün addımı atıb:
“Həqiqətən də Siz bizə, Azərbaycan vətəndaşına - bu həyatda heç bir zaman görmədiyimiz xoşbəxtlikləri yaşatdınız, bizi Qarabağa qovuşdurdunuz. Bizi ən böyük nailiyyətlərə, müvəffəqiyyətlərə, Zəfərlərə doğru apardınız.
Bu gün nəhəng dövlətlərin, onların rəhbərlərinin Azərbaycana və onun Liderinə son dərəcə ehtiramla yanaşması, dünyanın ən qüdrətli dövlətləri sırasında Azərbaycanın da adının çəkilməsi, suverenliyimizin bərpası, milli kimliyimizin və milli qürurumuzun bütün təhdidlərdən, təhlükələrdən qorunması, planetdə baş verən bu qədər kritikalara, geosiyasi maraq savaşlarına, kənar təsir və təhdidlərə rəğmən yenə də Azərbaycanın tam müstəqil siyasət yürüdə bilməsi - məhz Sizin sayənizdədir, cənab Prezident! Yalnız və yalnız - Sizin!”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu:
“Sizin qətiyyətli liderliyiniz və strateji dövlətçilik yanaşmanız nəticəsində Azərbaycan Respublikası regional və beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, dövlət suverenliyi və ərazi bütövlüyünü tam təmin etmişdir. Xalqımız, dövlətimiz məhz Sizin sayənizdə qalib olmağın qürurunu yaşamışdır. Siz torpaqlarımızı azad etməklə yanaşı, ədaləti bərpa etdiniz, milli ləyaqətimizi dünyaya nümayiş etdirdiniz. Məhz Sizin apardığınız müdrik siyasətin nəticəsində bu gün Azərbaycanımız dünyada öz sözünü deyən, güclü və prinsipial dövlətə çevrilmiş oldu”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli:
"Ədalət Partiyası olaraq Sizin apardığınız dövlətçilik siyasətini daim dəstəkləyir, ölkəmizin hüquqi-demokratik inkişafı, sosial ədalətin təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndiririk. Xüsusilə, Sizin təşəbbüsünüzlə formalaşan iqtidar-müxalifət dialoqu mühiti siyasi plüralizmin inkişafına və milli həmrəyliyin möhkəmlənməsinə töhfə verir. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlara imza atacaq, xalqımız firavan və təhlükəsiz həyat sürəcək.
Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Allah Sizi və ailənizi qorusun!"
A.Qorxmaz
Baxış sayı:26
Bu xəbər 25 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















