Tarixdə iz qoyanlar: Böyük şairin gizli etiraz üsulları
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Modern.az saytının “Tarixdə iz qoyanlar” rubrikasında növbəti yazını təqdim edirik.
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Sovet hakimiyyəti illərində xalqının düşdüyü acınacaqlı vəziyyəti, rus imperiyasının apardığı assimilyasiya siyasətini, milli zülmü əsərlərində əks etdirməyə çalışan yazıçılar və şairlər arasında Bəxtiyar Vahabzadənin müstəsna rolu vardır. Böyük şair və dramaturq Hüseyn Caviddən, iki dahi şair və bir dahi nasir - M.Ə.Sabirdən, Məhəmməd Hadidən və Mirzə Cəlildən sonra Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında Sovet zülmünə qarşı etiraz səsini ucaldan ilk şairdir. 2000-ci ilin noyabr ayında Türkiyədə nəşr olunan “Türk ədəbiyyatı dərgisi”nə verdiyi müsahibədə şair xatırlayırdı:
“Uşaqlığımda yaşadığım, mənə çox təsir edən, unuda bilmədiyim bir hadisə 1932-ci ildə doğulduğum Şəki şəhərində baş verib. Ruslar Azərbaycanı işğal etdikdən sonra hakimiyyətlərini həyata keçirməyə başladılar. O zamanlar, yəni 1932-ci ildə kolxoz quruculuğu başlayır. Xalq rusların bu fəaliyyətlərinə qarşı çıxır. Şəkiyə gələn rus vəzifəliləri şəhərə buraxılmır. Qısa bir müddət sonra şəhər xalqın əlinə keçir. Atamın bildirdiyinə görə, Bakıda yerləşən rus əsgərləri üsyanı yatırmaq üçün Şəkiyə gəlirlər. Şəki bir həftə ərzində ayağa qalxan, kolxozlara qarşı çıxan xalqın əlində qalır. Rus əsgərləri bu insanların böyük bir qismini öldürür. Sağ qalanların bir hissəsi zindana atılır, bir qismi də gülləbaran edilir. Qalan insanlar mübarizəni davam etdirmək üçün dağlara çəkilir. Babamın yardım etdiyi üsyançılardan biri də qohumu Qaçaq Abbas idi. Qaçaq Abbas çox cəsur bir insan idi, dostları ilə bərabər yüzlərlə rus əsgərini öldürmüşdü. Ruslar onun yanına yaxınlaşa bimirdi. Bir gün Qaçaq Abbası dağda vururlar, onun yarıçılpaq hala salınmış meyidini sürüyərək Şəkiyə gətirirlər. Əsgərlər onun ölüsünə də güllə atırdılar. Xalqa: “Baxın üsyan edənlərin sonu belə olur” deyə Qaçaq Abbasın cəsədini şəhərdə küçəbəküçə gəzdirirlər. Kiçik yaşlarımızda gözlərimizin önündə baş verən bu hadisə bizim mahaldakı bir çox insanın ruslara qarşı kinlə dolmasına səbəb oldu”.
Bəxtiyar Vahabzadə hələ 1959-cu ildə yazdığı “Gülüstan” poemasında Azərbaycanın iki yerə parçalanmasına qarşı etiraz səsini ucaltdı. Həmin əsəri o, mərkəzi mətbuatda çap etdirə bilmədiyindən doğulduğu əyalət şəhəri olan Şəkidə “Şəki fəhləsi” qəzetində dərc etdirir. Bu əsərin əlyazması bütün Azərbaycanı dolaşmağa başlayır. 1962-ci ildə o zamankı Dövlət Təhlükəsizlik Komitəsi bundan xəbər tutur. 1962-ci ildə o zaman universitetdə dərs deyən Vahabzadəni oradan xaric edirlər. 1964-cü ilə qədər onun əsərlərini çap etmirlər, radio-televiziyaya buraxmırlar və onu başqa işə də götürmürlər.
Bəxtiyar Vahabzadənin iş tapmaq, maddi vəziyyətini düzəltmək cəhdləri nəticə vermir. Şairin sovet rejiminin qəzəbinə tuş gəldiyini görən hər kəs ondan uzaq gəzməyə, onunla ünsiyyətdən qaçmağa çalışır. Bəxtiyar Vahabzadənin həm maddi, həm də mənəvi-psixoloji baxımdan düşdüyü ağır vəziyyət 1964-cü ilə kimi davam edir. Ümummilli lider Heydər Əliyevin 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini postuna təyin edilməsi Bəxtiyar Vahabzadənin həyatında dönüş nöqtəsi olur. Heydər Əliyev sovet rəhbərliyini inandıra bilir ki, Bəxtiyar Vahabzadənin millətçi kimi damğalanmasına heç bir əsas yoxdur və onun yaradıcılığı sovet rejimi üçün hər hansı təhlükə törətmir. Məhz Ulu öndərin səyi nəticəsində Bəxtiyar Vahabzadə elə həmin il - 1964-cü ildə yenidən Bakı Dövlət Universitetindəki işinə bərpa olunur.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyev özü sonralar Bəxtiyar Vahabzadə ilə bağlı yaranmış təhlükəli vəziyyət haqqında deyirdi: “Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. “Gülüstan” poemasını yazmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı”.
“Gülüstan” əsəri ilə əlaqədar çəkdiyi cəzadan dərs götürən şair bundan sonra yazdığı əsərlərdə ehtiyatlı tərpənməyə, sözünü açıq şəkildə deyil, qapalı şəkildə, bəzən simvollardan istifadə edərək, bəzi hallarda isə hadisələri tarixə, yaxud da başqa ölkələrə keçirərək deməyə başladı. Məsələn, 1963-cü ildə yazdığı “Yollar və oğullar” poemasında o, ölkəsinin müstəmləkə halında yaşamasını, milli tarixinin və soykökünün inkar edilməsini, dilinin əridilməsini Əlcəzairə keçirərək sözünü dedi. Əlbəttə, o zaman bu əsəri oxuyan oxucu poemada təsvir olunan əhvalatların tamamilə Azərbaycana aid olduğunu dərhal başa düşürdü. Əsərdə ata Əlcəzair xalqının fransız müstəmləkəsinə qarşı başladığı milli-azadlıq hərəkatında iştirak edən oğlu Mustafanı bu yoldan daşındırmağa çalışır, lakin bacarmır. Əsərdə Mustafanın monoloqu əsarətdə olan Azərbaycanın da vəziyyətini ifadə edirdi:
Dəmir zindanlara saldılar bizi
Parisə daşıyıb sərvətimizi
Bizə qucaq-qucaq söz gətirdilər
Koka-kol, rokn-rol, caz gətirdilər.
Getdi əlimizdən namus, ar, ismət
Bunamı deyirsən sən mədəniyyət?
Gəlib evimizdə bizi soydular
Ancaq adımızı vəhşi qoydular
Bir soruşan yoxdur bu gəlmələrdən
Bu vəhşi dediyin sənsən, yoxsa mən?
Bu misraları oxuyan hər kəs Parisin yerinə Moskvanı qoymaqla daşın hara atıldığını çox gözəl anlayırdı. Buna görə də o zaman DTK-nin agenti olan şairlərdən biri bu əsərin nə məqsədlə yazıldığını, nəyə işarə edildiyini açıb DTK-ya bildirdi. Əsər uzun müddət Azərbaycan Mərkəzi Komitəsində və Yazıçılar Birliyində müzakirə edildi. Çoxları bu əsərdəki hadisələrin və vəziyyətin Azərbaycana da aid olduğunu bilsə də, bunun üstünü vurmadılar. Şairin özünün yazdığına görə, o zaman Azərbaycan Yazıçılar Birliyinin sədri olan Mehdi Hüseyn öz nüfuzundan istifadə edərək bu əsərin məhz Əlcəzairə aid olduğunu, bunun Azərbaycanla heç bir əlaqəsi olmadığını deyib şairi ikinci cəzadan xilas etdi.
B.Vahbzadənin belə əsərlərindən biri də “Latın dili” şeiridir. Sovetlər dönəmində şair Mərakeşə gedir. Orada bütün mərakeşlilərin fransızca danışdıqlarını, dövlət işlərinin fransız dilində aparıldığını, ərəb dilinin rəsmi dairələrdən uzaqlaşdırıldığını görür. Azərbaycana döndükdən sonra “Latın dili” şeirini yazır. Şeirin qısa məzmunu belədir ki, hazırda latın xalqı yoxdur, lakin latın xalqının dili yaşayır. Çünki bütün dünyada elmi terminlər latın dilindədir. Mərakeşdə isə xalq yaşayır, lakin xalqın dilini öldürmüşlər. Şeirdə belə misralar var:
Atlantika sahilində
Coşa-coşa,
Daşa-daşa
-Mən azadam, mən xoşbəxtəm
Deyir natiq yad dilində.
“Mən azadam, müstəqiləm” sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər
De, kim sənə azad deyər?”
Əlbəttə, bu vəziyyət o dövrdə eynilə Azərbaycanda da belə olduğuna görə oxucu dərhal bu şeirin Azərbaycan dilinə də aid olduğunu başa düşürdü. Yenə 2000-ci ilin noyabr ayında Türkiyədə nəşr olunan “Türk ədəbiyyatı dərgisi”nə verdiyi müsahibədə şair həmin günləri belə xatırlayır:
“Məni çağırdılar:
“Sən bu yazında nədən bəhs edirsən?”-deyə soruşdular.
Mən də:
“- Afrikada gördüklərimi yazıram” – dedim.
“ – Bu bizə bənzəyir”- deyə məni danlamağa başladılar.
“Bunu sən deyirsən, mən demirəm” – dedim.
1967-ci ildə Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunması və general-mayor rütbəsi ilə təltif edilməsi Bəxtiyar Vahabzadə ilə yanaşı, ölkədəki bütün milli ziyalıların mövqeyinin möhkəmlənməsinə, onların daha təhlükəsiz şəraitdə fəaliyyət göstərməsinə səbəb olur.
1968-ci ildə Daşkənd şəhərində Asiya və Afrika yazıçılarının Daşkənd müşavirəsi çağırılan zaman şair də həmin müşavirədə iştirak edir və orada “Neo” adlı şeirini yazaraq öz düşüncələrini Afrika yazıçısının dilindən belə ifadə edir:
Yetər artıq, biz heç kesə
Yamaq olmaq istəmirik.
Yaman dərddir özgəsinə yamaq olmaq.
Yaman dərddir,
Azadlığın həsrətinə damaq olmaq.
Bu şeiri oxuyan hər kəs bu dərdlərin Azərbaycan şairinin dilindən deyildiyini və bu deyilənlərin Azərbaycana aid olduğunu dərhal anlayırdı.
1970-ci illərdə yazdığı “Ağlar-güləyən” poemasında isə şair öz azadlıq arzusunu XX əsrin əvvəllərində yaşamış satirik şair M.Ə.Sabirin dili ilə belə ifadə edirdi:
İstəyirəm azadlıq
Məni yerdən götürən
Güclü bir qanad olsun.
İstəmirəm azadlıq
Quruca bir ad olsun.
Ələmlər bəstəsiyəm
Mən arzumun səsiyəm
Mənə dərman neyləsin
Azadlıq xəstəsiyəm.
1975-ci ildə B.Vahabzadə Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın bir nömrəsində oxuyur ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi adamların danışığını yazmaq üçün qara qutulardan istifadə edir. Bu xəbər şairə bütün Sovetlər İttifaqında adamların danışığını gizlicə qeyd etmək üçün idarələrə gizli şəkildə səs yazan aparatların qoyulduğunu bildirmək imkanı verir və o, “Qara qutu” şeirini yazır:
“Basdı bütün məmləkəti
Qutuların vahiməsi
Ürəklərdə doğulmamış
Tez boğuldu fikrin səsi.
...Baxın bizə, görün bizi
Nə gündəyik
Biz hamımız
Kibrit boyda qutuların içindəyik”.
Şairin böyük nağıl ustası Andersonun xatirəsinə həsr etdiyi “Şübhə” hekayəsi də bu mənada çox maraqlıdır. Hekayə Azərbaycan nağıllarına xas olan “Biri varmış, biri yoxmuş” ifadəsi ilə başlayır. Guya Əndahar ölkəsində bir şah varmış. Bu şahın səltənəti yalan üstündə bərqərar imiş. Şah ən böyük yalan danışanı mükafatlandırdığından ölkədə hamı yalan ustası olur:
“Hamı bir-birini aldatdığından yalan adiləşdi. Heç kəs yalan deməkdən utanmadı. Əksinə, yalanı gerçək kimi utanmadan deməsi ilə öyündü. Ölkədə yalan yarışı başladı...Get-gedə adamlar bir-birini çətin anladı. Ona görə ki, sözlər öz hərfi mənasını itirib əks mənalar qazandı. Məsələn, əsarət-azadlıq, qara-ağ, uzun-gödək mənasında anlaşıldı. Köhnə padşahın zəmanəsində dünyaya gələnlərlə yeni padşahın zəmanəsidə dünyaya gələnlər bir-birini anlamadı”.
Bu hekayə yalan üzərində qurulmuş sovet cəmiyyətinin modeli idi. Amma hekayə, nağıl adlandırıldığından bunu müəllifə irad tutmaq mümkün deyildi.
B.Vahabzadənin “Miss Amerika”, “Bağışlayın, səhv olub”, “Mərziyə”, “Ləyaqət” və s. kimi iri həcmli poemaları da zamanı ittiham etmək üçün bu üsuldan istifadə edilərək yazılmış antisovet əsərlərdəndir. Şairin özünün dediyinə görə, altmışa yaxın şeiri isə senzuradan keçməyərək ümumiyyətlə çap edilməyib. Sovet İttifaqı dağıldıqdan sonra B.Vahabzadə həmin şeirlərini “Nağıl həyat” adlı əsərində “Sandıqdan səslər” başlığı altında çap etdirir.
Şübhəsiz ki, 70 illik qırmızı terrorun - sovet imperiyasının köləlik xəttinə qarşı ölüm-dirim mübarizəsi aparan şairin haqsızlığa, ictimai və sosial ədalətsizliyə boyun əyməyən yenilməz şəxsiyyəti xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcəkdir.
P.S. Məqalə "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası məqsədilə hazırlanır və dahi şairin 100 illiyinə həsr edilir.
Məqalənin hazırlanmasında ARDƏİA-nin 66 №-li fondunda mühafizə edilən sənədlərdən istifadə olunub.
Xatirə Qədirova,
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin şöbə müdiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















