Tarixi zərurətdən irəli gələn mühüm siyasi hadisə ŞƏRH
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümummilli Lider Heydər Əliyevin xeyir-duası və birbaşa rəhbərliyi ilə 34 il əvvəl təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) dövlətçilik ənənələrinin qorunması, siyasi varisliyin təmin olunması və ictimai-siyasi həyatın inkişafı üzrə böyük yol keçmişdir. YAP-ın keçdiyi inkişaf yolu 21 noyabr 1992-ci ildən başlanır. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və faciələrlə üzləşmiş ölkənin məhv olmaqdan xilasının əsası qoyuldu. Belə ki, 1992-də hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. Yenicə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə münasibəti pisləşmiş, beynəlxalq aləmdə təklənmişdi. Cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi hökm sürürdü. Belə bir faciəli vəziyyətdən xalqı çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin yaranması zərurəti ortaya çıxmışdı.
Məhz belə bir tarixi şəraitdə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfər nümayəndənin qatıldığı təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi təşkilatın gələcək siyasi fəaliyyətinin əsasını qoydu. Partiyanın yaranmasını şərtləndirən əsas amillərdən biri Heydər Əliyevin dövlətçilik təcrübəsi və siyasi nüfuzu idi. Xalq birmənalı şəkildə dərk edirdi ki, Azərbaycanın qurtuluşunun yeganə yolu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsidir.
Ulu Öndərin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Onun rəhbərliyi altında 1993-cü ildən etibarən dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək istiqamətində mühüm addımlar atıldı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, islahatlar həyata keçirildi, Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlandı. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs müasir dövrün çağırışlarına uyğun davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı, nəqliyyat və enerji infrastrukturunun genişləndirilməsi, sosial proqramların həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi və regional layihələrdə iştirakının artması da bu dövrün mühüm xüsusiyyətlərindəndir. İqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi tərəqqisi, nəqliyyat və enerji infrastrukturunun yenilənməsi ölkənin iqtisadi gücünü artırdı, beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini möhkəmləndirdi, müstəqil xarici siyasət kursunu uğurla həyata keçirdi.
2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında İlham Əliyevin partiyanın Sədri seçilməsi təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Qurultayda qəbul edilən qərarlar YAP-ın qarşısında dayanan yeni vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Milli inkişafın davamlılığı baxımından gənc nəslin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bununla yanaşı, gənclərin milli tarixə, ana dilinə və mədəni irsə bağlılığı da cəmiyyətin mənəvi bütövlüyünün qorunmasında mühüm rol oynayırdı. Qadınların dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində, iqtisadiyyatda və ictimai fəaliyyətlərdə təmsilçiliyinin genişlənməsi də cəmiyyətin inkişafına töhfə verən istiqamətlərdən idi.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Qələbə ölkənin müasir tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm nəticələr əldə edildi.
Azərbaycanın əldə etdiyi Zəfər yeni reallıqlar yaratdı. Fəaliyyətini günün tələblərinə uyğun quran partiyanın VII Qurultayı da məhz yaranmış bu yeni reallıqlar fonunda əlamətdar oldu. Qurultayda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi daha bir mühüm hadisə oldu. Yeni Azərbaycan Partiyasının sonrakı fəaliyyətində Mehriban xanım Əliyeva sədrin birinci müavini kimi görüləcək işlərə öz töhfəsini verdi. Həmin il dekabrın 29-da təsdiqlənən yeni Proqramda ölkənin inkişafı ilə bağlı prioritet istiqamətlər, o cümlədən güclü dövlət quruculuğu, iqtisadi dayanıqlılıq, sosial rifah, insan kapitalının inkişafı və milli-mənəvi dəyərlərin qorunması məsələləri əksini tapdı.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra dövlət suverenliyi ölkənin bütün ərazilərində tam təmin olundu. Bu hadisələr Azərbaycanın siyasi və hərbi tarixində yeni reallıqlar yaratmaqla yanaşı, milli həmrəyliyin, dövlətə bağlılığın və vətənpərvərlik ruhunun əhəmiyyətini bir daha gündəmə gətirdi.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri ölkənin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı isə bu prosesin mühüm humanitar və ictimai əhəmiyyətini ortaya qoyur.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təşkilatın növbəti inkişaf mərhələsi ilə bağlı məsələlərin müzakirəsi baxımından diqqət çəkdi. Tədbirdə Nizamnaməyə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin 40 nəfərlik, Təftiş Komissiyasının isə 13 nəfərlik yeni tərkibi müəyyənləşdirildi. Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizlik, təhsilin inkişafı, bilik və vətənpərvərlik amillərinin cəmiyyətin formalaşmasındakı əhəmiyyətinə toxundu.
Beləliklə, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşması və inkişafı ilə bağlı siyasi proseslərin mühüm hissəsini təşkil edir. YAP-ın tarixi Azərbaycanın müstəqillik və dövlətçilik tarixindən ayrı təsəvvür edilə bilməz. 21 noyabrda Naxçıvanda tarixi zərurətdən irəli gələn mühüm hadisə olmuş, sonrakı mərhələlərdə isə siyasi sabitliyin, iqtisadi inkişafın və milli maraqların müdafiəsinin ideoloji dayaqlarından birinə çevrilmişdir. Ona görə də YAP-ın təsis edilməsini Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi kursu və xalqımızın milli birliyini əbədi edən tarixi hadisə adlandırsaq, qətiyyən yanılmarıq. Qarşıdakı dövrdə təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri dəyişən ictimai tələbləri nəzərə almaq, yeni nəslin təşəbbüslərini dəstəkləmək, vətəndaşlarla əlaqələri inkişaf etdirmək və dövlətçilik dəyərlərinin yaşadılmasına töhfə verməkdir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















