Tarixin qaynağı gerçəklər, məramı keçmişə işıq salmaqdır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Samvel Meliksetyanın “Göyçə, yaxud Sevan: xəritələr İ.Əliyevin bəyanatı ilə bağlı nə deyir?” məqaləsinin qaranlıq məqamları
2025-ci il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley iclasında çıxış edərkən Azərbaycan xalqının tarixində yeni mərhələnin başlandığını və milli tarix, dilçilik və digər elm sahələri qarşısında mühüm problemlərin həlli məsələlərinin dayandığını söylədi. Dövlət başçısı nitqində dedi:
“Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti
çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır... Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıblar. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. ”.
Bu fikri məqalə müəllifinin özü də etiraf edir ki, Ermənistanda çox böyük səs-küyə və təşvişə səbəb olub və bu fikir Ermənistana qarşı ərazi iddiası kimi qiymətləndirilib. Ermənilərin Prezidentin fikrinə belə reaksiya vermələri təbiidir. İlk növbədə, ona görə ki, “Ermənistan Respublikası” adlanan dövlət Qərbi Azərbaycan torpağında bütün Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq, onun razılığı olmadan, heç bir hüquqi akt tətbiq edilmədən, yəni rəy sorğusu və ya referendum keçirilmədən Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Milli Şurasının 44 nəfər üzvündən 20 nəfər üzvünün 1918-ci il 29 may tarixində Tiflis şəhərində keçirilən iki iclasında (Protokol №3, 4) müzakirə olunmuş və hüquqi prosesin pozulması ilə müşayiət edilərək Azərbaycan xalqının legitimlik hüququ kobud surətdə pozulmuş və siyasi cəhətdən yanlış qərar qəbul edilmişdir.
Əslində, Azərbaycan xalqı tərəfindən AXC MMŞ-yə belə səlahiyyət verilməmişdi və digər tərəfdən, belə bir ümummilli məsələ ilə bağlı istənilən iclasın keçirilməsi beynəlxalq hüquq baxımından qeyri-qanuni idi. Bu qərara əsasən, İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kvadratkilometr ərazi Ermənistana yox, ermənilərə güzəşt edilmişdir. Erməni Milli Şurası 1918-ci il mayın 30-da I Dünya müharibəsi zamanı vətəndaşları olduqları Osmanlı Türkiyəsi dövlətinə xəyanət edərək qaçıb Gümrü şəhəri və onun ətrafına toplaşmış 450 mindən çox erməninin məskunlaşdığı ərazilərin idarəçiliyini öz üzərinə götürdüyünü elan etmişdi.
Doğrudur, Gümrü şəhəri Osmanlı Türkiyəsi Ordusunun nəzarətində 1918-ci ilin mayından həmin il dekabrın 1-dək qaldıqdan sonra 1918-ci il oktyabrın 30-da İngiltərə ilə imzalanan Mudros müqaviləsinə əsasən Cənubi Qafqaz ərazilərini tərk etmək məcburiyyətində qaldı. Osmanlı Türkiyəsi Ordusunun nəzarətində olan Gümrü şəhəri və onun ətrafında yerləşən 8 min kvadratkilometr Azərbaycan torpağı daşnak Ermənistanın nəzarətinə keçdi və çox böyük təəssüflər olsun ki, AXC hökuməti buna heç bir münasibət bildirmədi.
1918–1920-ci illər ərzində AXC hökumətinin bütün səylərinə baxmayaraq, o, beynəlxalq münasibətlərin subyekti kimi de-yure, yəni hüquqi cəhətdən tanınmadı. Bunun əsas səbəbi isə Bakı neftinə kimin sahib olacağı amili ilə bilavasitə bağlı idi. 1920-ci il aprelin 28-də Bakı neft sənayesində hökmran mövqeyə malik Avropa, ABŞ və Rusiya maliyyə maqnatlarının yardımı ilə Rusiyada 1917-ci ilin oktyabrında həyata keçirilən hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən bolşeviklər Bakını işğal etdikdən sonra həmin ilin iyunundan daşnak Ermənistan hökuməti ilə gizli danışıqlara başladılar və onlara Sovet hakimiyyətini qəbul edəcəkləri halda keçmiş AXC ərazilərindən yaradılacaq Ermənistan SSR-in tərkibinə ərazilər verəcəklərini imzaladıqları məxfi müqavilə ilə təsdiq etdilər.
Qeyd etmək lazımdır ki, bolşeviklər tərəfindən daşnak Ermənistanına edilən “hədiyyə” burada Sovet hakimiyyəti qurulmamışdan bir ay əvvəl, yəni 1920-ci il oktyabrın 30-da Qərbi Azərbaycanın Dərələyəz mahalının ərazisinin verilməsi oldu. Qeyd etmək lazımdır ki, 1918–1920-ci illər ərzində ermənilərə edilən “güzəştlər” Azərbaycan xalqına çox baha başa gəldi. Belə ki, təkcə İrəvan quberniyası ərazisində 135 min, Zəngəzurda isə 10 068 azərbaycanlı əhali ermənilərin törətdikləri soyqırımı cinayətlərinin qurbanı oldu və müvafiq olaraq İrəvan quberniyası ərazisində 199, Zəngəzurda isə 115 kənd yer üzündən silindi.
Bütün bunları təsadüf saymaq olarmı? Xeyr! Çünki cənab Samvel Meliksetyan, bu cinayətlər Sovet Rusiyasının, Avropa və ABŞ-ın təcavüzkar dairələrinin hərbi-maliyyə yardımları ilə sizin babalarınız tərəfindən törədilmişdir. Hazırda əlimizdə bu dediklərimi təsdiq edən təkzibedilməz faktlar və sənədlər vardır.
Məsələnin maraqlı tərəfi odur ki, sizə edilən bu güzəştdən sonra Qərbi Azərbaycan ərazisində yerli Azərbaycan mənşəli toponimlərin, o cümlədən hidronim və oronimlərin erməniləşdirilməsi prosesinə başlanılmışdır. Əgər bu ərazilər ən qədim zamanlardan bu günədək sizə məxsus idisə, onda nə üçün 1918-ci ilin II yarısından başlayaraq bu günədək bu əraziyə Azərbaycan xalqının verdiyi adları, toponimləri, hidronim və oronimləri kütləvi surətdə dəyişdirdiniz?
1935-ci ildən 1991-ci ilədək Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin və 1992-ci ildən bu günədək isə Ermənistan Respublikası Milli Məclisinin qərarları ilə 717 Azərbaycan mənşəli toponim dəyişdirilmişdir. Bu, ən qədim zamanlardan Göyçə adını daşıyan məşhur gölə də şamil edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley iclasında çıxış edərkən: "Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir", – demişdir.
Cənab Meliksetyan, hörmətli Prezident real tarixi həqiqəti söyləyib, sizi təlaşa salan səbəb nədir? Açıq deyirəm, Sizi və sizin himayədarlarınızı təlaşa salan və qorxudan tarixi həqiqətin üzə çıxması və ədalətin zəfər çalmasıdır. Yuxarıda qeyd etdiyim kimi, Siz və sizi himayə edənlər də bilirsiniz ki, son 200 il ərzində burada sizin və onların Azərbaycan xalqına qarşı törətdiyiniz kompleks cinayətlər nəticəsində bu ərazinin nəinki etnik mənzərəsi, onun tarixi, milli-mədəni irsi barbarcasına tamamilə məhv edilmişdir. İrəvan şəhərində yeganə yarımçıq dağıdılmış şəkildə qalan Göy məscidi isə fars məscidi adlandırıb İİR-in səfirliyinə 99 illiyə icarəyə vermisiniz. Farsların İrəvan şəhərinə və onun dini abidələrinə nə aidiyyəti var? Sizin saxtalaşdırdığınız digər abidə isə 1411-ci ildə vəfat edən Çuxur-Səəd əmiri Əmir Səədin oğlu – İrəvan şəhərindən 7 km məsafədə cənubda yerləşən Cəfərabad (1946-cı ildə kəndin adını dəyişdirib Arqavan adlandırıblar) kəndində oğlu Pir Hüseyn tərəfindən ucaldılan məqbərədir. Bu abidəni isə türkmən abidəsi kimi dünyaya təqdim etmisiniz. Göyçə gölünün adına gəldikdə isə ən qədim zamanlardan bu içməli su hövzəsi yerli-avtoxton Azərbaycan əhalisinin adını daşıyıb. Qafqazın 5 verstlik xəritəsində Gökçə (Qokça) gölü kimi göstərilir. Göyçə gölünün adı "Kitabi-Dədə Qorqud" dastanında aydın şəkildə çəkilir: "Ondan Şərükun ucundan Göyçə dənizə təkin el çarpdı". Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud"un müxtəlif illərdəki nəşrində Göyçə gölünün adı Göyçə dəniz, Gökcə dəniz, Gökcə dəngiz (Gögçe Denqiz) formalarında qeyd edilmişdir. Göyçə gölünün adı həm də VII əsr mənbəyi olan Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində yer almışdır.
Əmir Teymurun 1385-ci ildən başlayaraq Azərbaycana yürüşlərindən bəhs edən Şərəfəddin Əli Yəzdinin, XV əsr Azərbaycan Ağqoyunlu sülaləsinin tarixinə həsr edilmiş "Kitabi-Diyarbəkriyyə" əsərində Göyçə gölünün adı "Gökcə Tengiz" kimi əks olunmuşdur. Cənab Prezident İlham Əliyevin Göyçə gölü ilə bağlı Rusiya imperiyası hərbçi kartoqrafları tərəfindən tərtib edilməsi faktına diqqət çəkməsi təsadüfi xarakter daşımır. Belə ki, Şimali Azərbaycanın işğalına qədər və işğaldan sonrakı müxtəlif dövrlərdə hərbçi topoqraf və kartoqrafların ərazinin hərbi-topoqrafik təsvirini verərkən bütün toponimlər, hidronim və oronimlər olduğu kimi tərtib edilən xəritə və əsərlərdə qeydə alınmışdır.
Məşhur gürcü şairi Aleksandr Çavçavadze 1828–1830-cu illərdə "Erməni vilayəti"nin başçısı işləyərkən Göyçə gölü ətrafında ermənilər tərəfindən cinayət hadisələrinin şahidi olmuş; 1817–1864-cü illərdə Qafqazı işğal etmək üçün aparılan müharibələr nəticəsində gölün ətrafında yaşayan yerli azərbaycanlı əhali doğma yurdlarından qovulmuş, kəndlər boşalmış, sahibsiz qalmışdır. Aleksandr Çavçavadzenin 1841-ci ildə yazdığı "Göyçə gölü" şeirində Göyçədə, Göyçə gölünün sahillərində kəndlərin dağıldığı, xarabalığa çevrildiyi, abidələrin yerlə-yeksan edildiyi ürək yanğısı ilə təsvir olunur. Şairin "Göyçə gölü" şeiri Azərbaycan dilinə tərcümə edilərək 1988-ci ildə nəşr edilən "Kür Xəzərə qovuşur" kitabında çap olunub.
Qeyd etmək lazımdır ki, XIX əsrdən XX əsrin əvvəlinədək Rusiya imperiya ordusu kartoqraf və topoqrafçıları tərəfindən çoxsaylı xəritələr tərtib olunmuşdur ki, bunların da tam əksəriyyətində bütün toponimlər, hidronimlər və oronimlər olduğu kimi yazılmışdır. Dediyimiz fikri təsdiq etmək üçün aşağıda XIX əsrin II yarısı – XX əsrin əvvəlində çar Rusiyası və bütün ermənilərin "böyük bacısı" Fransada Cənubi Qafqaza aid nəşr olunmuş topoqrafik və etnoqrafik xəritələrdə Göyçə gölünün adı olduğu kimi yazılmışdır. Hərçənd ki, fransızlar 1779-cu ildə çap etdikləri xəritədə Göyçə gölünün adını fransız dilində "Gheuk-sha" və ya "Eau Bleue", yəni "Mavi dəniz" kimi yazsalar da, müəllif onu qəsdən Sevan adı ilə verir. Cənab Meliksetyan, "Sevan" sözü fars dilində "üç məkan" mənasını verir, siz gölün şimal-qərbində yerləşən üç monastıra verilən adı səhv salmısınız, çünki onların da siz ermənilərə heç bir aidiyyəti yoxdur.
Burada bir vacib məqamı da qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, çar Rusiyasının hərbi mütəxəssisləri, o cümlədən kartoqraf və topoqrafları Cənubi Qafqaz regionunu və xüsusilə də Şimali Azərbaycan ərazisini həmişə diqqət mərkəzində saxlamışlar. Bu məsələyə dair onlar tərəfindən çoxsaylı müxtəlif təyinatlı xəritələr çəkilmiş, hərbi-coğrafi əsərlər yazılmışdır. Belə mütəxəssislərdən biri çar Rusiyası Baş Qərargahının kapitanı L.K.Artamonovun 1890-cı ildə Tiflisdə nəşr etdirdiyi "Şimali Azərbaycan. Hərbi-coğrafi oçerk" əsəridir.
Bu əsər Cənubi Azərbaycanın hərbi-coğrafi təsvirinə həsr olunub. Bu əsərin 9-cu səhifəsində "Hidroqrafik oçerk" paraqrafının "Urmiya gölü" hissəsində belə bir cümlə yazıb: "Bu göl həm sahəsinə və həm də meridianına görə bizim Göyçə gölündən iki dəfə üstündür".
Cənab Meliksetyan, baş qərargahın kapitanı L.K.Artamonov bu əsərində "Sevan gölü" yox, "Göyçə gölü" adını yazır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley iclasında çıxış edərkən Göyçə gölü ilə bağlı real tarixi həqiqəti söyləmişdir. Bu fikrin tarixi əsası faktlar və sənədlərlə təsdiq olunur. Ona görə də cənab Prezident İlham Əliyevin bir Azərbaycan Respublikasının vətəndaşı, bir professional tarixçi alim və müstəqil Azərbaycan dövlətinin başçısı kimi belə tarixi məsələlərə müdaxilə etməyə və münasibət bildirməyə haqqı vardır!
Cəbi BƏHRAMOV,
AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent
Baxış sayı:70
Bu xəbər 16 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















