Icma.az
close
up
RU
Tarixin sirlərini gün işığına çıxaran alim Qafar Cəbiyev

Tarixin sirlərini gün işığına çıxaran alim Qafar Cəbiyev

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Qafar Cəbiyev-75

Görkəmli arxeoloq alim

Tarix xalqın qan yaddaşı, kimliyi, keçmişi və gələcəyidir. Maddi mədəniyyət tarixinin əsrlərin, minilliklərin o tayında, torpağın dərin qatlarında uyuyan, təbii və antropogen təsirlər nəticəsində itib-batmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qalan qədim qalalar, şəhərlər, məzarlıqlar, müqəddəs məkanlar məhz arxeoloq alimlərin fəhmi, zəhməti və şəristəsi sayəsində gün işığına çıxarılaraq, elmi cəhətdən dəyərləndirilərək xalqın mənəvi sərvətinə çevrilir. Belə bir ağır və şərəfli missiyanı çiynində daşıyan görkəmli Azərbaycan alimlərdən biri də tarix elmləri doktoru, professor Qafar Cəbiyevdir. Qafar müəllim Azərbaycanın bir çox orta əsr şəhərləri, qalaları, xanəgahları, türbə və ziyarətgahlarının tədqiqində xüsusi xidmətləri olan arxeoloq alimlərimizdəndir. Mübaliğəyə yol vermədən deyə bilərm ki, o özünün fundamental elmi tədqiqatları ilə yanaşı, jurnalistika, təhsil və maarifçilik işi sahəsindəki fəaliyyəti ilə də elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının hörmətini qazanan alim obrazı kimi tanınmaqdadır.

Professor Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun füsunkar təbiəti ilə seçilən Talıstan kəndində dünyaya göz açmış, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra isə Akademiyanın Tarix İnstitutunun aspiranturasına qəbul olnmuş, 1985-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Müəllifi olduğu 25 monoqrafiya, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqaləsi onun son dərəcə məhsuldar və səmərəli elmi fəaliyyətinin göstəricisidir. “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Girdiman. Tarixi və tarixi coğrafiyası”, üç ciliddən ibarət “Orta əsr Ağsu şəhəri”, “Ağsuçay-Girdimançay hövzəsinin arxeoloji abidələri” adlı əsərləri, ali məktəblər üçün yazmış olduğu “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin hər biri onun gərgin əməyinin və səmərəli elmi-pedaqoji fəaliyyətinin məhsuludur.

Professor Q. Cəbiyevin rəhbəri olduğu arxeoloji ekspedisiyaların tədqiqatları faktiki olaraq Azərbaycanın orta əsr və antik dövr tarixinin bir sıra aktual problemlərinin yenidən işlənməsinə təkan oldu. 1985-ci ildən başlayaraq onun rəhbərliyi ilə Qəbələ, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində aparılan davamlı və geniş miqyaslı tədqiqatlar sözün əsil mənasında qədim dövlətçilik tariximizin və xalqımıza məxsus zəngin mədəni irsin tədqiqi və təşviqi yolunda yeni üfüqlər açmış oldu.

Onun Aəzərbaycanın son orta əsr arxeologiyasına dair tədqiqatları, bu dövrün şəhər mədəniyyətinin öyrənilməsi, xüsusilə də arxeologiya elminin əlifbası hesab edilən keramika məmulatının təsnifatı, dövrləşdirilməsi, bədii-texniki və texnoloji xüsusiyyətlərinin araşdırılması tək Azərbaycanda deyil, bütövlükdə əski sovetlər birliyində ilk addım idi.

Qafqaz Albaniyası tarixinin arxeoloji aspektdə dərindən və hərtərəfli araşdırılması professor Q.Cəbiyevin elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğu dönəmdə məhz onun təşəbbüsü ilə albanşünaslığın bir sıra aktual problemləri gündəmə gətirilməklə öz müsbət həllini tapıb. Onun Azərbaycan albanşünaslığına verdiyi ən böyük töhfə isə Girdiman tarixinə dair fundamental tədqiqatlardır. Sovet dönəmində təhrif edilən, ermənilər tərəfindən saxtalaşdırılan Girdiman problemi professor Q.Cəbiyevin araşdırmaları və çox möhtəbər elmi dəlilləri əsasında yenidən işləndi. Sələflərindən fərqli olaraq məhz o ilk dəfə Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, məhz Şirvan ərazisində olduğunu elmi cəhətdən sübuta yetirmiş oldu. Bununla da o ermənilərin və ermənipərəst elmi dairələrin Albaniya tarixinə sırımış olduqları yanlış və antiazərbaycan konsepsiyanı alt-üst etmiş oldu.

Prof. Q.Cəbiyev 40 ildən artıqdır ki, Qəbələdə tədqiqatlar aparır. On beş ildir ki, Qəbələ beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəridir. Onun tədqiqatları sayəsində qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyanın baş şəhəri-paytaxtı olan Qəbələ tarixinin bir sıra problemləri dərindən və hərtərəfli araşdırılıb. Onun fikrincə indiki halda Qəbələ şəhərinin 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması qədim dövlətçilik tariximizin öyrənilməsi və təşviqi baxımından çox mühüm elmi, həm də siyasi əhəmiyyət kəsb edir.

Qədim Mehrəvan şəhərinin lokalizasiyası ilə bağlı uzun illər tarixşünaslığımızda mövcud olan qeyri-müəyyənliyə də ilk dəfə məhz professor Q. Cəbiyevin tədqiqatları sayəsində son qoyulmuş oldu. Məhz onun rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar Mehrəvan şəhərinin Ağsu rayonu ərazisində, Girdimançayın sol sahilində olduğu müəyyən edildi.

Professor Q.Cəbiyevin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası son 100 il ərzində Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə aşkar etmişdir. Yeri gəlmişkən 2010-2012-ci illərdə onun rəhbərliyi ilə Ağsu və Kürdəmir rayonları ərazisində daha bir neçə nadir  dəfinə tapılaraq elmi dövriyəyyə daxil edilib.

2008-2009-cu illərdə onun rəhbərliyi ilə Kürdəmir rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Azərbaycanda ilk dəfə olaraq məhz Şəhərgah adlı şəhər yerində XII əsrə aid çox mükəmməl hamam-sağlamlıq kompleksi aşkar olunaraq tədqiq edilib. Şamaxı rayonu ərazisindəki Dəmirçi nekropolunun, Kələxana türbələr kompleksinin, Pir Ömər Sultan ziyarətgahının tədqiqi, Ağsu şəhəri ərazisində Şıxməzid xanəgahının və eyni adlı türbənin elmi dövriyyəyə gətirilməsi, Basqal ərazisində orta əsr şəhər mədəniyyəti qalıqlarının üzə çıxarılaraq araşdırılması, Xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxılınin türbəsinin və türbə kitabəsinin tapılması professor Q.Cəbiyevin rəhbərliyi ilə son illər aparılmış çox uğurlu arxeoloji tədqiqatların yalnız bir hissəsidir. Yeri gəlmişkən onu da qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Basqalda və Avaxılda professor Q.Cəbiyevin rəhbərliyi ilə tədqiq olunan arxeoloji abidələrdə olmuş, Ağsu qazıntılarının əhatə etdiyi ərazi isə ölkə prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə tarix və mədəniyyət qoruğu elan edilmişdir.

Qafar müəllimin ömür yolunun əhəmiyyətli bir hissəsi pedaqoji fəaliyyətə həsr olunub. O, 1990–2003-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialının dosenti, 2008–2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun İctimai fənnlər kafedrasının müdiri, 2018-2020-ci illərdə isə Bakı Qızlar Universitetinin professoru kimi həm də pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan tarixi və Azərbaycan arxeologiyası fənlərini tədris edib. Ali məktəblər üçün Ulu öndər Heydər Əliyevin ömür yolu və əməli-siyasi fəaliyyətinə dair tədris proqramı tərtib edərək mühazirələr aparıb.

Onun ayrı-ayrı elmi nəşrlərdə və rəsmi mətbuatda dərc olunmuş “Heydər Əliyev zirvəsi”, “Hеydər Əliyеv Yеvlах-Bаlаkən dəmir yоlunu tikdirdi, Kаmrаn Bаğırоv isə оnun аçılışınа bеlə gəlmədi”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyasının hazırlanmasına dair məsləhət, təklif və tövsiyyələri”, “Heydər Əliyev Qəbələni necə xilas etdi ?”, “Tarixi-mədəni irsə qayğının Heydər Əliyev nümunəsi” və bu silsilədən olan çoxsaylı digər yazıları elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Professor Qafar Cəbiyev davamlı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, dövlət xidməti və media sahəsindəki fəaliyyəti ilə də nümunə olmuşdur. O, 1990-2004-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, 2004-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş, 2013–2019-cu illərdə Şura sədrinin müavini olmuşdur. Media məkanında milli-mənəvi kimliyin, dövlətçilik maraqlarının, mədəni irsin qorunması kimi mühüm istiqamətlər hər zaman onun fəaliyyət prinsipinin əsasını təşkil etmişdir. Dərin elmi publisistik səciyyə daşıyan “Can Azərbaycan”, “Yazılan qalacaq”, “Düşüncələr” və “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kimi iri həcmli əsərləri onun elmi-pedaqoji istiqamətlə yanaşı, jurnalistika sahəsində də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir. Məhz uğurlu və səmərəli jurnalistlik fəaliyyətinə görə o, “Qızıl qələm” və “Humay” mükafatlarına, 2013-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar jurnalisi” fəxri adına layiq görülüb.

Onun son zamanlar mətbuatda gedən bəzi yazılarında akademiya cameəsində müşahidə edilən mənfi tendensiyalar, xüsusilə də elmin idarəçiliyində şəffaflığın olmaması, elmi dərəcə və vəzifələrin bəzən qeyri-obyektiv meyarlarla verilməsi, elmi fəaliyyətin formal xarakter alması kimi hallar tənqid edilmişdir. Alimin fikrincə bu cür hallar elmə və alimin nüfuzuna ciddi zərbə vurur, gənclərin elmə marağını azaldır, elmi mühitin sağlam inkişafına mane olur. Diqqəti cəlb edən odur ki, o tənqid etməklə kifayətlənməyib, çıxış yolları da təklif edir. Belə bir cəhəti xüsusi vurğu ilə qeyd etmək istərdim ki, onun AMEA-dakı mövcud durumla bağlı mətbuatdakı tənqidi çıxışları şəxsi maraqlardan deyil, ümummilli mənafelərdən qaynaqlanır. O, hesab edir ki,akademik mühitdə olan bürokratik yanaşmalar və formal fəaliyyət modelləri təkcə elmin inkişafına deyil, eyni zamanda milli düşüncə tərzinə də təhlükə yaradır.

Professor Q.Cəbiyev özünün son dərəcə aktiv və səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti ilə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınan, qiymətləndirilən alimlərdəndir. Onun vaxtaşırı olaraq elmi və xidməti işi ilə bağlı müxtəlif ölkələrə səfərləri, beynəlxalq konfrans və simpoziumlarda iştirakı və çıxışları, elmi və siyasi diskussiyalardakı fəal mövqeyi bunu deməyə əsas verir. 2012-ci ildə Türk dünyasının “Elm adamı” fəxri adına layiq görülməsi də sözsüz ki, Azərbaycan aliminin beynəlxalq sahədəki nüfuzundan xəbər verir. Xatırladaq ki, bu fəxri ad Türk dünyasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışan ziyalılara təqdim edilir və Qafar müəllimin belə bir mükafata layiq görülməsi onun milli-mənəvi dəyərlərə sədaqətinin, ümumtürk mədəni irsinin araşdırılması sahəsindəki fəal rolunun bariz nümunəsidir.

2020-ci ildə Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu və xidmətlərinə həsr olunmuş beynəlxalq vebinar konfrans keçirildi. Bu ilin yanvar ayında Şimali Makidoniyada keçirilən XIII ənənəvi “Ohrid-Vodiçi” konfransı, aprel ayında Şimali Kipr Türk Cümriyyətinin Yaxın Doğu Universitetində “Türk mədəniyyəti, incəsənəti və mədəni mirası” mövzusunda keçirilən beynəlxalq simpozium da məhz professor Q.Cəbiyevə həsr edilmişdir. Dünyanın onlarla universitetinin və elmi mərkəzlərinin birgə təşkilatçılığı və çoxsaylı elm adamlarının iştirakı ilə keçirilən bu son dərəcə mötəbər elmi tədbirlərin Azərbaycan aliminə həsr olunması sözsüz ki, onun şəxsiyyətinə və elmi-praktiki fəaliyyətinə beynəlxalq səviyyədə olan hörmət və ehtiramdan xəbər verir.

Professor Q.Cəbiyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının üzvü və sədr müavini olarkən təqdim olunan dissertasiya işlərinin obyektiv, elmi kriteriyalara uyğun şəkildə qiymətləndirilməsində də aktiv iştirak etmişdir. AAK-dakı fəaliyyəti dövründə o elmi etikaya və akademik dürüstlüyə sadiqliyi ilə tanınmış, elmdə formallığa və səthi yanaşmalara qarşı prinsipial mövqe nümayiş etdirmişdir.

Azərbaycanın zəngin mədəni irsinin qorunması, öyrənilməsi və təbliği mövzusu yalnız arxeoloqların, tarixçilərin və mədəniyyətşünasların deyil, bütün cəmiyyətin gündəmində olan bir məsələdir. Bu baxımdan, prof. Q. Cəbiyevin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü kimi çoxtərəfli işgüzar fəaliyyətini, mədəni irsin tədqiqinə, təşviqinə və qorunmasına yönəlik yanaşmalarını analiz edərkən onun elmi təfəkkürünün və ictimai fəaliyyətinin bir-biri ilə sıx əlaqədə olduğunu  görürük. O, mədəni irsin qorunması və öyrənilməsi sahəsində təkcə akademik biliklərə əsaslanan tədqiqatlar aparan bir alim deyil, eyni zamanda bu sahədəki ictimai təşəbbüsləri ilə tanınan bir ziyalı olaraq da önə çıxmışdır. Başqa sözlə, o, mədəni irsin tədqiqi, təşviqi və qorunması məsələlərinə sadəcə tarixi və elmi baxımdan yanaşmaqla kifayətlənməmiş, eyni zamanda görülən işlərin, əldə olunan nəticələrin geniş ictimaiyyətə açıq və əlçatan olmasının vacibliyinə də xüsusi önəm vermişdir.

AMEA sistemində islahatlara başlanılarkən ölkə prezidentinin çağrışına cavab olaraq bilavasitə onun şəxsi təşəbbüsü ilə Arxeologiya və Antropologiya İstitutunda yeni bir şöbə – Azərbaycanın İslam dövrü arxeologiyası şöbəsi yaradıldı. Bu, həm də onun son illər bir tədqiqatçı olaraq daha çox məhz Türk və İslam mədəni irsinin tədqiqinə fokuslanmasından irəli gəlib.

Göründüyü kimi, professor Q.Cəbiyevin həyatı zəhmət və istedadın çox möhtəşəm sintezinin bariz nümunəsidir. Onun hər bir uğurunun arxasında zəhmət, fədakarlıq və səbr durur. Onun elmə verdiyi töhfələr yalnız şəxsi nailiyyətlərlə məhdudlaşmır, həm də rəhbərliyi altında yetişən gənc arxeoloqlar nəslinın müvəffəqiyyətlərində özünü göstərir.

Bir sözlə, Qafar müəllim həm alim, həm pedaqoq, həm jurnalist, həm də ictimai xadim olaraq bütün hallarda və bütün sahələrdə öz vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməklə, Azərbaycan elminin inkişafına sanballı töhfələr vermişdir və bu gün də verməkdədir. Beləliklə o, zaman və məkan anlayışlarını aşaraq, öz zəhməti və fədakarlığı ilə ölkənin intellektual və mədəni həyatında çoxlarına nümunə ola bilmişdir. Dəyərli alim dostum, 75 yaşın mübarək!

Habil Məmmədov,

tarix elmləri doktoru,

Bakı Slavyan universiteti ictimai fənlər kafedrasının professoru.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Avqust 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri