Təkcə 1 iyun yox, hər gün uşaqların beynəlxalq müdafiəsi günü olmalıdır RƏY
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
1 iyun tarixi bütün dünya ölkələri ilə birgə Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, millətə, vətənə layiqli fərdlər kimi böyümələri, inkişaf etmələri üçün münbit şərait yaradılıb. Uşaqların sağlam və firavan böyümələri, onların rifahının yüksəldilməsi Azərbaycanın dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən uşaqların fiziki və mənəvi inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr, dövlət proqramları həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir, ölkəmizin gələcəyi onların əlindədir. Məhz bu səbəbdən uşaqların müdafiəsinə hamılıqla qoşulmaq vətəndaş olaraq hər birimizin borcudur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə də geniş qeyd olunur.

Deputat bildirib ki, 1 iyun tarixini təqvimdə sadəcə bir gün kimi nəzərdə tutmamaq lazımdır: “Həqiqətən də, uşaqların sağlamlığı, onların inkişaf edərək gələcək nəsil olaraq ölkəsinə faydalı vətəndaş kimi sosial dövlət modelinə uyğun şəkildə yetişdirilməsi yönündə dövlətimizin yürütdüyü siyasət mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq konvensiyalara qoşularaq 18 yaşa qədər şəxslərin uşaq əhali qrupuna aid olmasını öz qanunvericiliyində əks etdirib. Bəzi ölkələrdən fərqli olaraq uşaqların təhsildən yayındırılmaları, müxtəlif işlərə cəlb olunmaları bizim ölkəmizdə qadağandır. Bu istiqamətdə dövlətimiz, hüquq-mühafizə orqanları çox ciddi tədbirlər görür. Bundan başqa, uşaqlarımızın təhsil hüququ, ailələri tərəfindən qorunmalarına dövlət nəzarəti həyata keçirilir. Azərbaycan nadir ölkələrdən biridir ki, burada erkən yaşda evliliklərin, erkən nikahın qarşısı alınması istiqamətində qanunvericilikdə dəyişikliklər edilir, səhiyyə sahəsində uşaq sağlamlığı prioritet mövzuya çevrilir, uşaqların icbari dispanserizasiyası, uşaq sağlamlığının qorunması istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Hazırda təhsilimizin, səhiyyəmizin modernləşdirilməsi, o cümlədən uşaqlarımızın idman sahəsinə meylinin artırılması, böyüyən gənc nəslin sağlam şəxsiyyət kimi formalaşmasında idman sahəsinə ayrılan diqqət də bunun bariz nümunəsidir. Bütün bölgələrimizdə, şəhərlərimizdə, kiçik yaşayış massivlərində, kənd və qəsəbələrdə yeni idman kompleksləri salınır, uşaqlarımız idman sahəsində böyük uğurlar qazanırlar. Bütün bunlar dövlətimizin böyüməkdə olan gənc nəslə diqqət və qayğısının təcəssümüdür. 1 İyun görülən işlərin hesabat xarakterli icmalı şəklində də qiymətləmdirilə bilər. Hər il ötən müddət ərzində müvafiq profilli şəkildə fəaliyyət göstərən ali və yerli icra hakimiyyəti orqanları bu sahədə hesabat verir, həm də uşaqlarımıza göstərilən diqqət və qayğını bütün cəmiyyətə çatdırmasında mühüm tədbirlər həyata keçirirlər”.
Sosioloq Lalə Mehralı isə uşaqların müdafiəsi barədə dünya ölkələrindəki vəziyyətindən danışıb:

“Azərbaycanda uşaqların müdafiəsi üçün bütün qanun layihələri işlənib. Kağız üzərində uşaqlarımızın hər cür müdafiəsi təşkil olunur. Amma cəmiyyət buna nə qədər əməl edir? Sosial institutlar uşaqların hüquqlarını mənəvi və maddi baxımdan nə qədər müdafiə edə bilirlər? Bu, sual altındadır. Son günlər ərzində uşaqlarımızın başına gələn hadisələri gördükdən sonra çox ciddi qayğılar içindəyik. Anlayırıq, bu, təkcə bizim ölkəmiz üçün xarakterik deyil, hazırda bütün dünyada bu vəziyyət hökm sürür. Uşaqlar çox təhlükəli dünyada yaşayırlar. Hamımız da bunun fərqindəyik. Hüquqları hər gün əzilən, istismara məruz qalan, qətl edilən uşaqların dünyasında hansı beynəlxalq müdafiədən söhbət gedə bilər? Hər şey kitablarda doğrudur, kağızlarda təsdiqini tapıb. O böyük dəyirmi masalarda, konfrans zallarında hər şey idealdır. Əməldə, real dünyada uşaqlarımız nə qədər müdafiə oluna bilirlər? Bizim ölkəmiz hər zaman uşaqların təhlükəsizliyi baxımından ideal ölkə olub. Beş-altı il bundan əvvələ qədər çox nadir sayda intihar edən, qətl edilən, zorakılığa məruz qalan uşaq olardı. Uşaqların müdafiəsi baxımından müqayisə edəndə isə görürük ki, il ildən daha betər olur. Bizim ölkəmiz kimi bu qədər uşaqları sevən bir cəmiyyətdə bunlar baş verirsə, təsəvvür edin, dünyadakı vəziyyət necədir. Uşaqlar müharibələrdə qətl edilir, dünya ölkərində uşaqlar qul kimi alınıb-satılır, işlədilir, müharibəyə göndərilir. Belə bir dünyada uşaq kimi yaşamağın çətinlikləri hamımıza aydındır. Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yaratmışıq, amma bu dünyada uşaqları müdafiə edə bilmirik. Təkcə 1 iyun yox, hər gün uşaqların beynəlxalq müdafiəsi günü olmalıdır. Uşaqlara bu cür zalımlığın, zorakılığın, qəddarlığın hökm sürdüyü dünyada hər gün 1 iyun olmalıdır. Bir gün beynəlxalq şüarlar səsləndirib, beynəlxalq konfranslar keçirib, yerdə qalan 364 günü səssiz oturmaq, sükuta dalmaq uşaqları müdafiə etmək demək deyil. Hər gün uşaqlar günü, hər gün uşaqların müdafiəsi günüdür!”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova



