Icma.az
close
up
RU
Teleaparıcı Vüsalə Məmmədova: Sevdiyin işlə məşğul olmağa nə var ki... Əsas gördüyün işi sevməkdir...

Teleaparıcı Vüsalə Məmmədova: Sevdiyin işlə məşğul olmağa nə var ki... Əsas gördüyün işi sevməkdir...

Icma.az, 525.az saytına istinadən bildirir.

Otuz il... Dillə asan söylənəcək bu rəqəmin içində neçə ömür, neçə yarımçıq tale, neçə məsum körpənin üzündəki təbəssümün içində donub qalan fəryad gizlənib. Otuz ilin çox   adı oldu - həsrət, gözləməkdən ümidlərin itməsi, yurd qoxusunu xatirələrdə axtarmaq, el-oba həsrətilə dünyadan köç edənlərin, gözü arxada qalanların narahat ruhu. Bütün bunları biz yaşadıq, düşmən isə arxayın oldu. O qədər arxayın oldu ki, bir payız səhəri yer yerindən oynayanda, nə baş verdiyini anlamağa macal tapmamış otuz ilə nöqtə qoyuldu. O ildən qalan isə artıq azad olduğu qədər viran Qarabağ oldu.

Xarabalığa çevirdiyi bu torpaqlardan görəsən, nəyin intiqamını alırmış bu düşmən? Müharibədən sonra Ağdamın ilk yayılan təsvirlərini görəndə ağlıma gələn sual bu oldu. Ona görə ki, işğalından bir ay iyirmi gün əvvəl  Qarabağda gördüyüm yegənə şəhər idi Ağdam. Müharibə içində yaşayan, düşmənə dirəşən bir şəhər görmüşdüm. Gördüyüm təsvirlərdə isə evləri, kəndləri, küçələri, insanları olan bir şəhərdən qapqara torpaq yığını qalmışdı və bir də yarı dağıdılmış məscid...

Qafqazın Xirosiması adlanan Ağdamı bir vəhşi əli darmadağın etmişdisə, bu gün bir insan əli onu yenidən tikir. Ötən həftə 32 ildən sonra Bakı-Ağdam qatarı toz basmış relsləri cana gətirərək, yenidən yoluna rəvan oldu. Bir qatar dolusu insanın sevinci ən xırda paylaşımından hiss olunurdu. Bugünkü müsahibimizi həmin insanların arasından seçmək istəyini içimizdə boğa bilmədik. Düşündük ki, uşaq hafizəsində izi qalan xatirələri bu gün bizə danışa biləcək bir həmsöhbət tapaq. Və çətinlik çəkmədən tapdıq. Müsahibimiz yazıçı-jurnalist, İTV-nin "Sabaha saxlamayaq" verilişinin aparıcısı Vüsalə Məmmədovadır.

- Son zamanlar yenə də dünya narahatdır fikrini tez-tez eşidirik...

- Dünya nə vaxt rahat olub ki? Dünya rahat olsa, yaşamaq maraqlı olmaz. Bu, həm də baxış bucağına bağlıdır. Bəzən kiməsə cəhənnəm kimi görünən dünya, digəri üçün cənnətdir. Bizim narahat hesab etdiyimiz həyat yolları bir çoxunun arzusudur.

- Ali təhsil üçün Mədəniyyət və İncəsənət Universitetinin dram və kino sənətini seçdiniz...

- Bəli, öz istəyimlə aktyorluq ixtisasına müraciət etmişdim. Qabiliyyət imtahanında rəhmətlik Həsənağa Turabov tövsiyə etdi ki, ola bilsin qiymətlərin aktyorluğa qəbul olunmaq üçün yetərli olmasın, sən bir özünü rejissorluqda da sına. Sınadım və dram rejissorluğu ixtisasına qəbul olundum.

- Sonra gəldiniz Gənc Tamaşaçılar Teatrına, aktrisa kimi çalışdınız, lakin yola davam etmək istəmədiniz...

- Ən ağır təcrübələr, sevmədiyimiz yerlər, yaşamaq istəmədiyimiz  ağrılar belə, bizə nəsə verir. Bu baxımdan teatr mənə heç nə vermədi deyə bilmərəm. Teatra gedəndə çox xoşbəxt idim, çünki sevdiyim işlə məşğul olacaqdım. Ancaq teatrdan ayrılanda daha xoşbəxt idim. Çünki bu illər ərzində həyatımda ilk dəfə böyük bir sevginin necə tükənə biləcəyinə şahidlik etmişdim. Təbii, sevgini tükədən səbəblər az deyildi...

Mənim üçün peşə əxlaqı həm də sevmədiyin işlə məşğul olmamaq deməkdir. Çünki nə qədər çalışsan da, faydalı ola bilmirsən. Əgər sevgi bitibsə, o işdən ayrılmalısan. Ya da qalıb, sevməyi öyrənməlisən. Ancaq o zaman bunu dərk etmək, gördüyün işi sevməyi bacarmaq üçün çox gənc idim. Buna görə də teatrdan uzaqlaşıb, ixtisasımı dəyişdim.

- Və maraqlı keçid etdiniz, teatrdan sonra PR sektorunu seçdiniz...

- Teatrda gənclərə belə bir fikir təlqin edirdilər ki, buradan getsən, başqa yerdə işləməyi bacarmayacaqsan. Mən bu basqı altından çıxmış biri kimi düşünürdüm ki, qarşıma çıxan istənilən işi bacaracağam. Çətin olacaq, ancaq öhdəsindən gələcəyəm. Ölən teatr sevgimin yerində elə dərin bir boşluq yaranmışdı ki, onu mütləq doldurmalıydım. Yoxsa yaşamaq çox çətin olardı. Okeana düşmüşdüm və üzməyi öyrənməsəm, boğulacaqdım.

Biz ixtisası yeniyetməlikdə, gözümüzdə "çəhrayı eynək" olarkən seçirik. Əmək bazarına qədəm qoyanda isə reallıqların tam fərqli olduğunu görürük. Bir peşəni nə qədər sevsən də, qarşına çıxan bəzi gözlənilməzliklər səni o işdən soyudur, küsdürür və nəhayətində uzaqlaşdırır. Teatrdan ayrılanda uşaqlıq çox uzaqda qalmışdı və o ağlımla dərk edirdim ki, bundan sonra gördüyüm işi sevməyi öyrənməliyəm. Əsas olan illərlə bizə təlqin edilən "buradan kənarda bacarmayacaqsan" fikrinin nə qədər yanlış olduğunu özümə sübut etməkdir.

PR sahəsinə çox hörmət bəslədiyim Vəli Əlibəyovun təlimləri ilə başladım. İşi öyrəndikcə, sevdim. Qarşıma çıxan maneələrin, gözlənilməzliklərin həll yolunu tapdıqca necə xoşbəxt olduğumun fərqinə vardım.

Mətbuatla işləməyi isə böyük bacım, jurnalist Səadət Məmmədova öyrədirdi. "Xəbər yaza bilmirəm" sözümə, "danışanda cümlə qura bilirsənsə, xəbər də yaza biləcəksən" cavabı verdi. "Sual verməkdən çəkinmə, mən öyrədəcəm. Mənim işim olanda APA-nı aç. Oradakı xəbərləri oxu, öyrənəcəksən!"

- Bununla da kifayətlənməyib səmtinizi mətbuata sarı yönəltdiniz. Artıq on altı ildir ki, KİV sahəsindəsiniz və jurnalist haqqında fikir söyləmək haqqınız var...

- Haqqım olduğunu düşünmürəm. Mən hələ də öyrənirəm.

- Qələm əhlindən olan müsahiblərimizin senzura ilə bağlı suala çox vaxt eyni cavabı olub - senzura insanın daxilində olmalıdır...

- Məncə, peşə əxlaqı yoxdursa, senzuranın olub-olmaması jurnalistikanı xilas edə bilməz.

- Hər gün bir əsr yarım yol gələn mətbuatdan giley-güzar eşidirik. Deyirlər ki, əyər-əskiyimiz çoxdur...

- İstənilən sahənin əyər-əskiyi var. Təhsildəmi yoxdur, səhiyyədəmi yoxdur? Amma nədənsə ən çox gözə görünən mətbuatdır. Mətbuatda ciddi problemlər var, amma bu o demək deyil ki, başqa sahələri görməməzlikdən gəlib onların nöqsanlarını açıqlamamalıyıq.

- Söz adamlarının sevdiyi janr olur...

- Həyat hekayələrini yazmağı çox sevirəm. Bilirsiniz ki, Lent.az saytında uzun müddət yayımlanan "Əsir düşərgəsi" və "İnternat dramı" layihələrinin müəllifi olmuşam. İllərlə taleyindən girovluq keçən insanları axtarıb tapmışam, onlarla saatlarla söhbət edib, həyat hekayələrini dinləmişəm. Bu hekayələr əvvəlcə Lent.az-da silsilə yazılara, sonra isə iki kitaba çevrilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra İctimai Televiziya ilə birlikdə yola çıxıb, o torpaqlarda müsahiblərimin izlərini axtarmışıq. Ağdamda girov götürülərkən öldürülən oğlunu həyətində dəfn edən Xəqani ilə Ağdama gedib, oğlu Nicatın məzarını axtarmışıq. Beləcə, "Alça ağacının altındakı məzar" filmi yaranıb. Sonra Kəlbəcərə üz tutmuşuq. Burada "Tunel qırğını" və "Başlıbel faciəsi"ndən bəhs edən iki film hazırlamışıq. Bu işlər nə qədər ağır olsa da, tarixin rəfində yer aldığı üçün insana hüzur verir.

- Yazar-jurnalist Vüsalə danışdı. Amma həmin Vüsaləni bu gün tamaşaçı da tanıyır, çünki o, 20 yaşlı İctimai Televiziyanın həm də bir aparıcı simasıdır...

- İctimai Televiziya fəaliyyətə başlayandan onun sadiq tamaşaçısı olmuşam. Könül Arifqızının, Saleh Bağırovun verilişlərini sevə-sevə izləmişəm. Ancaq heç vaxt ağlıma gəlməzdi kanalın iyirmi yaşında mən də o kollektivin arasında olacağam. Çox məmnunam ki, İctimai Televiziyada peşəkar komanda ilə sevdiyim işi görürəm.

Dostlar arasında tez-tez işlətdiyimiz bir söz var - insan gərək çalışdığı yerdən utanmasın. Bu, işini sevmək qədər önəmlidir.

20-30 il əvvəllə müqayisədə bu gün televiziyanın rəqibi çoxdur və o, artıq hər kəsin ovcunun içindədir. Bu baxımdan televiziyanın işi heç də asan deyil. Buna rəğmən, televiziya da çalışıb həmin rəqabətdə uduzmamalıdır. Əgər televiziya bir zaman informasiya və əyləncə ünvanı idisə, bu gün həm də məişətin ünvanına çevrilib, şəxsi həyatların müzakirəsi efirə daşınıb. Və bu, tək bizdə deyil, sizin narahat adlandırdığınız dünyada gedən prosesdir.

Nə yaxşı ki, bütün bunların yanında televiziyalarda informasiya da var, analitika da! Sağlam müzakirələr də, keyfiyyətli filmlər də!

Əvvəllər bu qurğunun yeri evlərin yuxarı başında idi, tamaşaçını arxasınca apara bilirdi. Bu gün yerini bir qədər dəyişib, ovuca sığır. Onu getdiyimiz yerə apara bilirik. Eləcə də, onu reytinq tələsi ilə özümüzə uyğunlaşdıra bilirik. Nəyə istəyirik, ona baxırıq.

- Bu əsnada aparıcıdan danışmamaq olmaz... Aparıcı kimdir?

- Aparıcı "mən" deyil, "biz" deməyi bacaran adamdır.

- Aparıcı Vüsalə Məmmədova deyir ki, "Sabaha saxlamayaq"...

- Çünki sabaha çox məsələni saxlamışıq və bu gün onların fəsadlarını görürük. Sənədsiz evlərdən tutmuş səhiyyədəki problemlərə qədər....

- Beş il əvvələ qədər içinizdə Ağdam adlı bir boşluq olub. İndi o, yoxdur, amma izləri qalıb...

- Ev təkcə maddi anlayış deyil. Hüzur, ailə ocağı deməkdir. Ev doğmalarının əlindən tutmaq, axşam bir əzizinin dizinə başını qoyub yatmaq deməkdir. Mental olaraq evin anlamı bizim üçün böyükdür. İnsan evinə sığınır. Ancaq biz o evin zirzəmisinə də sığınmalı olduq... Heç unutmuram, bir dəfə yenə anam və bacılarımla zirzəmidə bombardmanın kəsməyini gözləyirdik. Bu həyata alışmışdıq. Nə qədər çətin də olsa, evimizdə olmaqdan güc alırdıq... Şəhərə yağan bombalar hər dəfə ayağımızın altında torpağı silkələdikcə dik atılırdıq. Hər raket səsindən diksindikcə bir boy böyüyürdük...

Bir gün bombardman kəsmək bilmədi və həyətdəki avtomobilə doğru qaçdıq... Böyüklərimiz bizi şəhərdən uzaqlaşdırmaq qərarı vermişdi... Kuklam qucağımda çevrilib sonuncu dəfə evimizə baxdım... Bu hüzuru bir də heç vaxt hiss etməyəcəyimi iliklərimdə duyub, şəklini yaddaşıma həkk etməyə çalışdım...

Sonra ayaqlarıma baxdım, tələsdiyimdən anamın yay başmaqlarını geyinib qaçmışdım. İndiyə qədər görüntüsü yadımdadır, qara ağ xallar vardı üstündə. Həmin andan sanki rənglər itdi və ağ-qara bir həyat başladı. Sonra mindik maşına, bir az ara sakitləşsin, qayıdacağıq demişdilər bizə. Gözlədik və bir gün xəbər gəldi ki, Ağdam işğal olundu. Zirzəmidə hər bomba səsindən sanki böyüyən mən, həmin xəbərdən sonra bir boy böyüdüyümü hiss etdim. Bir də həmin zirzəmidə anamın üzümüzə baxaraq gülməyə çalışmağından öyrəndim ki, nə yaşayırsansa, yaşa, gülüş üzünü tərk etməməlidir və onu bu gün də özümdə qorumağa çalışıram. Ondan sonrakı müddətdə itkilərim çox olsa da, böyüdüyümü hiss etmədim.

Ta ki, 2020-ci il 10 noyabr gecəsinə qədər... 10 noyabr bəyənnaməsi imzalananda hiss etdim ki, çökürəm. Bütün taqətimi itirmişəm... Geridə həm ömrün yarıdan çoxu, həm də yaşanmamış bir ömür qalıb.... Çox yaşlandığımı hiss etdim...

Telefonuma təbrik zəngləri gəlməyə başladı, amma cavab verməyə taqətim yox idi. Yəni doğrudanmı hər şey bitdi? Nə qədər bu vəziyyətdə qaldığımın fərqində deyildim, hava işıqlananda evdən çıxdım. Efirə getməliydim. Pandemiya dövrü idi, küçələr bomboş. Küçəni süpürən bir yaşlı xanım var, süpürgəni atıb üstümə yüyürdü: "Ay Vüsalə, gözün aydın, müharibə qurtarıb. Uşaqlarımızın hamısı qayıdacaq!"

Qadının bu sözü məni sillə kimi dəydi və onda ayıldım. Doğrudur, müharibə başa çatdı! Həmin günü tamaşaçıları da belə salamladım: bütün anaların gözü aydın, müharibə başa çatdı!

- Qələbədən sonra ilk dəfə gördüyünüz Ağdam...

- İşğaldan azad olunan Ağdama ilk dəfə 2021-ci ilin aprelində, İctimai Televiziyanın əməkdaşı kimi "Alça ağacının altındakı məzar" filmini hazırlayarkən gedə bildim. 28 il öncə qucağında kuklanla tərk etdiyin şəhərinə jurnalist kimi qayıdanda emosiyalarını önə buraxa bilməzsən. Məkan hara olur, olsun! Şərtlər nə olur, olsun! Sən bura iş üçün gəlmisən... İş başındasan! Və bu günə qədər də gördüyün heç bir işə səhlənkar yanaşmamısan. Məzarı dağıdılan atanın adına yaraşan övlad, yollarında ağac böyüyən şəhərinə layiq sakin olmağa çalışmısan. Ya bir gün geri dönmək qismət olarsa..? Necə tapdayarsan o torpağı? Ya geri qayıtmaq heç vaxt nəsib olmazsa? Mövcudluğunla hər iki müqəddəs adı özündə yaşatmalısan...

Və bir gün geri qayıdırsan... Bütün duyğularını gizlədib, doğma şəhərinə guya ki, soyuqqanlı qədəm basıb, işə köklənirsən... Hətta bütün komandanın üzünə gülə bilirsən... Həmin günü səhər tezdən axşam saat beşə qədər ANAMA-nın əməkdaşları ilə birlikdə Nicatın məzarını axtardıq. İşin mənəvi yükü fiziki əziyyətindən qat-qat ağır idi. Körpənin qabırğaları arasında paslı dırmıq tapmışdıq, sümüklərini əllərimizlə toplamışdıq...

Arada bir neçə saniyəlik çəkiliş qrupundan ayrılıb, dönüb Ağdama baxdım... Darmadağın Ağdamla üz-üzə qaldığım o an fotoqraf dostum Ramil Zeynalovun obyektivinə də yansıyıb...

- Üz-üzə qaldığın darmadağın şəhərdən heç nə tapa bilmədin...

- Ağdamda sevdiyim təkcə evlər deyildi axı... Ağdam mənim üçün bir ovqat idi, bir ruh idi. Orada nəfəs aldığın havanı ciyərlərində hiss etmək tamam fərqli duyğudur. Dağıntılarından belə tanıyırsan Ağdamı. Evimizi necə tapdığımı desəm, bəlkə də inanmazsınız.

Ağdam işğaldan yeni azad olunmuşdu ki, oradan mənə bir videozəng gəldi. Dostum dedi məsciddəyəm, burdan sizə necə getmək olar? De, evinizi sənə göstərim. Dedim mən evimizi məsciddən tanımıram axı, get İmarətə oradan istiqamətləndirə bilərəm. Əslində məscidlə İmarətin arasında o qədər də çox məsafə yoxdur, özüm gedəndə bunu gördüm. Amma mən uşaq Vüsalənin xatırladığı Ağdamı tanıyırdım. Adam İmarətin yanına gəldi və mən görüntülərə baxa-baxa onu evimizin istiqamətinə yönəltdim. Sağa, ilk döngədən yenə sağa, indi düz get deyə-deyə adamı çatdırdım evimizə. Dağıntıdan başqa nə vardı ki... Soruşdu ki, kafelinizin naxışı yadındadı? Dedim ki, maviyə çalan ağ və üzərində mavi pambıq qozaları. Dedi ki, necə dəqiq dedin, bura sizin evinizdi. Onda evimizi videogörüntü ilə gördüm. Ağdama ilk səfərimdə isə işimi bitirəndən sonra evimizi görməyə getdim.

Bilmirəm hansı məqsədlə həyətlər hər tərəfdən dəmir torların əhatəsinə salınmışdı, yəni hansı tərəfdən istəsən, həyətə girə bilərdin. Mən indi olmasa da, darvazanın yerindən həyətə qədəm basdım...

Evimizin yerində bir maşın daş parçası var idi. Yaxınlaşıb diqqətlə baxanda görürdün ki, evi bomba dağıdıb. Daşlar, mərmərlər parça-parça, taxtalar isə yanıb, kömürə çevrilmişdi... Daş topasının bacardığım qədər üstünə çıxıb, tanrıya şükür etdim! Şükür etdim ki, bu "çağırılmamış qonaq" evimizə biz onu tərk edəndən sonra düşüb... Bilmirəm axı, bəlkə raket mən sonuncu dəfə çevrilib evimizə baxdığım, heç vaxt unutmadığım o andan sonra düşüb?

Yurd anlayışını 44 günlük müharibədə dərk elədim. Bu, bir həqiqətə çatma anı idi. 2020-ci ilə qədər mən Ağdamın Quzanlı qəsəbəsinə də gedə bilmirdim. Bir neçə kilometr aralıda Qaraağacı qəbiristanlığı var, üç yaşımda itirdiyim atamın məzarı oradadır. Düşünürdüm ki, Quzanlıya qədər gəlib onun məzarını ziyarət etməsəm, atam məni bağışlamaz. Amma iş elə gətirdi Quzanlıya getməyə özümü məcbur etməli oldum.

- Yəni müharibədən sonra getdiniz...

- Yox, "Əsir düşərgəsi" layihəsini yekunlaşdırıb kitab kimi təhvilvermə mərhələsi idi. İstəyirdim ki, bu kitabda Ağdam hekayəsi də olsun. Müsahib tapmaqda çətinlik çəkirdim. Nəhayət, müsahib tapdım, o da Quzanlıda yaşayırdı. Müsahibəni alıb onun evini tərk edəndə üzümdə, saçlarımda narahat bir meh hiss elədim. Sanki bu meh mənə sığal çəkmək üçün Qaraağacıdan gəlmişdi. Sonralar o mehi daha iki dəfə də hiss etdim.

2021-ci ilin may ayı idi. Bacımla Qaraağacı qəbiristanlığına getmişik. Hələ ərazi minalardan təmizlənməyib, yolun kənarında dayanıb, baxırıq. Çox uzaqlara baxmaq olmur, çünki qarşıda separatçı rejimin parçası silkələnir. Həmin vaxt yoldan da Rusiya sülhməramlılarının texnikası şütüyürdü. Separatçı rejimlə sülh vəd etməyən sülhməramlıların arasında dayanıb, bir iz axtarırdıq...

Bir qədər aralıda qara mərmər parçası gördük. ANAMA əməkdaşından xahiş etdik ki, onu gətirib bizə versin. Həmin anda o mərmər parçası bizim ümidimiz idi. Bacımla yerə oturub nəm salfetlə yavaş-yavaş daşı silməyə başladıq. Yazının ilk hərfinin "M" olduğunu gördükdə eyni anda sürətlə daşı təmizləməyə başladıq. Lakin ikinci hərf "Ə" deyildi. Məmmədov deyildi... Əlimizin sürəti azalsa da, daşı axıra qədər sildik, apardığımız qərənfilləri də onun üstünə qoyduq. Yolun kənarına çıxanda yenə də saçımda həmin mehi hiss etdim. Bu dəfə də sanki narahat meh idi. Sanki saçıma sığal çəkən əl titrəyirdi...

- Qaldı üçüncüsü...

- Xəbər gəldi ki, Qaraağacı məzarlığı minalardan təmizlənib və keçən ilin may ayında biz iki bacı yenə də gəldik. Qohumlardan soruşa-soruşa məzarın səmtini tapmağa çalışırıq. Bəlli bir yerə qədər irəlilədik, ilanlar çox idi, getmək mümkün deyildi. Məzarın 20-25 addımlığında dayandıq və mən üçüncü dəfə saçlarımda, üzümdə o mehi hiss elədim. Bu dəfə rahat, hüzura qovuşmuş bir sığal idi. Hiss etdim ki, artıq atamın ruhu hüzura qovuşub.

- Çox vaxt deyirlər ki, qadın zəif məxluqdur...

- Çox təəssüf edirəm ki, bu deyim bəzi qadınların sığınacağıdır və bu, bəzi kişilərin təsəvvüründə belədir. Mən çox güclü bir qadının övladıyam. Gənc yaşlarından həyat yoldaşını itirib, üç qız övladını müharibənin ortasında, məcburi köçkünlükdə böyüdüb və hamısına da ali təhsil verib. Anam təcili yardımda həkim idi, elə olurdu ki, iki gecə növbəyə qalırdı. Zəif qadın olsaydı, həyat yoldaşından sonra çökərdi, amma o öz gücü ilə ayaqda qalmağı və övladlarını yaşatmağı bacardı. Kimsə qadını zəif hesab edirsə, təəssüf ki, onu zəif qadın böyüdüb. Mən güclü qadının övladıyam və örnəyim də o olub.

- Yaşadığınız zaman kəsiyindən geri boylanaraq deyirsiniz ki, kaş bunu etməzdim...

- Heç vaxt peşmanlıq hissim olmayıb. Bu il bir neçə dəfə geri boylanıb nəyə peşmanam, nəyə görə üzr istəyə bilərəm deyə düşündüm. Gördüm ki, mən səhvlərimi də sevirəm, çünki səhvi gözüyumulu etməmişəm. Həmin dövr üçün mənim həqiqətim o olub. Yəni öz həqiqətimə xidmət eləmişəm, özümə xəyanət etməmişəm. Bu, çox önəmlidir. Ona görə də, səhvlərimi də, günahlarımı da sevirəm və nə yaşamışamsa, nə yaxşı ki, yaşamışam.

- Ömür tərəzinizin bir gözündə itirdiklərinizdir, o birində qazandıqlarınız...

- Ölümün nə olduğunu öyrənəndə çox körpə idim. Onda hər gecə Allaha dua edirdim ki, atam ölüb, ancaq mən onun üçün ağlamayacağam. Sən də bunun əvəzində anamı qoru. Atam səninlə qalsın, anam mənimlə. Bu, mənim həyatda öyrəndiyim ilk dua idi. Beləcə, həm də itkilərlə barışıb, olanlarımı dəyərləndirməyi öyrənmişəm.

- Qadın gülərsə...

- Nə yaxşı ki, söhbətimizin əvvəlində narahat dünya deyə, sual verdiniz. Mən də dünyanın rahat tərəfi də var cavabını verdim. Dünyanın rahat tərəfi məhz qadının güldüyü tərəfdir. Nə yaxşı ki, bizim qadın gülməyə yadırğamayıb.

- Həmkarlarınıza arzunuz...

- Gənclərlə görüşdə həmişə deyirəm: sevdiyin işlə məşğul olmağa nə var ki... Əsas gördüyün işi sevməkdir. Və həyat mənə gördüyüm işi sevməyi öyrətdiyi üçün çox məmnunam. Sevgisiz heç bir iş görməyin, çünki sonra utanacaqsınız.

SÖZARDI: Vüsalə xanım danışırdı... Özünün dediyi kimi, arxada yaşanmamış bir ömür qalmışdı... Və bu ömür otuz il əvvəl əlində gəlincik, ayaqlarında anasının ağ-qara xallı yay başmaqları ilə yurdunu tərk edən məsum bir qızın payıdır. Həmin ömrü yaşamaq onun haqqı idi... Amma min təəssüf ki, həmin qız çox uzaqlarda qalıb, ona əlimiz çatmır və heç zaman da çatmayacaq...

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see205

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see149

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see138

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see138

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see132

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri