Icma.az
close
up
RU
Tələbə dərs oxumursa, günah müəllimdədir

Tələbə dərs oxumursa, günah müəllimdədir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu qarışıq, ziddiyyətli zamanda hansı tərəfə çevrilsək də, görünən odur ki, cəmiyətin gələcəyi, tərəqqisi təhsildən başlayır. Ulu öndərin dediyi kimi: "Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin güclənməsinə töhfə verən amildir".

Söhbətimizi təhsildən sıradan olsun deyə, salmadıq. Artıq çoxlarının səbirsizliklə gözlədiyi yay öz axarına düşüb. İmtahanlar bitib, məktəblər, ali təhsil ocaqları həm məzunlarını, həm də sakinlərini yola salıb. Tələbə adını qazananlar yeni dərs ilinin tezliklə başlanmasını gözləyir. Əksəriyyət isə yayın dadını çıxarmaqla, tətil ab-havasının davam etməsində israrlıdır. Biz isə imtahan həyəcanının son günlərində olsa da, bir pedaqoq, alim, ziyalı bir müsahiblə görüşüb söhbətləşmək imkanından yararlana bildik.

Həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının rəhbəri, professor Fəridə Səfiyevadır.
 

- Daha bir tədris ili başa çatdı və yəqin ki, narahatlıqlar da bitdi...

- Narahatlıq həmişə var... Yaxşı mənada keçirdiyimiz həyəcan belə, narahatlıqsız ötüşmür. Amma bü gün dünyamız sanki bir burulğana düşüb, orada baş verən hadisələrə görə, övladlarımıza görə narahatam. Bununla belə, ümidim var ki, hər şey yoluna düşəcək və ona görə də hər zaman öz işimin başındayam. Düşünürəm ki, kimliyindən asılı olmayaraq, hər kəs öz işində, öz yolunda olsa, dünya da sakitliyini tapar.

- Sözə, qələmə dəyər verilən ailədə böyümüsünüz...

- Ümumiyyətlə, mənimlə bacımın sırf ədəbi-ziyalı bir mühitdə böyüməyimiz hər ikimizin həyatında əhəmiyyətli rol oynayıb, hətta deyərdim ki, bizim xoşbəxtliyimiz olub. Əvvəla onu deyim ki, hər iki babam zamanında Qori Müəllimlər Seminariyasını bitirib. Atamın ana babası milyonçu Sadıxov qardaşlarından biri olub. Anam Əməkdar jurnalist Svetlana Nəcəfova Azərbaycan mətbuatında öz sözünü deyərək, imzasını qoyan, ölkənin ictimai həyatında rolu olan bir ziyalı kimi bu gün də hörmətlə yad edilir. Çevrəmizdə gördüyümüz yazıçı və şairlər, qələm sahibləri ilə mütəmadi ünsiyyət sözsüz ki, öz izini qoymalıdı idi. Yadımdadır ki, gecənin hansı saatında gözümüzü açsaydıq, görərdik ki, işıq yanır və anam işləyir. Biz valideynlərimizdə həmişə böyük məsuliyyət hissi görmüşük və istər-istəməz bu, bizə sirayət edib. Bacım respublikanın Əməkdar artisti Nərgiz Əliyarova bu gün uzaq Amerikada yaşasa belə, Vətənə bağlılığından savayı, Azərbaycan naminə gördüyü işlərdə daşıdığı məsuliyyətin əhəmiyyətini hər zaman vacib bilir.

- Deməli ki, ədəbiyyata marağınızda mühit öz sözünü deyə bilib...

- Əslində məktəb illərindən o zamankı M.F.Axundov adına Pedaqoji İnstituta daxil olmaq istəyirdim. Lakin mən qəbul olan ili həmin instituta yalnız bölgələrdən gələnlərə yer verilmişdi. Beləcə, qismət məni indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə gətirdi və tam səmimi deyirəm ki, heç də peşman deyiləm. Universitetdə o qədər işıqlı müəllimlərim oldu ki, hər birini bu gün də ehtiramla anıram. Heç zaman unutmaram rəhmətlik Tofiq Hüseynov birinci kursdan əlimdən necə tutdusa, məndə inam yarada bildi. Tofiq müəllim təkidlə məni Tələbə Elmi Cəmiyyətinə gətirdi və birinci kursda "Elçinin yaradıcılığında bədii şərtilik" mövzusu ilə elmi konfransda iştirak etdim və respublika tələbələri arasında birinci yeri tuta bildim. Kursdan kursa keçdikcə müəllimlərimin sayəsində elmi istiqamətə yönəldim. Lakin dördüncü kursda ailə qurduğumdan universiteti bitirəndən sonra elmdən uzaqlaşdım, çünki ailə qayğıları daha çox idi.

- Elmdən uzaqlaşdım deyirsiniz, amma bu gün professorsunuz...

- Bəli, uzaqlaşsam da, yenə də müəllimlərimin məni geri qaytardı. Tofiq Hüseynov, Cəlal Abdullayev anama dedilər ki, o qız evdə oturmamalıdır və yenə də onların israrı ilə elm sahəsinə qayıtdım. Namizədlik işi üçün "Bəxtiyar Vahabzadənin dramaturgiyası" mövzusunu götürdüm. Uğurla müdafiə etsəm də, mənim üçün şairin özü ilə olan ünsiyyət, ondan eşitdiyim məsləhətlər, fikirlərimə qarşı anlayışı daha əhəmiyyətli oldu. Hətta onun ilk dram əsərlərinə qarşı bir qədər tənqidi yanaşanda belə, Bəxtiyar Vahabzadə mənimlə razılaşırdı. Onun mənə qarşı alicənablığı, böyüklüyü, bir gənc alim kimi qəbul etməyi, sözümü deməyə imkan yaratmağı gələcək həyatımda böyük rol oynadı, çünki ondan öyrəndiklərim çox oldu. Sonrakı mərhələdə böyük şəxsiyyət  "Nəbi Xəzrinin yaradıcılığında fərdi üslub və poetika problemləri" mövzusunu doktorluq işim üçün seçdim və eynilə onunla da ünsiyyət bir insan, bir fərd olaraq formalaşmağımda yeni bir mərhələ oldu. Ümumiyyətlə, həyat qarşıma mənəviyyatca zəngin insanlar çıxarıb və onlardan o qədər həssaslıq görmüşəm ki, bu gün bu hissləri tələbələrimə ötürməyə çalışıram. İstəyirəm ki, onlarda  müəlliminə qarşı yaratdığım inam hissini özlərində də yaşatsınlar. Ən əsas çalışıram ki, gənclərin həyatında hansısa məqamda mənim də rolum olsun. Və görəndə ki, on-on beş il əvvəlki tələbələrim məni bayramlarda yada salır, deməli, onların xatirəsində özümə yer edə bilmişəm. Bəxtiyar Vahabzadədən iki misranı özümə şüar  götürmüşəm: "Bircə ondan razıyam ki, özümdən narazıyam". Hər gecə yatmadan əvvəl özümə hesabat verirəm. Görə bilmədiyim işlərə görə özümü danlayıram, amma təriflədiyim vaxtlar da olur. Düşünürəm ki, həm valideynlərimdən, həm müəllimlərimdən düzgün istiqamət götürə bilmişəm.

- Söhbətininzdə tələbələrin adını çəkdiniz, gəlin müəllimdən danışaq...

- İyirmi dörd ildir pedaqoji fəaliyyətdəyəm, bunun iyirmi ilini kafedra rəhbəri kimi çalışıram. Bu müddət ərzində bir əqidəm olub. Müəllimlər tələbədən şikayət edəndə həmişə deyirəm ki, əgər tələbə dərs oxumursa, günah müəllimdədir. Müəllim tələbəni elə istiqamətləndirməli, fənninə qarşı elə məhəbbət yaratmalıdır ki, ən zəif tələbə belə, onun fənninə maraq göstərsin. Müəllim insanlıq xüsusiyyətlərinin daşıyıcısı olmaqdan əlavə, əsl insan olmalıdır. Müəllim mütləq qayğıkeş olmalıdır, əks halda o, nə şagirdi, nə də tələbəni sevə bilər. Alim olmaq asandır, lakin müəllim olmaq çox çətin. Təcrübə də onu göstərib ki, alim bildiyini tələbəyə lazım olan şəkildə çatdıra bilməyib, çünki o, pedaqoq deyil, elm adamıdır. Müəllim elə dərs deməlidir ki, onun fənni tələbənin beynində özünə yer edə bilsin. Bu, ona görə vacibdir ki, müəllimin dedikləri onun həyatında nə zamansa bir rol oynaya bilər. Müəllim öz evində bir valideyndir və daşıdığı bu missiyanı qarşısındakı şagirdə və tələbəyə qarşı da hiss etməlidir, yəni onları sevməlidir. İnanın ki, bu sevgini hiss edən bir yeniyetmə və ya gənc müəlliminə qarşı heç zaman biganə qala bilməyəcək və onun fənnini oxuyacaq. Ona görə də hər zaman vurğulayıram ki, tələbəni oxumağa məcbur etməyin, onda fənnə qarşı maraq yarada bilin, əsas budur.

- Təhsilimizin bu günü...

- Ümumən Azərbaycan təhsili dedikdə, onu təhlil edə bilmərəm, çünki burada individuallığı görürəm. Lakin hər bir müəllim öz yerində üzərinə düşən məsuliyyəti  düzgün yerinə yetirərsə, təhsilimiz yüksək səviyyədə ola bilər. Yenə əvvəlki sözümə qayıdıram ki, əgər müəllim öz yerində deyilsə və ya yerində olub da fənnini sevdirə bilmirsə, bunu ümumi təhsilin səviyyəsinə aid etmək düzgün deyil.

- Tələbələrdən ağızdolusu danışırsız, belə başa düşmək olar ki, bugünkü gənclikdən razısınız...

- Razıyam, ona görə ki, onların formalaşmasında bizim rolumuz var. Bilirsiniz, gəncləri məhz biz müəllimlər istənilən istiqamətə yönəldə bilərik. Necə ki bir heykəltaraş əlindəki gildən nələrsə yapa bilir, bizim də gəncləri yönəltməyimizdən çox şey asılıdır. Qoy bu ifadəm primitiv səslənməsin, amma müəllim həqiqətən böyük qüvvədir.  Bugünkü gənclərlə müqayisədə biz xoşbəxt yaşamışıq, o mənada ki, qayğılarımız olmayıb. Bu gün görürəm ki, tələbə dərsdə istəmədən yuxuya gedib. Soruşanda ki, a bala, niyə yatmısan? Cavab verir ki, ehtiyaclarımı təmin etmək üçün gecələr işləyirəm. Ailəsini əlavə maddi yükdən xilas etmək üçün gecələr çalışıb səhər dərsə gələn gəncdən necə narazı qalasan? Onlara qayğını da, diqqəti də artıqlaması ilə göstərmək lazımdır. Biz beş il əvvəl Vətən müharibəsi yaşadıq. O torpaqları alan kimlər idi? Hətta ölkə başçısı özü vurğuladı ki, dövlət nə qədər qüdrətli, ordu nə qədər güclü olsa da, qələbəni qazanan zabitdir, əsgərdir. Həmin zabit və əsgərlərin böyük əksəriyyəti isə bizim gənclər oldu. Gənclərimizdən narazı qalmağa haqqımız yoxdur. Mən bayaq özümüzlə bir müqayisə apardım, lakin bugünkü gənclik də bizdən çox fərqlidir, çünki o, texnologiya dövrünün yetirməsidir. O, elə bir informasiya bolluğunda yaşayır ki, çox asanlıqla elmi işləri belə, yaza bilir və bu imkanlardan rahatlıqla istifadə edir. Bununla yanaşı, aralarında tənbəllik edənlər, gələcəyi haqqında düşünməyənlər  də var ki, onlara kömək etməyə borcluyuq.

- Bu gün yetişməkdə olan nəslə hələ də mütaliəni sevdirə bilməmişik, elektron kitabxanalar  olsa da...

- Haqlısınız, mütaliə təbliğatı hələ də axsayır. Amma bunun da yollarını tapmaq olar. Əgər tələbə mütaliə etmək istəmirsə, onu buna məcbur etmək mümkün deyil. Çünki sosial şəbəkələr onların vaxtını o qədər alır ki, dərsə də  biganə yanaşırlar. Bu halda texnologiya ilə müəllim arasında bir rəqabət yaranır, ya tələbəni yönləndirə bilirik, ya da uduzuruq. Uduzmamaq üçünsə müəllim bir çıxış yolu tapmalıdır. Özümdən bir nümunə çəkim. Mən dünya ədəbiyyatından dərs deyirəm. Fənni sxemlər üzərində qururam. Bununla da tələbəni uzun-uzadı 10-15 səhifəlik bir məlumat oxumaqdan xilas edərək, bir səhifədə sxematik şəkildə onu ədəbi cərəyanlarla, bu cərəyanı təmsil edən yazıçılarla tanış edirəm. Müəyyən bir yazıçının əsərində aid olduğu cərəyanın əlamətlərini kimin daha çox tapa biləcəyi kimi bir oyun qururam. Həm bu oyun, həm rəqabət tələbədə maraq oyadır, öz aralarında qalib olmaq üçün həmin yazıçılardan birinin əsərini mütləq oxuyur. Nəticədə mütaliəyə qarşı addım atılır. Yəni ali məktəbə enerjisi bol, marağı böyük, istəkləri çox olan bir yeniyetmənin gələcək həyatını müəllim hərtərəfli istiqamətləndirə bilər.

- Hər cavabınızın sonunu müəllimlə tamamlayırsınız...

- Valideyn bir uşağa həyat verəndir, onun gələcək həyatının bünövrəsini qoyan isə müəllimdir. Bünövrə nə qədər möhkəmdirsə, onun gələcəyindən arxayın olmaq olar. Sağlam gələcək hər bir dövlətin, cəmiyyətin sütunudur. Bu gələcəyin təminatçısı isə müəllimdir. Sualınıza Aristotelin kəlamı ilə cavab verim: "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib". Mən hələ də müəllimlərimə borcluyam.

SÖZARDI: "Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim adına əsla dəyər verilə bilməz". Bu fikir isə Sokrata aiddir. Günümüzün reallığına baxarkən, arzu edək ki, bu əməyə ilk dəyər verən elə müəllimlərin özü olsunlar.

Tamilla M-ZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see124

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see119

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see113

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see113

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri