Icma.az
close
up
RU
Teletamaşalar fatehi Ramiz Həsənoğlu 80

Teletamaşalar fatehi Ramiz Həsənoğlu 80

Icma.az bildirir, 525.az portalına istinadən.

Afaq VASİFQIZI

Filmin ilk dəqiqələri Ramiz müəllimi tutdu. Ekranda bədii səhnə idi - vağzal, İrəvan vağzalı. 1948-ci il. Dədə-baba yurdundan zorla köçürülən azərbaycanlılar. Gənc ailə. Xırda uşaqlar və erməni zabitin hərbə-zorbası. İri plan təsvirləri də, dialoqlar da gerçəkdən təsirli alınmışdı. Yavaşca Elnurun çiyninə toxundum. Gözümlə Ramiz müəllimə işarə elədim. Ustad kövrəlmişdi. Alınmışdı bu film. Alınmışdı.

Düz beş il əvvəl Azərbaycan Televiziyasında növbəti bir layihə təsdiqləndi. Ramiz Həsənoğlunun 75 illiyinə həsr olunan bədii-sənədli filmin ssenarisi bu sətirlərin müəllifinə həvalə olundu. Ekran işinin quruluşçu rejissoru Elnur Məmmədov oldu.

Çəkdiyimiz "Uzun yolun bələdçisi" filmi iş prosesinin müddətinə görə rekordları qırdı. Film düz 11 aya başa gəldi. Niyə? Tərslikdən iş pandemiya vaxtına düşdü. Məkanların razılığını çətinliklə əldə edirdik. Aktyorları bir yerə yığmaq müsibət idi - sərt qaydalar bir yandan, insanları rəncidə edən xəstəlik xofu o biri yandan. Kütləvi səhnələrdən demək olar ki imtina eləyəsi olduq. Ssenarini kəsib doğrayıb yarısını saxladıq. Vəziyyət bunu tələb edirdi.

Ramiz müəllim haqda film çəkmək çətin olmadı. Yaradıcılığı o qədər zəngin idi ki, hər şey vardı orada - istər dram, istər komediya, istər şou. Biz elə o sərvətdən təkan alıb o məşhur filmlərin, tamaşaların remeykini çəkdik. İdeya dostum Elnur Məmmədovdan gəldi. Səbəb? O çağacan mən Ramiz Həsənoğlunun 70 illiyində veriliş hazırlamışdım. İstedadlı həmkarım Nərgiz Cəlilova ilə lentə aldığımız "Sevilənlər" dəfə-dəfə efirə getmişdi. Eyni layihədə daha iki dəfə Həsənoğlu yaradıcılığına müraciət etmişdik - "Yaşıl eynəkli adam"ın və "Ordan-burdan"ın yubileyləri münasibətilə iki böyük proqram hazırlamışdıq. Yadımdadır, həmin proqramların birinə 9 xalq artisti dəvət etmişdik, bir əməkdar artist - əsl ulduz paradı. 75 illik yubiley yeni tərzdə, başqa cür olmalıydı. Eyni qəhrəmanı necə işıqlandırmaq olar ki həm fərqli olsun, həm də maraqlı? Elnurun remeyk ideyası bizi uzaqlara apardı. Qatara minib yola düzəldik, əsas intervyunun qatarda çəkilməsi də Həsənoğlu yaradıcılığındakı sevilən tamaşalardan birinə "Qatarda"ya bir göndərmə idi. Beləcə "Uzun yolun bələdçisi" adlı bədii-sənədli film yarandı. Ramiz müəllim işin gedişatıyla tez-tez maraqlansa da, insafən çəkilişlərə qətiyyən müdaxilə etmədi, bircə dəfə də. Kadrarxası mətni özünə oxutdurduq, onda da nə düzəlişi oldu, nə iradı. İnanırdı komandaya və özü də rejissor olduğundan qaydanı bilirdi axı - qəhrəman rejissorun işinə qarışmaz. Arada montaj vaxtı qapıdan boylanıb salamlaşırdı - "Necəsiniz? İşləyirsiniz? Onda mən getdim".

lll

Ona hamı hər zaman aşağıdan yuxarı baxıb - bu, taleyin bir naxışıdır. Bugünsə çoxumuz ona həm də yaş mənasında aşağıdan yuxarı baxırıq. Çünki o, bu məqamda yenə hamımızdan yüksəkdədir - ömrün 8 onilliyini geridə qoyub.

lll

Onunla ilk görüşümüzü indiki kimi xatırlayıram. Zamanı dəqiq yadımda qalmasa da, hər halda 90-lar idi, 90-ların sonu. O zaman mən qəzetdə işləyirdim. Yazdıqlarımız müstəqil mətbuatımızda mədəniyyət mövzularını işıqlandıran ilk məqalələr idi və çağın ənənəsinə uyğun olaraq bütün hadisələrə münasibət lap yeni idi, konseptual idi, o cümlədən mədəniyyət sahəsinə də. Təqvim ilinin axırına az qalırdı, "Teleefir ilinin sonu yenə onun yeni tamaşasıylamı bitəcək?" sualına cavab almaq üçün özünə zəng vurdum. Yanılmamışdım. Yeni tamaşa hazırlanırdı. Müsahibə üçün vaxt təyin etməsini xahiş elədim. Dərhal "Gəlin, - dedi, - bizim barda görüşək". Razılaşıb dəstəyi asdım. Bar. 90-cı illər. Ciddi bir qəzetin gənc şöbə müdiri. Və müsahibə məkanı - bar. Allahdan görüş vaxtını günortaya vədələmişdik. Bu, bir az məni toxtatsa da, AzTV-yə gedənə qədər keçirdiyim tərəddüdü indi də xatırlayıram. Getdim. Söhbətimiz AzTV-nin kafesində baş tutdu. Bu bar o barlardan deyildi. Televizionçu həmkarlarım bu adidən adi yeməkxanaya niyəsə bar deyirmişlər - bəlkə daha dəbli, daha fərqli görünmək üçün - bilmirəm.

Onun quruluş verdiyi tamaşalar isə gerçəkdən daha dəbli və daha fərqli olub. Ramiz Həsənoğlu istedadları bir yerə yığmaq üçün "Sabah" yaradıcılıq studiyasını yaradıb, gənclərə meydan verib. O, hər zaman doğru müəlliflərlə və doğru heyətlə işləyib və hər uğurun arxasında bir komanda durub. Öz sözüdür - deyir bir ekran əsərinin araya ərsəyə gəlməsi üçün 95 peşə sahibi işə cəlb olunsun gərək - işin baş prodüserindən tutmuş sürücüyə, xadiməyədək, düz 95 peşə. Məharət də odur ki, rejissor bu insanları doğru seçib düzgün təyinatlar verə bilsin. Həsənoğlu bu işi zərgər dəqiqliyi ilə həyata keçirib. "Ac həriflər", "Ordan-burdan", "Nigarançılıq", "Yaşıl eynəkli adam", "Günahsız Abdulla", "Qatarda" - heyət elə gözəl seçilib, personajları birləşdirən bağ elə gözəl qurulub ki, domino daşlarıdır sanki, birini dəyişsən, bütün gedişat pozulacaq. Onun tapdığı bədii həllər fərqlidir - məişət dramı, müzikl, tarixi dram, komediya, melodram, və hər birində istisnasız gözəlim xalq var - Azərbaycan xalqı, öz zarafatıyla, baməzə söz-söhbətilə. Elə bu səbəbdən zərb-məsəllərə, lətifələrə çevrilən deyimlər, ifadələr, dialoqlar uzun illər keçməsinə baxmayaraq, hələ də dillərdə dolaşır, yaddaşlardadır. Ramiz Həsənoğlu Aydın Talıbovun təbirincə desək, bir televiziya hadisəsiydi və o hadisədəki epizodlar bir-birini əvəzlədikcə böyük bir heyətin yaradıcılıq bioqrafiyası yazılırdı.

lll

Onu bəziləri qərbi azərbaycanlı bilir. O isə qərbi azərbaycanlı deyil, o, qəlbi azərbaycanlıdır - həm qəlbən, yəni gerçəkdən azərbaycanlıdır, həm də boy, yəni miqyas və ölçü etibarilə - qəlbidir - gördüyü işlərin plankası da boy-buxunu kimi qəlbidir, yüksəkdir.  Əsl kök etibarilə bir tərəfi cənuba gedir, bir tərəfi Bakıdandır. Amma ötən əsrin 40-cı illərində valideynləri İrəvan Azərbaycan teatrında çalışdıqlarına görə Ramiz Mirzəyev orada dünyaya göz açıb. Pasportundakı doğum yeri İrəvandır. Və doğum yeri qrafasındakı bu yazıya da sədaqətlidir ustad - irəvanlıların hər dəvətini məmnuniyyətlə qəbul edir, hər qayğılarını özününkü bilir.

Natura etibarilə demək olar ki adama yovuşmazdır, təklikdə daha rahat olur, nəinki tünlükdə. Həsənoğlunun ömür yolunda xüsusi insanlar olub ki, onlara münasibəti həmişə eyni olub - dəyişməz vəfa, dəyişməz sədaqət təcəssümü kimi. Yazıçı Anar və Rəsul Rza, Vaqif Səmədoğlu və Aydın Talıbov, Ramiz Rövşən və Cavanşir Quliyev, Cahangir Novruzov və Rasim Balayev, Eldar Məmmədov, Rafael Əsədov və Adil Abbasov - maestronun yaradıcılıq yolundakı mayak-insanlar. 

lll

Ramiz Həsənoğlu imzasını tarixə yazan bir əsas məkan var - Azərbaycan Televiziyası - əmək kitabçasındakı 60 (!) illik iş yeri və ona şöhrət gətirən teletamaşaların dəyişməz ünvanı. Bax bu ünvana da çox sədaqətlidir Ramiz müəllim. Yaxşı xatırlayıram, oldu ki illərlə layihəsiz qaldı, illərlə. Amma atıb getmədi, uzaqlaşmadı. "Ramiz müəllim, neynəyirsiniz, nə iş görürsünüz?" soruşanda zarafatla "İş otağımın qapısını qoruyuram, - deyirdi, - səhər gəlib açıram, axşam da qapını bağlayıb evə gedirəm". Yumorundan qalmırdı, amma bu yumorun arxasında hansı kədər gizlənirdi - onu bilənlər bilir. AzTV-də boş qalanda Həsənoğlu böyük kinoya baş vurdu, "Azdrama"da tamaşa qoydu, amma televiziyadan ayrılmadı. Yerini məhz televiziya tamaşalarında gördü, özünün dediyi kimi, məhz bu meydanda suda balıq kimi hiss elədi özünü. Və nə yaxşı ki, son illər ona yenə şərait yaradıldı, yenə işlədi, yaratdı, yeni layihələr ərsəyə gətirdi. "Onun quruluş verdiyi tamaşalardan ən yaxşısı hansıdır?" sualına nə sən cavab tapa bilərsən, əzizi oxucu, nə mən. "Ac həriflər", ya "Nigarançılıq"? "Qatarda", ya "Evləri köndələn yar"? "Yaşıl eynəkli adam", ya "Ordan-burdan"? "Topal Teymur", ya "Günahsız Abdulla"? Cavabı konkretləşdirmək çox çətin.

lll

Yaradıcılıq, həm də kollektiv yaradıcılıq elə fəaliyyət sahəsidir ki, burada insanların bir-birinə rəğbəti çox vacibdir. Yalnız bu zaman - sevgi və rəğbət olanda keyfiyyətli işlər, şedevr əsərlər yaranır. Ustad sənətkar Vaqif İbrahimoğlu deyirdi - "İstəyirəm truppamda hamı bir-birini sevsin. Sevgi olmasa, iş olmaz". "Məndən heç vaxt komandir çıxmaz" deyən Ramiz Həsənoğlu "Ac həriflər" teletamaşasında bütün rejissor həmkarlarını böyük sevgilə bir araya toplayır, hərəsinə bir rol verir.  Çox yaxşı da komandirlik edir dostlarına və bu tamaşa bizim məkanda yalnız rejissorların rol aldığı yeganə ekran işi kimi təsbit olunur. Ən yaxşı televiziya tamaşalarının müəllifi kimi isə milli televiziya tariximizə bircə ad yazılıb - Ramiz Həsənoğlu. Bu işi ustalıqla görən başqa rejisorlar da olub, təbii. Amma ən yaxşı tamaşaları ən çox çəkən və ya ən çox ən yaxşı tamaşa çəkən tək o olub - metr Ramiz Həsənoğlu və bu, şəksizdir. Və sənət dəyərdir, sənət əbədi dəyərdir - Ramiz Həsənoğlu da bir ömür dəyər yaratmaqla məşğul olub, əbədi dəyər yaratmaqla - buna da heç bir şəkk-şübhə ola bilməz. 

lll

İllər uzunu gündəliklər yazıb Ramiz Həsənoğlu. Rusiyada təhsil aldığı tələbəlik illərində müəllimin yay tapşırığı kimi yazılmağa başlayan o gündəliklərdə nələr var - yalnız müəllifin özünə məlum. İndi, oxucular adına sənətkardan bir umacağım var. Ömrün bu çağında yaradıcılığın bəlkə də ən rahat sahəsinə - yazıya vaxt ayırsın. Həmin gündəliklərdəki fraqmentləri kitaba çevirsin. Bir ömür ədəbiyyatdan teatr yaradan adam ömrün bu çağında teatrdan ədəbiyyat yaratsın, həm də redaktəsiz, olduğu kimi, həyatın bütün rəng çalarlarında - 80 illik ömrün görünməyən real tərəflərilə tanış etsin bizi. Əminəm, o gündəliklər çap olunsa, çoxumuz maraqla oxuyacağıq. Bu arzu və niyyətlə yazımı tamamlayır və çox istəyirəm ki, təklif yubilyar üçün yeni bir təkana çevrilsin - yaradıcı adam üçün yeni arzudan, yeni impulslardan vacib nə var ki?

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Teletamaşalar fatehi - Ramiz Həsənoğlu-80

Şəkil sayı: 13

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri