Tərəqqinin böyük yolu təhsildən keçir
Müəllim isə gələcəyin mənəvi memarıdır
Təhsil cəmiyyətin ümumi inkişafını və gələcək tərəqqisini təmin edən əsas sahələrdən biri, müəllim isə mənəvi təkamülə təkan verən qüvvədir. XXI əsrdə bu sferanın başlıca vəzifəsi bilikli, innovativ düşüncəli və qlobal çağırışlara uyğunlaşa bilən insan kapitalını formalaşdırmaqdır.
Yeni təhsil çağırışları
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bildirilir: “Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır”. Təhsili inkişaf etdirməyin əsas şərtləri isə müasir yanaşmaların tətbiqi, keyfiyyətli müəllim hazırlığı və yeni dövrün tələblərinə uyğun təhsil modelinin yaradılmasıdır. Bu mövzular bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada aktuallığını qoruyur.
Xüsusilə, tarixi Zəfər qazandıqdan sonra ölkəmiz, eləcə də təhsilimiz qarşısında yeni vəzifələr və çağırışlar meydana çıxdı. BMT-nin 2030-cu il üçün müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədləri, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyası, Böyük Qayıdış Proqramı, Qarabağ və Şərqi Zəngəzura həyatın yenidən qayıtması, bu bölgələrdə təhsilin bərpa edilməsi – bütün bunlar gələcək inkişaf yolumuzun əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan artıq beynəlxalq arenada öz gücünü sübut edib. Ötən il ölkəmiz dünyanın ən mötəbər tədbirlərindən biri – COP29-a ev sahibliyi etdi. Bu qlobal tədbirdə aparılan müzakirələr və əldə edilən razılaşmalar sübut etdi ki, Azərbaycan yalnız regionda deyil, dünyada da dayanıqlı inkişafın fəal iştirakçılarından biridir.
Bütün bu yeniliklər və strateji hədəflər isə təhsil sistemimizin qarşısına mühüm vəzifələr qoyur. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” konsepsiyası bizdən təkcə mövcud reallıqlara uyğunlaşmağı deyil, həm də yaranan yeni fürsətlərdən istifadə edərək təhsilimizi daha da inkişaf etdirməyi tələb edir. Sabahın bilikli, səriştəli, yenilikçi gənclərini yetişdirmək üçün biz mövcud metodları bir daha nəzərdən keçirməli, təhsilin məzmununu yeni dövrün tələblərinə uyğun qurmalıyıq. Bu gün qarşımızda duran əsas vəzifə – keyfiyyətli təhsil vasitəsilə ölkəmizin gələcəyini daha da parlaq etməkdir.
Yenilikçi müəllim hazırlığı
Cəmiyyətin ümumi inkişafı, bütün sahələrdə tərəqqi ilk növbədə güclü və keyfiyyətli təhsil sistemindən asılıdır. Təhsilin təməlini isə müəllim hazırlığı təşkil edir. Beynəlxalq tədqiqatlar, xüsusilə PISA nəticələri də sübut edir ki, müasir dövrdə artıq yalnız maddi-texniki baza və maliyyə imkanları deyil, tədris prosesinin əsas icraçıları olan müəllimlərin səriştə və peşəkar bacarıqları həlledici rol oynayır.
Bu reallıq bizə bir mühüm həqiqəti göstərir: Gələcəyin müəllimləri hansı dəyərlər və yanaşmalar əsasında yetişdiriləcəksə, sabahın təhsili də o dəyərləri əks etdirəcəkdir. Müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, öyrətməyi öyrədən, istiqamət verən, motivasiya yaradan əsas qüvvədir. Artıq təkcə faktları ötürmək deyil, qabaqlayıcı təlim bacarıqlarına sahib olmaq, fasilitator kimi çıxış etmək və yumşaq səriştələri mənimsəmək müəllim peşəsinin ayrılmaz hissəsinə çevrilib.
Bu gün biz anlayırıq ki, yenilikçi müəllim hazırlığı olmadan keyfiyyətli təhsildən danışmaq mümkün deyil. Deməli, gələcəyin qurucuları olan müəllimlərimizi necə yetişdirəcəyimiz, onları hansı bilik və bacarıqlarla “silahlandıracağımız” birbaşa cəmiyyətimizin inkişafına təsir edəcək ən vacib məsələlərdən biridir.
İnnovativ yanaşmalar
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da təhsil sisteminin daim yenilənməsi və sürətli dəyişikliklərə uyğunlaşması prioritet məsələlərdən biridir. Xüsusilə müəllim hazırlığında innovativ yanaşmaların tətbiqi əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Çünki təhsilin keyfiyyəti birbaşa olaraq müəllimin peşəkarlığından asılıdır. Məhz buna görə də ölkəmizdə bu istiqamətdə sistemli və ardıcıl addımlar atılır.
Son 25 ildə həyata keçirilən islahatlar iki əsas mərhələdən keçib. İlk mərhələdə hüquqi və nəzəri baza yaradıldı, müasir kurikulumlar tətbiq olundu. Sonrakı dövrdə isə müəllimlərin peşəkar bacarıqlarını ölçmək və daim inkişaf etdirmək üçün konkret mexanizmlər formalaşdırıldı. Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları, diaqnostik qiymətləndirmə və sertifikasiya prosesləri məhz bu məqsədlə həyata keçirilən addımlardır. Əgər ilk mərhələ təhsilin hüquqi və nəzəri əsaslarını gücləndirirdisə, ikinci mərhələ müəllimlərin keyfiyyət göstəricilərini artırmaq və onların peşəkar inkişafını təmin etmək üçün taktiki həllər təqdim etdi.
Bu gün isə artıq islahatların üçüncü – ən vacib mərhələsinə keçid edirik. Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları, müxtəlif fərman və sərəncamlar nəticəsində müəllim hazırlığında dayanıqlı və yüksək keyfiyyət mərhələsinə qədəm qoymuşuq. Artıq yalnız müəllimlərin bilik səviyyəsinin ölçülməsi deyil, yeni dövrün tələblərinə uyğun bacarıq və səriştələrin dəqiq müəyyənləşdirilməsi əsas prioritetə çevrilib.
Bu baxımdan müəllim hazırlığının mərkəzi sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) aparılan işlərə və əldə edilən nəticələrə nəzər salmaq xüsusilə əhəmiyyətlidir.
Pedaqoji Universitet – milli təhsil mərkəzi
Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkədə müəllim hazırlığının əsas mərkəzi kimi fəaliyyətini daha da gücləndirərək 2024–2025-ci tədris ilinə bir sıra mühüm yeniliklərlə start verib. Bu yeniliklər ölkəmizdə müəllim hazırlığının daha keyfiyyətli və beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədilə atılan ardıcıl addımların davamıdır. Universitetdə tədrisin keyfiyyətini artırmaq, beynəlxalq əlaqələri genişləndirmək və tələbələrin inkişafını dəstəkləmək məqsədilə intensiv işlər aparılır.
Bu istiqamətdə tələbələrlə müntəzəm sorğuların keçirilməsi, xarici universitetlərlə yeni ikili diplom proqramlarının imzalanması, beynəlxalq reytinqlərdə universitetin mövqeyini yüksəltmək üçün işlərin gücləndirilməsi, e-universitet sisteminin genişləndirilməsi, ixtisasların proqram akkreditasiyasına başlanılması (artıq bakalavriat və magistratura səviyyələri üzrə 3 ixitsas və ixtisaslaşma üzrə proqram akkreditasiyası uğurla tamamlanıb, digər ixtisas və ixtisaslaşmalar üzrə proses uğurla davam etdirilir) və “ADPU 2030” Strateji İnkişaf Planının qəbul olunması xüsusi əhəmiyyət kəsb edir.
2024-cü ildə ADPU-nu bitirən 2 min 317 bakalavr məzunun 812-si magistraturaya qəbul olunub ki, onların 56 nəfəri, eyni zamanda, əmək fəaliyyətini davam etdirir. Bundan əlavə, 72 məzun isə xaricdə bakalavr, magistratura və doktorantura səviyyələri üzrə təhsilini davam etdirmək üçün müraciət edib. Bu göstəricilər ADPU-nun məzunlarını beynəlxalq səviyyədə tanınan və rəqabətədavamlı kadrlar kimi yetişdirdiyini sübut edir. Məzunların 984 nəfəri MİQ imtahanlarında uğur qazanıb və hazırda onlardan 551 nəfəri dövlət ümumtəhsil müəssisələrində müəllimlik fəaliyyəti göstərirlər.
142 nəfər məzun dövlət orqan və müəssisələrində, 308 nəfər özəl təhsil müəssisələri və şirkətlərində çalışmağa başlayıb. Ümumilikdə, əmək bazarına çıxan məzunlardan 1000 nəfərdən çoxunun işlə təmin edilməsi (83,7 faiz), həmçinin ixtisas üzrə məşğulluq səviyyəsinin 85,8 faizə çatması ADPU məzunlarının əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik olduğunu göstərir.
2024–2025-ci tədris ili üçün ADPU-nun bakalavriat səviyyəsində qəbul planı 99, magistratura səviyyəsində isə 100 faiz dolub. 2024–2025-ci tədris ili üzrə ali məktəblərə tələbə qəbulunun nəticələrinə əsasən Pedaqoji Universitet və onun filiallarında 13 ixtisasın dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub. Bunlar arasında ən aşağı keçid balı 501,3 bal, ən yüksək keçid balı isə 606,9 bal təşkil edib. 2024–2025-ci tədris ili üçün ADPU-da ixtisaslar üzrə orta qəbul balı 382,6 bal olub.
Cari ildə pedaqoji ixtisaslarda ölkə üzrə ümumi plan yerləri 595 nəfər azalsa da, ADPU üzrə plan yerlərinin sayı 85 nəfər artırılıb. Ümumilikdə, ölkə üzrə pedaqoji ixtisasların plan yerlərinin 34 faizi ADPU-nun (filiallarla birlikdə) payına düşür. Ümumən, ölkəmizdə 21 ali təhsil müəssisəsində pedaqoji kadr hazırlığı həyata keçirilir.
2024-cü ildə ADPU-ya qəbul olunanların 80 faizi (2 min 121 nəfər) 300-dən, 48 faizi (1252 nəfər) 400-dən, 12 faizi isə (314 nəfər) 500-dən yüksək bal toplayanlardır. Həmçinin qəbul olunanlar arasında 8 nəfəri 600 baldan yüksək nəticə göstərib, 6 nəfəri isə beynəlxalq idman uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunub. Eləcə də 600 baldan yüksək nəticə göstərən 5 nəfər ADPU-nun filiallarına qəbul olunublar. ADPU-ya qəbul olunan tələbələrin 1551 nəfəri (59,06 faiz) dövlət sifarişi əsasında qəbul olunub, ödənişli əsaslarla qəbul olunanlardansa 166 nəfəri (6,3 faiz) isə təhsil haqqına güzəşt hüququndan istifadə ediblər.
Beləliklə, ümumilikdə, ADPU cari tədris ili üçün qəbul olunan tələbələrin 65,4 faizi dövlət hesabına təhsil alır. Ödənişli təhsil alan tələbələrdən 134 nəfəri (12,5 faiz) təhsil tələbə kreditinə müraciət edib.
Universitet 2024–2025-ci tədris ilində yeni ixtisas və ixtisaslaşmaları tədris prosesinə daxil edib. İlk dəfə bakalavriat səviyyəsində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına qəbul həyata keçirilib. Magistratura səviyyəsində isə Təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul baş tutub. Hazırda ADPU-da bakalavriat səviyyəsində 25, magistratura səviyyəsində 22 ixtisas üzrə 30 ixtisaslaşma mövcuddur.
Doktorantura səviyyəsində isə universitet 33 ixtisas üzrə yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Bundan əlavə, 2024-cü ildə tələbələrin liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədilə “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinə start verilib. Müsabiqəyə 900 nəfərə yaxın tələbə qatılıb, onlardan seçilən 20 nəfər universitetin idarəetmə komandası ilə mentorluq proqramına cəlb olunub. 2025-ci ildə də müsabiqənin davam etdirilməsi planlaşdırılır.
2024-cü ildə ADPU-da e-universitet sisteminin genişləndirilməsi istiqamətində yeni mərhələyə start verilib. Artıq tələbələr şəxsi kabinetləri vasitəsilə akademik göstəricilərini izləyə, layihə və tapşırıqları elektron qaydada təqdim edə, e-kitabxana və tədris platformalarından yararlana bilirlər. Ötən il ADPU-nun e-kitabxanasına 34 min müraciət daxil olub.
Universitetdə İnformatika müəllimliyi ixtisasının tələbələri üçün “Lütfi Zadə adına təqaüd”ün təsis olunması ilə ADPU-dakı adlı təqaüdlərin sayı 14-ə çatdırılıb. Eləcə də elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində də xeyli uğurlar əldə olunub. Belə ki, SCOPUS elmmetrik bazasında 1994-2024-cü illər üzrə ADPU alimlərinin 397 məqaləsi yer alıb ki, bunların 333-ü 2016-2024-cü illləri əhatə edir.
ADPU-nun SCOPUS elmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalələrinin ən yüksək göstəricisi isə 2020-ci il üzrə qeydə alınıb. Həmin il universitet əməkdaşlarının 56 elmi məqaləsi SCOPUS-da indekslənən jurnallarda dərc olunub. 2024-cü il üzrə SCOPUS elmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalə sayı isə 50-dir.
2024-cü ildə ADPU-da ibtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası həyata keçirilib və növbəti mərhələdə bütün ixtisaslar üzrə proqram akkreditasiyası həyata keçiriləcəkdir. Hələ 2020-ci ildə Pedaqoji Universitetin öncüllüyü ilə pedaqoji ixtisaslar üzrə tədris planları tamamilə yenilənmiş, eləcə də tədris planlarına dövrün tələblərinə uyğun olaraq inklüziv təhsil, STEAM kimi fənnlər də daxil edilmişdir. Bunlarla yanaşı, ötən ildən etibarən pedaqoji internaturanın tətbiqinə start verilmişdir.
Son 3 ayda İstanbul Universiteti və Moskva Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. ADPU-nun Keyfiyyət Təminatı siyasəti (2022), Beynəlmilləşmə siyasəti (2022), Dayanıqlı İnkişaf Siyasəti (2024) və İnklüziv Təhsil siyasəti (2024) kimi sənədlər qəbul olunub.
Universitetdə tələbələr arasında tədbirlərin təşkili və tələbələrlə iş və keyfiyyətin təminatı şöbələri müntəzəm sorğular təşkil edir, onların tətbiq olunan yeniliklərə, imtahan prosesinə, ümumi əlçatanlığa və s. aid fikirləri toplanaraq analiz olunur. 2023–2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili ilə əlaqədar ADPU, onun filialları və Pedaqoji Kollecin, ümumilikdə, 3 min 654 nəfər tələbəsi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən respondentlərin 72 faizindən çoxu imtahanlarda 71 baldan yüksək, 26,4 faizi isə 91 baldan yüksək nəticə göstəriblər. İştirakçıların 80 faizə qədəri imtahanların şəffaflğını 10 ballıq sistem üzrə 7-10 bal aralığında, 45 faizə qədəri isə 9-10 bal aralığında qiymətləndiriblər.
Onlardan 81 faizə qədəri imtahanla bağlı apellyasiyaya müraciət etməyiblər. Tələbələrin 35 faizindən çoxu imtahan dönəmində ADPU-da fəaliyyət göstərən psixoloji xidmətdən yararlanıb. 88 faiz iştirakçı imtahan nəzarətçilərinin davranışından razı olduğunu qeyd edib. Ümumi rəyə əsasən, tələbələr şifahi imtahan formasını daha çox dəstəkləyirlər.
2024–2025-ci tədris ilində ADPU-ya qəbul olan tələbələr arasında aparılan sorğunun nəticələrinə görə, 423 nəfər I tədris ili tələbəsinin iştirak etdiyi sorğuda respondentlərin 70,4 faizi müəllim olmaq üçün, 16.5 faizi isə rahat təhsil mühitinə görə ADPU-nu seçiblər. İştirakçıların 72 faizi ixtisas seçimində ADPU-nu ilk 3 yerdə qeyd etdiklərini, 92,4 faizi isə ilk turdan ADPU-ya qəbul olduqlarını vurğulayıblar.
Tələbələrin 83 faizindən çoxu məzun olduqdan sonra müəllim kimi fəaliyyət göstərəcəklərini qeyd ediblər. Həmçinin sorğu iştirakçılarının 90 faizi universitetdə xarici dil seçimində ingilis dilinə üstünlük verirlər. Sorğuya qatılanların 63 faizi ADPU haqqında ilk məlumatı sosial media hesablarımızdan (42,3 faiz) və rəsmi saytımızdan (20,8 faiz), 29 faizi isə tələbələri (18,7 faiz) və məzunlarımızdan (14,4 faiz) əldə etdiklərini bildiriblər.
Yenilikçi müəllim – keyfiyyətli gələcək!
Bu gün əldə olunan nailiyyətlər qürurvericidir. Amma biz irəli baxmalıyıq. Müasir dünyada müəllim hazırlığı təkcə tədris prosesinin bir hissəsi deyil, cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. ADPU bu məsuliyyətli missiyanın icrası üçün yorulmadan çalışır və 2025-ci ildə müəllim hazırlığında növbəti mühüm addımlar atmağa hazırlaşır. Artıq pedaqoji ixtisasların tədris planlarının yenilənməsi gündəmdədir. Yeni planlar daha dinamik, daha praktik və bacarıqəsaslı olacaq, dünya standartlarına uyğunlaşdırılacaq. Amma bu, yalnız başlanğıcdır. Qısa zamanda təsdiqlənəcək “ADPU 2030: Strateji İnkişaf Planı” universitetin gələcək inkişafının yol xəritəsidir. Bu sənəddə 6 əsas strateji məqsəd müəyyənləşdirilib:
– Təbiət, sosial və humanitar elmlər üzrə keyfiyyətli təhsil ocağı olmaq;
– bu sahələrdə tədqiqat universitetinə çevrilmək;
– rəqəmsal texnologiyalar sahəsində lider mövqe tutmaq;
– sosial məsuliyyətli universitet modeli formalaşdırmaq;
– beynəlxalq rəqabətə davamlı bir ali təhsil müəssisəsinə çevrilmək;
– çevik və dayanıqlı idarəetmə sistemi yaratmaq.
Bütün bunları həyata keçirmək üçün 34 hədəf və 250-dən çox fəaliyyət istiqaməti müəyyən edilib. Lakin bütün bu planların uğuru bir məsələyə bağlıdır: müəllimlər. Biz yalnız yenilikçi müəllimlər yetişdirməklə gələcəyin parlaq gənclərini formalaşdıra bilərik. Bu səbəbdən müəllimlərin ümumi peşə səriştələrinin hazırlanması üzərində ciddi iş aparırıq. Bu sənəd hazır olduqdan sonra geniş müzakirəyə çıxarılacaq və müəllim hazırlığı, MİQ, diaqnostika və sertifikasiya kimi mühüm proseslər artıq dəqiq müəyyən edilmiş səriştələr əsasında aparılacaq.
Gələcəyin müəllimləri yalnız fənn biliklərinə yiyələnən şəxslər olmayacaq. Onlar həm də yumşaq bacarıqlara, müasir pedaqoji yanaşmalara, xarici dil və rəqəmsal biliklərə sahib olan, eyni zamanda, milli-mənəvi dəyərləri qoruyan mütəxəssislər olacaqlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar milli dəyərlərə sadiq olsunlar, zehinləri saf qalsın. Ailə tərbiyəsi, məktəb mühiti və müəllim peşəkarlığı – bunlar gələcəyimizin sütunlarıdır.
Biz bu gün sabahın savadlı, vətənpərvər, dövrün çağırışlarına cavab verən, innovativ düşüncəyə malik müəllimlərini yetişdirməklə daha keyfiyyətli bir gələcəyə körpü qururuq. Onlar yetişdirəcəkləri yeni nəslin parlaq gələcəyini təmin edəcəklər. Çünki müəllimlər keyfiyyətli gələcəyin qurucularıdır.
Cəfər CƏFƏROV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor