Ticarət mərkəzindəki yanğına görə Səhiyyə Nazirliyinin əməkdaşı təqsirləndirilib
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Binəqədi Rayon Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən A.A. (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilib.
İttihama görə, A.A. Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi vəzifəsində işləyib. Yanğın hadisə isə 23 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində, Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanda qeydə alınıb.
Belə ki, onun Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan hissəsində elektrik qurğularının artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin etməməsi, eyvanda tez alışan və yanan mayeləri (xlor, bromosept, markafos və s.) saxlaması, o cümlədən elektrik qurğularını gərginliyə qoşulu vəziyyətdə saxlaması səbəbindən yanğın baş verib. Nəticədə nəvəsini idman zalına gətirmiş 283 nömrəli tam orta məktəbinin idman müəllimi N.N. (ad, soyadı şərtidir) az ağır bədən xəsarətlər alınıb.
Hadisədən sonra A.A. saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


