TRAMP, NƏHAYƏT, UKRAYNANIN MÜTTƏFİQİNƏ ÇEVRİLİR Zelenski parlamentin qapalı iclasında nə deyib?
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ukrayna istənilən görüşdə, masa arxasında əsas fiqurun və diqqət mərkəzində olmalı olan şəxsin yalnız Donald Tramp ola biləcəyini anladıqdan sonra Kiyev və Vaşinqton arasında münasibətlər istiləşib.
“AzPolitika” xəbər verir ki, “Politico”-nin Tramp-Ukrayna münasibətlərinə dair yazısında belə deyilir.
Nəşr yazır ki, Ukrayna rəsmiləri son zamanlar olduqca ümidli və arxayın görünürlər və bunların hamısı ABŞ Prezidentinin sayəsindədir.
Qeyd olunur ki, Rusiyanın Ukrayna enerji infrastrukturuna kütləvi hava zərbələri endirməsinə baxmayaraq, Kiyevdə nikbinlik var. Daha sonra nəşr öz mənbələrinə istinadla Volodimir Zelenskinin Ukrayna parlamentinin qapalı iclasındakı çıxışından bəhs edib: “Güman edilir ki, Rusiya Prezidenti Vladimir Putin gələn il yaza və ya yaya qədər müharibəyə son qoymaq üçün danışıqlara hazır ola bilər. Parlamentin qapalı iclasında Prezident Volodimir Zelenski Rusiyanın Ukraynanın şərqində aktivləşməsinin onun son böyük hücumu ola biləcəyini deyib. O vurğulayıb ki, ölkə daha sərt qışa dözməli olacaq, lakin atəşkəs artıq real görünür.
Ukrayna Prezidentinin sözlərinə görə, bu, Rusiyaya daha böyük iqtisadi və hərbi təzyiq tələb edir ki, Putin başa düşsün ki, müharibənin davam etdirilməsi ona heç bir üstünlük verməyəcək, ancaq ölkəni tamamilə gücdən salacaq. Qəzzada əldə olunan uğurlu atəşkəsdən sonra Tramp Ukraynada müharibənin dayandırılmasına nail olmaq və siyasi karyerasında yeni uğur qeydə almaq niyyətindədir”.
Nəşr qeyd edir ki, bu həftə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Baş nazir Yuliya Sviridenko da daxil olmaqla Ukrayna nümayəndə heyəti Vaşinqtonda Putinlə danışıqları və Ukraynanın qış hava hücumlarından necə sağ çıxacağını müzakirə ediblər: “Həmçinin, Zelenskinin Trampla şəxsi görüş üçün cümə günü Ağ Evə getməsi planlaşdırılır və Kiyev müsbət irəliləyişlərə ümid edir. Tramp Knessetdəki çıxışında diqqətini Ukrayna və Rusiya arasında müharibəyə son qoymağa yönəltdiyini vurğulayıb: “Birincisi, Rusiyanı bitirməliyik”.
Ötən ay Tramp münaqişə ilə bağlı ritorikasının tonunu dəyişərək faktiki olaraq Rusiyanı “təcavüzkar” adlandırdı.
Tramp və Zelenski arasında tədricən yaxınlaşma fevral və avqust aylarında keçirilən bir sıra gərgin görüşlərdən, o cümlədən ABŞ və Avropada tənqidlərə səbəb olan Alyaskada Trampın Putinlə mübahisəli görüşündən sonra başlayıb. Həmin vaxt Ukrayna və Avropa liderləri Trampın Rusiya Prezidentini alqışlamasına baxırdılar, indi isə mövqelər dəyişib.
Zelenskinin diplomatik səyləri və müttəfiqlərinin, xüsusilə Britaniyanın Baş naziri Key Starmer və Kral Çarlzın dəstəyi sayəsində Tramp Ukraynaya daha müsbət baxmağa başlayıb. Bu, BMT Baş Assambleyasında da özünü büruzə verdi və o, Ukrayna liderini “cəsur insan” kimi qiymətləndirdi, həmçinin, Ukraynanın itirilmiş ərazilərini geri ala biləcəyini bəyan etdi.
ABŞ həmçinin Rusiyanın enerji obyektlərinə hədəflənmiş hücumlara kömək etmək üçün Ukrayna qüvvələri ilə kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirib. “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya mümkün təhvil verilməsi ilə bağlı müzakirələr isə Kremli çəkindirmək məqsədi daşıyır, baxmayaraq ki, eskalasiya riski Trampı qəti addımlar atmaqdan çəkindirir.
Trampın gözlənilməzliyinə baxmayaraq, Ukrayna tərəfi görür ki, hazırkı Tramp fevralda olduğundan əhəmiyyətli dərəcədə daha etibarlı müttəfiqdir”.
C.Məmmədli
“AzPolitika.info”


