Icma.az
close
up
RU
Tramp “üzünü” cənuba tutur

Tramp “üzünü” cənuba tutur

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qlobal Cənubun iqtisadi-siyasi fəallığı artır

Vaşinqtonun Afrika ilə münasibətləri “isinir”...

Yeni nizam beynəlxalq aləmdə müəyyən yerdəyişmələri mütləq şərtə çevirir. Məsələn, vaxtilə daha çox diqqət mərkəzində olan siyasi-iqtisadi aktorlar öz populyarlıqlarını müəyyən mənada itirir və ya əməkdaşlıq münasibətləri yeni nizam çərçivəsində yeni ştrixlər qazanır. Bu istiqamətdə ən diqqətçəkən misallardan biri Afrika qitəsidir ki, son illərdə bu coğrafiya qlobal siyasi-iqtisadi həyata yeni transformasiya həyata keçirməkdədir. Xüsusilə, bir çox Afrika ölkələrinin kolonializmə, iqtisadi sömürgəçiliyə qarşı mübarizəsi göz oxşayır. Yeni dönəmdə önə çıxan Qlobal Cənub faktorunun aparıcı ünsürlərindən biri kimi Afrika regionu artıq beynəlxalq platformalarda mühüm təmsilçilik qazanırlar.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə iyulun 9-11-də Vaşinqtonda Afrika liderləri ilə sammit keçiriləcək. Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Rəsmi Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə faydalı qazıntılar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır. Bundan əlavə, payızda daha böyük ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Sammitin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.

ABŞ-Afrika əlaqələri son 40 ildə...

Yeni dövrdə yeni nizamda təbii olaraq müsəlman dünyası, xüsusilə, Afrika qitəsində yerləşən ölkələr özlərinin əməkdaşlıq sferalarını genişləndirməyi hədəfləyir. Nəzərə alsaq ki, qlobal münasibətlər sistemində Afrikanın rolu müasir dövrümüzdə artmaqdadır, bu regionun iqtisadi-siyasi potensialı gələcək üçün mühüm proqnozlar vəd edir. Afrika qitəsi gənc əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib - əsrlərlə müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə müasir dövrümüzdə də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm oyunçulara çevrilə bilərlər. Bu nöqteyi-nəzərdən, keçirilməsi planlaşdırılan görüş də böyük maraq doğurur. Qeyd edək ki, ABŞ ilə Afrika arasında münasibətlərin intensivləşməsi prosesi son 30-40 ildə artan fazada müşahidə olunub. Məsələn, Bill Klinton 1998-ci ildə 6 Afrika ölkəsinə səfər edib (Uqanda, Cənubi Afrika, Botsvana, Qana, Ruanda, Seneqal). Bu, o dövrədək ABŞ prezidentinin Afrikaya etdiyi ən uzun və genişmiqyaslı səfər sayılırdı. Ruandada soyqırım, ilə bağlı “qərblilərin və ABŞ-ın səssiz qaldığı üçün peşman olduqlarını” etiraf etməsi isə hələ də ABŞ diplomatiyası baxımından böyük bir cəsarət nümunəsi sayılır.

Corc Buşun prezidentliyi dövründə isə (2001-2009) Vaşinqton Afrikaya milyardlarla dollar dəyərində HİV/AIDS-lə mübarizə üçün yardım etdi. PEPFAR (President’s Emergency Plan for AIDS Relief) təşəbbüsü məhz oğul Buşun təşəbbüsü ilə 2003-cü ildə başladı - bu, Afrikada milyonlarla insanın həyatını xilas etdi. Onun 2003 və 2008-ci illərdə Afrika ölkələrinə bir neçə rəsmi səfəri yadda qaldı - Uqanda, Nigeriya, Qana, Tanzaniya, Benin və s. səfərləri zamanı hətta onu “Afrikanın dostu” adlandırdılar.

2014-cü ildə Barak Obamanın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda baş tutan ABŞ-Afrika Liderlər Sammiti isə tarixə bir ilk kimi düşdü - ilk dəfə idi ki, ABŞ prezidenti 50-dən çox Afrika ölkəsinin liderini Ağ Evdə toplayırdı. Sammitin əsas məqsədi ABŞ-ın Afrika ilə iqtisadi, təhlükəsizlik və inkişaf əməkdaşlığını gücləndirmək idi. Həmin toplantıda 33 milyard dollarlıq iqtisadi təşəbbüslər elan olundu. Keniya əsilli ABŞ prezidenti Obama həmçinin Efiopiyada Afrika İttifaqı Komissiyasının mənzil-qərargahında çıxış edən ilk ABŞ prezidenti oldu.

Bu fəaliyyət Co Bayden tərəfindən də təkrarlanıb - 2022-ci ildə baş tutan  ABŞ-Afrika Liderlər Sammitində 49 Afrika ölkəsi və Afrika İttifaqı rəsmiləri iştirak etmişdi. Bayden “Afrika olmadan qlobal problemləri həll etmək mümkün deyil” deyə çıxışında bildirmişdi. Vaşinqton o dövrdə Afrikaya 55 milyard dollarlıq dəstək vəd etmişdi.

Trampın birinci prezidentliyi dönəmində ən yaddaqalan hadisə isə təbii ki, ABŞ-Afrika münasibətlərində yeni cığır açan 2020-ci ildə Sudanla diplomatik münasibətlərin normallaşması prosesi oldu - bir çox Qərb diplomatlarının da bildirdiyi kimi, bu, ABŞ-ın Afrika siyasətində dönüş nöqtəsi oldu.

Afrikanın müttəfiqlik perspektivi...

2023-cü ildə isə Afrika İttifaqı “Böyük İyirmiliy”ə (G20) daimi üzv seçildi. Bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olundu. Bu qərar Afrikanın yeni nizamda inkişaf trayektoriyasını müəyyənləşdirən əsas məqamlardan sayılır. Nəzərə alınmalıdır ki, Afrika İttifaqı 55 Afrika ölkəsini özündə birləşdirən beynəlxalq təşkilatdır, Afrika Birliyi Təşkilatının hüquqi varisidir. Yəni, Afrika qitəsinin ən böyük birliyidir.  Eyni zamanda, artıq Afrika dünya iqtisadi bazarında olduqca vacib rola malikdir - Ukrayna ilə Rusiya arasındakı hərbi qarşıdurmanın ardından dünyanın xammal ehtiyatının mühüm bir hissəsini məhz Afrika təmin etməkdədir. Bu baxımdan Afrika ilə münasibətlərin inkişafı xüsusilə daha çox nəzərə çarpmaqdadır. ABŞ ilə Afrika arasında münasibətlərin daha isti fazaya keçməsi isə Avropanın bu geocoğrafiyadakı fəaliyyətini ikinci plana keçirəcək. Başqa sözlə, vaxtilə Afrikanı “xətkeşlə bölənlər” hələ də orada müəyyən söz sahibliyi statusunu qoruyub saxlayanlar yeni nizamda Afrikanı Qlobal Cənubun ən vacib aktorlarından biri kimi bərabərhüquqlu tərəfdaş qismində qəbul etməli olacaqlar.

Bir çox ekspertlər ABŞ-Afrika yaxınlaşmasında hərbi sitrategiyanın da yer almasını iddia edirlər. Belə ki, ABŞ həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi müttəfiqi kimi yaxınlaşmağa çalışır. NATO-nun maliyyələşməsi səbəbilə Avropa ilə müəyyən fikir ayrılıqlarına gələn ABŞ üçün yeni hərbi müttəfiqlik daha çox üstünlük vəd edir - həm geostrateji, həm də geocoğrafi baxımdan hazırda Afrika daha böyük perspektiv vəd edir.

Azərbaycan Afrika ilə münasibətlərini yeni müstəviyə daşıyır

Azərbaycan da bu gün Qlobal Cənubun liderlərindən birinə çevrilib və qlobal miqyasda mühüm regional aktor kimi fəallıq nümayiş etdirir. Bu prosesdə ən diqqətçəkən məqamlardan biri rəsmi Bakının Afrika və kolonializmdən əziyyət çəkən ölkələr ilə qarşılıqlı münasibətlərinin inkişafıdır. Bu bir reallıqdır ki, əsrlərlə kolonializm və istismar siyasətindən əziyyət çəkmiş ölkələr indi beynəlxalq sistemdə bərabərlik, ədalət və tərəfdaşlıq axtarırlar - belə bir geosiyasi konfiqurasiyada Azərbaycan balanslı, müstəqil və suveren mövqeyi ilə bu ölkələrin etimadını qazanır və Qlobal Cənubda da etibarlı tərəfdaş kimi şöhrət tapır. Sirr deyil ki, Afrika qitəsi və Latın Amerikası kimi regionlar onilliklər ərzində Qərb mərkəzli siyasətin kölgəsində yaşayıb. İndi isə bu regionların çoxu öz milli maraqlarına hörmət edən, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər axtarışındadır. Azərbaycanın beynəlxalq siyasətdə tutduğu prinsipial mövqe, xüsusilə də suverenlik, daxili işlərə qarışmama və ədalət prinsipinə sadiqliyi həmin ölkələrdə Bakıya olan marağı artırıb. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərdə Azərbaycan yeni səhifə açıb. Bu müddət ərzində Bakının təşəbbüsü ilə bir neçə Afrika ölkəsinə humanitar yardım göstərilib, pandemiya ilə mübarizə üçün tibbi ləvazimatlar göndərilib və ən əsası, bu ölkələrin beynəlxalq səviyyədə səsi eşidilib. Eyni zamanda, Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanı Afrika ölkələrinin diqqət mərkəzinə gətirib. Bu ölkələr iqlim dəyişikliklərinin təsirini ən ağır şəkildə hiss etsələr də, qlobal iqlim siyasətində səsləri çox zaman nəzərə alınmır. Azərbaycan bu ölkələrin iqlim gündəminə daxil edilməsini dəstəkləyən nadir dövlətlərdən biridir. Bu səbəbdəndir ki, artıq 30-dan çox Afrika ölkəsi Azərbaycanla ikitərəfli görüşlər, texniki əməkdaşlıq və gələcək enerji, təhsil və kənd təsərrüfatı sahələrində tərəfdaşlıqlar barədə dialoqa başlayıb.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri