Türk ailəsi yeni inkişaf mərhələsində
Ən mühüm prioritetlər: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək...
Bişkek sammiti yeni dövrün müzakirə masası kimi
Son bir neçə ildə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan Türk Dövlətləri Təşkilatı (TDT) regional müstəvidə aparıcı siyasi-iqtisadi aktor və vahid milli güc kimi tanınır. Dünya miqyasında ən önəmli geostrateji və geocoğrafi məkanlardan biri kimi qəbul olunan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionunu özündə birləşdirən TDT yeni və müasir çağırışların ən real təcəssümü sayılır - o mənada ki, təşkilat yeni iqtisadi-siyasi münasibətlər sisteminin formalaşdığı, qlobal diqqət mərkəzinə düşən regionun fəal əməkdaşlıq platforması kimi çıxış edir.
Bəlli olduğu kimi bu gün, noyabrın 6-da Qırğızıstanın Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin 11-ci Zirvə görüşü başlayır. Tədbirdən bir neçə gün öncə təşkilatın yaydığı məlumatda bildirilirdi ki, Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən sammiti “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında gerçəkləşir. Qeyd olunub ki, TDT ölkələrinin liderləri iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin təşkilatın əsas layihələri ilə bağlı qərarlar qəbul edəcək və müvafiq sənədlər imzalayacaqlar.
Bundan başqa, TDT-yə üzv olan ölkələrin liderlərinin regionda baş verən iqtisadi və siyasi prosesləri müzakirə edəcəkləri, türk dünyasının birliyi və inkişafının daha da möhkəmləndirilməsi üzrə tədbirlərlə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir. Sammitin sonunda təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək. Tədbirin yekunları üzrə dövlət başçıları Bişkek Bəyannaməsini imzalayacaqlar.
Bundan əlavə, Bişkekdə liderlərin sammiti ərəfəsində gündəliyə daxil olan məsələlərin və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin razılaşdırılması üçün təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Naxçıvandan Bişkekə...
2024-cü il TDT üçün yaddaqalan bir tarixə çevrilməkdədir - bu il həm təşkilatın yaranmasının 15-ci ildönümü qeyd olunur, həm də təşkilat üzvləri bir müddət öncə Şuşada baş tutan qeyri-rəsmi Zirvə görüşündə birgə “Qarabağ Bəyaanaməsi”nə imza atıblar. Vurğulandığı kimi, bu il TDT-nin davamçısı olduğu Türk Dövlətləri Əməkdaşlıq Şurasının yaranmasının, Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümüdür. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur. 2009-cu ildən bəri Zirvə görüşlərinin dördü Azərbaycanda (builki qeyri-rəsmi Şuşa zirvəsi də daxil olmaqla), dördü Türkiyədə, üçü Qazaxıstanda, ikisi Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib.
Sammitöncəsi müzakirələr...
Bişkek sammitinə qədər təşkilata üzv dövlətlər bir neçə dəfə birgə toplantılar reallaşdıraraq bir sıra istiqamətlər üzrə müzakirələr aparıblar. Məsələn, oktyabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı TDT dövlət başçılarının noyabrın 6-da Bişkekdə keçiriləcək 11-ci sammitinə hazırlıq məsələləri, o cümlədən regional və beynəlxalq gündəlikdəki cari məsələlər müzakirə edilib.
Oktyabrın 10-da isə İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında TDT-nin Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb. Sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsünün tərkib hissəsi hesab olunur.
Oktyabrın 18-də isə Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası baş tutub. İclasda Yaşıl Maliyyə və Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Tərəflərin yekdilliklə dəstəklədiyi digər təşəbbüs isə TDT ölkələri, eləcə də Macarıstanın da daxil olduğu - TURAN xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı olub. TDT üzvləri hər iki təşəbbüsün gerçəkləşməsi üçün milli səviyyədə zəruri addımların atılması, hüquqi-iqtisadi əsasların müəyyən edilməsi və vahid iqtisadi yol xəritəsinin müəyyənləşməsini vacib hesab etdiklərini bildirib.
Beləlilklə iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək devizinə əsaslanan yeni Sammit öncəsi təşkilatın əməkdaşlıq kriteriyaları daha da açıq şəkildə ortaya qoyulur - müasir çağırışlar, inkişaf indeksləri, yeni perspektivlərin müzakirəsi TDT-nin uzunmüddətli inkişaf konsepsiyasının əsasını təşkil edən elementlər kimi çıxış edir.
Mühüm prioritet - iqtisadi inteqrasiya
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyənin və müşahidəçi qismində Türkmənistan, Macarıstan və ŞKTC-nin timsalında TDT inkişafının yeni mərhələsini formalaşdırıb. İndiyə qədər keçirilən sammitlər fərqli məsələlərin müzakirəsini özündə ehtiva edib - burada mədəni inteqrasiya, gömrük məsələlərinin müzakirəsi, ortaq dil məsələsinin həlli, iqtisadi tərədaşlığın gücləndirilməsi, paralel olaraq təhsil məsələsində inteqrasiyanın təşkili və bu kimi yeni dövrün ticari-iqtisadi, siyasi-humanitar mahiyyətini özündə əks etdirən zəruri istiqamətlər müzakirə predmeti olub. Bişkek sammitində önə çıxan məsələ Türk dünyasının gücləndirilməsi və bunun yollarıdır - təbii ki, burada iqtisadi inteqrasiya ön plandadır. XI sammitin bu kimi aktual məsələlərə toxunması səbəbsiz deyil - məlum olduğu kimi, Azərbaycanın son 4 ildə regionda yaratdığı siyasi-hərbi reallıqlar demək olar ki, bütövlükdə, TDT-ni əhatə edən Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafiyasında yeni ştrixlər formalaşdırb. Buraya təhlükəsizlik amilindən tutmuş yeni ticari münasibətlər sisteminin yaranmasına qədər həyati predmetlər daxildir. Azərbaycanın yaratdığı təhlükəsiz yol isə müasir dövrün yeni ticari aortası hesab edilir. Bu amil, Türk dünyasının iqtisadi potensialını bir neçə dəfə artırmaq gücünə malikdir. Son 4 ildə özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Türk birliyi qısa zamanda özünü təsdiq edib - yeni enerji siyasəti ilə qlobal enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutmaqla yanaşı, TDT həm də geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirə bilib. Təbii ki, burada Azərbaycanın təşəbbüsü ilə reallaşan tranzit nəqliyyat-kommunikasiya xətləri xüsusi vurğulanmalıdır.
Müdafiə və təhlükəsizlik meyarı yüksəlir...
İqtisadi inteqrasiya ilə yanaşı, müdafiə immunitetinin gücləndirilməsi də təşkilatın əsas hədəflərindən biri kimi ortaya çıxır. Ötən ilin noyabrında Astanada baş tutmuş X Astana Zirvəsi və bu ilin yayında keçirilmiş Şuşa Zirvəsi TDT-nin yeni mərhələ üçün inkişafının mühüm konsepsiyalarını müəyyənləşdirib. “Türk əsri” çağırışı altında keçirilən Astana Zirvəsində irəli sürülən təşəbbüslər olduqca mühüm məqamları əhatə edirdi - xüsusilə, Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi yeni dövrdə Türk Dövlətləri Təşkilatı üçün mühüm perspektiv formalaşdırıb. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı bildirmişdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Təbii ki, bu da mane olacaq faktor sayılmamalıdır. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini akt?allaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi isə əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər.
Qarabağ bəyannaməsi - hərtərəfli əməkdaşlıq üçün yeni zəmin...
Bişkek sammitindən öncə Şuşada reallaşan qeyri-rəsmi sammit təşkilatın inkişaf trayektoriyasında özünəməxsus iz buraxıb - Şuşa Zirvəsində imzalanan Qarabağ Bəyannaməsi isə təşkilatın strateji yol xəritəsi sayıla bilər. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoyur. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Paralel olaraq bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Beləliklə, bu bəyannamə TDT-nin inkişaf perspektivi ilə yanaşı, istiqamətlərini də müəyyənləşdirir. Bu isə Bişkek Zirvəsindən gözləntiləri daha da artırır - 15 illik yaranış yubileyinin ardından baş tutacaq ilk sammit Türk dünyasının yeni srtateji hədəflərlə və yeni strateji inkişaf konsepsiyaları ilə gələcək perspektivinə işıq tutacaq.
Pərviz SADAYOĞLU
![see](https://icma.az/template/assets/see.png)