Icma.az
close
up
RU
Türk dünyası: güclü birlik, etibarlı tərəfdaşlıq

Türk dünyası: güclü birlik, etibarlı tərəfdaşlıq

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən bir siyasi çıxışın əhəmiyyəti onun səsləndirildiyi məkanın və ya müzakirə olunan məsələlərin çərçivəsindən xeyli kənara çıxır. Belə çıxışlar dövlətlərin gələcəyə baxışını, ortaq maraqlarını və qarşıdakı tarixi mərhələdə hansı istiqamətdə hərəkət etmək niyyətində olduqlarını aydın göstərir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə Bakıda keçirilən görüşdəki çıxışı da məhz bu baxımdan diqqətəlayiqdir. Dövlət başçısının səsləndirdiyi fikirlər Türk dünyasının mövcud potensialını, dəyişən beynəlxalq münasibətlər sistemində qarşılaşdığı çağırışları və ortaq gələcəyin qurulması üçün zəruri olan əməkdaşlıq istiqamətlərini əhatə edir.

Bu çıxışın əsas qayəsi aydındır: Türk Dövlətləri Təşkilatı yalnız tarixi, mədəni və etnik yaxınlığın ifadəsi olan bir birlik kimi deyil, həm də beynəlxalq təhlükəsizlikdə, iqtisadi əməkdaşlıqda, enerji və nəqliyyat bağlantılarında söz sahibi olan güclü institusional platforma kimi inkişaf etməlidir. Prezident İlham Əliyevin yanaşmasında Türk dünyasının birliyi keçmişdən gələn mənəvi bağlılığın qorunması ilə yanaşı, bu bağlılığın konkret siyasi, iqtisadi və təhlükəsizlik nəticələrinə çevrilməsini nəzərdə tutur.
Dövlət başçısının “Türk dünyası bizim ailəmizdir” fikri bu strategiyanın mənəvi və siyasi mahiyyətini ifadə edən mühüm tezislərdən biridir. Bu, sadəcə, qardaşlıq münasibətlərinin emosional təsviri deyil. Eyni zamanda, Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsində Türk dünyasının tutduğu xüsusi yeri göstərən prinsipial mövqedir. Prezidentin vurğuladığı kimi, Azərbaycan təşkilata üzv ölkələrlə ikitərəfli münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir, müttəfiqlik əlaqələrini möhkəmləndirir, qarşılıqlı investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Türk dünyasının birliyi bu gün həm də yeni beynəlxalq reallıqların diktə etdiyi zərurətdir. Qlobal miqyasda geosiyasi qarşıdurmaların dərinləşdiyi, münaqişələrin coğrafiyasının genişləndiyi, beynəlxalq hüququn tətbiqində ciddi problemlərin meydana çıxdığı bir şəraitdə dövlətlər arasında etimadın və qarşılıqlı dəstəyin əhəmiyyəti daha da artır. Belə bir dövrdə ortaq maraqlar ətrafında birləşən ölkələrin əlaqələndirilmiş fəaliyyəti onların təhlükəsizlik imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq proseslərdə mövqelərini də möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışında enerji və nəqliyyat təhlükəsizliyinə xüsusi yer ayırması da təsadüfi deyil. Müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. Enerji təchizatının davamlılığı, nəqliyyat marşrutlarının etibarlılığı, iqtisadi əlaqələrin sabitliyi və strateji infrastrukturun qorunması dövlətlərin təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Azərbaycanın coğrafi mövqeyi bu baxımdan ölkəmizə mühüm imkanlar qazandırır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan həm enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında, həm də Mərkəzi Asiya ölkələri ilə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında əhəmiyyətli rol oynayır. Xəzər hövzəsi üzərindən həyata keçirilən əməkdaşlıq Türk dünyasının iqtisadi inteqrasiyasına yeni imkanlar açır, ölkələrimizin daha geniş coğrafiyada əlaqələndirici mövqeyini gücləndirir.
Bu reallıq Azərbaycanın regional siyasətində nəqliyyat və enerji layihələrinin niyə xüsusi yer tutduğunu da aydın göstərir. Söhbət yalnız iqtisadi gəlirlərdən getmir. Söhbət dövlətlərin bir-birinə bağlılığını artıran, ortaq maraqlar formalaşdıran və uzunmüddətli əməkdaşlığın maddi əsaslarını yaradan strateji infrastrukturlardan gedir. Prezidentin vurğuladığı kimi, enerji və nəqliyyat təhlükəsizliyi olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil.
Bununla yanaşı, Türk dünyasının gücü yalnız təbii ehtiyatlar, coğrafi mövqe və iqtisadi imkanlarla ölçülmür. Bu birliyin ən mühüm dayaqlarından biri xalqlarımızın ortaq tarixi, mədəniyyəti, dili və mənəvi dəyərləridir. Dövlət başçısının çıxışında bu amilə xüsusi diqqət yetirməsi Türk Dövlətləri Təşkilatının mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir.
Dünyada müxtəlif beynəlxalq təşkilatlar mövcuddur. Lakin ümumi etnik köklərin, dil və mədəniyyət yaxınlığının, tarixi yaddaşın bu qədər mühüm rol oynadığı birliklər o qədər də çox deyil. Türk dünyasını fərqləndirən cəhət də məhz budur: dövlətlərimizi birləşdirən münasibətlər yalnız siyasi və iqtisadi maraqlardan qaynaqlanmır. Bu münasibətlərin arxasında əsrlərin sınağından keçmiş mənəvi yaxınlıq, ortaq mədəni irs və xalqlarımızın bir-birinə doğmalıq hissi dayanır.
Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması bu mənəvi bağlılığın konkret ifadəsidir. Müxtəlif dövrlərdə yaşamış bu böyük sənətkarlar Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni yaddaşında xüsusi yer tuturlar. Onların irsi göstərir ki, Türk dünyasının mədəni əlaqələri müasir siyasi münasibətlərdən çox-çox əvvəl formalaşıb. Bu gün həmin irsin qorunması və gələcək nəsillərə çatdırılması ortaq kimliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin ortaq tarix və mədəniyyət yalnız keçmişə ehtiramla məhdudlaşmamalıdır. Bu mənəvi zənginlik müasir əməkdaşlığın canlı mənbəyinə çevrilməlidir. Xalqlarımızın bir-birini daha yaxından tanıması, gənclər arasında əlaqələrin genişlənməsi, təhsil, elm, ədəbiyyat və mədəniyyət sahələrində birgə təşəbbüslərin artırılması Türk dünyasının gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir.
Prezident İlham Əliyevin çıxışında gənclər siyasətinə xüsusi diqqət yetirməsi də bu baxımdan diqqətəlayiqdir. Dövlət başçısı hesab edir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət ayrılmalı, müntəzəm forumlar, konfranslar və digər tədbirlər keçirilməlidir. Bu yanaşma olduqca mühüm bir həqiqəti ön plana çıxarır: Türk dünyasının bugünkü birliyi gələcək nəsillərin də şüurunda yaşamalı, onların düşüncəsində və fəaliyyətində öz davamını tapmalıdır.
Müasir dövrdə gənclərin informasiya mühitində qarşılaşdıqları çağırışlar da bu məsələnin aktuallığını artırır. Rəqəmsal platformalar, sosial şəbəkələr və informasiya texnologiyaları gənclərin dünyagörüşünə, dəyərlər sisteminə və ictimai mövqeyinə ciddi təsir göstərir. Belə bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və sağlam düşüncəli vətəndaşların yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Burada əsas məsələ gəncləri müasir dünyadan təcrid etmək deyil, onların müasir biliklərə yiyələnməsini, dünyada baş verən prosesləri düzgün qiymətləndirməsini və öz milli kimliyinə bağlı şəkildə inkişaf etməsini təmin etməkdir. Türk Dövlətləri Təşkilatının gənclər arasında əməkdaşlığı genişləndirməsi bu baxımdan həm mənəvi, həm də strateji əhəmiyyətə malikdir.
Çıxışın mühüm istiqamətlərindən biri də təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlıdır. Cənab Prezidentin dediyi kimi, regionda və onun ətrafında baş verən müharibələr, münaqişələr və artan geosiyasi gərginliklər təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini zəruri edir. Belə şəraitdə dövlətlərin yalnız mövcud təhdidlərə reaksiya verməsi kifayət etmir. Təhlükələrin vaxtında müəyyənləşdirilməsi, onların qarşısının alınması və mümkün risklərin qabaqlanması üçün əlaqələndirilmiş fəaliyyət vacibdir.
Məhz buna görə təhlükəsizlik qurumları arasında operativ informasiya mübadiləsi, təcrübənin bölüşdürülməsi və birgə fəaliyyət mexanizmlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Təhlükəsizlik sahəsində əməkdaşlıq etimadın möhkəmləndirilməsinə, qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və regional sabitliyin qorunmasına xidmət edir.
Dövlət başçısının diqqət çəkdiyi digər məsələ ideoloji təhdidlərdir. Müasir dünyada dövlətlərin üzləşdiyi risklər yalnız fiziki və hərbi xarakter daşımır. İnformasiya məkanında baş verən proseslər, ictimai həmrəyliyə təsir göstərən kampaniyalar və gənclərin düşüncəsinə yönələn müxtəlif təsirlər də təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib.
Bu reallıq informasiya təhlükəsizliyinin, media savadlılığının və cəmiyyətin tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyini göstərir. Milli maraqların qorunması eyni zamanda vətəndaşların etibarlı məlumat əldə etməsi, informasiya mənbələrini düzgün qiymətləndirməsi və manipulyativ məzmunu ayırd edə bilməsi ilə bağlıdır. Bu sahədə dövlətlər arasında təcrübə mübadiləsi və maarifləndirici təşəbbüslər də əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüquq məsələsinə xüsusi yer ayırması isə Azərbaycanın tarixi təcrübəsi ilə birbaşa bağlıdır. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulması və beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməməsi problemi ilə üzləşib. Dövlət başçısı xatırladır ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin uzun müddət icra olunmaması beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı ciddi suallar yaradıb.
Bu təcrübə Azərbaycanın beynəlxalq hüququn aliliyinə niyə xüsusi əhəmiyyət verdiyini izah edir. Beynəlxalq hüquq yalnız sənədlərdə təsbit olunan prinsiplər toplusu deyil. O, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasına xidmət edən əsas mexanizm olmalıdır. Əgər beynəlxalq hüququn tətbiqində seçici yanaşma meydana çıxırsa, bu, dövlətlər arasında etimadı zəiflədir və yeni münaqişələrin yaranması riskini artırır.
Prezidentin səsləndirdiyi mövqe beynəlxalq münasibətlərdə hüququn üstünlüyünün təmin olunmasına, qəbul edilən qərarların icrasına və beynəlxalq təşkilatların məsuliyyətinin artırılmasına yönəlmiş çağırış kimi dəyərləndirilə bilər. Türk Dövlətləri Təşkilatının bu məsələlərdə ortaq mövqe nümayiş etdirməsi onun beynəlxalq nüfuzunun və siyasi çəkisinin möhkəmlənməsinə töhfə verə bilər.
Çıxışda Türk Dövlətləri Təşkilatının institusional inkişafına dair səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev təşkilatın Zirvə görüşlərinin müntəzəm keçirilməsini, Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşləri formatının yaradılmasını xatırladaraq dövlət başçıları arasında daha sıx təmasların vacibliyini vurğulayır. Bu yanaşma əməkdaşlığın yalnız müəyyən tədbirlərlə məhdudlaşmamasını, ortaq qərarların ardıcıl müzakirə və koordinasiya yolu ilə həyata keçirilməsini nəzərdə tutur.
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu baxımdan xüsusi rəmzi məna daşıyır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin yeni reallıqlarını, Türk dünyası ilə münasibətlərinin inkişafını və ortaq gələcəyə baxışını əks etdirir.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini inkişaf etdirməsi, birgə investisiya fondlarının yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi də Türk dünyasının birliyinin praktik məzmununu gücləndirir. Bu münasibətlər siyasi bəyanatlarla yanaşı, konkret layihələr, qarşılıqlı investisiyalar və xalqların rifahına xidmət edən təşəbbüslərlə möhkəmlənir.
Prezident İlham Əliyevin Qazaxıstanla münasibətlərə toxunarkən Qarabağın bərpasına göstərilən dəstəyə görə təşəkkür etməsi də qardaşlıq münasibətlərinin real məzmununu nümayiş etdirir. Ağdamda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması kimi təşəbbüslər işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, uşaqların və gənclərin təhsil və yaradıcılıq imkanlarının genişləndirilməsinə xidmət edir. Bu, həm də Türk dünyasının həmrəyliyinin insanların gündəlik həyatında hiss olunan nəticələrə çevrilməsinin nümunəsidir.
Bütün bu məqamlar bir həqiqəti ortaya qoyur: Türk Dövlətləri Təşkilatının gələcəyi onun malik olduğu potensialdan nə dərəcədə səmərəli istifadə etməsindən asılıdır. Coğrafi mövqe, təbii ehtiyatlar, iqtisadi imkanlar, gənc əhali, ortaq mədəniyyət və siyasi iradə bu birliyin mühüm üstünlükləridir. Lakin həmin üstünlüklər yalnız əlaqələndirilmiş fəaliyyət, qarşılıqlı etimad və uzunmüddətli strategiya ilə daha böyük nəticələr verə bilər.
Prezident İlham Əliyevin Bakıdan səsləndirdiyi mesaj məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Türk dünyası tarixi yaxınlığını müasir dünyanın çağırışlarına cavab verən güclü əməkdaşlıq modelinə çevirməli, təhlükəsizlikdən iqtisadiyyata, nəqliyyatdan enerjiyə, təhsildən mədəniyyətə qədər bütün sahələrdə əlaqələrini dərinləşdirməlidir.
Bu yolun əsasını isə ortaq məsuliyyət və gələcəyə inam təşkil edir. Çünki xalqların birliyi yalnız keçmişin xatirələri ilə deyil, bu gün görülən işlər və sabah üçün müəyyənləşdirilən məqsədlərlə möhkəmlənir.
Türk dünyasının qarşısında dayanan vəzifə ortaq tarixdən güc almaq, bugünkü imkanları birləşdirmək və gələcək nəsillərə daha təhlükəsiz, daha sabit, daha geniş əməkdaşlıq imkanlarına malik bir məkan ötürməkdir. Prezident İlham Əliyevin çıxışı bu strateji hədəfin siyasi mahiyyətini və onun həyata keçirilməsi üçün mövcud olan imkanları aydın şəkildə ortaya qoyur.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri