Icma.az
close
up
RU
Türk dünyasına təmənnasız xidmət

Türk dünyasına təmənnasız xidmət

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Namiq Qədimoğlu
Əməkdar jurnalist


Tanınmış folklorşünas alim, tədqiqatçı-publisist Əli Şamil haqqında eşitdiyim ilk məlumatların tarixi tələbəlik illərimə – Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil aldığım illərə gedib çıxır. Həmin illərdə fakültənin elmi və ictimai həyatında fəallığı ilə seçilən, tələbələr arasında xüsusi nüfuza malik bir gəncin adı tez-tez çəkilirdi. Bu, fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Əli Şamilov idi. Sonralar Əli Hüseynoğlu, lap sonralarsa Əli Şamil oldu. Şəxsi tanışlığım isə tələbəlik illərindən xeyli sonra, 1990-cı ilin avqustunda baş tutdu. Həmin dövrdə Azərinformun (indiki AZƏRTAC) müxbiri kimi Naxçıvanda çalışdığım zaman tanış olduğum jurnalistlər və ziyalılar arasında onun adı xüsusi hörmətlə çəkilirdi. Ünsiyyətimiz göstərdi ki, tələbəlik illərindən haqqında eşitdiyim fikirlər heç də mübaliğə deyilmiş. 

1990-cı ildə Heydər Əliyevin siyasi fəaliyyətinə, Azərbaycana qayıdışına və ictimai mövqeyinə münasibətdə mətbuatda hökm sürən susqunluq şəraitində Əli Şamilin mövqeyi xüsusi diqqətə layiqdir. Bunu yalnız jurnalist fəaliyyəti deyil, həm də həmin dövrün informasiya məhdudiyyətlərinə qarşı nümayiş etdirilən peşəkar və vətəndaş mövqeyi kimi qiymətləndirmək olar. Bir faktı da şahid kimi qeyd edə bilərəm: Heydər Əliyev haqqında məlumatların yayılmasına ciddi maneələr yaradıldığı bir vaxtda onun barəsində yazılar hazırlayan, müsahibələrini əldə edərək mətbuatda dərc etdirən müəlliflərdən birincisi məhz Əli Şamil idi.

Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan Azərbaycana, doğulduğu Naxçıvana qayıdışı ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı idi. Hakimiyyətə yaxın mətbuat orqanları baş verənlərə münasibət bildirməkdən yayınır, o vaxtkı hakimiyyətin tələbi ilə onun Azərbaycana dönüşü barədə susmağa üstünlük verirdilər. Belə bir şəraitdə Naxçıvan mətbuatı informasiya blokadasını yarmaq, cəmiyyətə tarixi hadisənin mahiyyətini çatdırmaq baxımından mühüm rol oynadı. Naxçıvanda nəşr edilən “Varlıq” qəzetinin bir ilk olaraq 1990-cı il iyulun 25-də Əli Şamilin Heydər Əliyevlə hazırladığı müsahibəni dərc etməsi xüsusi əhəmiyyət daşıyır. Ertəsi gün, iyulun 26-da isə “Şərq qapısı” qəzetində Möhsün Möhsünovun Heydər Əliyevlə müsahibəsi işıq üzü gördü. Bu müsahibələr Ulu öndərin Naxçıvana qayıdışından sonra mətbuatda dərc edilmiş ilklər sırasında yer alırdı. Bu nəşrlər adi jurnalist materialı olmaqdan daha çox, ictimaiyyətin həqiqi məlumat almaq hüququnun müdafiəsi və tarixi hadisənin informasiya məkanında təsdiqi baxımından əlamətdar idi.

Əli Şamilin həmin dövrdəki fəaliyyətini səciyyələndirən başqa bir mühüm məqam da var. 20 Yanvar faciəsindən sonra Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyində etdiyi tarixi çıxışın tam mətnini ilk dəfə dərc edən mətbuat orqanı da “Varlıq” qəzeti olmuşdu. Qəzetin ilk sayında oxuculara təqdim edilən bu çıxış sonralar, 1990-cı ilin aprelində, Naxçıvanda rəsmi icazə olmadan nəşr edilən materiallar silsiləsi çərçivəsində yüksək tirajla, bəzi mənbələrdə 20 min nüsxə,  yenidən çap olunaraq Azərbaycanın müxtəlif bölgələrinə yayılmışdı. Bu fakt həmin nəşrin yalnız yerli informasiya vasitəsi olmadığını, eyni zamanda ictimai-siyasi yaddaşın qorunmasında fəal iştirak etdiyini göstərir.

Əli Şamilin Heydər Əliyevə münasibətini onun jurnalist fəaliyyətindəki daha bir insani məqam da tamamlayır. Heydər Əliyevin bacısı Surə xanımın vəfatı münasibətilə “Varlıq” qəzetində başsağlığı mətninin dərc olunmasına da Əli Şamil təşəbbüs göstərmişdi. Bu, ilk baxışda kiçik bir epizod təsiri bağışlasa da, dövrün siyasi-ictimai reallıqları fonunda müəyyən məna daşıyırdı. Çünki həmin vaxt Heydər Əliyevin adının mətbuatda çəkilməsi belə bir sıra hallarda arzuolunmaz hesab edilir, onun ictimai nüfuzunun görünməz qalmasına çalışılırdı.

Bütün bunlar Əli Şamilin jurnalist fəaliyyətinə yalnız yazı müəllifliyi və müsahibəçilik çərçivəsində yanaşmağın yetərli olmadığını göstərir. O, mürəkkəb siyasi şəraitdə informasiya qadağalarının yaratdığı boşluğu aradan qaldırmağa çalışan, tarixi faktların ictimaiyyətə çatdırılmasını özünün peşəkar məsuliyyəti hesab edən jurnalistlərdən olub. Çünki jurnalistin peşəkarlığı yalnız sərbəst şəraitdə yazdıqları ilə deyil, sözün və informasiyanın məhdudlaşdırıldığı dövrlərdə hansı mövqe tutması ilə də ölçülür.

Naxçıvanda çalışdığım illərdə onunla ünsiyyət mənim jurnalist kimi dünyagörüşümün formalaşmasına da müəyyən təsir göstərdi. Əli Şamil hadisələri yalnız cari informasiya kontekstində deyil, tarixi yaddaş, milli kimlik və siyasi proseslərin qarşılıqlı əlaqəsi müstəvisində təhlil etməyi bacarırdı. O, danışdığı hər bir mövzuya yeni faktlar, eşitmədiyim adlar və fərqli yanaşmalar gətirdi. Mərhum Ramiz Əskərin Əli haqqında söylədiyi fikirlər bu xüsusiyyəti çox dəqiq ifadə edir. Ramiz Əskər məqalələrinin birində yazırdı ki,  bir sıra tarixi şəxsiyyətlərin adını ilk dəfə məhz Əli Şamildən eşitmişdim. Əmin Abid, Zəki Vəlidi Toğan, Xalid Səid Xocayev, Əhməd Baytursun, Numan Çələbi Cihan, Abbasqulu ağa Şadlinski kimi şəxsiyyətlər haqqında məlumatlar onun söhbətlərində xüsusi yer tuturdu. Solovki adası, QULAQ sistemi, sovet repressiyaları və milli ziyalılara qarşı həyata keçirilən siyasi təqiblər barədə danışdıqları isə tarixə münasibətimdə yeni düşüncə istiqamətləri açırdı. O, sovet tarixşünaslığının susdurduğu və ya təhrif etdiyi faktları gündəmə gətirməklə, milli tariximizin qaranlıq səhifələrinə diqqət çəkirdi. 

Əli Şamilin maraq dairəsi yalnız siyasi tarix və repressiyalarla məhdudlaşmayıb. Onun söhbətlərində qədim Şumer mədəniyyətindən tutmuş, türk xalqlarının folkloruna, aşıq sənətinə və ədəbiyyatına qədər geniş bir mövzu spektri əhatə olunurdu. Xəstə Həsən, Aşıq Şenlik, Aşıq Veysəl, Qarani, Sümmani, İslam Ərdənər və Aşıq İskəndər Ağbabalı kimi sənətkarların yaradıcılığına müraciət etməsi onun türk mədəniyyətinə dərindən bələd olduğunu göstərirdi. Məxdumqulu, Abdulla Tukay, Şahzadə Babiç və Bəkir Çobanzadə kimi simalar da onun daim diqqət mərkəzində saxladığı şəxsiyyətlər sırasında idi.

Bu faktlar Əli Şamilin fəaliyyətində mühüm bir istiqaməti – türk xalqlarının ortaq tarixi və mədəni irsinin araşdırılmasını aydın şəkildə ortaya qoyur.

O, ayrı-ayrı xalqların ədəbiyyatını, folklorunu və ictimai fikir tarixini təcrid olunmuş hadisələr kimi deyil, ümumtürk mədəniyyətinin qarşılıqlı əlaqədə olan zəngin mənəvi sərvəti kimi təqdim edir. Onun üçün milli tarix yalnız keçmişdə baş vermiş hadisələrin xronologiyası deyil. Bu tarix həm də xalqın yaddaşı, kimliyi və gələcəyə baxışının əsaslarından biridir.

Əli Şamilin yaradıcılıq fəaliyyətinin miqyasını müəyyənləşdirmək çətin olduğu kimi, bu tədqiqatların əhatə dairəsini də bir neçə mövzu ilə məhdudlaşdırmaq mümkün deyil. Lakin Əmin Abid haqqında apardığı araşdırmalar Əli Şamilin elmi inadını, tarixi yaddaşa sədaqətini və tədqiqatçı məsuliyyətini nümayiş etdirən ən mühüm fəaliyyət sahələrindəndir. O, hələ 1972-ci ildən Əmin Abidin həyat və yaradıcılığını öyrənməyə başlamış, irsinin tədqiqi ilə yanaşı, onun əsərlərinin yenidən elmi dövriyyəyə qaytarılmasına da mühüm töhfə vermişdir. Bu baxımdan Əmin Abidin “Buzlu cəhənnəm” kitabının nəşri xüsusi əhəmiyyət daşıyır. Kitaba yazdığı geniş ön söz 2002-ci ilin avqustunda Təbrizdə nəşr olunan “Mehri-azadi” qəzetində səkkiz yazı şəklində dərc edilmişdir. Əli Şamil bu mövzuda müxtəlif elmi toplantılarda məruzələrlə çıxış etmiş, araşdırmalarını elmi nəşrlərdə, xüsusilə Türkiyənin “Milli Folklor”, “Bilgi” kimi məşhur elmi  jurnallarında yayımlamışdır. Onun tədqiqatları Bəxtiyar Vahabzadə, Çirməmməd Hüseynov,  Qulu Xəlilov, Abbas Zamanov, Nəriman Zeynalov, sonralarsa akademik Muxtar İmanov, professorlar Teymur Əhmədov, Bədirxan Əhmədov və başqa tanınmış ziyalılar tərəfindən yüksək qiymətləndirilmiş, ona dissertasiya müdafiə etmək tövsiyə olunmuşdur. Lakin həmin dövrdə mövcud olan siyasi-ideoloji məhdudiyyətlər, eləcə də Əli Şamilin tədqiqat prinsiplərinə sadiqliyi bu məsələnin həllini çətinləşdirirdi.

Əmin Abid haqqında dissertasiya müdafiəsi mövcud dövrün elmi-ideoloji tələbləri baxımından real deyildi. Başqa mövzuda tədqiqat aparmaq təklifləri isə Əli Şamil tərəfindən qəbul edilmirdi. Beləliklə, elmi dəyəri və aktuallığına baxmayaraq, Əmin Abid irsinin tədqiqi üzərində qurulmuş dissertasiya müdafiəsi baş tutmamışdı. Bu vəziyyət bir tərəfdən dövrün elmi mühitinin məhdudiyyətlərini, digər tərəfdən isə Əli Şamilin seçdiyi elmi istiqamətdən dönməmək prinsipiallığını əks etdirirdi.

Əli Şamilin çoxşaxəli tədqiqat fəaliyyətində türk xalqlarının tarixi, milli-mənəvi dəyərləri, ədəbi irsi və ictimai-siyasi problemləri aparıcı istiqamətlərdəndir. Türkiyənin elmi mühitində tanıdığım alim və tədqiqatçılar arasında Əli Şamilin adını eşitməyənə rast gəlmədiyimi desəm, heç də yanılmaram. Bu tanınma təsadüfi deyil, uzun illər ərzində aparılan ardıcıl və məhsuldar tədqiqatların nəticəsidir. O, xaricdə yaşayan soydaşlarımızın siyasi vəziyyətini, milli azadlıq mübarizəsini, ədəbi, elmi və tarixi irsini daim diqqət mərkəzində saxlamışdır. Professor Ədalət Tahirzadə ilə  hazırladığı “Türk xalqlarının tanınmış adamları” ensiklopedik sözlüyünün layihəsi bu istiqamətdə mühüm təşəbbüs idi. Təəssüf ki, Azərbaycan Ensiklopediyasında 2004-cü ildən sonra bu iş dayandırıldı. Onun “Tanıdığım insanlar”, “Dastanlaşmış ömürlər”, “Quzey Kıbrıs”, “Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Colan türkmanları”, “Krım sevgisi” kitabları isə türk dünyasının müxtəlif coğrafiyalarına açılan elmi pəncərədir. Əməkdar jurnalist Tahir Aydınoğlunun “Jurnalist Türk dünyasına pəncərə açır” məqaləsi də bu fəaliyyətin əhatə dairəsini dolğun əks etdirir.

Əli Şamilin xüsusilə geniş araşdırdığı mövzulardan biri Kiprə həsr olunub. 1974-cü il hadisələri, EOKA təşkilatlarının fəaliyyəti, enozis siyasəti, Makarios və Samson dövründə türklərə qarşı törədilən cinayətlər və Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasına aparan proseslər onun çoxsaylı məqalələrində öz əksini tapmışdır. Quzey Kiprin ilk prezidenti Rauf Denktaşla görüşləri, “Kıbrıs Azerbaycan Mediasında”, “Kıbrıs ‘Azadlık’ Gazetesi Sayfalarında”, “Ayna” Gazetesinin Kıbrıs Hakkında Yazdıkları” və digər yazıları bu mövzunun ən müxtəlif tərəflərini işıqlandırır.

Krım tatarlarının taleyi də onun yaradıcılığında xüsusi yer tutur. Milli dövlətçilik uğrunda mübarizə, 1944-cü il deportasiyası və doğma yurda qayıdışın ağrılı tarixçəsi “Qanı ilə şeir yazan, milləti üçün dövlət quran Numan Çələbi Cihan”, “Krım tatarlarının qara günü” kimi yazılarda əksini tapmışdır. Bəkir Çobanzadə və Çingiz Dağçı haqqında araşdırmaları isə Əli Şamilin türk xalqlarının ortaq tarixinə və mənəvi yaddaşına nə qədər dərindən bağlı olduğunu göstərir.

Əli Şamilin türk xalqlarının öyrənilməsi və tanıdılması sahəsindəki xidmətlərindən danışarkən qaqauzlara göstərdiyi diqqəti ayrıca qeyd etmək lazımdır. Mənim qənaətimcə, qaqauzların adını Azərbaycan mətbuatında ilk dəfə geniş ictimaiyyətə tanıdan, bu xalqın taleyi və problemləri barədə ardıcıl yazanlardan birincisi məhz Əli Şamil olmuşdur. O illərdə Azərbaycan gənclərinin türk dünyası haqqında məlumatı, siyasi dünyagörüşü və milli şüuru indiki qədər geniş deyildi. Əli Şamil yazıları və şəxsi söhbətləri ilə, əslində, maarifçilik missiyasını həyata keçirirdi. Yadımdadır, ötən əsrin son rübündə qaqauzların “Ana sözü” qəzeti oxucu və abunəçi çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Əli Şamil digər vətənpərvər ziyalılarla birlikdə Azərbaycanda qəzetə abunə kampaniyası təşkil etdi. Nəticədə “Ana sözü”nə ölkəmizdə böyük oxucu marağı yarandı. Bu təşəbbüsə həsr etdiyi “Qardaş xalqımıza böyük maraq” məqaləsi də həmin qəzetdə dərc olundu. Onun Kişinyov və Komrat nəşrlərində yayımlanan “Azərbaycanda qagauzlar” və “Azerbaycanda Qagauzlarla İlgili Kaynaklar” məqalələri də bu marağın elmi ifadəsi idi.

Əli Şamil qaqauz ədəbiyyatının tanıdılmasına da xüsusi əmək sərf etmişdir. Tudora Arnautun yaradıcılığına, xüsusilə “Qaqauzam, Bucaqdır yerim” kitabına həsr etdiyi yazılar, eləcə də İranın “Varlıq” və “Mişov dağı” dərgilərində çap olunan “Bir qaqauz şairi” məqaləsi bu istiqamətdəki fəaliyyətinin nümunələridir. O, 2010-cu ildə Todur Zanetin şeirlərini Ramiz Əskərə göndərərək “Ana dilim” kitabının tərcümə və nəşrinə təşəbbüs göstərməsi, sonrakı illərdə Bəkir Çobanzadə, Abdulla Tukay və Toktoqulun əsərlərinin Azərbaycan dilinə çevrilməsinə verdiyi töhfə onun ortaq türk ədəbiyyatına xidmətinin daha bir parlaq nümunəsidir. 

Əli Şamilin tədqiqat coğrafiyası türk dünyasının demək olar ki, bütün bölgələrini əhatə edir. Uyğurlardan noqaylara, qazaxlardan qırğızlara, kumuklardan Colan türklərinə, qaşqaylardan Axıska türklərinə qədər müxtəlif xalqların tarixi, ədəbiyyatı, folkloru və milli mübarizəsi onun araşdırmalarında özünəməxsus yer tutur. “Azadlıqsevər uyğurlar üçün şəhid şair Lütfulla Mütəllib nümunəsi”, “Mustafa Çokay – türklük savaşçısı”, “Osman Batur – qəhrəman türk”, “Kumuk Edebiyatının Dünü ve Bugünü”, “Nogay Edebiyatı Eskiden ve Şimdi”, “Colan türklərinin folkloru” kimi əsərləri bu geniş marağın göstəricisidir. Onun “Sürgün olunanların sorağı ilə”, “Qaşqay elinə səfər”, “Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə, yaxud İssık göl məni nədən kövrəltdi” silsilə yazıları isə coğrafi uzaqlıqlara baxmayaraq, ortaq tarixi yaddaşın izlərini axtarmaq baxımından əhəmiyyətlidir. Xüsusilə Qazaxıstana sürgün edilmiş soydaşlarımızın, İranın cənubunda yaşayan qaşqayların və qırğızların həyatına dair araşdırmaları məlumatlandırıcı və maarifləndirici xarakter daşıyır. Axıska türkləri, xüsusilə Xəstə Həsən haqqında araşdırmaları da diqqətəlayiqdir. 1984-cü ildə “Sovet Naxçıvanı”, 1986-cı ildə “Sovet Gürcüstanı” qəzetlərində başlayan bu tədqiqatlar 2012-ci ildə “Axıskalı Xəstə Hasan” kitabı ilə genişləndi. Əsər 2013-cü ildə “Ahıska” qəzetində 46 məqalə şəklində dərc olundu. 

Əli Şamilin Naxçıvanla bağlı fəaliyyəti onun jurnalistlik və vətənpərvərlik keyfiyyətlərini birləşdirən ayrıca bir səhifədir. Uzun illər əvvəlcə “Sovet Naxçıvanı”, sonralar “Şərq qapısı”  qəzetdə çalışmış, hətta bu qəzetin adının dəyişdirilməsi prosesində də fəallıq göstərmişdir. Məni xüsusilə təəccübləndirən onun Naxçıvanı ölkə hüdudlarından kənarda tanıtmaq üçün göstərdiyi təşəbbüskarlıqdır. Uzaq Şərqdən Volqaboyuna, Şimali Qafqazdan SSRİ-nin digər bölgələrinə qədər müxtəlif mətbuat orqanlarında Naxçıvanın təbii sərvətləri, müalicəvi imkanları və turizm potensialı haqqında yazılar dərc etdirmişdir. Duz mədənlərinin müalicəvi əhəmiyyətini, xüsusilə astma xəstələri üçün imkanlarını işıqlandıran məqaləsini rus dilinə tərcümə etdirərək müxtəlif qəzetlərə göndərməsi nəticəsində Naxçıvana maraq xeyli artmışdı. Hətta yaranan müraciət çoxluğu səbəbindən müalicə növbələrinin təşkili məsələsi gündəmə gəlmiş, burada da onun təşəbbüsü ilə türk əsilli soydaşlarımız üçün ayrıca növbənin yaradılması təklif olunmuşdu.

Əli Şamilin fəaliyyətini dəyərləndirərkən onun gerçək dissident mövqeyini də xüsusi qeyd etmək lazımdır. Və ağlıma gələn ilk fikir də bu oldu ki, adam disidentlərdən yaza-yaza özü də disident olurmuş... Dissidentlik yalnız hakim ideologiyaya qarşı çıxmaq və ya fərqli siyasi mövqe nümayiş etdirmək deyil. Bu, ilk növbədə, düşüncə azadlığını qorumaq, tarixi həqiqətləri unutdurmağa çalışan mexanizmlərə qarşı dayanmaq, milli yaddaşın qorunması naminə mövcud məhdudiyyətlərdən çəkinməməkdir. Əli Şamilin araşdırmalarında və publisistik mövqeyində məhz bu xüsusiyyətlər özünü göstərib.

Bu gün geriyə baxanda bir daha əmin oluram ki, Əli Şamilin ən böyük xidmətlərindən biri oxucunu və həmsöhbətini məlum faktlarla kifayətlənməməyə, tarixin görünməyən tərəflərini araşdırmağa sövq etməsidir. O, yalnız yeni adları və hadisələri tanıtmır; həm də tarixi düşünməyi, rəsmi qənaətləri sorğulamağı və milli yaddaşa məsuliyyətlə yanaşmağı öyrədir. Onun haqqında formalaşmış qənaətimi bu gün də qoruyuram. Qələmə aldığı yazıların, apardığı araşdırmaların və ifadə etdiyi tarixi mövqeyin böyük bir hissəsi ilə razıyam. Publisistik irsi yalnız jurnalist fəaliyyətinin nəticəsi deyil, həm də milli tarixə sədaqətin, müstəqil düşüncənin və ziyalı cəsarətinin nümunəsidir. Zaman dəyişir, siyasi sistemlər və ideoloji yanaşmalar tarix səhnəsindən çəkilir, lakin həqiqəti axtarmaq əzmi ilə yazılan söz öz əhəmiyyətini itirmir. Əli Şamilin yaradıcılığını dəyərli edən də faktlardan biri də məhz budur.

Onun ömrünü rahat yolların deyil, çətin sualların, açılmamış səhifələrin, unudulmuş talelərin və həllini gözləyən problemlərin arxasınca getməyə həsr edən aydınlardandır. Həyat yoluna nəzər salanda qəribə bir təzadla qarşılaşırsan: sadəliyində böyük bir mürəkkəblik, təvazökarlığında geniş bir mənəvi dünya, sakit görünən təbiətində isə yorulmaz bir axtarış ehtirası yaşayır. O, akademik, professor, hətta dosent titulları daşımadı. Bəlkə də daşıya bilərdi, amma  heç vaxt bu adların arxasınca getmədi. Çünki onun üçün elmi nüfuzun ölçüsü vəzifə, titul və fəxri adlar deyil, ortaya qoyulan əməyin, yazılan əsərlərin və cəmiyyətə verilən töhfənin dəyəri idi.

Ola bilsin ki, məhz buna görə də  Əli Şamil öz əməli fəaliyyəti, elmi axtarışları və mənəvi mövqeyi ilə çox titullulardan daha uca bir zirvədə dayanır. O, unudulanları xatırlatdı, susdurulanların səsini eşitdirdi, sərhədlərin ayırdığı xalqlar arasında mənəvi körpülər saldı, tariximizin qaranlıqda qalan səhifələrinə işıq tutdu. Bəzən bir insanın ömrü boyu gördüyü işləri sadalamaq mümkündür, amma həmin əməyin yaratdığı mənəvi dəyəri sözlə ifadə etmək çətindir. Əli Şamil də belələrindəndir.

Bu yazını tamamlayarkən bir daha düşünürəm: insanın böyüklüyü ona verilən adlarda deyil, arxasında qoyduğu izlərdədir. Titullar zamanla unudula, vəzifələr dəyişə bilər, amma xalqların yaddaşına qaytarılan həqiqətlər, qorunan milli dəyərlər və gələcək nəsillərə ötürülən mənəvi miras yaşayır. Əli Şamilin ən böyük titulu da, məncə, elə budur: Türk dünyasının yaddaşına xidmət edən, ömrünü sözə, tarixə və milli mənəviyyata həsr edən ziyalı olmaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri