Böyük sənətə yüksək qiymət İsa Həbibbəyli yazır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı bəzi tədbirlər haqqında"kı 22 may 2025-ci il tarixli Sərəncamı ölkəmizdə milli mədəniyyətimizin tarixi ənənələrinin yaşadılmasına, memarlıq abidələrimizin qorunub saxlanılmasına, bərpa edilməsinə göstərilən qayğının, bu böyük mədəniyyəti yaradan tarixi simaların xidmətlərinə dövlət səviyyəsində bəslənilən hörmət və ehtiramın əyani ifadəsidir.
Möminə xatun məqbərəsinin həm də Atabəylər türbəsi adlandırılması bu möhtəşəm memarlıq əsərinin Azərbaycan dövlətçiliyi baxımından da mühüm əhəmiyyətə malik olduğunu nümayiş etdirir. XII-XIII əsrlərdə (1136-1225) fəaliyyət göstərmiş Azərbaycan Atabəyləri dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən məharətlə inşa edilmiş Möminə xatun türbəsi XII əsrdə Azərbaycan dövlətinin milli mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğını, dövlət və sənətkar münasibətlərini əyani şəkildə əks etdirir. Möminə xatun türbəsinin üzərində Azərbaycanın görkəmli dövlət xadimlərinin "dünyanın ədalətli hökmdarı, əzəmətli, qalib Şəmsəddin"in (Şəmsəddin Eldənizin), "dünyanın ədalətli və ülvi hökmdarı" Atabəy Məhəmməd Cahan Pəhləvanın adlarının yazılması bu abidənin dövlətçilik baxımından əhəmiyyətli olduğunu göstərən tarixi faktlardır. Həmçinin abidənin Atabəylər sarayında dövlətçilik sahəsində də fəaliyyət göstərən Möminə xatunun şərəfinə ucaldılması da Atabəylər məqbərəsinin dövlət siyasətinin də göstəricisi olduğunu nümayiş etdirir. Nəhayət, bu möhtəşəm məqbərədə Möminə xatunla yanaşı, Şəmsəddin Eldənizin və Məhəmməd Cahan Pəhləvanın da dəfn olunması bu əzəmətli abidənin yaradıldığı dövrdə hakimiyyətdə olan Azərbaycan dövlətinin adı ilə Atabəylər türbəsi adlandırılmasına haqq qazandırır.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamında ölməz memarlıq əsəri olan Möminə xatun türbəsinin dövlətçilik baxımından da əhəmiyyətli abidə kimi qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir: "Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür". Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı monoqrafiyasında da Möminə xatun türbəsi Atabəylər dövlətinin XII əsrdə mədəniyyət sahəsindəki böyük nailiyyətlərindən biri kimi qiymətləndirilmişdir. Bu gün, müstəqillik dövründə Prezident İlham Əliyevin "dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi" kimi Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında xüsusi Sərəncam imzalaması, müvafiq dövlət qurumlarına tapşırıqlar verməsi və maliyyə vəsaiti ayırması müstəqil Azərbaycan dövlətinin özünün mədəni-tarixi irsinin sahibi olduğunu, milli mədəniyyəti qorumaq və yaşatmaq işinə dövlət siyasəti miqyasında yüksək münasibət bəslənilməsini əyani şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin mühüm siyasi-tarixi əhəmiyyətə malik olan Sərəncamında Möminə xatun məqbərəsinin "dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi" kimi təqdim olunması obyektiv reallığı əks etdirir. Bu təyinat abidələrin ənənəvi təsnifatındakı "dünya əhəmiyyətli abidələr" bölgüsündən başqa, həm də Möminə xatun türbəsinin bənzərsiz memarlıq həllinə və təkraredilməz naxışlarına, orijinal həndəsi ölçülərinə və ornamentlərinə görə dünya memarlığının nadir incilərindən biri olduğunu bir daha əks etdirir. Dövlət Sərəncamındakı "XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə islam aləminin şah əsərləri sırasında xüsusi yer tutur" - sözləri Möminə xatun məqbərəsinin dünya əhəmiyyətli abidələr cərgəsində xüsusi mövqeyə malik olduğunu nəzərə çatdırır. Qeyd etmək yerinə düşər ki, görkəmli rus sənətşünası, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü Mixail Vladimiroviç Alpatov (1902-1986) da Möminə xatun abidəsinin dünya memarlıq sənətindəki yerinə yüksək qiymət verərək yazmışdır: "XII əsrin sonlarında Azərbaycan ustalarının görkəmli əsəri olan Naxçıvandakı Möminə Xatun məqbərəsi özünün xüsusi gözəlliyi və zərifliyi ilə seçilir. Güclü və bir qədər kobud despotizmi əks etdirən Qahirə məqbərələrindən fərqli olaraq, Şərq hökmdarının həyat yoldaşının məzarı üzərində tikilən bu abidə daha nəcib, daha zərif, daha lirikdir... Qüllə qızılı bölgüyə yaxın olan tamamlanmış çoxbucaqlı formasındadır. Hər bir tərəfin çoxtərəfli tağla bəzədilmiş öz çərçivəsi vardır. Bununla belə, çərçivələrin özləri də qüllənin çoxtərəfli formasına bənzəyən bir növ üzlüklərdən ibarətdirlər. ...Belə inkişaf etmiş forma hissinə, belə klassik kompozisiya tamlığına və icra mükəmməlliyinə həmin illərdə Mərkəzi Avropa memarlığında rast gəlinmir. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri olan Firdovsinin "Şahnamə" (X-XI əsrlər) və yaxud Nizaminin "Leyli və Məcnun" (XII əsrlər) ölməz poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir".
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əbdülvahab Salamzadə də Əcəmi Naxçıvaninin yaratdığı memarlıq abidələri ilə Nizami Gəncəvinin bədii əsərləri arasında sənətkarlıq baxımından yaxınlıq olduğunu müşahidə etmiş, hətta böyük Azərbaycan şairinin ustad memarın əsərləri ilə sanki tanış olması barədə ehtimal irəli sürmüşdür: "Möminə xatun türbəsini seyr edərkən Nizaminin bu türbənin inşasından on il sonra, 1196-cı ildə tamamladığı "Yeddi gözəl" poemasındakı memar Simnar surətini yada salmamaq mümkün deyildir. Elə bil ki, Nizami bu abidənin ornamentlərini görmüş və onlardan ilhamlanaraq Simnarın məharətli ornamentlərini qələmə almışdır".
Əcəmi Naxçıvani ilə Nizami Gəncəvinin görüşməsi ehtimalını Nizami Gəncəvinin Atabəy hökmdarı Qızıl Arslanla görüşünün ərazi etibarilə Naxçıvana yaxın olan Qərbi Zəngəzurun Şəki kəndində baş verməsi faktı daha da qüvvətləndirir. Məum olduğu kimi, görkəmli şərqşünas alim, professor Rüstəm Əliyev Nizami Gəncəvinin Atabəy hökmdarı Qızıl Arslanla Naxçıvanın Batabat yaylağına yaxın olan Qərbi Zəngəzurun Şəki şəhərində görüşməsi haqqında əsaslı elmi mülahizələr irəli sürmüşdür. Nəriman Həsənzadə də "Atabəylər" pyesində şair fəhmi ilə, Atabəylər sarayına yaxın olan bu iki qüdrətli sənətkarların görüşməsi ehtimalını daha da yaxınlaşdırmışdır. Tanınmış rus rəssamı A.Bondarenko isə Nizami Gəncəvinin və Əcəmi Naxçıvaninin görüşünə həsr olunmuş tablo yaratmış, fonda Möminə xatun məqbərəsinin görüntülərini canlandırmışdır, Əlbəttə, bunlar Azərbaycanın görkəmli simalarının görüşməsinə dair ehtimallardır və əsaslı tədqiqata ehtiyacı vardır. Lakin böyük sənətkarların görüşüb-görüşməməsindən asılı olmayaraq Nizami Gəncəvi və Əcəmi Naxçıvani Azərbaycan intibah mədəniyyətinin qoşa qanadlarıdır.
Bütün bunlara görə Əcəmi Naxçıvaninin 1186-cı ildə Naxçıvan şəhərində ucaltdığı Möminə xatun türbəsini Azərbaycan memarlığının daş "Xəmsə"si adlandırmaq olar. Dünya şöhrətli Nizami Gəncəvinin yaratdığı məşhur "Xəmsə" Şərq ədəbiyyatında ondan sonra yazılmış "Xəmsə"lər sırasında Baş Xəmsə olduğu kimi, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Möminə xatun məqbərəsi - Atabəylər türbəsi də Azərbaycan memarlıq sənətinin möhtəşəm Daş Xəmsəsidir. Möminə xatun məqbərəsində tətbiq edilmiş simmetrik tağlar sistemi Avropa memarlığından bir əsr qabaq Əcəmi Naxçıvani tərəfindən kəşf edilmişdir. Möminə xatun türbəsi, Yusif Küseyir oğlu gümbəzi və Cümə məscidi kimi nadir memarlıq abidələri yaratmış Əcəmi Naxçıvani Azərbaycan memarlıq məktəbinin yaradıcısı kimi qəbul olunur. Onun adı ilə bağlı olan memarlıq sənəti üsullarından Türkiyə, İran, Orta Asiya memarlığında və hətta Hindistandakı məşhur Tac Mahal sarayının inşasında yaradıcı şəkildə istifadə edilmişdir.
Nəhayət, Möminə xatun türbəsinin XII əsrdə Azərbaycan qadınının - Ananın şərəfinə ucaldılan abidə olması da bu əzəmətli türbənin orta əsrlərin ən böyük mədəni-siyasi hadisələrindən biri olduğunu əks etdirir. Bütün hallarda nəinki Şərq ölkələrində, türk-müsəlman dünyasında, hətta həmin dövrün Avropa dövlətlərində də Qadına - Anaya Möminə xatun məqbərəsi səviyyəsində ucaldılmış memarlıq abidəsi yoxdur. Möminə xatun türbəsi XII əsrdə Azərbaycan qadınına ucaldılmış nadir memarlıq abidəsidir. Bu, ölkəmizdə hələ orta əsrlərdən etibarən Qadına və Anaya bəslənilən xüsusi məhəbbət və ehtiramın əyani ifadəsidir. Möminə xatun məqbərəsi Azərbaycan qadınlığının möhtəşəm məbədidir. Möminə xatun abidəsi Azərbaycan dövlətçiliyində qadınların yüksək səviyyədə təmsil olunmasına, böyük bacarıq göstərməsinə və ehtiram qazanmasına nümunədir. Bu gün müstəqil Azərbaycan dövlətində qadınların yüksək dövlət məqamlarında səmərəli fəaliyyət göstərməsi Atabəylər hakimiyyətində Möminə xatunla başlanan dövlətçilik ənənəsinin uğurlu davamıdır.

Ən nəhayət, Möminə xatun türbəsi möhtəşəm mədəniyyət abidəsi olmaqla bərabər, Azərbaycan elminin də mühüm nailiyyətidir. Hündürlüyü 26 metr olan, 10 guşəli Möminə xatun məqbərəsinin dayanıqlığının təmin edilməsində riyazi qiymətləndirmədən və həndəsi simmetriyadan məharətlə istifadə olunmuşdur. Abidənin kompozisiyası dövrün memarlıq elminin prinsipləri əsasında formalaşdırılmışdır. Möminə xatun məqbərəsinin səthindəki firuzəyi kaşı bəzəklər və kufi yazıları Azərbaycan təsviri sənətinin və xəttatlıq sənətinin mühüm nailiyyətidir. Məqbərənin tikilməsi üçün istifadə edilmiş xüsusi tərkibə malik olan kərpic və gəc növləri inşaat texnologiyası ilə kimya elminin sintezi əsasında alınmışdır. Deməli, Möminə xatun məqbərəsinin yaradıcısı Əcəmi Əbubəkr oğlu Naxçıvani dərin və yüksək elmi biliklərə malik olan qüdrətli alim-memar olmuşdur.
Azərbaycan ədəbiyyatında Əcəmi Naxçıvaninin həyatı və sənəti müxtəlif janrlarda yazılmış bədii əsərlərin mövzusunu təşkil etmişdir. Xalq şairi Nəriman Həsənzadənin "Atabəylər" dramı Əcəmi Naxçıvaninin sənətinə ucaldılmış böyük sənət abidəsidir. Xalq yazıçısı Hüseyn İbrahimovun "Əsrin onda biri" tarixi romanında Əcəmi Naxçıvaninin taleyi və sənəti yüksək bədii boyalarla işıqlandırılmışdır. Tanınmış yazıçı Yunus Oğuz da müstəqillik dövründə yazdığı "Atabəy Eldəniz" tarixi romanında Əcəmi Naxçıvaninin hərtərəfli işlənmiş bədii obrazını yaratmışdır.
Bundan başqa, Azərbaycan elmində hələ sovet hakimiyyəti illərindən Əcəmi Naxçıvani və Möminə xatun türbəsi haqqında müəyyən tədqiqatlar aparılmışdır. Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı monoqrafiyasında Əcəmi Naxçıvani və onun ucaltlığı memarlıq abidələrindən də bəhs olunmuşdur. Akademiyanın müxbir üzvləri Əbdülvahab Salamzadə, Xudu Məmmədov, Cəfər Qiyasi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və başqaları Əcəmi Naxçıvani və Möminə xatun türbəsi haqqında geniş araşdırmalar aparmış, bu möhtəşəm sənət abidəsini elmi cəhətdən yüksək dəyərləndirmişlər. Bununla belə, Əbdülvahab Salamzadənin Əcəmi Naxçıvaniyə həsr edilmiş tədqiqatlarında Möminə xatun türbəsinə elmi cəhətdən əsaslandırılmış qiymət verilməklə bərabər, həm də bu böyük sənət abidəsinin ayrıca tədqiqata layiq olduğu da qeyd edilmişdir: "Türbənin bütün səthləri rəssamlıqla memarlığın sintezi şəklində təzahür edir. Möminə xatun türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentlərdən olan bəzəyi və gəc üzərindəki nəbati təsvirləri öz-özlüyündə monoqrafik bir əsərin mövzusu ola bilər".
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 17 oktyabr 1999-cu ildə Möminə xatun məqbərəsini ziyarət etmiş, türbənin daxilində yaradılmış Atabəylər muzeyinin işi ilə tanış olmuşdur. Həmin tarixi görüşdə Azərbaycan Respublikasının gələcək Prezidenti İlham Əliyev də iştirak etmişdir. Əməkdar mədəniyyət işçisi Arif Qədimov Atabəylər muzeyindəki Azərbaycan dövlətçiliyinin tarixi səhifələrini əks etdirən nadir eksponatlar barədə Ulu öndərin qarşısında məlumat vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan memarlığının şah əsəri olan Möminə xatun məqbərəsinin qorunması, ərtaf ərazinin abadlaşdırılması və Atabəylər muzeyinin daha da zənginləşdirilməsi, türbənin tarixinin, memarlıq xüsusiyyətlərinin hərtərəfli şəkildə araşdırılıb öyrənilməsi haqqında tapşırıqlar vermişdir.
Ulu öndər 2002-ci ilin avqust ayının 9-da Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsinə həsr olunmuş yığıncaqdakı nitqində bu fikri bir daha diqqət mərkəzinə çəkərək demişdir: "Mən burada tarix haqqında çox danışıram. Tarix, mədəniyyət, tarixi abidələr. memarlıq abidələri... Məsələn, Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var. ...Bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqımın həm tarixini, həm də mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Mən indi desəm ki, Möminə xatın türbəsi haqqında geniş təsvirli, müasir poliqrafiya səviyyəsində hazırlanmış alborn, onun haqqında tarixi mənbələr və başqa şeylər toplusu varmı? ...Ayrı-ayrı bukletlər var, broşürlər var. Ancaq elə bircə bu abidə böyük bir kitaba bərabərdir. ...Həm memarlıq xüsusiyyətləri, həm mühəndis işləri, inşaat işləri, tikinti materialları, abidənin yaranması tarixi və sair, onun hər bir fraqmenti müasir poliqrafiya üsulundan istifadə edilərək albomda əks olunsa, bunun özü elə Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir".
Dövlət əhəmiyyətli bu çağırışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı Sərəncamı bir daha gündəmə gətirir. Azərbaycan alimləri Mömünə xatun məqbərəsi haqqında müstəqil dövlətçilik və azərbaycançılıq ideyaları işığında, müasir tədqiqatlar əsasında yeni tarixi dövrün yüksək tələblərə cavab verən monoqrafik əsərlər və elmi-populyar kitablar yazıb xalqımıza çatdırmağa borcludurlar.
Memar Əcəmi Naxçıvaninin adı ölkəmizdə əbədiləşdirilmişdir. Dahi memarın adına Bakı şəhərində metro stansiyası, Bakıda və Naxçıvanda küçələr vardır. Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində ucaldılmış büstü mükəmməl sənət əsəridir. Bunlar Əcəmi Naxçıvaninin Mömünə xatun türbəsinin baş tağında küfi xətlə həkk etdiyi "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" - sözlərində ifadə olunan sənətin əbədiyyəti haqqındakı müdrik fikirlərin nə qədər böyük uzaqgörənliklə deyildiyini bir daha sübut edir.
Qeyd edilənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konstruksiyası ilə bağlı tədbirlər haqqında"kı 22 may 2025-ci il tarixli Sərəncamında XII əsr Azərbaycan və Şərq memarlığının nadir nümunəsi olan Möminə xatun məqbərəsinin "islam aləminin şah əsərləri sırasında fəxri yer tutan monumental sənət nümunəsi" və "xalqımızın milli sərvəti" kimi qiymətləndirilməsinin siyasi-ideoloji baxımdan olduğu kimi, mədəni-tarixi və elmi cəhətdən də yüksək səviyyədə dəyərləndirilməsinin əməli ifadəsi olduğunu nümayiş etdirir.
Beləliklə, həm siyasi-tarixi əhəmiyyətinə və həm də nadir sənət əsəri kimi dünya memarlığı sahəsindəki xüsusi yerinə və qiymətinə görə özünəməxsus statusa malik olan Möminə xatun memarlıq abidəsinin dövlət səviyyəsində qorunması, bərpa edilməsi, konservasiya olunması haqqındakı mühüm əhəmiyyətə malik olan Sərəncamı müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın tarixi-mədəni irsinə verdiyi böyük dəyərin və göstərdiyi xüsusi qayğının əməli ifadəsidir. Müzəffər Ali Baş Komandanın Sərəncamı ölkəmizin və xalqımızın tarixində xüsusi yer tutmuş Azərbaycan Atabəyləri dövlətinin fəaliyyətinin, memarlıqda məktəb yaratmış Əcəmi Əbubəkr oğlu Naxçıvaninin tərcümeyi-halı və xidmətlərinin, Möminə xatun məqbərəsinin memarlıq xüsusiyyətlərinin daha dərindən və əsaslı şəkildə araşdırılıb tədqiq olunması sahəsində geniş perspektivlər açır. Heç şübhəsiz, bütün bunlar Möminə xatun məqbərəsinin bərpası və konservasiyası ilə məşğul olan təşkilatlarla bərabər, Atabəylər dövlətinin mədəniyyət siyasətinin möhtəşəm təcəssümü olan Möminə xatun abidəsinin tədqiqi ilə məşğul olacaq elmi qurumları da səfərbər edəcəkdir. Azərbaycan Respublikasının elm və mədəniyyət işçiləri, yaradıcı ziyalıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkəmizdə elmin, ədəbiyyatın və mədəniyyətin inkişafına göstərdiyi yüksək qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
28 may 2025-ci il


