Türkiyə Prezidenti ŞKTC nin hüquq və maraqlarının müdafiəsini davam etdirməkdə qətiyyətli olduğunu bəyan edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 19 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində qələbə qazanan Tufan Erhürmanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə lideri sosial şəbəkələrdə paylaşım edərək Ankaranın “bütün platformalarda ŞKTC-nin suveren hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu” vurğulayıb.
“ŞKTC Mərkəzi Seçki Komissiyasının qeyri-rəsmi məlumatlarına əsasən, Şimali Kipr Türk Respublikasının Prezidenti seçilmiş Tufan Erhürmanı təbrik edirəm. Bazar günü keçirilən seçkilər ŞKTC-nin demokratik yetkinliyini bir daha nümayiş etdirdi və Kipr türklərinin iradəsini əks etdirdi. Ümid edirəm ki, bu seçkilərin nəticələri ölkələrimizin və ümumilikdə regionun inkişafına töhfə verəcək”, – deyə Rəcəb Tayyib Ərdoğanın paylaşımında bildirilir.
ŞKTC Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Cümhuriyyətçi Türk Partiyasının (CTP) baş katibi Tufan Erhürmanın namizədliyini seçicilərin 62,76 faizi dəstəkləyib.
Mövcud dövlət başçısı Ersin Tatar isə 35,81 faiz səslə ikinci yerdə qərarlaşıb. Seçkilərdə iştirak fəallığı 64,87 faiz təşkil edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


