Türkiyəli sabiq nazir: “Artıq Turanı qurmaq məcburiyyətindəyik ” MÜSAHİBƏ
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin sabiq ətraf mühit və şəhərsalma naziri İdris Güllücedir.
İdris Güllüce 2013-2015-ci illərdə Türkiyənin ətraf mühit və şəhərsalma naziri olub. O, həm də 23, 24 və 25-ci dönəm Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı seçilib. İ.Güllüce, həmçinin 3 dönəm Tuzla Bələdiyyəsinin sədri olub. Onunla Azərbaycan-Türkiyə münasibətləri, Zəngəzur dəhlizi və Turanın qurulma ehtimalını və digər mövzuları müzakirə etdik.
- İdris bəy, təəssüf ki, son illərdə qardaş Türkiyədə böyük ballı zəlzələlər baş verir. Xüsusilə, 6 fevral 2023-cü ildə “əsrin fəlakəti” adlanan zəlzələlər yaşandı. Sizin zəlzələlərlə bağlı çalışmalar apardığınızı bilirik. Ona görə də deyəcəkləriniz çox mühümdür. Yaxın gələcəkdə Türkiyədə yenidən zəlzələlər ola bilər?
- Bəli, bu məsələ ilə bağlı çalışmalar aparmışam. Hətta nazir olmamışdan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulan zəlzələ komisiyyasının da sədri olmuşam. O zaman bütün Türkiyənin zəlzələ ilə bağlı vəziyyətini müəyyən etdik və kitab halına gətirdik. Ölkəmiz dünyanın ən gözəl yerlərindən biridir. Lakin 2 əsas problemi var. Onlardan biri təbii sərvətlərimizin olmaması, ikincisi isə zəlzələ riskidir. Çünki Türkiyənin hər tərəfində zəlzələ olur. Üstəlik, ölkəmizdəki binaların çox böyük əksəriyyətinin köhnə olması da zəlzələ zamanı ciddi risk yaradır. Həmin binaların qısa zamanda sökülüb, yenidən tikilməlidir.
Ümumiyyətlə, zəlzələnin nə zaman və hansı halda olacağını öncədən müəyyən etmək texniki baxımdan mümkün deyil. Lakin zəlzələnin olacağını müəyyən etmək olar. Gələcəkdə Türkiyənin hər yerində zəlzələ ola bilər. Çünki ölkəmiz fay xətlərinin üzərində yerləşir. Ona görə də binalarımızın yenidən zəlzələyə uyğun şəkildə tikilməsi lazımdır.
- Zəlzələni önləmək üçün hansı addımlar atılır?
- Hazırda Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi bununla bağlı çalışmalar aparır. Həmçinin, hökumət də bu istiqamətdə ciddi addımlar atır. Əslində, bu çalışmalar yeni deyil, uzun illərdir davam etdirilir. Məsələn, mənim nazir olduğu dönəmdə Elazığda çox sayda binanı söküb, yenidən tikdik. Ona görə də 2023-cü ildə yaşanan “əsrin fəlakəti”ndə Elazığda zərər az olmuşdu. Nazirlik indi də zəlzələnin fəsadlarını önləmək üçün müxtəlif şəhərlərdə ciddi şəkildə çalışır və böyük vəsait xərcləyir.
- Ümumiyyətlə, hansı şəhərlərdə zəlzələ ehtimalı daha yüksəkdir?
- Ən böyük zəlzələ riski İstanbuldadır. Türkiyə iqtisadiyyatının təxminən 55-60 faizi İstanbulun üzərinə düşür. Həmçinin, ölkə əhalisinin böyük əksəriyyəti də bu şəhərdə yaşayır. Yəni İstanbulda olacaq zəlzələnin təsiri dəhşətli dərəcədə böyük ola bilər.
Ona görə də nazirlik və dövlət bunu çox ciddi şəkildə araşdırır. Artıq sənaye müəsissələrini İstanbuldan kənara köçürməyə çalışırlar. Bundan başqa, Anadoluda da zəlzələ riski olan bölgələr var. Məsələn, Bingöl, Ərzincan, Ərzurum kimi şəhərlərdə zəlzələ ola bilər. Hətta demək olar ki, zəlzələ riski daşımayan bölgəmiz yoxdur.
- Azərbaycan və Türkiyə şəhərləri qardaşlaşır. Sizin bu barədə düşüncəniz necədir?
- Bu, çox önəmli məsələdir. Mən Tuzla Bələdiyyəsinin sədri olanda Mərdəkana getmişdim. Mərdəkan bələdiyyəsin sədri Zakir Cəfərovla görüşmüşdük. Nəticədə, Tuzla və Mərdəkan bələdiyyəsini qardaş etdik. Üstəlik, Mərdəkanda 1918-ci ildə Bakıya gələn Qafqaz İslam Ordusunun 2 şəhidi var idi. Onları da ziyarət etdik. Tuzlaya qayıtdıqdan sonra isə yeni salınan parkın adını Mərdəkan qoydum. Onu da qeyd edim ki, 2002-ci ildə Azərbaycanda bələdiyyə sədrlərinin iştirakı ilə Türkiyədəki bələdiyyələrin idarəetməsi barədə seminar vermişəm.
- İki ölkə arasında hansı şəhərlər qardaşlaşa bilər?
- Azərbaycanla Türkiyə arasında son illərdə əlaqələr sürətlə inkişaf edir. Biz bir-birimizdən qopmamalıyıq, eyni millətin iki dövlətiyik. Düşünürəm ki, Azərbaycan və Türkiyədəki hər hansısa bələdiyyələr qardaşlaşa bilər. Məsələn, Azərbaycanda dəniz kənarında olan bələdiyyənin Türkiyədəki dənizkənarı bələdiyyə ilə qardaşlaşması mümkündür.
İki ölkə arasında qardaş bələdiyyələrin sayını mütləq şəkildə artırmalıyıq. Çünki Azərbaycanın hər vilayətinin Türkiyə ilə bağlantısı olmalıdır. Məncə, Ərzurum, Qars, Sivas, Elazığ, Malatya və Çankırı kimi bir çox şəhərlə Azərbaycanın hansısa şəhərləri qardaşlaşa bilər.
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dönəmində iki qardaş ölkə arasındakı əlaqələr ən yüksək səviyyəyə çatıb. Bundan sonra Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafı üçün hansı addımlar atıla bilər?
- Sizin də vurğuladığınız kimi, bunun üçün hər iki ölkənin hökumətləri əllərindən gələni edirlər. Lakin bunu da daha inkişaf etdirmək üçün Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı gediş-gəliş artmalıdır. Eyni zamanda, turizm, mədəniyyət və ticarət əlaqələri daha da inkişaf etdirilməlidir. Nəzərə almaq lazımdır ki, dünyada haqq yox, güc var. Ona görə də güclü olmalıyıq.
Məsələn, 1992-ci ildə Azərbaycan haqlı idi, amma gücsüz olduğu üçün Qarabağ ermənilər tərəfindən işğal olundu. Lakin 2020-ci ildə Azərbaycan güclü olduğu üçün dəmir yumruğu vuraraq Qarabağı işğaldan azad etdi. Yəni gücümüzün daha çox olması üçün hər zaman birlikdə olmalıyıq. Bundan əlavə, Türkiyədəki vətəndaşlar Avropaya deyil, Azərbaycana səyahət etməyə üstünlük verməlidirlər. Eyni zamanda, Azərbaycandan da Türkiyəyə daha çox gəlməlidirlər. Dövlətlə yanaşı, özəl sahələrdə və vətəndaşlar arasında iqtisadi əlaqələr artırılmalıdır. Yəni bu, xalq səviyyəsində də olmalıdır. Ümumi olaraq isə bütün sahələrdə qarşılıqlı əlaqələri artırmalıyıq.
- Son illərdə türk dövlətləri arasındakı əlaqələr də çox inkişaf edib. Sizcə, türk dövlətlərinin bu qədər yaxınlaşması fonunda uzun illərin xəyalı olan Turan qurula bilərmi?
- Mən də Turan heyranıyam və onun qurulmasını istəyirəm. Birlikdə daha güclü olmağımız üçün bu addım atıla bilər. Eyni dilin, dinin, irqin insanları olaraq bir araya gəlməliyik. Hazırda bunun üçün böyük fürsət var. Hətta deyərdim ki, artıq Turanı qurmaq məcburiyyətindəyik.
- Sizin Azərbaycanla da sıx əlaqələrinizin olduğunu bilirik. Ölkəmizlə bağlı xatirələriniz maraqlıdır.
- Mən özüm ərzurumluyam. Bizim danışığımız sizin danışığınızla birəbir eynidir. Üstəlik, mənim Azərbaycanla qohumluq əlaqələrim də var. Belə ki, 1918-ci ildə Nuru Paşanın əmri ilə Qafqaz İslam Ordusunda Bakıya köməyə gələn əsgərlərdən biri də mənim babamın əmisi idi. Adı Veysel Ünüvar idi, daha sonra general rütbəsi aldı.
Özüm də Azərbaycana bir neçə dəfə getmişəm. Məsələn, 1992-ci ildə bir dostumla Bakıya getmişdim. Həmçinin, 26 fevral Xocalı soyqırımı yaşananda mən Bakıda idim. Mən ermənilərin necə vəhşi olduqlarını bilirəm, o zaman da buna şahid oldum. Soyqırımın nə demək olduğunu çox yaxşı bilirəm.
Çünki 1915-ci ildə ermənilər Anadoluda da soyqırım törədərək, 1 milyon insanı qətlə yetiriblər. Həmin ildə Ərzurumda olan soyqırım nəticəsində insanlar vəhşicəsinə öldürülüb, onlara işgəncə verilib. Mənim nəslimdən də 40 nəfər həmin qətliamda öldürülüb. Yəni biz də ermənilərin qətliamlarına məruz qalmışıq, ona görə də acılarınızı çox yaxşı başa düşürük.
- O dönəm Bakıya gəlmə səbəbiniz nə idi?
- 1992-ci ildə Bakıya gələndə bir ev kirayə götürdük və dostlarla təxminən 1 ay orada qaldıq. Mən o zaman iş adamı idim, Bakıda akkumulyator zavodu və ya mebel sexi qurmaq istəyirdim. Bu hədəflə Bakıya getmişdim. Lakin Türkiyəyə qayıtdım, bir neçə ay sonra Tuzla Bələdiyyəsinin sədri seçildim və uzun müddət çalışdım. Daha sonra isə nazir oldum. Ona görə də bu planlarım baş tutmadı.
Əslində, bir neçə dəfə Azərbaycana gəlmişəm. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi olmuşam. O zaman Şamaxı şəhərində seçkiləri müşahidə edirdik. Elə Azərbaycana son səfərim də 2013-cü ildə olub, həmin vaxt orada 3 gün qaldım.
- Sonda Zəngəzur dəhlizi ilə bağlı da fikirlərinizi öyrənmək maraqlı olar...
- Əslində, Zəngəzur dəhlizi ilə bağlı maraqlı bir etiraf edə bilərəm. Mənim 2053-cü ilə qədər nələr etməli olduğumuzla bağlı “Türkiyə vizyonu” adlı planlarım var idi. 150 maddədən ibarət həmin hədəfləri hökumətə də təqdim etmişdim. Orada Zəngəzur dəhlizinin də hansısa formada açılamalı olduğunu yazmışdım.
Yəni istər hərbi, istərsə də siyasi yolla bu dəhlizin açılmasının labüdlüyünü qeyd etmişdim. Mən onun gələcək illərdə olacağını düşünürdüm. Lakin Allah Qarabağ Zəfərini bizə daha erkən yaşatdı. Düşünürəm ki, ən qısa zamanda Zəngəzur dəhlizi də açılacaq.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər: İdris Güllüce Azərbaycan TürkiyəTuran Zəlzələ İdris Güllüce Azerbaycan

