Türkiyəli ekspert:“Güney Azərbaycanın müstəqilliyi gözləniləndir” MÜSAHİBƏ
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı siyasi ekspert Seval Baldır.
Onunla gündəmdə olan bir çox məsələ barədə söhbət etdik. ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını artırması ilə başlatdığı “ticarət savaşı”, ABŞ ilə Çin və İran arasında yaşanılan gərginlik, Güney Azərbaycan, Ermənistan və Zəngəzur dəhlizi ilə ətrafında müzakirə apardıq:
-Seval xanım, ABŞ Prezidenti Donald Trampın başlatdığı “ticarət savaşı”nın necə nəticələnəcəyini düşünürsünüz?
-Tramp xüsusilə Çinə qarşı bu “ticarət savaşı”nı başlatdı. Lakin Pekin hökuməti yürütdüyü soyuqqanlı siyasət nəticəsində ABŞ-nin təzyiqindən xilas olmağı bacardı. Çünki rəsmi Pekin də Trampın addımına eyni şəkildə qarşılıq verdi və hətta Çindəki bəzi ABŞ şirkətləri satın alındı. Üstəlik, bütün bunların birjalara da təsir etdi və bir gündə milyardlıq itki oldu.
Düşünürəm ki, Tramp rəsmi Pekinin həmlələri qarşısında mübarizə apara bilmir. Artıq bu addımlardan sonra ABŞ-nin ayaqda durmaqda çətinlik çəkdiyi belə iddia olunur. Hətta İlon Mask ABŞ-nin çökdüyü və iqtisadi cəhətdən yaxşı vəziyyətdə olmadığına dair açıqlama verib. Bu bəyanat da boşuna deyil. Reallıq odur ki, Çin ABŞ ilə başa-baş gedir və ciddi təzyiq göstərir. Bu səbəbdən də rəsmi Vaşinqton bununla bağlı yeni yollar tapmağa məcburdur. Məncə, Tramp ya Çinə qarşı tətbiq etdiyi gömrük rüsumlarını geri çəkməli, ya da bir az azaltmalıdır. Çünki qarşı tərəfdən bir çox sahədə asılılıqları var. Ona görə də istər-istəməz geri addım atmağa məcbur qalacaq. Bu “ticarət savaşı”nın Trampın geri addım atması ilə nəticələnəcəyini proqnozlaşdırıram.
-Maraqlıdır, ABŞ və Çin arasındakı gərginliyin siyasi müstəviyə keçmə ehtimalı var?
Trampın Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istənilmədiyi iddiaları da yayılıb. Artıq ona qarşı etiraz aksiyaları da başlayıb. Yəni Tramp daxildə də çox rahat deyil. Əgər belə olmasaydı, Tramp Çin siyasətinə daha çox fokuslana və sərt ritorika sərgiləyə bilərdi. Yaxın perspektivdə ABŞ ilə Çin arasında hansısa gərginliyin olacağını zənn etmirəm. Əslində, ABŞ və Çin arasında “siyasi müharibə”nin yaşandığı görünsə də, iki ölkə ticari olaraq bir-birlərini dəstəkləyir. Çünki tərəflər arasında ticari əlaqələr davam edir. Bütün bunların fonunda da Vaşinqton və Pekin arasındakı gərginliyin siyasi müstəviyə keçəcəyinə inanmıram.
-Rusiyanın Ukraynanı işğal etməsi, ABŞ-nin Qrelandiya və Kanada ilə bağlı iddiaları Çinin də Tayvanla bağlı həmləsinə yol aça bilərmi?
-Bunlar qısa müddət ərzində baş verəcək hadisələr deyil. Trampın belə bu barədə çıxışları sadəcə populist sözlərdən ibarətdir. Hazırda əsl müharibə ticarət sahəsində davam edir və yuanla dollar arasında qızğın rəqabət yaşanır. Yaxın perspektivdə Çinin Tayvana, ABŞ-nin isə Kanada və ya Qrelandiyaya hərbi müdaxilə ehtimalı yoxdur. Lakin rəsmi Pekin üçün Tayvan hədəfi uzun müddət davam edə və gələcəkdə bəlkə addım atmaq ehtimalı yarana bilər. Tramp Kanada və Qrelandiya ilə bağlı belə iddialı danışsa da, onun reallaşma ehtimalı yoxdur.
Bu, tamamilə siyasidir. Nəzərə almaq lazımdır ki, ABŞ Konqresi Trampın bəzi qərarlarını bloklayır. Yəni Tramp hər istədiyini desə də, hər istədiyini edəcək vəziyyətdə deyil. Ümumiyyətlə, Çinin Tayvanla bağlı uzun illərdir hədəfi var. Çin hökuməti Tayvanı ölkəsinin tərkib hissəsi kimi görür və bir parçalarının kənarda qaldığını düşünür. Yəqin ki, Çin əvvəl-axır Tayvanı ələ keçirəcək. Bu, qaçılmaz bir son kimi görünür. Yaxın perpektivdə deyil, amma gələcəkdə Tayvanla bağlı addım atıla bilər.
-Trampın ən gərgin olduğu ölkələrdən biri də İrandır. O, hər iki dönəmində də bu dövlətə qarşı sərt mövqeyi ilə diqqət çəkib. Hətta bir çox ekspertlər onun addımları fonunda Tehranda hakimiyyət dəyişikliyinin olacağını belə proqnozlaşdırırlar. Necə düşünürsünüz, Trampın dönəmində İrandakı rejimin dəyişməsi mümkündür?
-Əslində, ABŞ hökumətinin əsas fokuslandığı yer məhz İrandır. Sanki Trampın əlində bir fanar var və işığı daim İrana vuraraq dünyanın diqqətini ora çəkməyə çalışır. O, gündəmi də belə müəyyən edir. Hazırda tərəflər arasında ciddi gərginlik yaşanır. Nəticədə, Tramp da davamlı şəkildə İranı təhdid edir və hətta bombardıman edəcəyini deyir.
Bəlkə də İranın şəhərlərinə böyük bombardıman olmasa da, müəyyən obyektlər hədəf alına bilər. Rəsmi Tehran isə öz mövqeyindən geri addım atmaq istəmir. Ona görə də Vaşinqtonla Tehran arasındakı vəziyyətin daha da kəskinləşməsi mümkündür. Bunun sonunda isə İranda rejim dəyişə bilər. Belə bir ehtimal həyata keçə bilər. Qısa müddətdə olmasa da, gələcəkdə bunun baş vermə ehtimalı var. Hesab edirəm ki, İranda tam inqilab olmasa da, Suriyadakı kimi bir proses yaşana bilər. Tramp hökuməti də buna fokuslanıb. Prosesləri analiz edəndə bunun ilkin işartılarının olduğunu da görmək olur.
-Tehranla Vaşinqton arasında gərginliyin artması fonunda Güney Azərbaycanın müstəqilliyi üçün bir fürsət yaranması mümkündür?
-Bəli, Güney Azərbaycanın müstəqilliyi üçün addımlar atıla bilər. Gələcək perspektivdə belə bir prosesin yaşanması mümkün variantdır. Yəni Güney Azərbaycanın müstəqilliyi gözləniləndir. Bu proses Donald Trampın ABŞ Prezidenti olduğu dönəmdə yaşana bilər. Bununla bağlı bəzi fəaliyyətlərin olduğu da görünür. Hesab edirəm ki, Güney Azərbaycan bir anda tamamilə müstəqil olmasa da, artıq belə bir mərhələyə keçid edəcək. Ümumiyyətlə, İran-ABŞ gərginliyi artıqca, Güney Azərbaycanın da müstəqilliyi qaçılmaz olacaq.
-Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilərdən əvvəl Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya bilər, yoxsa bunu seçkidən sonraya saxlamaq üçün vaxt qazanmağa çalışır?
-Hazırda Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi masadadır. Tərəflər arasında bununla bağlı çox uzun müddətdir danışıqlar aparılır. Artıq son məlumatlara əsasən, Bakı ilə İrəvan arasında 17 maddə barədə razılıq əldə olunub. Ermənistan rəsmiləri zaman-zaman sülh müqaviləsi ilə bağlı tarix versələr də, bununla bağlı konkret addım atmırlar.
Ona görə də ortada real nəticə yoxdur. Fikrimcə, Nikol Paşinyan Ermənistan daxilindəki vəziyyətə və müxalifətin təzyiqinə görə sülh müqaviləsi imzalamayaraq vaxt qazanmağa çalışır. Bunun kimi daxili və xarici bir çox nüansa görə Paşinyan sülh müqaviləsinin imzalanmasını seçkidən sonraya saxlamaq istəyir.
-Zəngəruz dəhlizinin nə zaman açılacağını gözləyirsiniz?
-Zəngəzur dəhlizi çox böyük layihədir. Bu, təkcə Azərbaycan və Türkiyəyə deyil, Ermənistana da lazımdır. Bu dəhlizin açılması sayəsində Ermənistan da qazanacağını və blokada vəziyyətindən çıxacağını bilməlidir. Hazırda rəsmi İrəvan Rusiya, İran və Fransanın kölgəsindən çıxa bilməyib. Lakin Zəngəzur dəhlizi açıldıqda onlara möhtac olmayacaq və güclənəcək.
Üstəlik, bu layihə bütövlükdə region və dünya üçün çox əhəmiyyətlidir. Çünki Zəngəzur dəhlizi həm də Avropanı ilə Asiyanı birləşdirəcək və olduqca önəmli ölkələrdən keçəcək. Bütün bunlara görə Zəngəzur dəhlizinin açılmasına ehtiyac var. Düşünürəm ki, Zəngəzur dəhlizi yaxın perspektivdə açılacaq.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər: Türk Söhbəti Seval Bal Azərbaycan Türkiyə müsahibə


