Türkoloqların ilk məclisinin ideyaları gerçəkləşir
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Türkoloji Qurultay – 100
Türk xalqlarının çoxəsrlik tarixi, zəngin mədəniyyəti və mənəvi dəyərləri onların dünya sivilizasiyasına bəxş etdiyi ən böyük töhfələrdir. Bu mədəni-tarixi irsin əsas daşıyıcısı və qoruyucusu isə dildir. Dil milli yaddaşı, mənəvi dəyərləri, etnik kimliyi və mədəni mirası yaşadan ən mühüm fenomendir. 100 illiyini qeyd etdiyimiz I Bakı Türkoloji Qurultayı dilin, ortaq əlifbanın, ümumilikdə mədəniyyətin xalqlarımız arasında əsas ünsiyyət körpüsünə çevrilməsi baxımından xüsusi önəm daşıyıb.
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli ilə söhbətimiz I Bakı Türkoloji qurultayının əsas mahiyyəti, dünyada türklük fədakarlarının bu işə töhfələri və əsası qoyulmuş ənənələrin yaşadılıb inkişaf etdirilməsi zərurəti haqqındadır.
– Professor, məlum olduğu kimi, Prezident İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı 22 oktyabr 2025-ci il tarixli sərəncam imzalayıb. Cari ilin əvvəlindən bu mövzuda bir sıra maraqlı elmi-ədəbi konfranslar, sessiyalar və digər tədbilər keçirilib. Sözügedən qurultaya 1 əsr sonra belə dəyər verilməsinə səbəb nədir?
– Öncə deyim ki, türk xalqlarının minilliklər boyu formalaşdırdığı ana dili müxtəlif tarixi proseslərə, ictimai- siyasi və coğrafi amillərin təsirinə məruz qalsa da, əsas mahiyyətini qoruyub saxlamışdır. XX əsrin əvvəllərində mürəkkəb ictimai- siyasi hadisələr fonunda qardaş xalqlarımız arasında dil, əlifba və mədəniyyət sahəsində yanaşmaların formalaşdırılması zərurəti meydana çıxmış, nəticədə türkologiyanın tarixində mühüm dönüş nöqtəsinə çevrilən I Türkoloji Qurultayın keçirilməsi fikri reallaşdırılmışdır.
Sualınıza gəlincə, ötən əsrin sonunda Sovetlər birliyi dağıldıqdan sonra türk xalqlarının dil birliyi, ortaq əlifbası aktual məsələyə çevrildi. Bununla bağlı 30 ildən çoxdur ki, müzakirələr aparılır, Türk dünyası miqyasında keçirilən beynəlxalq tədbirlərdə ortaq əlifba və ədəbi dil məsələsi aktual mövzu kimi səsləndirilir. 100 yaşlı türkologiya qurultayının təbliğinə dövlət səviyyəsində dəyər verilməsi bu tarixi zərurətlə bağlıdır.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Türkoloji Qurultay milli kimlik məsələsinin türk xalqları kontekstində elmi müzakirəsinə şərait yaradıb. Türk dünyasının ziyalıları, alimləri Bakıda bir araya gələrək milli kimliyin dayağı olan ortaq tarix, əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, ədəbiyyat, mədəniyyət, etnoqrafiya, qonşu dillərlə qohumluq əlaqələri və s. məsələləri müzakirə edib və gələcək inkişaf istiqamətlərini müəyyənləşdiriblər.
– Qurultayın Bakıda təşkilinin obyektiv səbəbləri nələr idi?
– Həmin dövrdə Bakıda milli kimlik düşüncəsi daha da güclənmişdi, əlifbanı dəyişməklə ortaq əlifbaya keçid təklifini ilk dəfə azərbaycanlı ziyalılar irəli sürmüşdülər. Bundan əlavə, Türk dünyasının tanınmış alimləri (B.Çobanzadə, A.Aşmarin, Z.Simumyaqin, Q.Qubaydullin və b.) öz tədqiqatlarını burada gerçəkləşdirirdilər. Əlifba islahatı dövlətin nəzarəti ilə həyata keçirilirdi. Həmçinin Azərbaycan iqtisadi cəhətdən digər regionlarla müqayisədə ən əlverişli məkan idi. Burada əlifbanın dəyişdirilməsi ilə yanaşı, milli kimliyi inkişaf etdirməklə ortaq əlifba, orfoqrafiya, terminologiya və ədəbi dilə yiyələnmək səyləri daha güclü idi. 1920-ci ildən etibarən Bakıda bunun üçün mübarizəyə başlanılmış, latın qrafikası ilə yeni türk əlifbasının layihəsi hazırlanmışdı. Bir sözlə, Bakı bir növ, episentr idi.
– Qurultay iştirakçıları arasında bütün məsələlərdə yekdillik vardımı?
– Bunun belə olduğunu birmənalı demək olmaz. Qurultay ərəfəsində bütün türk xalqlarının nümayəndələri ilə məsləhətləşmələr aparıldı, təklifləri öyrənildi. Əvvəlcə bu məsələni də bütün iştirakçılar birmənalı qarşılamadılar. Qurultayda əlifba məsələsi 5 iclasda müzakirə olundu. N.F.Yakovlev, C.Məmmədzadə, Q.Şərəf, L.İ.Jirkov, N. Turyaqulov, Umar Əliyev, B.Berdiyev, B.Raxmamov, A.B.Bəytursun, F.Ağazadə, R.A. İnoqamov, S. M. Əfəndiyev, S.A. Ayvazov, B.Çobanzadə, İ.N.Baraxov, K.Tınıstanov, İ.M.Uşbaşev, X. K. Koşıyev, Qaraçaylı İslam, A.A.İvanov, S.Ağamalıoğlu və b. məruzə və çıxış etdilər. Tatar və qazax xalqlarının nümayəndələri əlifbanın dəyişilməsinə etirazlarını bildirsələr də, qurultay 101 nəfər lehinə, 7 nəfər əleyhinə, 9 nəfər bitərəf olmaqla, latın qrafikalı əlifbaya keçidi təsdiqlədi.
Qurultayda türkologiyanın aktual problemi kimi türk dillərinin tarixi ilə bağlı dünyanın qədim dilləri ilə qohumluq əlaqələri də müzakirə olunub. Tanınmış alimlər A.Qenko, N.Poppe və B.Çobanzadənin məruzələri türk dilləri arasında və monqol, tunqus-mancur, fin-uqor, yafəs dilləri ilə qohumluq əlaqələrinə həsr edilib. B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu haqqında” məruzəsində türk dilləri nin tarixinə toxunulub, “türk ləhcələri Orxon yazılarından əvvəl də mövcud idi” fikrinə aydınlıq gətirilib. Monqolşünas alim N.Poppenin məruzəsində “Ural-Altay və Altay” dilləri nəzəriyyələri ilə bağlı tədqiqatlar təhlil olunub, türk dilinin monqol dili ilə genetik qohumluğu, digər dillərlə tipoloji uyğunluğu əsaslandırılıb.
Qədim türk yazılı abidələri ilə bağlı görkəmli türkoloq S.Malovun “Qədim türk dillərinin tədqiqi” mövzusunda məruzəsində öncə qədim türk əlifbasının mənşəyi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib. Qədim türk əlifbasının formalaşmasında soqdi əlifbasının təsiri qeyd olunub. S. Malov məruzədə abidələrin mənşəyinə də münasibət bildirib, abidələrin dilinə əsaslanaraq Yenisey abidələrinin dilinin qırğızlara, Orxon və Selenqa çayı abidələrinin dilinin isə oğuzlara məxsus olduğunu deyib.
- Türk xalqlarını ta qədimdən düşündürən vacib məsələlərdən biri ortaq türk dilinin yaradılmasıdır.
- Qurultayda ortaq türk ədəbi dili məsələsi görkəmli türkoloq Mehmet Fuad Köprülüzadənin “Türk xalqlarında ədəbi dilin inkişafı” adlı məruzəsində qaldırılıb. Məruzədə türk ədəbi dilinin tarixi, islamdan öncə türklər arasındakı əlifbalar və həmin əlifbalardan istifadə edən ədəbi dillər, Orxon abidələrinin dilinin mükəmməl ədəbi dil olması barədə məlumat verilib. Çıxışlarda ümumtürk ədəbi dilinin yaradılmasının əleyhdarları bu məsələnin elmi baxımdan həll olunmadığını və real zəminin yaranmadığını bildiriblər. Bunun əksinə, tərəfdarlar isə türk xalqlarının bir- birini asanlıqla anlamasını, ortaq əlifba, orfoqrafiya və terminologiyanı, eyni alınma sözlərdən istifadəni əsas götürərək vahid ədəbi dilin yaradılmasını mümkün hesab ediblər.
– Təəssüf ki, qurultaydan sonra ölkədə siyasi vəziyyət dəyişərək türkçülük düşüncəsi təqib olunmağa başlayıb. Türk xalqlarının və dillərinin mənşəyi, tarixi ilə bağlı yanlış konsepsiyalar meydana çıxıb, bunun əksinə çıxanlar amansızlıqla cəzalandırılıblar. Bunu necə izah edərdiniz?
– Bəli, həmin dövrdə türkologiya sırf sovet ideologiyasına tabe edilmiş, sovet dövlətinin məfkurəsinə uyğun istiqamətdə inkişafına şərait yaradılmış, tədqiqatların mövzusu və istiqaməti ümumtürk kontekstindən kənarlaşdırılmış, bir sözlə, türkologiya tənəzzül dövrünü yaşamışdır. Amma, yaxşı ki, keçən əsrin 70-ci illərindən sonra türkologiyaya münasibət tədricən dəyişdi, bu sahədə yeni türkoloqların hazırlığına xüsusi diqqət yetirildi, türkoloji tədqiqatların ümumtürk kontekstində aparılmasına şərait yaradıldı.
Baş verən mürəkkəb qlobal proseslər fonunda türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi və türk xalqları arasında siyasi-iqtisadi və mədəni əlaqələrin daha da güclənməsi ortaq ünsiyyət vasitəsinin və ortaq əlifbanın yaradılmasını zəruri etmişdir. 1991-ci ildə ilkin olaraq əlifbanın yaradılması üçün müzakirələrə başlandı, Azərbaycan və Türkiyə respublikalarında bu problemlə bağlı konfranslar və simpoziumlar keçirildi. Müzakirələrdə türkoloqlar latın qrafikası əsasında 34 hərfdən ibarət ortaq türk əlifbasının layihəsini hazırlasalar da, müəyyən səbəblərə görə qəbul olunmadı. Son dövrlərdə ortaq türk əlifbasının yaradılması məsələsi yenidən aktuallaşdı. Türk Dövlətləri Birliyinin Ortaq Türk Əlifbası Komissiyası yaradıldı və müzakirələr yenidən davam etdirildi.
– Professor, ortaq əlifba barədə bir qədər ətraflı nə demək olar?
– Komissiyanın ilk iclasları Astana şəhərində kecirilib, layihənin ilkin variantı hazırlanıb. Komissiyanın 2024-cü il sentyabrın 9-11-də Bakıda keçirilən 3-cü iclasında hər bir hərfi müzakirə olunmaqla 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul edilib. Bu əlifba 6 türk dövlətində (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan) istifadə olunan əlifbalar əsasında türk fonem sistemi nəzərə alınmaqla hazırlanıb. Əlifbada hər hərf bir səs ifadə edir, hərflərin sıralanması mövcud əlifbalara uyğun şəkildə aparılır. Azərbaycan əlifbası dəyişməyib, iki hərf əlavə edilib.
Sağır “n” (nun) hərfi tarixən Azərbaycan ədəbi dilində işlənmiş, XX əsrin əvvəllərində əlifbadan çıxarılmışdır. Hazırda dilimizdə dialekt, qazax, qırğız, türkmən və özbək dillərində isə ədəbi dil səviyyəsində saxlanmışdır.
Qazax dilinə məxsus “ῡ” hərfi dilimizdə “u” səsinə uyğun olub tələffüzünə görə fərqlənir. Alimlər müasir türk dillərində mövcud hərflərin hamısını saxlamaq prinsipini əsas götürərək bu hərfi də əlifbaya daxil ediblər.
Əlifbanın ən mühüm tərəflərindən biri odur ki, türk dillərinin fonetik sistemində yer alan ortaq səslər eyni qrafik işarə ilə veriləcək, əlifbadakı hər hansı bir işarənin ifadə etdiyi səsin işlənmədiyi türk dilində ondan istifadə zəruri sayılmayacaq. Ümumən, bu yeni əlifba üzərində çalışan görkəmli türkoloqlar türk dillərinin fonetik quruluşunun özəlliklərinə xüsusi diqqət yetiriblər, burada hər hansı bir türkcənin təbii quruluşuna heç bir təsirdən söhbət gedə bilməz.
Digər tərəfdən, təklif olunan əlifba Türkiyədə, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda artıq illərdir ki, tətbiq olunur, öyrədilir və bununla latın qrafikalı Azərbaycan əlifbası arasında ciddi fərq yoxdur. Göstərilən əlavə işarələr digər türk dillərinin fonetik quruluşu nəzərə alınmaqla layihədə yer alıb. Bu günlərdə Azərbaycanda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ortaq türk əlifbasında poeziya antologiyası - Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya, Ç. Aytmatovun əsərləri və Oğuznamələr kitabları nəşr olunub.
Bəli, ortaq əlifbanın yaxın gələcəkdə tətbiqi türk dünyasında milli kimliyi daha da möhkəmləndirəcək,türk xalqları arasında informasiya mübadiləsini genişləndirəcək. İndiyə kimi müxtəlif əlifbalardan, xüsusilə kiril qrafikasından istifadə edən türk xalqlarının ortaq əlifbaya keçməsi metodoloji baxımdan türk dillərinin tədqiqi və tədrisi işini də asanlaşdıracaq. Təbii ki, bütün bunlar gələcəkdə ortaq anlaşma sahəsində ciddi irəliləyişlərə səbəb olacaq.
Bu gün Türk Dövlətləri Təşkilatı səviyyəsində görkəmli alimlərin hazırladıqları bu layihə dövlət başçıları səviyyəsində qəbul olunduqdan sonra digər coğrafiyalarda yaşayan türk xalqlarının dilləri bu prosesə qoşularsa, həmin türkcələrin də səs özəlliklərinin nəzərə alınması qaçılmaz ola bilər.
I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirildiyi günlərdə reallaşan ortaq türk əlifbası bütün türk dillərində ünsiyyəti asanlaşdıracaq, türk xalqlarının bir-birinə yaxınlaşmasını, əməkdaşlığın möhkəmlənməsini daha da sürətləndirəcək.
– I Türkoloji Qurultayının türk xalqlarının tarixində əlamətdar hadisə kimi, 80, 90 və 100 illik yubileyləri Azərbaycan Prezidentinin sərəncamları ilə qeyd olunmuşdur. Qurultayın 100 illik yubileyi ilə bağlı cənab İlham Əliyev Türk dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə vurğulayıb: “Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il Birinci Qu rultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm”. Bu fikir türkoloji qurultaydakı ideyaların bu gün də aktuallıq kəsb etdiyini və həmin missiyanın hazırda uğurla davam etdirildiyini aydın əks etdirir...
– Elədir. Qurultayın tarixi əhəmiyyəti onun qəbul etdiyi qətnamə və qərarların miqyası ilə yanaşı, irəli sürdüyü ideyaların gələcək onilliklərdə türkologiya elminin inkişafına göstərdiyi təsirlərlə də müəyyən olunur. Hazırda I Türkoloji Qurultayın mirası kimi tədris və elmi-tədqiqat üçün priortet sayılan vəzifələr həyata keçirilməkdədir: türk xalqlarının ortaq elmi əməkdaşlığı, türk dillərinin müqayisəli öyrənilməsi, dilin, ədəbiyyatın milli kimliyin formalaşmasında rolu, ortaq əlifba və terminologiya prinsiplərinin hazırlanması, türkologiyanın ümumi istiqamətdə inkişafı, bu sahədə kadrların hazırlanması, türkoloji fənlərin təhsilin bakalavriat və magistratura səviyyələrində tədrisi genişlənir.
I Türkoloji Qurultayın gələcəyə baxışının əsas hədəfləri - müasir türk dillərinin qorunması və inkişafı, azsaylı türk dillərinin və dialektlə rinin inkişaf etdirilməsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, türk dillərinin fonetik, leksik və qrammatik quruluşunun müqayisəli öyrənilməsi, elektron lüğətlərin, dil korpuslarının, elektron arxivlərin hazırlanması, türk dövlətlərinin ali məktəblərinin və elmi-tədqiqat mərrkəzlərinin arasında birgə layihələrin, konfransların, simpoziumların və nəşrlərin həyata keçirilməsi, ortaq terminoloji bazanın yaradılması, qədim yazılı abidələrin, əlyazmalarının və folklorun müasir metodlarla araşdırılması, türkologiyanın beynəlxalq nüfuzunun yüksəldilməsi, ali məktəblərdə türkologiya fənninin proqramının yeni texnologiyalar, yəni korpus dilçiliyi, riyazi dilçilik və multidissiplinar yanaşmalar əsasında yenilənməsi və s. ibarətdir.
– Maraqlı söhbətə görə təşəkkür edirik!
Əli NƏCƏFXANLI
XQ
Baxış sayı:86
Bu xəbər 27 Oktyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















