Xatirəsi hərb tariximizdə qürurla yad edilir
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanın Milli Qəhrəmanı İqor Vladimiroviç Makeyevin doğum günüdür
Azərbaycan müxtəlif millətlərin və xalqların nümayəndələrinin çiyin-çiyinə verərək qoruduğu, hər bir vətəndaşının əziz torpaq hesab etdiyi müqəddəs diyardır. Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanını bu torpaq üçün axıdan qəhrəman oğullardan biri də azərbaycanlılarla birlikdə çiyin-çiyinə döyüşən rus əsilli döyüşçü — Azərbaycanın Milli Qəhrəmanı İqor Vladimiroviç Makeyevdir.
İqor 1971-ci ilin oktyabr ayının 27-də Gəncə şəhərində fəhlə ailəsində doğulmuşdur. 1979-cu ildə Mir Cəlal adına Kəpəz rayon 39 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1987-90-cı illərdə 8 saylı texniki-peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdir.
1990-cı ilin noyabr ayının 26-da İ.Makeyev Kəpəz Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmişdir. İqor Bakıda desant qoşunları hissəsində xidmət keçirdi. Sonra onu Rusiyanın Rostov vilayətinə göndərdilər. Burada 6 ay çavuş məktəbində təhsil aldı.Azərbaycanda baş verən hadisələr İqoru bərk narahat edirdi. İqor hərbi xidmətini yarımçıq qoyub Gəncəyə qayıtdı. İqor gəlişini anasına belə izah etdi: "Ana, mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim Vətənimdir. Özümü də bu torpağın övladı sayıram. Övlad Vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da qurban verərəm". İqor belə də etdi.İ.Makeyev heç kəsə bir söz demədən Bakıya gəlir və Daxili İşlər Nazirliyinin qoşun hissələrindən birinə yazılır. Elə həmin gündən də həyatını cəbhəyə bağlayır. O, çox mərd, cəsur döyüşçü idi. Tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. Çox keçmədi ki, onu taqım komandirinin müavini vəzifəsinə təyin etdilər.
1992-ci ilin iyun ayının 5-də Səhər saat 6-da erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçmişdilər. İqorun qoruduğu post kənd qəbristanlığının yaxınlığında yerləşirdi.Bu zaman o, istirahətdə olan bütün əsgərləri ayağa qaldırdı. Ermənilər xeyli canlı qüvvə ilə hücuma keçmişdilər. Döyüş bir saata yaxın davam etdi. Əsgərlərimiz 7-8 nəfəri yaraladı. Qalanlar isə geriyə çəkilməyə məcbur oldular. İqorla birlikdə 3-4 əsgər öz yaralı dostlarını maşına çatdırdılar. Həmin döyüşdə ermənilər kəndi aldılar. Lakin bu cəmi 3-4 saat çəkdi. Döyüşçülərimiz yenidən hücuma keçərək kəndi geri aldılar.
Ağdam və Tərtər vuruşlarından sonra Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin geri oturdulması üçün çoxlu qüvvə lazım idi. Bu zaman Ağdamda yerləşən hərbi hissədən Ağdərə bölgəsinə köməyə bir dəstə göndərdilər. İqor da həmin dəstədə idi. Ağdərə uğrunda gedən döyüşlərdə İqor mərdlikdə döyüşürdü.2 avqust 1992-ci il. Son döyüş. "Vışka" yüksəkliyi alınmalı idi. Düşmən çox güclüydü. İqor "Nikulin" ləqəbli bir azərbaycanlı igidlə birlikdə pulomyotla ön cərgədə idi, düşmənə öz gücünü göstərirdi. O, 28 nəfərin mühasirədən çıxmasına kömək edərək onların həyatını xilas etdi. Lakin onun özü xilas ola bilmədi. Bu ağır döyüşdə İqor qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Makeyev İqor Vladimiroviçə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
İ.Makeyev Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. nSadıllı qəsəbəsində Qəhrəmanın adına küçə var.
Azərbaycan xalqı milliyyətindən asılı olmayaraq Vətən uğrunda canından keçən bütün qəhrəmanları kimi, İqor Makeyevin də xatirəsini hər zaman uca tutur. Onun adı məktəblərdə, xatirə lövhələrində və hərbi tariximizdə qürurla yad edilir.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















