Ucalan bayrağımız, güclənən dövlətimiz ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət bayrağı bir xalqın tarixə yazdığı müstəqillik imzası, milli iradəsinin və mənəvi bütövlüyünün ifadəsidir. O, keçmişdən gələn dövlətçilik ənənələrini, bu günün qürurunu və gələcəyə ünvanlanan ümidləri özündə birləşdirir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımızın mənası isə bu anlayışlardan daha genişdir. Onun hər rəngində milli kimliyimiz, hər naxışında dövlətçilik yaddaşımız, hər dalğalanışında azadlıq uğrunda mübarizəmizin və tarixi Zəfərimizin izləri yaşayır. Bu bayraq xalqımızın əsrlər boyu qoruyub saxladığı müstəqillik arzusunun gerçəyə çevrilməsinin, milli birliyimizin və suveren dövlətimizin qüdrətinin rəmzidir. Noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü də məhz bu müqəddəs dəyərlərə sədaqətimizin, milli rəmzimizə sonsuz sevgi və ehtiramımızın təcəssümüdür.
Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasları XX əsrin əvvəllərində milli özünüdərk proseslərinin gücləndiyi, xalqımızın müstəqil dövlətçilik arzularının gerçəkləşməyə başladığı tarixi dövrdə formalaşmışdır. Görkəmli Azərbaycan mütəfəkkiri, böyük türkçü ideoloq və ictimai fikir tariximizin parlaq simalarından biri olan Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu milli ideologiyamızın əsas istiqamətlərini müəyyənləşdirmiş, sonradan üçrəngli bayrağımızın fəlsəfi mahiyyətində öz ifadəsini tapmışdır. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qəbul edilən üçrəngli bayraq gənc respublikanın milli ideallarını, dövlətçilik məfkurəsini və gələcək inkişaf istiqamətlərini özündə birləşdirirdi. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Müstəqillik tariximizin ən mühüm hadisələrindən biri üçrəngli bayrağımızın yenidən dövlətçilik həyatımıza qaytarılmasıdır. Bu tarixi proses Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi mövqeyi və uzaqgörən təşəbbüsü ilə reallaşmışdır. Belə ki, 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Sovet imperiyasının hələ mövcud olduğu bir vaxtda atılan bu cəsarətli addım milli dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə bağlı qərarın qəbul edilməsi də milli müstəqillik düşüncəsinin siyasi müstəvidə ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qəbul edilən tarixi qərar bütün ölkə üçün mühüm siyasi nümunəyə çevrildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciətini nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağına yenidən dövlət bayrağı statusu verdi və “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul etdi. Bununla da milli dövlətçilik ənənələrimizin əsas atributlarından biri müstəqil Azərbaycanın rəsmi rəmzinə çevrildi.
Sonrakı illərdə dövlət bayrağının hüquqi statusunun möhkəmləndirilməsi, onun istifadəsi və qorunması ilə bağlı qanunvericilik bazasının formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun qəbul edilməsi, Nazirlər Kabinetinin Dövlət bayrağının qaldırılması, endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyənləşdirən qərarı bu sahədə mühüm hüquqi əsaslar yaratdı. 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyevin Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamı isə milli rəmzimizin dövlətçilik həyatındakı mövqeyini daha da möhkəmləndirdi.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımızın milli tariximizdəki yerinə, dövlətçilik ənənələrimizə və xalqımızın mənəvi dəyərlərinə verilən yüksək qiymətin ifadəsi oldu. Həmin vaxtdan etibarən noyabrın 9-u ölkəmizdə ümumxalq səviyyəsində qeyd olunur, dövlət rəmzimizə olan sevgi və ehtiramın nümayişinə çevrilir.
Dövlət bayrağının əsl ucalığı yalnız onun beynəlxalq tədbirlərdə və mötəbər təşkilatların qarşısında dalğalanması ilə deyil, doğma torpaqlarımızda məğrur şəkildə yüksəlməsi ilə də ölçülür. Uzun illər işğal altında qalan ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanacağı gün xalqımızın ən böyük arzularından biri idi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə bu arzunu gerçəyə çevirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa edildi. Bu gün üçrəngli bayrağımız Şuşada, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Xankəndidə, Xocalıda və digər azad edilmiş yaşayış məntəqələrimizdə dalğalanır. Hər bir ucaldılan bayraq şəhidlərimizin qanı bahasına əldə edilmiş Zəfərin, milli iradəmizin və tarixi ədalətin bərpasının rəmzidir.
Bu gün Azərbaycan bayrağı ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və tam suverenliyini təcəssüm etdirən ən ali dövlət rəmzidir. Onun ətrafında birləşən xalqımız milli həmrəyliyini, vətənpərvərlik ruhunu və Azərbaycançılıq məfkurəsinə bağlılığını nümayiş etdirir. Dövlət bayrağına hörmət yalnız bir dövlət atributuna ehtiram deyil, həm də xalqımızın tarixinə, şəhidlərimizin xatirəsinə, müstəqilliyimizin əldə olunması və qorunması uğrunda göstərilən fədakarlığa hörmət deməkdir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın daşıdığı mənəvi və tarixi dəyərləri dərindən mənimsəməsi, onu daim uca tutması dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıyır.
Üçrəngli bayrağımızın hər dalğalanışı xalqımızın müstəqil yaşamaq əzmini, dövlətimizin qüdrətini və gələcəyə inamını ifadə edir. Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahlarında olduğu kimi, vaxtilə işğal altında qalmış doğma torpaqlarımızda da qürurla dalğalanır. Artıq onun ucalığında müstəqilliyimizin, milli birliyimizin və tarixi Zəfərimizin əbədi izləri yaşayır.
Ümummilli Lider Heydər Əliyevin “bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri bu gün müstəqil Azərbaycanın reallığını və xalqımızın dəyişməz iradəsini ifadə edir. Üçrəngli bayrağımız daim uca olsun!
Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















