Icma.az
close
up
RU
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə...

Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə...

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Deputat: “İmzalanması nəzərdə tutulan sülh sənədinin paraflanmaya ehtiyacı var.  Bəzi məsələlər paraflana bilər, amma tam paraflanma indi mümkün deyil”

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BəƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və müzakirə olunan məsələlər ətrafında analitiklər müxtəlif təhlillərini bəyan edirlər.

Qeyd edək ki, görüşün yekunları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında deyilir: “10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”.

“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda qeyd olunub.

AYNA.AZ-ın mövzu ətrafında suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, liderlərin bu görüşü çox maraqlı formatda baş tutub:

- Birincisi, liderlərin iştirakı ilə ümumi nümayəndə heyətlərinin görüşü keçirildi. İkincisi, liderlər arasında təkbətək görüş keçirildi və üçüncüsü, nümayəndə heyətlərinin iştirakı ilə yenə görüşüldü. Əlbəttə, bunlar hamısı bir görüşün tərkib hissəsi idi. Deməli, ilkin olaraq konseptual məsələlər müzakirə olunub. Görünür, bəzi razılaşdırılmamış məsələlər, yaxud xırda detallar vardı ki, liderlər arasında müzakirə edildi və sonradan liderlər siyasi komandalarına göstərişlərini, tapşırıqlarını verdilər. Normal münasibətləri olan ölkələr arasında da problemlər yarananda bu cür danışıqlar aparılır. Hesab edirəm ki, Əbu-Dabi görüşü normallaşma hadisəsi kimi qiymətləndirilə bilər. Görüşün beş saata yaxın davam etməsi onu göstərir ki, kifayət qədər kompleks məsələlər müzakirəyə çıxarılıb. Əbu-Dabi danışıqları sanki diplomatik əlaqələri olan ölkələr arasındakı danışıqlar kimi xarakterizə oluna bilər. Nəticə etibarilə belə də olmalı idi. Əks halda, belə ağır problemi həll etmək, mürəkkəb və həssas coğrafiyada uzunmüddətli sülhü əldə etmək çətindir. Bunun yeganə yolu belə görüşlərdən, danışıqlardan keçir.

- Görüşdə müzakirə olunan məsələləri necə qiymətləndirmək olar?

- Rəsmi açıqlamada qeyd olunanlara baxsaq, bütün istiqamətlər üzrə danışıqlar aparılıb. Bunlardan məncə ən asanı sərhədlərin delimitasiya və demarkasiyasıdır. Eyni zamanda, ən çətini də məncə, delimitasiya və demarkasiyadır. Amma nəzərə almaq lazımdır ki, burada institutlaşmış mexanizm mövcuddur. Çünki qarşılıqlı komissiya var, bu komissiya ən çətin nöqtədə uğurlu başlanğıc edə bilib. Söhbət Qazağın işğalda olan kəndlərindən 4-nün qaytarılması və həmin ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasından gedir. Liderlər siyasi komandalarına bu istiqamətdə işlərin davam etdirilməsini tapşırıblar ki, bunun nəticələrini görəcəyik. Bu, vacib məsələdir, çünki hər şey sərhəddən başlayır, sərhəd təhlükəsizliyi məsələsi önəmlidir.

Eyni zamanda, etimad quruculuğu məsələsi də müzakirə olunub. Biz bilirik ki, “xalq diplomatiyası” adı ilə üçüncü tərəflərin diktəsi ilə etimad mühitinin yaradılması cəhdləri bundan qabaq olub. Amma bu cəhdlərin nəticəsi olmamışdı. Səbəb də o idi ki, bu, süni şəkildə problem həll olunmadan problemlərin həll olunmuş kimi göstərilməsi cəhdləri idi. İndi isə münaqişə həll olunub. Ona görə də etimad mühitinin formalaşması üçün real imkanlar var. Söhbət xalqlar arasında düşmənçiliyin aradan qalxmasından, etimadın yaradılmasından gedir.

- Amma xalqlar arasında etimad mühitini zədələyən məsələlər də var. Məsələn, Ermənistanda revanş əhvalında olan insanlar var ki, bunlar dediyiniz etimad mühitinə zərbə vura bilməzmi?

- Əlbəttə ki, etimad mühitinə zərbə vuran qüvvələr mövcuddur. Ermənistanda etimad mühitinə zərbə vuran radikal qüvvələr var ki, onların başında kilsə gəlir. Eyni zamanda, Köçəryan-Sarkisyan cütlüyü, “Daşnaksütyun” Partiyasının nüymayəndələri, diasporadakı qüvvələr və digər terror təşkilatlarıdır. Baxın, Əbu-Dabi görüşünə getməmişdən əvvəl Paşinyan danışıqlar mövzuları arasında etimad mühiti ilə bağlı məsələnin salınması üçün İrəvanda xeyli cəsarətli addımlar atdı. Birincisi, siyasiləşmiş kilsəni dövlətə tabe etdirmək cəhdləri etdi. Əlbəttə, bu proses hələ sona çatmayıb. Eyni zamanda, sabiq hakimiyyətdə olanlara qarşı cinayət işi açdırdı. Dolayısı ilə Ermənistan ictimaiyyətini etnik nifrətə kökləyən, müharibəyə çağıran radikalların sıxışdırıldığını görürük. Yalnız bundan sonra biz etimad mühitindən danışa bilərik. Ümumi ictimai rəydə sülh üçün mühit formalaşmalıdır ki, məncə, bu istiqamətdə də dönüş nöqtəsi yarana bildi.

- Rəsmi açıqlamada sülh sazişinin paraflanması barədə cümlə var. Söhbət nədən gedir?

- Paraflanmanın mənası odur ki, tərəflər əvvəlcədən razılaşdırılmış mətni imzalamırlar, amma hər səhifəni yenidən oxumaqla imzalayacaq səlahiyyətli şəxsin adının ad və soyadının baş hərflərini hər səhifəyə əlavə edirlər. Yəni ki, həmin səhifə razılaşdırılmış sayılır. Belə sənədlərə diplomatik termində, “paraflanmış sənədlər” deyilir. Yəni mətn razılaşdırılıb, texniki qüsur yoxdur, redaktəyə  ehtiyac qalmayıb, tam imzaya hazırdır. Ona görə də, paraflanmanı bəzən imzaya bərabər sənəd kimi sayılır. Bütün hallarda, imzalanması nəzərdə tutulan sülh sənədinin paraflanmaya ehtiyacı var.  Bəzi məsələlər paraflana bilər, amma tam paraflanma indi mümkün deyil. Biz bilirik ki, rəsmi Bakının tələbləri var ki, onlar hamısı həllini tapmayıb. Söhbət Ermənistan Konstitusiyasında dəyişiklik tələbindən və Minsk Qrupunun de-yure ləğvi barədə ATƏT-ə birgə müraciətdən gedir.

- Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi və nəticələr barədə nə demək olar? Görüşdən əvvəl belə bir məlumat yayılmışdı ki, ABŞ şirkəti dəhlizdə yüklərin yoxlanmasını təmin edə bilər, yaxud nəzarəti həyata keçirə bilər...

- Əlbəttə, Əbu-Dabidə Zəngəzur dəhlizi məsələsi üzərində müzakirə aparılıb. Hansı nəticə əldə edilib, qarşıdakı müddətdə biləcəyik. ABŞ şirkətinin dəhlizdə nəzarəti həyata keçirməsi ilə bağlı məsələyə gəlincə, təkcə bu, mediada müzakirə edilmir. Eyni zamanda, ABŞ rəsmilərinin şərhlərində bunu görürük. Hesab edirəm ki, optimal yol tapılmalıdır. Hamı başa düşür ki, Zəngəzur dəhlizi açılmalıdır.

Hesab edirəm ki, burada iki əsas məsələ öz əksini tapmalıdır. Birincisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərbəst gediş-gəlişin təmini, ikincisi, beynəlxalq yüklərin daşınmasının təmin edilməsi həllini tapmalıdır. Üçüncüsü isə Paşinyanın “Sülh kəsişməsi” adlandırdığı ideyanın da müəyyən qədər nəzərə alınmasıdır ki, bu halda kompromis əldə edilməsi mümkündür. Biz həmişə məsələyə bütöv yanaşmışıq, amma burada şaxələndirmə də mümkündür. Məsələn, beynəlxalq yüklərin daşınmasını ayrıca, Azərbaycanın israr etdiyi Naxçıvana maneəsiz keçidin təminini ayrıca müzakirə etmək olar. Paşinyanın “Sülh kəsişməsi”nə isə ayrıca baxmaq olar. Əslində “Sülh kəsişməsi” həm də Zəngəzur dəhlizinin genişlənməsi deməkdir. Paşinyanın irəli sürdüyü təklifdə dəmir yolu var, avtomobil yolu var, enerji kommunikasiyaları var, “yaşıl enerji” dəhlizi var. Demək ki, Zəngəzur dəhlizi həm də genişlənməlidir. Liderlərin beş saatlıq görüşü barədə bəyan edilirsə ki, sülhlə bağlı bütün istiqamətlər nəzərdən keçirilib, məncə, bu məsələyə də dərindən baxılıb. Təbii ki, bunlar bizim ehtimallarımızdır. Bütün hallarda, Azərbaycanın olmazsa-olmazı var ki, bu da Azərbaycan vətəndaşlarının ölkənin bir hissəsindən digər hissəsinə maneəsiz keçidinin təminidir. Rəsmi Bakının qəti mövqeyi budur və yəqin ki, bu məsələyə İrəvan tərəfindən isti yanaşılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see327

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see298

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see295

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see291

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see275

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see274

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see226

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see197

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see185

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see182

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see179

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see179

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see174

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see173

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see173

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see173

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see169

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see168

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see165

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri