Ukrayna sindromu Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ukrayna böhranın yeni mərhələyə keçərək, inkişaf istiqamətlərini ciddi şəkildə dəyişməsi hazırda Qərb dünyasını silkələyir. Belə ki, mövcud situasiya Ukraynanın artıq yalnız savaş meydanı deyil, həm də Qərb siyasi-iqtisadi sistemlərinin "sabitlik laboratoriyası"na çevrildiyini göstərir. Və bu baxımdan, Ukrayna savaşının ehtimal olunan gələcək inkişaf istiqamətləri də kollektiv Qərb üçün yeni qlobal düzən arxitekturasında təyin edici faktor rolunu oynayır.
Belə anlaşılır ki, Ukrayna müharibəsi artıq sadəcə, Rusiya və Qərb arasında hərbi-siyasi qarşıdurma predmeti olmaqdan çıxmaqdadır. Çünki 2025-ci ilin sonuna doğru bu böhran kollektiv Qərbin öz daxilində siyasi sabitliyi, iqtisadi prioritetləri və strateji koordinasiyasını sınağa çəkən qlobal testə çevrilib. Hər halda, Almaniyada keçmiş Olaf Şolts hökumətinin dağılmasının əsas səbəbləri, Ukrayna lideri Volodimir Zelenskinin son vaxtlar sərtləşən ritorikası və ABŞ prezidenti Donald Trampın rəsmi Kiyevə maliyyə dəstəyinin dayandırılması ilə bağlı yeni bəyanatları qətiyyən təsadüfi deyil. Və bu, onu göstərir ki, Ukrayna savaşı artıq kollektiv Qərbin mərkəzində parçalanma çatları yaradır.
Onu da qeyd etmək lazımdır ki, Almaniyanın vaxtilə yaşadığı “Ukrayna sindromu” ucbatından Şolts hökumətinin süquta uğraması barədə son etiraflar hazırda Qərb siyasi dairələrində ciddi narahatlığa yol açıb. Belə ki, Almaniyanın sabiq kansleri Olaf Şolts etiraf edib ki, onun hökumətinin dağılmasının əsas səbəbi Ukraynaya yardım məsələsində yaranmış fikir ayrılıqları olub. Olaf Şoltsun dediyinə görə, təxminən 15 milyard avroluq əlavə yardım paketi qəbul edilmədiyi üçün kabinet “iflic vəziyyəti”nə düşübmüş. Onun fikrincə, əgər borc məhdudiyyətini aşaraq, təklif edilən həll variantı, yəni, əlavə borclanma yolu ilə Ukraynaya zəruri vəsaitin ayrılması qəbul edilsəydi, hökumət o dövrdə dağılmazdı.
Əslində, bu etiraf onu göstərir ki, Almaniyanın Ukrayna savaşı ilə bağlı siyasəti xarici strateji məsələ olmaqdan çıxaraq, ölkədaxili siyasi sabitlik böhranına çevrilibmiş. Rəsmi Berlinin dəyişməz “borc intizamı” prinsipi Almaniyanın siyasətində uzun illərdən bəri fundamental dəyər sayılır. Keçmiş kansler Olaf Şoltsun bu prinsipi pozmaq cəhdi həm maliyyə elitasının, həm də ölkə müxalifətinin sərt müqaviməti ilə üzləşibmiş.
Ancaq Almaniyanın indiki kansleri Fridrix Mersin kabineti isə başqa bir model tətbiq etməyə üstünlük verir. Yəni, Almaniya Konstitusiyaslna edilən dəyişikliklə infrastruktur və müdafiə sahələrinə 500 milyard avro ayırmaq imkanı yaradılıb. Beləliklə, siyasi kurs dəyişməsə də, maliyyə idarəçiliyi transformasiyaya uğrayıb. Hətta Mers hökuməti 2026-cı ildə Ukraynaya yardımı daha 3 milyard avro artırmağı planlaşdırır. Bu, rəsmi Berlinin Ukrayna ilə bağlı strateji istiqamətini dəyişmədiyini, sadəcə, ölkədaxili legitimlik mexanizmlərini yenilədiyini göstərir. Və Almaniya indi Ukrayna məsələsində sabit dəstək xəttini qorumağa, eyni zamanda, daxili borc siyasətini də balanslaşdırmağa çalışır.
Bütün bunlara paralel olaraq, Ukrayna prezidenti Volodimir Zelenski son açıqlamalarında müharibə ritorikasını daha qlobal təhlükə prizmasında təqdim etməyə başlayıb. O, bildirib ki, Rusiya 2029-2030-cu illərdə Avropada genişmiqyaslı müharibəyə hazırlaşır. Və bu səbəbdən də Rusiyanın hərbi-sənaye kompleksinin istehsal imkanlarına qarşı daha sərt tədbirlər görülməlidir.
Təbii ki, prezident Volodimir Zelenskinin bu sərt savaş ritorikası bəzi konkret məqsədlərə hədəflənib. Belə ki, ilk növbədə kollektiv Qərbə siyasi-psixoloji təlqin mesajları göndərmək, yəni Ukraynaya dəstək azaldıqca, “Avropanın təhlükəsizliyi risk altına düşür” xəbərdarlığını etmək məqsədi güdülür. Digər tərəfdən isə iqtisadi müharibəni dərinləşdirmək, xüsusilə də, enerji və silah ticarəti sahəsində Rusiyanın gəlir mənbələrini tam kəsməyə çağırış edilir.
Ona görə də, prezident Volodimir Zelenskinin açıqlamaları yalnız siyasi məzmun daşımır və həm də strateji narahatlıq ritorikası təsiri bağışlayır. Rəsmi Kiyev başa düşür ki, kollektiv Qərbin bir hissəsində “Ukraynaya dəstəyin yorğunluğu” dərinləşir və belə ölkələrdə ictimai rəydə prioritet dəyişir. Ona görə də, rəsmi Kiyevin siyasi-diplomatik fəaliyyətində bu istiqamət üzrə getdikcə daha çox təzyiq və emosional arqumentləri ön plana çıxır. Və bu, həm də Ukraynanın özünümüdafiə potensialının tədricən tükənməkdə olduğunu göstərir.
Məsələ ondadır ki, Qərbdən Ukraynaya yönəlik dəstəyin son aylarda zəiflədiyi inkaredilməz reallıqdır. Xüsusilə də, ABŞ prezidenti Donald Trampın son açıqlamaları Ağ Evin Ukrayna siyasətində yeni mərhələyə keçdiyini göstərir. Hətta Ağ Ev sahibi indi Ukraynaya dəstəkdən daha çox üçüncü dünya savaşının qarşısını alması barədə iddiaları ilə gündəmə gəlir. Ağ Ev sahibi əmindir ki, əgər, o, prezident olmasaydı, Ukrayna savaşı III Dünya Müharibəsinə səbəb ola bilərdi.
Digər tərəfdən, prezident Donald Tramp rəsmən etiraf edib ki, ABŞ Ukrayna savaşının maliyyələşdirilməsini dayandırıb və Ağ Ev artıq NATO vasitəsilə rəsmi Kiyevə silah təchizatı üçün ödəniş alır. Bu, ABŞ-ın Ukrayna siyasətində birbaşa öhdəlikdən kollektiv məsuliyyət modelinə keçidi deməkdir. Tramp administrasiyası açıq şəkildə Avropa ölkələrini daha çox maliyyə yükü daşımağa vadar edir. Bununla Ağ Ev həm ABŞ-ın daxili siyasi-iqtisadi balansını qorumağı, həm də NATO-nun “bərabər məsuliyyət” prinsipi altında öz üstün rolunu yenidən təsdiqləməyi hədəfləyir.
Təbii ki, Tramp administrasiyasının bu siyasəti uzunmüddətli perspektivdə ABŞ-Avropa Birliyi münasibətlərində məsuliyyət bölgüsünü dəyişdirəcək. Avropa ölkələri, xüsusilə də, Almaniya və Polşa, Ukrayna savaşına daha çox hərbi və maliyyə resursları səfərbər etməyə məcbur qalacaq. Və bu isə kollektiv Qərbin daxilində koordinasiya problemlərini, eləcə də strateji prioritetlərin fərqlənməsini dərinləşdirə bilər.
Bütün bunlar onu göstərir ki, Ukrayna savaşının indiki inkişaf istiqamətləri kollektiv Qərbin daxili siyasi arxitekturasını dəyişdirir. Yəni, Ukrayna böhranına artıq yalnız Rusiya və Qərb arasındakı qarşıdurma kimi yanaşmaq yanlışdır. Çünki bu savaş Qərb siyasi sistemləri üçün olduqca ciddi sınaq meydanına çevrilməkdədir. Hər halda, ABŞ-da “maliyyə məsuliyyəti” strategiyasının yenilənməsinin NATO ölkələrinə təsiri və rəsmi Kiyevin strateji mesajlarında siyasi ritorikanın sərtləşməsi onu göstərir ki, Ukrayna savaşı kollektiv Qərb üçün həm xarici siyasət, həm də daxili idarəetmə böhranı yaradır.
Göründüyü kimi, nəticə etibarilə, Ukrayna savaşı artıq getdikcə, daha çox Avropa Birliyinin probleminə çevrilməyə başlayıb. ABŞ məsuliyyətdən uzaqlaşır, Almaniya kimi Avropa ölkələri balans axtarır, Ukraynanın rəsmi dairələri isə öz müttəfiqlərinə yeni təzyiq ritorikası formalaşdırır. Bu prosesin gedişində kollektiv Qərbin ortaq strategiyası tam iflasa uğramasa belə, Ukrayna savaşına münasibətdə strateji liderlik mərkəzinin ABŞ-dan Avropaya və hətta Almaniyaya keçə biləcəyi artıq qaçılmaz görünür.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Noyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















