Icma.az
close
up
RU
Ukrayna tarixində Türk amili Eynulla Mədətli yazır

Ukrayna tarixində Türk amili Eynulla Mədətli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Dörd ilə yaxındır ki, dünya ictimaiyyəti Ukrayna xalqının azadlıq və suverenlik uğrunda ağır, lakin mətanətli mübarizəsini həyəcanla izləməkdədir. Rusiyanın hələ də "Xüsusi hərbi əməliyyat" adlandırdığı bu qanlı müharibədə, yəqin ki, hər iki tərəfdən ən azı bir milyon nəfər həyatını itirib və ya ağır yara alıb. Beynəlxalq güclərin birmənalı münasibət sərgiləmədiyi bu uzun sürən müharibədə milyonlarla ukraynalı qaçqına və məcburi köçkünə çevrilib, ölkə ərazisinin təqribən iyirmi faizi Rusiyanın nəzarəti altına düşüb. Hər gün, hər saat müharibə qurbanlarının sayı artmaqdadır. Əslində, indiki müharibə vasitələri və üsulları şəraitində Ukrayna kimi geniş ərazili və imkanlı ölkədə güvənli sığınma bölgəsi qalmayıb. Rusiyanın da həmsərhəd bölgələri daim Ukrayna silahlı qüvvələrinin hədəfindədir.

Aydındır ki, Qərb ölkələrinin və ABŞ-ın hərbi yardımları olmadan Ukrayna Rusiyanın nəhəng hərb maşını ilə bu qədər uzunsürən müharibədə davam gətirə bilməzdi. Lakin bu yardımlar elə səviyyədə deyil ki, bu, Ukraynanın müharibənin gedişində dönüş yaratmasına və Rusiyanın danışıqlar masasına oturmasına şərait yaratsın. Eyni zamanda, Avropa ölkələrinin böyük əksəriyyəti bu müharibədə Ukraynanın məğlubiyyətini də əsla istəmir, çünki onlar Rusiyanın qələbəsini Avropa üçün ciddi təhlükə mənbəyi hesab edirlər. Azərbaycan Respublikası vuruşan hər iki tərəflə dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinə, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə bu müharibəyə cəlb edilən, ağır itki və məhrumiyyətlələ üzləşən dost Ukrayna xalqına davamlı humanitar yardımlar edir, bu müharibənin tezliklə ədalətli sülhlə bitməsini arzulayır. Bu məqalədə ölkəmizin və xalqımızın Ukrayna xalqına hüsn-rəğbətinin tarixi köklərinə qısa nəzər salmağı uyğun bildik.

"Ukrayna" sözünün ümumslavyan sözü olan "oukraina"dan gəldiyini, sərhəd vilayəti anlamı daşıdığı hesab edilir. Bu ada ilk dəfə 1187-ci ildə rast gəlinir və bu, əvvəllər Pereyaslav knyazlığına, sonralar isə digər ucqar vilayətlərə də şamil edilib. Böyük Litva knyazlığında və Moskva dövlətində də bu ad işlədilib.

Qədim zamanlarda Ukrayna ərazisində zaman-zaman türklərin ulu əcdadları olan skiflər, sarmatlar, hunlar geniş yayılmış və dərin izlər qoymuşlar. Professor Q.D.Kazmirçukun yazdığı kimi, Ukrayna ərazisinə gələn, burada kök salan xalqlar, tayfalar bu ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmiş, Ukrayna xalqının inkişaf prosesinə öz töhfələrini vermişlər. Görkəmli alim və dövlət xadimi, 1917-1918-ci illərdə Ukrayna Xalq Respublikasına rəhbərlik etmiş Mixail Qruşevskiy (1866-1934) özünün çoxcildli "Ukrayna-Rus Tarixi" adlı fundamental əsərində Ukrayna xalqının özünəməxsus xüsusiyyətlərə, müstəqil inkişafa malik olduğunu elmi dəlillərlə əsaslandırıb. O, ilk olaraq elmi cəhətdən əsaslandırdı ki, "ümumrus tarixi" yoxdur, ona görə ki, "ümumrus xalqı" mövcud olmayıb. Kiyev-Rus dövrü Ukrayna tarixidir.

Əlbəttə, Ukraynanın Avropa dövləti olduğu həm coğrafi, həm də siyasi cəhətdən hər zaman qəbul edilib. Lakin nəzərə alınmalıdır ki, bu ölkənin və bu böyük ərazidə yaşayan xalqın taleyində polyaklar, litvalılar, macarlar, rumınlar və ruslarla yanaşı, onlardan da əvvəl kimmerlər, skiflər, hunlar, avarlar, bulqarlar, xəzərlər, peçeneklər, qıpçaqlar, monqol və krım tatarları, Osmanlı türkləri, bir sözlə, türk xalqları əhəmiyyətli rol oynamışlar.

Ukrayna tarixçilərinin fikrincə, Ukrayna ərazisində eramızdan əvvəl X-VII əsrlərdə kimmerlər sakin olmuş, e.ə. VII əsrdə skiflər cənubi və cənub-şərqi Ukrayna ərazilərində kimmerləri sıxışdırıb çıxarmışlar və burada ilk dövlətçilik rüşeymləri skiflərin zamanında meydana çıxmışdır. Dünyada tarixçiliyin atası sayılan Herodot məşhur "Tarix" əsərinin 4-cü kitabını (bölümünü) sırf skiflərə həsr etmiş və onların yerləşib hakim olduqları ərazini təfərrüatları ilə təsvir etmişdi. Bu təsvirə görə indiki Ukrayna ərazisinin də demək olar ki, əksəriyyəti skiflərin nəzarətində  olub.

Eramızdan əvvəl VII əsrin sonlarında skiflərə sıx ticarət-iqtisadi əlaqələri olan yunanlar, əsasən skiflərin məskunlaşdığı Qara dənizin şimal sahillərinin fəthinə başlamışlar. E.ə. 480-ci ildə Bosfor dövləti təşəkkül tapmış, yunanların Tavrida adlandırdığı Krımda bir sıra şəhər-qalalar salınmışdı. E.ə. IV əsrdə skif çarı Atey Azov dənizindən Dunay çayınadək geniş ərazidə Skif çarlığını qurmuşdu. Qeyd edilməlidir ki, Ukraynanın indiki Dnepropetrovşina əyaləti və geniş Qara dəniz sahilləri qədim skiflərin yaratdığı zəngin mədəniyyətin daha çox aşkarlandığı ərazilərdir. E.ə. üçüncü əsrdən köçəri sarmat tayfalarının bu yerlərə yürüşləri başlamış, eramızın birinci əsrində sarmatlar burada yerləşmişlər. II əsrdə Baltik sahillərindən gələn alman tayfaları -qotlar burada öz dövlətlərini qurmuşlar. 370-ci ildə hunlar bu dövlətə son qoymuşlar. Qara dənizin bütün şimal sahillərindəki ərazilərə hakim olan hunların dövründə, xüsusilə Volqadan Reynə qədər geniş əraziyə hakim olan, avropalıların haqsız olaraq "Allahın cəzası" adlandırdıqları böyük hun hökmdarı Atillanın hakimiyyəti zamanı - V əsrin ortalarında bu bölgədə qurulmuş antik şəhər dövlətlərin fəaliyyətinə son qoyulub.

558-582-ci illərdə avar və türk tayfaları ilə Xan Bayan Qara dənizin şimal sahillərində Avar xaqanlığını yaradıb. Bizansla müharibələr aparan Avar xaqanlığı VII əsrin sonlarında süqut edib.

VII əsrin sonlarında Qara dənizin şimal-şərqi və indiki Kuban ərazilərində bulqarlar güclənməyə başlayıblar və Xan Orhan böyük əraziyə malik güclü Böyük Bulqar dövləti qurub. Bu dövlətin sərhədləri indiki Kiyevədək uzanırdı. 619-cu ildə Xan Orhan oğlu Qubratla bərabər, Konstantinopolda xristianlığı qəbul etmiş, Vizantiya ilə müttəfiqlik müqaviləsi imzalamışdı. Xan Qubratın ölümündən sonra bu böyük dövlət onun oğlanları arasında uluslara (ordalara) bölündü. Oğlanlardan Asparux Dunayda Bolqar çarlığının əsasını qoymuş, digər oğul Kotraqa Volqa Bulqarlığını, üçüncü oğul Macarıstanda Peşt şəhərini salmış, böyük oğlu Bayan Kuban və Şimali Don ətrafında qalmışdı.

VII əsrin ortalarında Xəzər dənizi ətrafında güclənən Xəzər xaqanlığı Bulqar xanı Bayanla federativ əlaqələr qurmuş, bölgədə güclü bir qüvvəyə çevrilmişdi. VIII əsrin axırlarında Xəzər xaqanı Obadiyin iudaizmi dövlət dini kimi qəbul etməsi xaqanlığın tərkibindəki alan bulqarların bir qisminin ciddi etirazını doğurmuş və onlar Xəzər xaqanlığından ayrılıb Rus xaqanlığını qurmuşlar. Ruslar tanınmış alan tayfaları idilər, 830-cu ildə xəzərlərlə döyüşdə məğlub olub şimala çəkilmiş və indiki Kiyevin yerində xaqanlıq yaratmışlar.

839-cu ildə Bertin salnaməsi (Annales Bertiniani) hakimləri "Xaqan" titulu daşıyan Ros xalqının nümayəndələrinin I Lüdovikin yanına gəldikləri barədə məlumat verib. Bu xaqanlıq sonralar Ukrayna dövlətçiliyinin ilk təməli olan Kiyev Rus dövlətinin sələfi olub. Kiyevin ilk hakimləri də özlərini məhz xaqan adlandırıblar.

Qəbul olunmuş rəvayətə görə, xəzərlərdən ayrılıb bu bölgəyə gələn Kiy, Xoriv, Şek qardaşları və onların bacısı Libid indiki Kiyev ərazisində məskən salmışlar, Kiyin adı ilə bu məntəqə Kiyev adlanıb (bu, "Kiyin evi" kimi şərh edilə bilər). Bəzi tarixçilər həmin qardaşların əsl-kökünün Bulqar xanı Qubratla bağlı olduğunu güman edirlər. Kiyev xaqanları bölgədəki qıpçaqlar, peçeneqlər və digər türk etnosları ilə sıx təmaslarda və qohumluq münasibətlərində olmuşlar, eyni zamanda Avropa ilə də əlaqə saxlamışlar.

860-866-cı illərdə xaqan Askold Konstantinopola yürüşlər etmiş, bac alaraq dönmüşdü. Onun zamanında Kiyev Rus artıq bir güclü dövlət olaraq formalaşmışdı.

882-ci ildə dövlət çevrilişi nəticəsində şimaldan axınla gələn varyaq Rürikin nəslindən olan Oleq Kiyev Rusa hakim olmuşdu. Oleqin varisi Iqorun hakimiyyəti (912-945) zamanı onun qoşunları 914-cü ildə Azərbaycanın Dərbənd, Şirvan, Bərdə şəhərlərinə basqınlar etmiş, qarət və talanlar törətmiş, lakin bu bölgədə qala bilməmişdilər. Talanmış mallar və əsirlərlə geri qayıdan 50 minlik qoşunu Xəzər Xaqanlığının ordusu darmadağın edib. Yalnız beş min nəfərlə qaçıb canlarını qurtarmağa çalışan rus qoşunları sonrakı onilliklər ərzində Azərbaycana basqın etməkdən çəkinmişlər. Bu barədə məşhur ərəb tarixçisi Məsudi məlumat verib. Bundan sonrakı illərdə Kiyev tacirləri Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsinə daha çox maraq göstəriblər, tacirlərin qarşılıqlı əlaqələri əlverişli mal mübadiləsinə, ardınca isə mədəni-iqtisadi əlaqələrin artmasına səbəb olub.

964-966-cı illərdə İqorla Olqanın oğlu knyaz Svyatoslav Kiyev knyazlığını daha da möhkəmləndirmiş, bulqarları və xəzərləri məğlub etmiş, bundan sonra Xəzər xaqanlığı süqut etmişdi.

X əsrdə artıq Kiyev Rus bir dövlət kimi güclənmiş, 988-ci ildə isə xristianlığı qəbul etmişdi. Rəvayətə görə, knyaz Vladimir (980-1015) yəhudi, xristian və müsəlman ruhanilərini dəvət edib onlardan öz dinlərini şərh etməyi istəmişdi. Onları dinlədikdən sonra islamı daha məqbul hesab etdiyini bildirmiş, lakin hər gün nizamlı ibadət, içkinin və donuz ətinin qadağası onu çəkindirmiş, xristianlığın da iudaizmə nisbətən daha az məhdudiyyətlər qoyduğuna görə ona üstünlük vermişdi. Kiyevdə İdarəetmə Kadrlarının Regionlararası Akademiyasının (MAUP) ərazisində bu rəvayəti təsvir edən maraqlı abidə də vardır.

Ukrayna tarixçilərinin fikrincə, belə bir tarixi şəraitdə tarix səhnəsinə çıxan Kiyev Rus dövlətinin ondan təqribən üç əsr sonra formalaşan Moskva çarlığı ilə heç bir əlaqəsi olmayıb. Professor Yaroslav Daşkeviçin fikrincə, Moskvanın Yuri Dolqoruki tərəfindən 1147-ci ildə salındığı iddiası heç bir sənədə əsaslanmır. Moskal torpağının (sonralar Moskoviy adlanmışdır) adı ilk dəfə 1277-ci ildə Qızıl Ordanın ulusu kimi Ordanın üçüncü siyahıyaalmasında çəkilib. Maraqlıdır ki, bundan əvvəlki 1237-38-ci illərdəki birinci, 1254-59-cu illərdəki ikinci siyahıyaalmada bu ad çəkilmir.

Ukrayna tarixçilərinin fikrincə, Kiyev Rus tipik Ukrayna dövləti olub. Professor Daşkeviçin qənaətinə görə, Ukrayna xalqının bir millət kimi formalaşması 11-12-ci əsrlərdə baş verib və indiki ruslarla onun bağlılığı olmayıb. IX-XIII əsrlərdə yüzdən çox şəhərin olduğu bu bölgədə yarım milyondan çox əhali yaşayırdı. Kiyev rus dövlətinin paytaxtı Kiyev monqol-tatarların işğalınadək siyasi, iqtisadi və mədəni mərkəz kimi aparıcı rol oynayırdı.

1218-ci ildə Cəbə və Sabutayın başçılığı ilə 30 minlik monqol ordusu Qafqazı işğal etdikdən sonra Don sahillərində qıpçaqlarla döyüşə girdilər. Bu zaman monqolların elçi heyəti Kiyevə gələrək qıpçaqlara kömək etməmələri və tərəfsiz qalmaqları müqabilində Kiyevə sülh təklif etdilər. Lakin qıpçaqlarla sıx qohumluq əlaqələrinə malik olan knyazların yığıncağı qıpçaqlara kömək etmək qərarını qəbul etdi və monqol elçiləri qətl edildi. Bu, monqol-tatarlarda işğal niyyəti ilə yanaşı, kəskin qisas hissini də qızışdırmış oldu və 1223-cü ildə knyazların və qıpçaqların birləşmiş ordusu Cəbə və Sabutay tərəfindən ağır məğlubiyyətə uğradıldı.

1240-cı ilin payızında Batının ordusunun Kiyevə hücumu başladı və dekabrın 6-da şəhərin son müdafiəçiləri də həlak olandan sonra Kiyev işğal olundu. 50 minlik əhalinin yalnız 2 min nəfəri sağ qaldı.

1239-cu ildə monqol-tatarlar Menqu xanın başçılığında qıpçaqların müqavimətini qırıb bütün Krımı ələ keçirdilər. Ukrayna tarixçilərinin fikrincə, burada qədim türklərin -karaimlərin, skiflərin, sarmatların, alanların, qıpçaqların, həmçinin  qotların törəmələrindən türkdilli etnos olan krım tatar xalqı formalaşmışdı. 1313-cü ildə Krımın hakimi Özbək xan (Uzbekxan) islamı qəbul etmiş və Solxatda möhtəşəm Cümə məscidi tikdirmişdi. 1395-ci ildə Krıma Əmir Teymurun qoşunu hücum etmiş, lakin burada möhkəmlənib qalmamışdı.

1428-ci ildə Krım yurdunun hakimi, Çingiz xan nəslinin 11-ci törəməsi Hacı Girey özünü Krımın xanı elan etmiş və Qızıl Ordadan asılılığa son qoymuşdu. Bu zamanadək Qara dənizin şimal qismi əraziləri Qızıl Orda adı ilə Çingiz xanın oğlu Cucinin ulus-yurtuna daxil idi. 39 illik hakimiyyəti dövründə Hacı Girey Krım xanlığını müstəqil dövlətə çevirə bilmişdi. Bir qədər  sonra, 1475-ci ildə Krım Osmanlı imperiyası tərəfindən tutulmuş, lakin öz idarəçilik müstəqilliyini axıradək qoruyub saxlamışdı. 1482-ci ildə Krım xanı Menqli Girey Kiyevə hücum etmiş, şəhəri qarət və talan etmişdi. Sonrakı illərdə də Krım tatarlarının Ukraynaya yürüşləri olmuşdu. Litva və Polşa Ukraynanın Osmanlı türkləri və Krım tatarlarının hücumlarından qoruya bilməmiş, nəticədə Osmanlı dövləti birgə fəaliyyət göstərən bu iki dövləti Qara dəniz sahillərindən sıxışdırıb çıxarmış, beləliklə, Ukraynanın bütün cənub torpaqları, Qara dəniz və Azov dənizinin şimal sahil əraziləri XVIII əsrin 70-ci illərinədək türk-tatar hakimiyyətinə mənsub olmuşdu.

1547-ci ildə İvan Qroznı ilk dəfə kilsə mərasimində özünü Moskva çarı kimi təqdim edəndən sonra Moskva çarlığı güclənməyə başladı və öz nüfuz dairəsini genişləndirdi. "Velikorus" torpaqlarını Moskva dövlətinə birləşdirməyə nail olan III İvan o zaman Litvanın tabeliyində olan Ukrayna və Belarus torpaqlarını da öz hakimiyyətinə qatmağa cəhd etmişdi.

Bəzi tarixçilərin fikrincə, Kiyev Rusun Qədim Rus kimi təqdim edilməsinin elmi əsası yoxdur, bu adlandırma Moskva knyazlarının və çarlarının siyasi niyyətlərinin və hədəflərinin əsaslandırılması üçün XV əsrdən işlədilib. Eyni zamanda, "Velikorus derjava"sının Kiyev Rusun siyasi, mənəvi, mədəni-dini varisi olması düşüncəsi də tamamilə əsassızdır. Mixail Qruşevskiy "Rus tarixinin adi sxemi və şərqi slavyanlar tarixinin rasional strukturu" məqaləsində bunu elmi cəhətdən şərh edib.

Qeyd edilməlidir ki, XVI-XVII əsrlərdə Krım xanlığı nəinki Ukraynanın, eləcə də bütün regionun, həmçinin Avropanın siyasi həyatında mühüm tarixi rol oynayıb. III İslam Girey (1644-1654) Boqdan Xmelnitskinin polyaklara qarşı üsyanının müvəffəqiyyətində həlledici rol oynamışdı. 1648-ci ildə hetman Boqdan Xmelnitski oğlu Timofeylə birlikdə Baxçasaraya gəlib İslam Gireydən kömək istəmişdi. Polşa ilə müharibədə bütün böyük qələbələri B.Xmelnitski Krım xanının göndərdiyi tatar süvarilərinin hesabına qazanmışdı. 1649-cu ildə Zborovski sülh traktatı imzalanmış, baş vəzir Səfər Qazi Reç Pospolitanın böyük miqdarda təzminat və illik vergi verməsinə nail olmuşdu. Məhz Krım xanlığının etibarlı dəstəyi ilə Ukrayna dövlətçiliyi kənar hücum və təzyiqlərə davam gətirirdi.

1649-cu ilin əvvəlində B.Xmelnitski Ukraynanı Reç Pospolitadan (Litva və Polşanın ittifaqı) "qoparıb" müstəqil kazak dövlətini qurmağı qərarlaşdırdı. Bunun üçün ona etibarlı və güclü müttəfiqə malik olmaq lazım idi. Bu məqsədlə də, Moskvaya - çar Aleksey Mixayloviçin sarayına elçi göndərib  Zaporojye Qoşununu çarın himayə etməsini xahiş etdi. Elə şərait yaranmışdı ki, polyaklara qarşı dura bilmək üçün Xmelnitski həm Moskva çarı, həm də Osmanlı sultanı ilə danışıqlar aparırdı. Moskva cavab verməyə tələsmirdi, Osmanlı dövləti isə az sonra Sultan IV Mehmedin Osmanlı himayəsini nəzərdə tutan Fərmanını göndərdi. Tələb olunan vassallıq şərtləri hətta Krım xanlarına qoyulan şərtlərdən də yüngül idi. Amma B.Xmelnitski son razılıq qərarını verməyə tərəddüd edirdi, bu isə Moskvanı hərəkətə gətirən amil oldu və 1653-cü ilin iyununda çar Ukraynanı himayəyə götürmək barədə məlumat göndərdi. 1654-cü ilin yanvarın 8-də Pereyaslavda Boqdan Xmelnitski Ukraynanın Moskva tərəfindən himayəyə alınmasını rəsmən qəbul etdi.

1721-ci il oktyabrın 22-də çar I Pyotr (1672-1725) özünü Rusiya imperatoru elan etdi və bundan sonra isə o, bütün Ukrayna torpaqlarının, Qara dəniz və Xəzər hövzəsinin ələ keçirilməsi üçün geniş hərbi hərəkatlara başladı. Eyni zamanda, o zamandan Ukrayna tarixinin Rusiya tərəfindən məqsədyönlü şəkildə saxtalaşdırılaraq mənimsənilməsinə  da rəvac verildi. XVIII əsrin ikinci yarısında Rusiyada II Yekaterinanın (1729-1796) hakimiyyətə gəlməsi ilə Ukraynada, eləcə də bütün Qara dəniz və Xəzər dənizi hövzəsində tamamilə yeni siyasi vəziyyət yarandı. 1768-ci ildə Osmanlı dövləti ilə birlikdə Krım xanlığı da Rusiya imperiyası ilə müharibəyə qoşuldu. Osmanlı dövləti Krımdakı, bütövlükdə Qara dənizin şimal sahillərindəki mövqelərini bir-bir itirdi və nəhayət, 1783-cü ildə Krım xanlığının Rusiya tərəfindən ləğv edilib Rusiyaya birləşdirilməsi faktını tanımağa məcbur oldu. Rusiya imperatorluğu Ukraynadakı milli dövlət qurumları olan Hetmanlığı və Zaporojye Secini ləğv etdi və Qara dəniz boyunca Ukraynanın şimal torpaqlarında Novorossiysk əyaləti qurdu. Ukrayna xalqının tarixi və taleyi artıq yeni tələblər şəraitində müəyyənləşməyə başladı.

Çar Rusiyasını tarixə qovuşduran 1917-ci ilin fevral inqilabından sonra bu imperiyanın təsir dairəsində olan böyük bir coğrafiyada baş verən siyasi dəyişikliklər Ukraynada da baş verdi. Ümumiyyətlə, 1917-1920-ci illər Ukraynada milli-demokratik hərəkat dövrüdür. UMR qurultay keçirib Mərkəzi Radanın başçılığında Ukraynanı Rusiyanın tərkibində muxtariyyat statusunu qəbul etdi. Rusiyada oktyabrın 25-də bolşeviklərin hakimiyyəti çevrilişlə ələ keçirməsi vəziyyəti dəyişdi. Müvəqqəti hökumətin devrildiyi bildirilən "Rusiya vətəndaşlarına" Müraciətdən sonra Ukraynada Mərkəzi Radası  Ukrayna Xalq Respublikasının yaradıldığını elan etdi. UMR Kiyev bolşeviklərinin çağırışlarına məhəl qoymadı və bolşevik çevrilişini ittiham etdi. Kiyevdəki müxtəlif forumlarda azlıqda qalan bolşeviklər Xarkova toplaşdılar, burada 11-12 dekabrda Ukrayna Xalq Respublikasının yarandığını və burada sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Mərkəzi İcraiyyə Komitəsi seçərək Mərkəzi Radanın ləğv edildiyini bəyan etdilər.

Belə bir mürəkkəb şəraitdə Mərkəzi Rada Ukraynanın Xüsusi Müdafiə Komitəsi yaradaraq 11 yanvar 1918-ci ildə UXR-nın müstəqilliyini bəyan etdi və bolşevik hücumuna qarşı ordu yaratmağa başladı. 1918-ci ilin fevralın 9-da Brestdə UXR, Almaniya, Avstriya-Macarıstan və Sovet Rusiyası arasında Sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, 8-14 fevral 1918-ci il tarixlərində alman, Avstriya-macar qoşunları Ukrayna ərazilərinə daxil oldular və bütün ərazidə nəzarəti ələ keçirdilər. Aprelin sonunda MR son iclasını keçirdi və fəaliyyətini dayandırdı. Hetman P.Skoropadski bütün Ukrayna xalqına müraciət edərək öz rəhbərliyində bundan sonra "Ukrayna Dövləti" adlandırılacaq yeni qurumun təşkilini bildirdi. 1918-in oktyabrında Kiyevdə Ukrayna Dövləti ilə Sovet Rusiyası arasında danışıqlar başladı, 12 iyunda ilkin sülh müqaviləsi bağlandı. Almaniya və Avstriya-Macarıstan da Ukrayna Dövlətini tanıdılar. Hetman ukrainlaşdırma siyasəti yeridirdi, tezliklə "Ukrayna dili və ədəbiyyatının icbari öyrənilməsi haqqında" qanun qəbul etdi, Kiyevin, Odessanın, Xarkovun universitetlərində Ukrayna dili, ədəbiyyatı, hüququ, tarixi kafedraları yaradıldı, noyabrda Ukrayna Elmlər Akademiyasının yaradılması haqqında qanun qəbul etdi. Amma Birinci Dünya müharibəsində Almaniya və müttəfiqlərinin məğlubiyyəti Skoropadskini xarici dəstəkdən məhrum etdi, onların orduları ölkəni tərk etdilər. Hetman "Bütün Ukrayna vətəndaşlarına Müraciət" edərək hökumət kursunun Ümumrusiya federasiyası yönünə dəyişdiyini bəyan etdi və siyasətdən çəkildi.

1918-ci il noyabrın 18-də V.Vinniçenkonun sədrliyi ilə Hetmanlığı əvəz edəcək beş nəfərlik (S.Petlyura, P.Andriyevski, A.Makarenko, F.Şvets) Direktoriya təsis edildi. Direktoriya paytaxta daxil oldu, Ukyayna Xalq Respublikasının bərpa olunduğu bildirildi. Amma bu, uzun sürmədi, çünki Rusiya hökuməti dekabrın 24-də Brest sülhünü ləğv etdiyini elan edib bundan sonra Ukraynanın müstəqilliyini tanımadığını elan etdi. Qırmızı Ordunun təzyiqi ilə Antanta qoşunları Xerson, Nikolayev və Odessanı tərk etdilər. 6 yanvar 1919-cu ildə Ukraynanın müvəqqəti fəhlə-kəndli hökuməti ölkənin bundan sonra Ukrayna Sosialist Sovet Respublikası (USSR) adlanacağını bəyan etdi. Rusiya Kommunist bolşevik Partiyası X.Rakovskinin sədrliyində Ukrayna hökumətini - Sovnarkomunu yaratdı.

Antantanın dəstəklədiyi Denikin antibolşevik qüvvələri səfərbər edib 1919-cu ilin mayında Luqansk və Donbası, iyunda isə Xarkovu və Poltavanı ələ keçirdi. Moskvaya hücuma hazırlaşmağa başladı. P.Vrangelin qoşunları Volqa-Don boyunca hərəkətə keçdi. Denikininin könüllü ordusu Ekaterinoslavı, Kiyevi, Nikolayevi, Odessanı tutdu. Bolşevik hökuməti Kiyevi tərk etməli oldu. Denikininin hakimiyyəti 1919-cu ilin payızınadək sürdü, ölkənin "Ukrayna" adı dəyişdirilib "Cənub Rusiya" adlandırıldı. 1919-cu ilin noyabrından Sovet Rusiyasının yaratdığı cənub cəbhəsi yerli partizan dəstələrinin də köməyi ilə Çerniqovu, sonra Xarkov və Poltavanı, 16 dekabrda isə Kiyevi geri aldı. Bundan əvvəl 4 dekabrda Leninin təşəbbüsü ilə bolşeviklərin ümumrusiya konfransında "Ukraynada sovet hakimiyyəti qurulduğu" barəsində qətnamə qəbul edildi. 1920-ci ilin aprelində Polşanın 150 minlik ordusu Ukrayna uğrunda müharibəyə başladı, lakin Sovet qoşunları onları geri oturtmağa nail oldu və 1920-ci il oktyabrın 12-də Rusiya ilə Polşa arasında sülh razılığına gəlindi. 1921-ci il martın 18-də Riqada Sülh Müqaviləsi imzalandı. Qərbi Ukrayna və Qərbi Belarusiya Polşaya keçdi. Ukraynanın sonrakı siyasi taleyi isə digər qonşu xalqlar kimi, SSRİ adı ilə canlandırılan yeni Rusiya ilə bağlandı. Qonşu və qohum xalqlarla tarixən formalaşmış ənənəvi əlaqələr də məhdudlaşdırılıb dar bir çərçivəyə salındı. Lakin 1991-ci ildə müstəqillik əldə ediləndən sonra Ukrayna dövlətinin və xalqının Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, eləcə də digər türk dövlətləri və xalqları ilə münasibətləri tarixi ənənələr üzərində, yeni məcrada inkişaf etməyə başladı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri