Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova bildirib ki, gündəliyə iki məsələ daxildir.
Newscenter.az xəbər verir ki, əvvəlcə,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Layihəyə əsasən, 11 yeni anlayışın ayrıca maddədə təsbiti nəzərdə tutulub.
İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil və 63 maddədən ibarətdir. Layihədə uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit olunur və bu cür halların yolverilməzliyi açıq şəkildə vurğulanır. Eyni zamanda, uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən qanun layihəsinin 61-ci maddəsində əksini tapmış 8 tələb əsas götürüləcək və bununla da müvafiq çərçivə konkret müəyyənləşdiriləcək. Qeyd olunub ki, yeni qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.
Sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib ki, qanun layihəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları özündə ehtiva edir. Qeyd olunub ki, Ombudsman tərəfindən qanun layihəsi ətraflı təhlil edilib və erkən evliliklərin qarşısının alınması, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququnun, şərəf və ləyaqətinin, fərdiliyinin və sosial müdafiəsinin təmin edilməsi, eləcə də uşaq alveri və istismarının qadağan olunması və digər məsələlər ilə bağlı irəli sürülən təkliflər sənəddə öz əksini tapıb.
İclasda çıxış edən Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. Bildirilib ki, qanun layihəsində uşaqlara qarşı zorakılıqla bağlı, müasir texnologiyalarla bağlı maddələr öz əksini tapıb.
Qanun layihəsinin müzakirəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Mehriban Vəliyeva, Tamam Cəfərova, Könül Nurullayeva, Günay Ağamalı, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov, “Ümidli Gələcək” İctimai Birliyinin sədri Kəmalə Aşumova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək məsələ ilə bağlı qeyd və təkliflərini bildiriblər.
Daha sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsini - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
O, bildirib ki, qanun layihəsinin əsas məqsədi uşaq hüquqlarının təminatı sahəsində mövcud qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, uşaqların fikrinin nəzərə alınmasını,fərdi məlumatlarının qorunmasını və zorakılıqdan müdafiəsini gücləndirən yeni hüquqi mexanizmlər yaratmaqdır. Layihə həmçinin, çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanmasını, onların maraqlarının səmərəli müdafiəsini və bu sahədə dövlət nəzarətinin genişləndirilməsini təmin etməyə yönəlib.
Qanun layihəsinin müzakirəsində komitənin üzvləri Sevinc Hüseynova və Müşfiq Məmmədli iştirak edərək fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.
Sonda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
29 Dekabr 2025 11:25
Ətraf mühitin sağlamlaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir RƏY
27 Noyabr 2024 17:41
Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
06 Mart 2025 10:39
Ana dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
24 Aprel 2025 23:17
Ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir
17 Dekabr 2025 16:02
Baxış sayı:95
Bu xəbər 28 Yanvar 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















