Uşaqları yad təsirlərin hücumundan qoruyaq
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Yeni nəslin yaşa uyğun informasiya tələbatı
Uşaq hüquqları haqqında çox danışırıq. Bəs gündəlik həyatımızda, ailədə, məktəbdə, cəmiyyətdə və mediada uşağa nə dərəcədə diqqət və qayğı ilə yanaşırıq? Onun hüquqlarını qorumaq üçün üzərimizə düşən məsuliyyəti nə qədər dərk edirik?
Uşaqlar haqqında danışanda, yazanda bir anlıq düşünmək gərəkdir. Görəsən, paylaşılan məlumat, yazılan xəbər, seçilən başlıq həmin uşağa necə təsir edəcək? Bu sual bəlkə də hər kəsin özünə verməli olduğu ilk sualdır. Uşaqlar cəmiyyətin ən həssas üzvləridir. Elə buna görə də burada böyüklərin, xüsusilə də medianın məsuliyyəti daha çoxdur.
Məktəbdə baş verən insident, yol qəzası, ailə münaqişəsi, zorakılıq, yaxud başqa bir olay… Belə xəbərlər, şübhəsiz, cəmiyyət üçün əhəmiyyətlidir. İnsanlar nə baş verdiyini, problemin səbəbini və onun necə həll olunacağını bilmək istəyirlər. Jurnalist bu problemin səbəblərini araşdıra, məktəbin və aidiyyəti qurumların münasibətini öyrənə bilər. Xəbər hazırlayarkən yalnız hadisənin təsirini deyil, onun uşaq üçün nəticələrini də düşünmək lazımdır. Bəs uşağın şəxsi həyatını açıb göstərmək, ailə vəziyyətini ictimai müzakirəyə çıxarmaq vacibdirmi? İştirakçısı olduğu hadisə nə qədər ciddi olsa da, onunla necə danışacağımızı, hansı məlumatı yayacağımızı, hansı görüntünü seçəcəyimizi diqqətlə düşünməliyik. Bəzən uşağın adını çəkmədən də hadisəni kifayət qədər aydın və dolğun işıqlandırmaq mümkündür.
Təəssüf ki, bəzən uşağın yaşadığı ağır hadisə mediada elə təqdim olunur ki, sanki, onun ağrısını bir daha hamının qarşısında göstərmək, ailəsinin şəxsi həyatına dair təfərrüatları açıqlamaq istəyirik. Bəlkə də bu, xəbəri daha təsirli etmək istəyindən irəli gəlir. Amma düşünməliyik ki, sabah həmin uşaq məktəbə gedəndə, küçəyə çıxanda, sosial şəbəkələri izləyəndə bütün bunlarla yenidən qarşılaşa bilər.
Xəbər xəncər olmasın!
Uşaq hüquqları deyəndə, adətən, zərərçəkmiş uşaqları nəzərdə tuturuq. Amma hüquq pozuntusunda şübhəli bilinən, yaxud cinayət törətmiş uşaq da uşaqdır axı. Onun da yaşı, psixoloji vəziyyəti, gələcəyi və cəmiyyətə yenidən inteqrasiya olunmaq hüququ var.
Bəzən mediada “qatil uşaqlar”, “unudulmayan uşaq qatillər”, “yeniyetmələr niyə amansız olur?”, “amansız yeniyetmələr”, “qatilə çevrilən yeniyetmələr” kimi başlıq və ifadələrə rast gəlirik. Onlar oxucunun diqqətini çəkə bilər, amma uşağa vaxtından əvvəl damğa vurur. Bir uşağı bir əmələ, bir hadisəyə görə ömürlük həmin adla xatırlatmaq nə dərəcədə doğrudur?
Əlbəttə, törədilmiş əməli gizlətmək, hadisənin ağırlığını azaltmaq olmaz. Zərərçəkmişin hüquqları da diqqətdən kənarda qalmamalıdır. Ancaq hadisəni təqdim edərkən uşağı alçaldan ifadələr işlətmək, hüquqi qiymətləndirmədən əvvəl günahkar elan etmək düzgün yanaşma deyil. Jurnalist hadisəni olduğu kimi çatdırmalı, uşağın şəxsiyyətini qorumağa çalışmalıdır. Məqsəd yalnız baş verənləri göstərmək deyil, uşağı necə təqdim etdiyimizi və bunun ona necə təsir edə biləcəyini də düşünməkdir.
Beynəlxalq media təcrübəsində uşaqların hüquqları məsələsi daha əhatəli şəkildə müzakirə edilir. Onların təhsili, sağlamlığı, təhlükəsizliyi, müharibələrdən və zorakılıqdan qorunması, yoxsulluq, rəqəmsal mühitdə qarşılaşdıqları təhlükələr ilboyu xəbər və araşdırma mövzusu olur. Jurnalistlər problemin səbəblərini araşdırır, uşaqların gündəlik həyatına təsir edən məsələləri cəmiyyətin diqqətinə çatdırır, onların fikirlərinə yer verir.
Uşaqlardan yazarkən...
Uşaqlarla bağlı material hazırlayan jurnalistin bir neçə sadə prinsipə əməl etməsi kifayətdir:
– Uşağın adını və üzünü göstərməmək;
– Uşaq danışmaq istəmirsə, məcbur etməmək;
– Ağır hadisə yaşamış uşağa eyni sualları təkrar-təkrar verməmək;
– Ailəsi, məktəbi, ünvanı və şəxsi həyatı ilə bağlı lazımsız təfərrüatları yaymamaq;
– Başlıqda uşağı təhqir edən ifadələr işlətməmək;
– Valideynin və ya qanuni nümayəndənin razılığını, uşağın öz münasibətini və təhlükəsizliyini nəzərə almaq
Azərbaycanda uşaqların hüquqlarını qoruyan “Uşaq hüquqları haqqında”, “Media haqqında”, “Fərdi məlumatlar haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlar var. Lakin bu qanunların mövcudluğu problemin həlli demək deyil. Əsas məsələ həmin normaların jurnalistlərin gündəlik fəaliyyətində tətbiqi, redaksiyaların məsuliyyət mexanizmlərinin gücləndirilməsi və uşağın mənafeyinin informasiya maraqlarından üstün tutulmasıdır. Mövzu ilə bağlı qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da jurnalistləri uşaqların hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmağa, onların şəxsi həyatının toxunulmazlığını da qorumağa çağırır. Jurnalist bu normaları bilməli və gündəlik işində nəzərə almalıdır.
Bəs valideynlər?
Uşaqların hüquqlarının qorunmasında valideynlərin də rolu böyükdür. Bəzən biz böyüklər uşaqlarımızın şəklini, videosunu sevə-sevə paylaşırıq. Amma uşağın böyüdükdən sonra həmin görüntülərə necə münasibət göstərəcəyini düşünmürük. Uşaq hüquqları yalnız bayram günündə yada salınan mövzu olmamalıdır. Bu hüquqlara hər gün, hər yazıda, hər televiziya süjetində, hər fotoda və hər sosial media paylaşımında hörmətlə yanaşmaq lazımdır. Uşağın şəxsi həyatına hörmət evdən, ailədən başlayır. Bir anlıq özümüzə sual verək, övladlarımızın şəxsi həyatına aid görüntülərin başqaları tərəfindən də icazəsiz paylaşılmasını istəyərdikmi?
Unutmayaq ki, uşağın hüququ yalnız qanunla deyil, ona münasibətimizlə də qorunur. Media uşağın səsini eşitdirməli, amma onun həyatını sensasiyaya çevirməməlidir. Çünki bir xəbər unudula bilər, amma onun uşağın yaddaşında buraxdığı iz uzun müddət qalar.
Sevinc MƏMMƏDOVA,
BDU jurnalistika fakültəsi multimedia və elektron kommunikasiya kafedrasının dosenti
Baxış sayı:45
Bu xəbər 24 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















