“Üzeyir bəy Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir dühadır”
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi İtaliyada da qeyd olunacaq.
Tədbir Azərbaycan Respublikası QHT-lərə Dövlət dəstəyi Agentliyinin dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.
Xan Şuşinski fondunun sədri, Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq öz xatirələrini bölüşüb.
O bildirib ki, Ü.Hacıbəyli Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub: “Üzeyir bəy - Azərbaycan professional musiqi sənətinin, milli operanın, milli bəstəkarlıq məktəbinin banisi, ilk folklorçu bəstəkar, dirijor, ilk musiqişünas-alim, publisist, dramaturq, pedoqoq, ictimai xadim, böyük azərbaycanlı! O, Azərbaycan tarix və mədəniyyətində dərin iz qoymuş, Şərq dünyasında ilk Konservatoriyanın, ilk musiqili- teatrın yaradıcısı olmuşdur. Yüksək intellekti, fitri istedadı, dünya görüşü, savadı ilə öz yaradıcılığında Qərb və Şərq musiqisinin üslublarını birləşdirərək, Azərbaycan milli musiqisinin, xalq musiqimizin incəliklərini uzlaşdıraraq, klassik Avropa ənənələrinə uyğunlaşdırmışdır. O, Azərbaycanda ilk olaraq yaratdığı Konservatoriyada mükəmməl, professional bəstəkarlıq məktəbinin təməlini qoymuş, onlarla, adı tarixdə qalmış bəstəkarlar, musiqişünaslar, alimlər, sənətkarlar yetirmişdir. Atam dahi muğam ustadı, tarixdə iz qoymuş Cavanşirlər sülaləsinin parlaq nümayəndəsi İsfəndiyar ağa Aslan ağa oğlu Cavanşir - Xan Şuşinski hər zaman deyərdi ki, Üzeyir bəy Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir dühadır ki, o, üç yüz ildə bir dəfə yetişməz. Bəli, onların hər ikisini Qarabağ torpağı - onun zümrüd tacı Şuşa şəhəri, Şuşa mühiti yetirmişdi, o torpaq ki, o mühit ki, bir zamanlar Qafqazın konservatoriyası, mən deyərdim ki, Şərq dünyasının musiqi beşiyi adlandırılan və keçən əsrdə füsunkar təbiəti, çağlayan çayları, gur şəlalələri, yaşıl meşələri, büllur bulaqları, uca dağları və əsrarəngiz təbiəti kimi də vüqarlı, fitri istedada malik, tarixi şəxsiyyətlər yetirmişdi bu şəhər. Atam hər zaman Üzeyir bəyi xatırlarkən üzündə, gözündə bir sevinc qığılcımını hiss edərdik”.

Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib ki, Üzeyir bəy dahi unikal şəxsiyyət idi: “O, müsəlman şərqində opera sənətinin əsasını qoymuş, ilk dəfə notlu xalq çalğı alətləri orkestrini yaratmış, yüzlərlə el havasını, xalq mahnılarını toplayaraq nota salmış, Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızın tədrisi üçün proqlaşdırmış, ilk operettanın, operanın müəllifi olaraq Azərbaycan musiqi mədəniyyəti tarixinə əbədi olaraq öz adını qızıl hərflərlə həkk etmiş, “Leyli və Məcnun”, “Koroğlu” və onlarla mükəmməl əsərlər yaradaraq, həmçinin zaman-zaman dövrünün müxtəlif qəzetlərində, müxtəlif ləqəblərlə mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair məqalə, felyeton, satirik məqalələr yazmışdır. 1937-ci ildə tamaşaya qoyulan “Koroğlu” əsəri onun mükəmməl yaradıcılığının zirvəsi olmuşdur”.
Bəyimxanım Cavanşirova-Verdiyeva atası Xan Şuşinski ilə dahi Üzeyir bəyin ilk görüşünün 1920-ci illlərə təsadüf etdiyini xatırladıb: “O dövrdə Xan Şuşinskinin ecazkar səsinin, mükəmməl ifalarının səsi-sorağı Qarabağı aşaraq, bütün Respublikaya, o cümlədən paytaxt Bakıya yayılmışdı. Hətta öz xatirələrində Azərbaycan vokal sənətinin banisi Bülbül də yazırdı: “Biz – Asəf Zeynallı ilə mən xalq mahnılarını, aşıq musiqilərini toplamaq üçün Qarabağa yola düşdük və yol boyunca Asəf məndən onu Xanla tanış etməmi xahiş edirdi və biz Şuşaya çatar- çatmaz Cıdır düzünə gəldik, uzaqdan Xanın ifasında Zəmin- xarəni eşidib Asəfə dedim ki, bu, Xandır. O soruşdu ki, biz onunla necə görüşə bilərik? Mən Çoban- Bayatı ifa etdim və sanki Şuşada, Cıdır düzündə Qarabağın iki bülbülsəsli sənətkarları bir-birləri ilə ifaları ilə çağırış edərək, görüşdülər və bizim görüşümüz çox məhsuldar oldu, həmin gün Xanın ifasında onlarla mahnıları dinləyərək qeyd etdik”.

Və bu ərəfədə Üzeyir bəy o illərdə Bakıdan Xankəndinə gəlir və istedadlı gənclərlə maraqlanır. Atam öz xatirələrində söyləyirdi ki, Üzeyir bəylə görüşmək arzusu ilə ona yaxınlaşdım. O, mənə baxıb soruşdu adın nədir? Dedim İsfəndiyar. Dedi: Qoçaq sən nə oxuyacaqsan? Mən özümə güvənərək dedim: “Mən indi səsimlə muğam üstə bir manevr edəcəm. O təəcübləndi və dedi, qoçaq, buyur.
Mən pillə-pillə, şaqraq zəngulələrlə zilə qalxdıqca Üzeyir bəyin üzündə bir heyranlıq dolu sevinc gördüm. Və o, mənim ifamı yüksək qiymətləndirdi və məni təbrik edərək bir sənətkar kimi böyük gələcəyim olacağını söylədi. O gündən aramızda 16 yaş fərq olmasına baxmayaraq, bizim görüşümüz bir doğmalığa, dostluğa çevrildi. Ustadlarım tərəfindən mənə verilən Xan Şuşinski təxəllüsünü biləndən sonra mənimlə sıx əlaqələr quraraq 1926-cı ildə yazdığı "Qara göz" mahnısının notlarını mənə təqdim etdi. Deyilənə görə, təvazökarlıqdan uzaq da olsa, Üzeyir bəy Xanın ifasında Sarənc, Şahnaz, Segah və s. muğamları dinləməkdən doymazmış Üzeyir bəy o ərəfələrdə Xanın bu ilahi səslə vokal sənətinin incəliklərini öyrənmək, təhsil almaq üçün İtaliyaya getməsini məsləhət bilir. Atam təbii ki, gəlib evdə babam Aslan Ağa Cavanşirlə məsləhətləşir və sovet hökuməti təzə qurulduğu üçün babam Aslan ağa bütün varidatından məhrum edilmiş, hətta səsi də alınmışdı, nənəm Bəyimxanım dünyasını dəyişmişdi, bu səbəbdən babamın məsləhəti ilə atam bu arzusundan geri çəkilərək, taleyini əbədi olaraq muğam sənətinə bağlayır”.
Üzeyir bəyin arzusu olub ki, Xan Şuşinski Opera teatrında tamaşalarda çıxış etsin: “Ancaq atam fikirləşirdi ki, bir muğam ustadı, sənətkar kimi özünü muğam dünyasında görərək, onu sevən tamaşaçılarının qarşısında konsertlər verməklə daha çox xalqının ruhunu oxşaya bilər. İllər sonra atam Üzeyir bəyin müəllifi olduğu "O olmasın, bu olsun" filmində çəkilərkən, zarafatla demişdi ki, axır ki, mən Məşədi İbadın toyunda oxudum. O dövrdə Xanın Bakıda (Müdafiə Evində) M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertlərinə bir ay qalmış bütün biletlər satılarmış. Konsertə gələnləri, tamaşaçıları növbəylə, cərgəylə Filarmoniyaya buraxmaq üçün atlı milislər Azneft dairəsindən, Filarmoniyanın qarşısına kimi düzülərək, qayda-qanun yaradırmışlar. 1933-1934-cü illərdə Tbilisidə Zaqafqaziya üzrə keçirilən festivallarda Xan Şuşinski dönə-dönə birinci yerə çıxaraq, medallarla, fəxri fərmanlarla təltif edilir. Xanın timsalında vətənimizin bu qələbəsi festivallarda iştirak edən Üzeyir bəyi çox sevindirir və o, dövrü mətbuatda gözəl məqalə ilə öz sevincini, təbrikini və ürək sözlərini bildirir. Və Zaqafqaziya festivallarının qalibi olaraq tezliklə Xan Şuşinski bütün Qafqazda tanınmağa, sevilməyə və şöhrətlənməyə başlayır. Xan Şuşinskinin hər uğuru Üzeyir bəyi sevindirir. Xan Şuşinski 1944-cü ildə “Gürcüstan film”in istehsal etdiyi tarixi Georgi Saakadze ikiseriyalı filmində döyüş səhnəsində özünün möhtəşəm ifası ilə çəkilişə dəvət olunur və çəkilir. Bütün bu uğurlar Azərbaycan musiqisinin təəsübkeşi Üzeyir bəyi çox sevindirir. Üzeyir bəy hər zaman öz müdrikliyi, mərdliyi, xeyirxah əməlləri, bilgiləri,nüfuzu və hörməti ilə gənc, istedadlı sənətkarların qayğısını çəkir və onlara dayaq olur. Tarixə nəzər saldıqda görürür ki, o illərdə onlarla istedadlı şəxs represiya qurbanı olub. Sovetlər dönəmində özü əslən xan nəslindən olmasına baxmayaraq və o dövrdə bəy, xan, ağa sözlərinə qadağa qoyulduğu bir dövrdə onu sevən, dəyərləndirən ustadları, tamaşaçıları tərəfindən ona verilən Xan adını, Xan Şuşinski ləyaqətlə doğrultmuşdur. İllər boyu Xanı bu represiyalardan səsi, sənəti, şəxsiyyəti qorumuşdur. Tarixin hər dövründə hər zaman xain xislətli insanlar olub və 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncənəti ongünlüyündə Xan Şuşinski də iştirak etməliymiş, yüzlərlə, təmənnasız xeyriyyə konsertləri verərək, fəxri fərmanlarla təltif edilmiş Xan Şuşinskinin adı son anda Moskvada keçiriləcək tədbirdə iştirak edənlərin siyahısından çıxarılır. Bunu eşidən Üzeyir bəy çox qəzəblənərək, Mirzə İbrahimova və Səməd Vurğuna xəbər edərək Xanı evinə dəvət edir və illər boyu Xanın verdiyi xeyriyyə konsertlərinin afişalarını, fəxri fərmanları, təşəkkürnamələri və qəzetdə çıxan bu tədbirlər haqda məlumatları da götürərək rəhbərliyə müraciət edərək, Xanı bu bəladan qurtarırlar”.

Bəyimxanım Cavanşirova-Verdiyeva bildirib ki, atası hər zaman Üzeyir bəyin xatirəsini hörmət və ehtiramla yad edib: “Deyərdi ki, onun qoyduğu irs - qələmindən çıxan hər əsər, bəstələdiyi hər musiqi əbədi yaşayacaqdır. Üzeyir bəy əbədi olaraq bizim varlığımızda, düşüncələrimizdə, duyğularımızdadır. 1960-cı ildə atam Şuşada Üzeyir bəyin ev-muzeyinin yanında iki mərtəbəli bir mülkü satın almışdı və biz hər yay doğma məmləkətimiz, vətənimiz Şuşaya gedərdik. Atam hər zaman deyərdi ki, Üzeyir bəyin ruhu bu evdə dolaşır. Onun Üzeyir bəyin ev-muzeyinə köhnə Sovetlər Birliyinin müxtəlif Respublikalarından, hətta xarici ölkələrdən Şuşaya təşrif buyurmuş qonaqlar, turistlər gələr onun evini ziyarət edərdilər. Eşidəndə ki, Üzeyir bəyin ev-muzeyi ilə qoşa ikimərtəbəli mülkdə də canlı korifey, dahi muğam ustadı Xan Şuşinski yaşayır, gəlib atamla şəkil çəkdirər,ondan avtoqraf alardılar. Biz xoşbəxt xalqıq ki bizim zəngin, qədim tariximiz, milli-mənəvi dəyərlərimiz, tarixdə iz qoymuş dahi şəxsiyyətlərimiz vardır. Üzeyir Hacıbəyli kimi dühanı Azərbaycanımıza bəxş edən Şərqin Konservatoriyası olan Şuşamız var. Və şükürlər olsun ki, doğma Qarabağımız, Şuşamız bu gün qəhrəman igidlərimizin qanı- canı bahasına, Müzəffər Ali Baş Komandanımızın səyi nəticəsində işğaldan azad olub. Bu torpaq şəxsiyyətlər yetirib, ilahi qüdrət əvvəl bu cənnət məkanı, sonralar isə bu məkanın yetişdirdiyi dahiləri xəlq edib, yaradıb ki, bu dahilər bu vətəni, bu xalqı öz əməlləri, əsərləri, sənət nümunələri ilə dünyada tanıtsınlar, yaşasınlar, yaratsınlar və yaşatsınlar. Dövlətimiz, xalqımız bu dühaların xatirələrini sevərək, dərin hörmət və ehtiramla uca tutur. Hər il Üzeyir bəyin anadan olduğu gün – 18 sentyabr dövlətimizin qərarı ilə Milli musiqi bayramı kimi qeyd edilir, Üzeyir Hacıbəyli adına festivallar,müsabiqələr keçirilir, Üzeyir bəyin qoyduğu yolun davamı olaraq onlarla istedadlı gənclər yetişdirilir ki, bu istedadlar şərəfli Üzeyir yolunun gələcək davamçıları, Üzeyir bəyin övladları, nəvələri, nəticələridirlər. Dövlətimiz istedadlı gəncləri diqqət və qayğı ilə əhatə edir. Gənclərin təhsillərini mükəmmələşdirilməsi üçün onların xarici ölkələrdə təhsilinə kömək edilir. Bu gün Azərbaycan muğamı özünün intibah dövrünü yaşayır. Bu gün dünyanın möhtəşəm konsert səhnələrindən Azərbaycan musiqisi alqış sədaları altında sevilərək, qarşılanır. Ruhun şad olsun, Üzeyir bəy.
Bu il – 2025-ci il dahi Üzeyir bəyin 140 illik yubiley ilidir. Zaman keçdikcə biz ona daha çox yaxınlaşırıq, çünki Üzeyir bəy Hacıbəyli yaratdığı nəhəng, misilsiz sənət inciləri, bünövrəsini qoyub, möhrünü vurduğu, imzasını ləyaqətlə atdığı əməlləri ilə xalqına şərəf, şöhrət, bəxtiyarlıq bəxş edən dühadır.
Və o Azərbaycanın himninin müəllifi böyük azərbaycanlıdır. Onun əsərləri bizim ruhumuza, canımıza hoparaq, qəlbimizdə ahəng yaradır. Onun "Cəngi"si insanları mərdliyə, cəngavərliyə dostluğa, birliyə, onun "Sevgili canan"ı, “Sənsiz”i saf, təmiz, etibarlı sevgiyə, onun bəstələdiyi "Azərbaycan Respublikasının himni" xalqımızı vətənə, dövlətə, torpağa sevgiyə çağırır. Sonda bir daha atam Xan Şuşinskinin Üzeyir bəy Hacıbəyli haqda dediyi bu cümlə ilə fikrimi tamamlamaq istərdim: “Üzeyir bəy Tanrının bizim xalqa bəxş etdiyi və üç əsrdə belə dünyaya gəlməsi çətin olan bir dühadır”.


