Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

O, Tanrının itkin balasıdır Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

O, Tanrının itkin balasıdır Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Fəxri Uğurlunun Saday Budaqlının “Fevral” povesti haqqında yazdığı "Materiyanın çürük zənciri" yazısını təqdim edir.

Son illər povest janrı nədənsə gözdən salınmış kimi görünür. Yazıçılarımız ya povest yazmırlar, ya da yazdıqları povestlərin adını roman qoyurlar. Halbuki janrlar təsnifatında bu janrın öz yeri var. Bəzən kimsə rus ədəbiyyatından gəlmə bu janrın Qərbdə tanınmadığını, ayrıca forma kimi qəbul olunmadığını əsas gətirib, povestin romanla hekayənin arasından sıxışdırılıb çıxarılmasına bəraət qazandırır. Ancaq rus ədəbiyyatını qaba rus siyasətinin quyruğuna bağlamaq qətiyyən doğru deyil, azı ona görə ki, o siyasətə ən çox müqavimət göstərən, qarşı çıxan da elə rus ədibləri olublar. Rus imperializmi dünyaya nə qədər zərər vurubsa, rus ədəbiyyatı da bəşər mədəni xəzinəsinə elə bir o qədər, bəlkə, ondan da artıq fayda, qazanc gətirib. Məncə, böyük rus nəsrinin dünya ədəbiyyatına bir janr bəxş eləməyə mənəvi haqqı çatır. Üstəlik də elə əsərlər var ki, onlara nə hekayə, nə də roman yarlığı yapışdırmaq mümkün deyil. Belə yerdə povest janrı müəllifin dadına çatır. Aydındır ki, janrlara dəqiq, birmənalı tərif vermək, onların arasına keçilməz sərhəd qoymaq çətin məsələdir, bununla belə bir janrı o birindən ayırmaq üçün həm elmin, həm də fəhmin nəzəriylə baxanda aydın görünən fərqlər var.

Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.

Saday Budaqlının “Şəbəkə”, “Fevral” povestləri də yuxarıdakı siyahıda fəxri yer tutur. “Şəbəkə”ni ilk dəfə ötən əsrin səksəninci illərində bir almanaxda, “Fevral”ı Yusif Səmədoğlunun rəhbərlik elədiyi “Ulduz” jurnalında oxumuşdum. Bu əsərlər müəllifin 1985-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Döngə” adlı ilk kitabına salınmamışdı, çünki ondan sonrakı dövrdə qələmə alınmışdı. 1987-ci ildə işıq üzü görmüş “Çat” kitabında isə hər iki povestə yer verilmişdi. Sadayın yaradıcılığına dərin rəğbət bəslədiyimi bilən atam əsgərliyə getdiyimdən bir neçə ay keçmiş həmin kitabı mənə poçtla göndərmişdi, ondan sonra dövri mətbuatdan bələd olduğum əsərləri yenidən oxumaq fürsəti qazanmışdım. Yeri gəlmişkən, bir Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, bir də Saday Budaqlının “Çat” kitabı mənimlə birgə əsgərlik çəkib, həmin nüsxələri bu gün də gəncliyimin ən əziz yadigarları kimi kitabxanamda qoruyub saxlayıram.

***

Əminliklə deyə bilərəm ki, Saday Budaqlı milli ədəbiyyatımızda psixoloji nəsrin ən böyük ustasıdır. Onun təkcə bu dünyada yox, öz evlərində-eşiklərində, öz doğmalarının arasında, öz vücudlarında belə qərib-qərib dolanan tənha, köməksiz, vasvası qəhrəmanları bir situasiyadan başqasına adlayanda haldan-hala düşürlər, dondan-dona girirlər, yüz yol ölüb-dirilirlər. Saday mahir, həm də amansız eksperimentator kimi qabağına qatıb qovub qəfil döngələrdə azdırdığı, keçilməz dalanlara qısnadığı, divara dirədiyi obrazların ürəyindəki çırpıntıları, beynindəki közərtiləri kardioqram dəqiqliyi, ensefaloqram həssaslığıyla qeydə alır. Onun qəhrəmanları içində könüllü dustaqlıq çəkən, beyninin şırımları arasında vurnuxan, düşüncələrinin labirintində azıb qalan, sərhədlərini tapdalayıb mənəvi ərazisini genəltməyə, dünyayla ünsiyyət qurmağa, adamlarla dil tapmağa gücü-qüdrəti yetməyən insanlardır. Bu adamlar həyatda kölgə kimi, kabus kimi dolaşırlar, istəyirlər onları nə sezən, nə görən olsun, üstlərinə, içlərinə heç kimin işığı düşməsin; əvəzində özləri hər şeyi, hər kəsi vücudlarının qaranlıq zirzəmisindən bir kəşfiyyatçı hərisliyi, casus marağıyla incəliyinə qədər izləyirlər. Müəllif onların gördüklərini öz rejissor obyektivinin qüdrətli, zəhmli nəzəri, göz qamaşdıran projektorların altında yox, elə onların gördüyü kimi, onların içinə yerləşdirdiyi kiçik izləmə kamerasının işığında bizə göstərir. Oxucu personajların dünyasına onların gözüylə baxır, hər nəsnəni, hər hadisəni oradan göründüyü kimi beynində qeydə alır.

Saday Budaqlının əsərlərində “obyektiv aləm” deyə bir anlayış, bu aləmə “obyektiv” baxış deyə bir metod yoxdur, orada hər görünən, hər duyulan, hər qanılan fərdidir, subyektivdir, bənzərsizdir. Yazıçı “Fevral” povestinin qəhrəmanının timsalında öz personajlarının həmin “obyektiv” aləmlə toqquşmasını qəza kimi təsvir eləyir: “...Elə bil bu vaxta qədər gur işıq salmışdılar üstünə, nə elədiyini, nə dediyini, nə düşündüyünü bilmişdilər, bilib halına gülmüşdülər, ağlamışdılar, o isə gözünü qırpa-qırpa qalmışdı, bu adamları görəmməmişdi, gördüyü qaraltılarca olmuşdu, bu qaraltılardan da özü üçün adamlar düzəltmişdi, ad qoymuşdu, haqqında əhvalatlar uydurmuşdu; indi o istəyirdi işığı bu qaraltılara tərəf çevirsin, onların əslində necə olduğunu görsün, tanısın, onu da bilsin ki, gur işıqda döyükə-döyükə qalanda halı necəymiş, necə görünürmüş, bu adamlar onun haqqında nə düşünə bilərlərmiş. Di gəl, öz gözü ilə heç nə görmədiyindən eşitdikləri də hiss elədiklərinə, özündən düzüb-qoşduğuna qarışmışdı və illər keçdikcə nəyin düz, nəyin qondarma olduğunu ayırd eləyəmmirdi, elə bil nə vaxtsa gördüyün yuxu qəfilcə yadına düşür, anşırammırsan ancaq yuxuda olub bu, yoxsa həqiqətdə...”

Bu xarakteristika təkcə “Fevral” povestinin yox, yazıçının aşağı-yuxarı bütün qəhrəmanlarının mənəvi-psixoloji vəziyyətini ifadə eləmək üçün yarayır. Onun əksər personajları belə bir qəza situasiyasına düşür, kənar aləmdən ağır zərbə, zədə (bu adda romanı da var) alandan sonra öz qınlarına çəkilirlər. Misal gətirdiyim parçanı Saday Budaqlı üslubunun bədii şərhi də saya bilərik.

Sadayın ədəbi subyektivizmi modern ədəbiyyata çox güclü təkan vermiş, bundan da əvvəl ədəbiyyatın bağrından qopmuş ekzistensializm fəlsəfəsinin ana prinsiplərindən birini yada salır: insan içində yaşadığı dünyanı, ətraf aləmi obyektiv dərk eləyə bilməz, olsa-olsa bu dünyaya münasibətini, kənar aləmin onda oyatdığı subyektiv təəssüratı qanıb-qandıra bilər. Bunun üçün də bədii metod, ədəbi əsər ən yaxşı, ən tutarlı alətdir. Saday Budaqlının personajlarını da nə qədər axtarsaq belə obyektiv dünyada tapa bilmərik, biz o dünyanın adamlarına yalnız əsas qəhrəmanın nəzəriylə baxa bilərik. Əsas qəhrəman dediyimiz adamlarınsa nə qədər ədalətli, səmimi, dürüst davrandığını, onların gördükləriylə müəllifin gördüklərinin üst-üstə düşüb-düşmədiyini, başqa sözlə, ardınca getdiyimiz personajların baxışlarına etibar eləməkdə haqlı olub-olmadığımızı biz heç zaman bilməyəcəyik.

***

“Fevral” povesti bir ailənin iflası haqqında elegiya, bir nəslin tənəzzül tarixçəsidir. Bu tarixçənin Balzakın Qorio atasından tutmuş Markesin Buendia soyundan olan personajlarına qədər dünya ədəbiyyatının bir çox məşhur obrazlarının bioqrafiyasıyla səsləşən məqamları var, ancaq əsərin məzmunu, mövzusu heç bir klassikin yaradıcılığından əxz olunmayıb, ədəbiyyatdan götürülməyib. Buradakı personajların prototiplərini tanımasam da, əminəm ki, onların orijinalları çox da uzaq olmayan keçmişimizdə bizdən çox da uzaq olmayan bir məsafədə yaşayıblar, müəllif onların bir qismini şəxsən görüb, tanıyıb. Yoxsa realist nağılçılıqdan fərqli bir üslubda qələmə alınmış ailə salnaməsi bunca real, inandırıcı görünməzdi.

Ümumiyyətlə, Saday Budaqlı nəsrində düzxətli, birqatlı, hamar, ütülü təhkiyə tərzinə çox az rast gəlinir, onun təhkiyəsi adətən dağınıq zamanların calağından yaranır, anaxronik olmadığı hallarda belə başlanğıcla sonun arası müxtəlif zaman layları, ömrün dəyişik fəsilləri, qarışıq xatirələri, bulaşıq təəssüratlarıyla doldurulur. Əksər əsərlərində olduğu kimi “Fevral” povestində də müəllif bizə əhvalat söyləmir, dastan danışmır, nəslin tarixçəsini, obrazların keçmişini sayrışan xatirələrin, psixoloji çevrilmələrin fonunda “yeri gəlmişkən” yada salır.

Müəllif bu əsərində də adəti üzrə qəhrəmanının adını bizdən gizlədir. Cümlə-cümlə, abzas-abzas irəlilədikcə aydın olur ki, o, atasından qalma, daha doğrusu, atasının uzun illər öncə evin böyük oğlu, qəhrəmanın böyük qardaşı Vəli üçün tikdirdiyi evdə yaşayır. Özü də tək yaşamır, otaqların birində onun kiçik qardaşı qalır – məhz “qalır”, çünki gəzərgi qardaşın bu evdə, bu yurdda həmişəlikmi, yoxsa müvəqqətimi məskunlaşdığı axıracan tam bəlli olmur.

Ortancıl qardaşın, yəni əsərin üçüncü şəxsin təkində təqdim olunan qəhrəmanının baxış bucağından kiçik qardaş oxucuya belə tanıdılır: “Otuz il gedib haralardasa küllənmişdi, vecinə almamışdı kimin başına nə gəldi, kim öldü, kim qaldı, indi peyda olub ki, guya onlar təqsirkardı bunun evdən didərgin düşməyində. Axı kimiydi deyən başını götürüb get, bu yaşa qədər bambılı kimi gəz, ailə qurma, bir yerə kül salıb oturma? Kimin nə günahı?! Hərdən şlyapasını başına keçirib seyrə çıxır, tanış-bilişə dəyir, orda da yəqin ağzını boş qoyub artıq-əskik danışır, gileylənir, onların ucbatından evsiz-eşiksiz qaldığını necəsə çatdırır. Başqa əlacı yoxdu, gərək danışsın, heç kimə ağzını açmağa aman verməsin, birdən dədəsinin qəbrinin yerini soruşarlar – çaşıb qalar...”

***

Analarını qardaşlar uşaqkən itiriblər, ataları ondan sonra yenidən evlənib. İkinci arvaddan da kişinin bir qızı dünyaya gəlib: “Atalarının təzədən evlənməyi də heç yaddaşlarında iz salmamışdı, necə oldu, necə gəldi, necə öyrəşdilər yad qadına, ayaqqabılarını təmizləməyinə, paltarlarını yumağına, başlarını sığallamağına – xatırlayammır. Bir dəfə xətirlərinə dəymədi, üstlərinə hirslənmədi. Ancaq böyüyəndə fikirləşdi ki, bu elə yadlıq imiş, yad olduğuna görə ərk eləmirmiş, hər şıltaqlıqlarına dözürmüş. Qəribədi, böyüdükcə adam doğmalarda yadlıq axtarır, yadlarda doğmalıq. Bacılarının başına fırlanırdılar, çor deyəndə can deyirdilər, di gəl, elə ki böyüdülər, başladılar burunlamağa, hər sözünün başına ip salmağa, özü də heç nədən, elə bil şeytan qulaqlarına pıçıldayırdı ki, o, ögeydi, o sizi istəmir, yalandan özünü mehriban göstərir. Əvvəllər bunu hiss elətdirəndə bacısı pisikirdi, yazıqlaşırdı, sonra öyrəşdi, hətta yad olmadığına hamını inandırmaq istəyirmiş kimi başladı lap mehribançılıq eləməyə. İndi də hay deyəndə yanlarını kəsdirir, xeyirdə-şərdə əldən-ayaqdan gedir, hələ durub burdan Vitebskə, Vəlinin oğlunun toyuna da yollandı”.

Böyük qardaşları Vəli böyük savaşda itkin düşüb, nə yeri-yurdu bilinib, nə meyidi ələ gəlib: “Nə yaşadı, nə gördü, heç bilmədilər qəbri hardadı, bəlkə də heç yoxdu. Vur-tut 18 yaşı vardı, elə yaşına görə də, sir-sifətinə, görüb-götürdüyünə görə də uşaq idi. Ancaq son şəkillərində tam bambaşqadı – bığlı, sərt, hətta bir az zəhmli. Oxuyub rütbə alıbmış, təyyarəçi olubmuş, evlənibmiş, boy-buxunlu, ailə qayğısı çəkən kişiymiş...”

Vəli müharibəyə gedəndən sonra arvadı Lüdmila qucağında bir uşaq onun verdiyi ünvanla gəlib qayınatasıgili tapır, ancaq gəlin yerini isitməmiş ərinin qara xəbəri çıxır. Ondan sonra Lüdmila hələ bir neçə il də qayınatasıgilin yanında qalır, müharibə qurtarandan sonra şələ-küləsini yığıb vətəninə qayıdır. Bizə deyilir ki, həmin illərdə qəhrəmanımız da cəbhədə olub: “Həmin günləri çox daşınıb-düşünmüşdü, çalışmışdı Lüdmilanın gəlişini gözünün qabağına gətirsin, o yolun əziyyətini, Lüdmilanın gəlib çatandan sonrakı peşmançılığını hiss eləsin, bilsin kim haqlıdı, kim haqsızdı, çünki o, müharibədən qayıdanda nə Lüdmila varıydı, nə uşaq, qardaşı isə Vəli üçün tikilmiş evə köçmüşdü, bacısından savayı da heç kimi danışdırmırdı. Üstündən otuz il keçəndən sonra bunu bilməyin heç bir xeyri yoxdu, olan olmuşdu, keçən keçmişdi; başa düşdüyünün bir xeyri olması üçün o gərək otuz il əvvələ qayıdaydı, o vaxta ki, hələ Lüdmilanın, o uşağın yoxluğuna evdəkilər öyrəşməmişdi, o uşağı əzizləyəndə dedikləri hansı sözlərisə yadırğamamışdılar, hələ atası sağ idi, kiçik oğlunun haradasa yaşadığını bilə-bilə ömrü boyu üzünü görməyəcəyindən, xiffətini çəkəcəyindən xəbərsizdi...”

Ataları təkcə öz ailəsinə yox, nəslinə, tayfasına da yiyə durmağı bacaran xarizmatik, dizibərk kişi olub: “Bir vaxt atası Bakıdan Düzyurda köçmüşdü ki, qaçhaqaçda Göyçədən tökülüşüb gəlmiş qohum-əqrəbasını bir yerə yığsın, onlara həyan olsun, ancaq gözü görə-görə öz ailəsi dağıldı, hərə ağzını bir tərəfə tutdu. Bu da sonu...”

***

Qəhrəmanımız bir vaxtlar ailəli olub, günün birində arvadı iki qız uşağını onun üstünə atıb, başqa bir kişiyə qoşulub qaçıb: “Hər şey birdəncə dağıldı, yoxa çıxdı. Fikirləşirsən adi gündü, işdən çıxıb evinə gedirsən, görəcəksən arvad-uşaq səni gözləyir, sən də bir qismət çörəyini yeyib uşaqlarını başına yığacaqsan, deyib güləcəksən. Gəlirsən ki, arvadından başqa hamı evdədi, gözləyirlər şad xəbər versinlər, muştuluqlasınlar...”

Başını itirmiş ortancıl qardaşı – bir cüt qız atasını sərt üzüylə kiçik qardaş ayıldır: “Arvad kimi nə ağlayırsan, ə, nə olub, qaçıb, cəhənnəmə qaçıb, özünü niyə öldürürsən?!”

Bu rüsvayçı hadisə qardaşının əlinə onu utandırıb alçaltmaq üçün, ona nifrətini silaha çevirmək üçün, sonra da onun yaxasını körpə qızların caynağında qoyub ata evinin qapısını təpiklə örtmək üçün yağlı girəvə verir: “Başını götürüb evdən birdəfəlik gedəndə yenə oyun oynadı. Getməyinə düz eləyib gedirdi, hamının dilinə düşən, dalınca şınqroy çalınan adamla bir damın altında niyə də yaşamalıydı ki. Qal, gündə hər ağzıgöyçəkdən bir söz eşidib əsəbiləş, üstəlik özünü də sal azara, qardaşının gününə ağla, kömək elə balalarını saxlasın, böyütsün. Düz iş gördü. Ancaq buna görə getdiyini boynuna almağı şəninə sığışdırmadı. O axı qəhrəmanıydı! Gərək qəhrəman kimi də gedəydi, özünücə düşündüyünü, özünə rahatlıq axtardığını pərdələyəydi, özü özünü aldadaydı; guya əziyyətdən qaçmır, onun ucbatından özünü əziyyətə salır, evindən didərgin düşür...”

Həqiqətən, eqosundan yarımış, narsis xəstəliyinə tutulmuş zavallılar adamdan dilənçi payını da minnətlə alarlar – guya aldıqları sədəqəni özlərinin nəfi üçün yox, sədəqə verənin xeyri üçün, onun mərtəbəsini Allah yanında ucaltmaq, onun verdiyi qəpiyi ilahi administrasiyada sığorta pulu kimi qeydiyyatdan keçirmək üçün götürürlər. Onlar başqasına dəyən zərərin müqabilində ondan ziyana düşdüyünə (yəni günah özündə olduğuna) görə haqq istəyərlər, halallığını başına qaxmaq üçün düzlərin aldanışına sevinərlər, dürüst insanı əfəl, mağmın sayarlar. Onlar təmənnasız yaxşılığın düşmənidirlər, insanın heç bir nəf güdmədən yaxşılıq eləyə biləcəyinə dünyasında inanmazlar, ona görə də ya axtarıb o yaxşılığın arxasında duran gizli niyyəti “taparlar”, ya da onu özlərindən uydurarlar. Onlar başqasına olunan yaxşılığı özlərinə vurulan zərbə kimi, ziyan kimi qavrayarlar, özgənin qazancını özlərinin iflası, başqasının ucalmasını özlərinin tənəzzülü sanarlar. Onlar insan əzabıyla qidalanarlar, bütün yaxşılara, yaxşılıqlara çirkab yaxmaqdan həzz alarlar.

Bir sözlə, onlar qarşılarına qoyulan dolu qabı boş qaba çevirəndən sonra o boşqabı içinə tüpürməmiş yiyəsinə qaytarmazlar. Bütün bunlarla bərabər özlərini hamıdan təmiz, hamıdan məğrur, hamıdan haqlı tutmağa çalışarlar. Qəhrəmanımızın kiçik qardaşı da belə tiplərdəndir – öz aləmində guya cənnətə gedir, fəqət getdiyi cənnəti ailəsi uğrunda oduna yaxıldığı cəhənnəm kimi qələmə verir.

***

Ancaq əsərin qəhrəmanı özü də xudbin emosiyalardan məhrum deyil, sadəcə, onun eqoizmi, necə deyərlər, xoşməramlı, xoşxassəlidir. O da başqalarının ondan asılı qalmağını, başqaları üzərində hökm sürməyi arzulayır, çünki sevgini yalnız bu yolla qazanmağın mümkünlüyünə inanır. Başqasının bədbəxtliyi onu da xoşbəxt eləyir, intəhası o, bədbəxtin başından basmaqla yox, bədbəxtə əl uzatmaqla, onu öz mərhəmətinə möhtac qoymaqla təskinlik, təsəlli tapır: “Demə, bütün ömrü boyu bunuca – kimlərinsə səndən asılı olduğunu, necəsə sənə ehtiyacı olduğunu hiss eləməkcə adama rahatlıq gətirirmiş. Çünki onda səni sevdiklərinə sözsüz-söhbətsiz inanırsanmış. Yəqin bu rahatlığa görə uşağı balaca vaxtı çox istəyirsən; bilirsən ki, döysən də, söysən də, səndən üzü dönməz, ətəyini buraxmaz, bir az sonra yenə üstünə qaçacaq, sənin qucağında kiriyəcək”.

Bacısı itkin qardaşlarının oğlunun toyuna gedib qayıdandan sonra qəhrəmanımız intizarla gözləyir ki, bacı toyda onun yerinin göründüyündən yana-yana danışacaq, getmədiyinə görə onu ərkyana qınayıb kövrəldəcək. Onun təsəvvüründə Lüdmila da, oğlu da çətinliklə yaşayırdılar, mütləq əmi himayəsinə ehtiyacları vardı. Di gəl: “Bacısı getdi, qayıtdı, toydan, Lüdmilanın yaxşı güzəranından, toyda qardaşıyla görüşdüyündən ağızdolusu, sevinclə danışdı, xəbəri də yoxdu ki, o, içini yeyir, öz axmaqlığına gülür. Çünki əvvəllər Lüdmilanın, qardaşının həyatını asanca təsəvvürünə gətirirdi, təsəvvürünə gətirib hallarına acıyırdı, elə bilirdi onlar üçün dünyada hər şey itirilib, oturub-durub keçmiş günləricə xatırlayırlar, onları yaşadan, çəkib aparan da həmin günlərin sevincidi. Demə, belə fikirləşməklə, hallarına acımaqla təsəlli tapırmış, öz dərd-sərilə təkbətək qalmamaq üçün başını qatırmış. Qardaşının qayıdacağından əlini üzdüyündən gündən-günə hələ lap xeyirxah olurdu, qardaşına lap yazığı gəlirdi, hətta qayıtmağını arzulayırdı, qayıtmayacağına inandığına görə arzulayırdı; atasının dəfninə də gəlməyən adam sonra nə üzlə qayıdacaqdı ki?!”

Göründüyü kimi, əsərin qəhrəmanı yaxşılığa, mərhəmətə, fədakarlığa eqosunun yemitək ehtiyac duyur, onun xudbinliyi heç də qardaşının eqoizmindən geri qalmır. Fərq burasındadır ki, qardaşının eqosu xudbin emosiyaların mənfi qütbündə, onun eqosu isə – müsbət qütbündə qərar tutub. Bu qardaş qütblər gecəylə gündüz, qarayla ağ kimi bir-birini tarazlayır, bir-birini tamamlayır, bir-birini yenidən yaradır. Doğrudan da, bu dünyanın xeyri-şəri birini içəridən, o birini kənardan seyrə daldığımız, adlarını belə bilmədiyimiz bu iki qardaş qədər bir-birinə qardaşdır.

***

Əsər boyu qəhrəmanımız öz ömrünü gözdən keçirir, bir növ özünə hesabat verir, xatirələrini arıtlayır, olmuşlarla ola biləcəkləri tərəziyə qoyur: “Daha onu da bilirdi ki, eləyib-eləmədiklərinə görə özünü üzməyə dəyməz, çünki necə yaşasan da, vaxt özüylə peşmançılıq gətirir, anlayammırsan nə yaxşıdı – yanından ötüb keçdiyin, yoxsa çatdığın. Bu gün inandığına da sabah şübhə eləyirsən, əlin hər yerdən üzüləndə heç nədən yenə özünə bir ümid yaradırsan, indi də onun arxasına düşürsən. Bütün ömrü beləcə ümidlə şübhə arasında keçdi... Gərək bunları vaxtında başa düşəydi, yaddaşın unutqanlığına inanaydı, başa düşəydi ki, yalanla həqiqət eyni şeydi – hər şey olan anda həqiqətdi, bir an sonra yalan. Yalan olduğuna görə də olub keçəni öz ömrü kimi xatırlayammır, elə bil ayrı-ayrı illəri, günləri ayrı-ayrı adamlar yaşayıb...”

Əgər yalanla həqiqət eyni şeydirsə, bütün olanlar bir an sonra yalana çevrilirsə, demək, həqiqət yoxdur, hər şey elə yalandır – yalan dünya, yalan həyat, yalan sevgilər... Bircə ölüm yalan deyil, gerçək olan tək ölümdür, fəqət o da yoxluq deməkdir – gerçək saydığımız şey əslində yoxdur. Onda belə çıxmırmı ki, həyatın iki üzündən biri kimi ölüm özü də yalandır? Axı yox bildiyin şeyi nə deyə var sayasan?..

Fəlsəfədən çox da xoşlanmayan müəllifin qayığı bu məqamda qədim yunan zahidlərinin toplaşdığı Stoya limanına yan alır. Stoiklər deyirdilər ki, insan doğulduğu gündən ölməklə məşğul olur, ötüb keçmiş illərimiz, yaşanmış ömrümüz artıq bizimki deyil, uşaqlığımız, gəncliyimiz də biz deyilik, çoxdan ölüb getmiş bir başqasıdır. Antik Roma filosofu, stoisizmin ən uca zirvəsi Seneka opponenti Lutsiliyə məktubunda yazırdı: “Bizim bədbəxtliyimiz ondadır ki, ölümü yalnız irəlidə görürük, amma ölümümüzün çoxu artıq geridə qalıb – axı ömrün ötüb keçmiş illəri ölümə məxsusdur”.

Mövlana Cəlaləddin Rumi bu gerçəyi bir başqa cür ifadə eləyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni bu nəfəsdə artıq bundan bir nəfəs əvvəlki adam deyilik, hər nəfəs alıb-verəndən sonra ölüb, aldığımız hər yeni nəfəsdə dünyaya yenidən gəlirik. Bu minvalla canlıların həyatı bir an ara vermədən özünü öldürməkdən, zamanın gözəgörünməz anlarını dəyirman kimi üyüdüb, şüursuz bir istəklə gələcəyə – ölümə can atmaqdan ibarətdir.

Ramiz Rövşən isə “Süd dişinin ağrısı” poemasında belə yazır:

Ayağımız yer tutandan eləcə
Adladıqca ildən-ilə ölürük.
Bu dünyada birdəfəlik ölüncə
Allah bilir neçə kərə ölürük.

Bir nazlı xanıma çevrilən kimi
bir gözəl qız ölür, mənim balam.
Bığ yeri tərləyən kimi
bir dəcəl uşaq ölür.
Bu dünyada az yaşayan
az ölür, mənim balam,
Bu dünyada çox yaşayan çox ölür.

Görən olmur ölənlərin qanını,
Biz ki sağıq, sağ adama kim ağlar?
Kim nə bilir,
əl-ayağı tir-tir əsən bu qarı
bir nazlı xanımın alıb canını,
Bu yazıq qocanın donqar belində
ucaboylu bir cavanın qəbri var...

***

“Fevral”ın məchul qəhrəmanı da həyatının mərhələlərini ayrı-ayrı adamların ömür kitabından fəsillər kimi xatırlayır:

“...Ayrı bir adam haçansa uşaq olmuşdu, səhər-səhər yerindən durub yuxulu-yuxulu ata-anasının yanına qaçmağı xoşlayırdı, aralarında uzanıb nazlanırdı, xətrinə dəyəndə, nədənsə inciyəndə acıq eləyib küsürdü, bilirdi ki, gəlib könlünü alacaqlar, qılığına girəcəklər, əvvəlkindən daha çox əzizləyəcəklər...

...Bir dəfə evdə adam çox olduğundan Vəliylə onu yatızdırmağa qonşuya apardılar. Onların da tək qalmaq ürəklərindəniydi; yerlərinin içində oynayırdılar, gülürdülər, yastıqları bir-birinə tullayırdılar. Qəfil ataları otağa girdi, acıqlı-acıqlı üstlərinə qışqırdı ki, sakit olsunlar, gülməsinlər! İkisi də elə bil bir himə bəndiydilər, səs-səsə verib ağladılar. Onda ataları da durub-durub birdəncə ağladı, onları qucaqlayıb, ağlayın, dedi, siz də ağlayın, ananız ölüb...

...Sonra bir gün keçdi, iki gün keçdi, bu günlər ötən günlərə oxşamayanda həmin uşaq da yoxa çıxdı; anasının yoxluğuna, atasının sərtliyinə, qaraqabaqlığına, evdəki qanqaraçılığa öyrəşən daha ayrısıydı, onunçün tanış həyətdən, tanış ağaclardan savayı məktəb varıydı, küçə varıydı, dostları, yoldaşları varıydı, çox vaxt heç evdən ötrü darıxmırdı da, çünki evdə hər dəqiqə qorxurdu ki, bu saat atası ona, ya qardaşlarına hirslənəcək, yenə qanqaraçılıq olacaq...

...Sonra atası evləndi, evlənib birdən-birə dəyişdi, mehribanlaşdı, pis bir iş tutanda da xətirlərinə dəymədi, elə bil nədəsə təqsirkardı, çalışırdı günahını yusun, özünü təmizə çıxarsın...

...Onun yaddaşında bir ayrı oğlan da varıydı. Bu oğlan üçün dünyada xurmayı saçlı, qara gözlü, tutaş kirpikli qızdan başqa heç kim yoxuydu, elə bil doğulmuşdu ki, gecə-gündüz o qızı düşünsün, özündən olmazın əhvalatlar quraşdırsın, o qızdan ötrü qəhrəmanlıqlar eləsin, yaralansın, ölsün; ölsün ki, qız onun üstündə ağlasın, xiffətini çəksin...

...Orduya çağırış vərəqi alan daha başqa adamıydı, müharibədən qayıdan da. Müharibədən tez-tez məktublar yazırdı, hamının bayramını, ad gününü vaxtlı-vaxtında təbrik eləyirdi, ancaq elə ki qayıdıb gəldi, bu vərdişlərini o saat yadırğadı...

...Müharibədən gələn kimi Düzyurdda açılmış ikiillik müəllimlər institutuna girdi, pis-yaxşı oxudu, diplom aldı, öz kefindən də qalmadı, subay oğlanıydı, ömrünün dörd ilini müharibə yelə vermişdi, gərək o günlərin əvəzini çıxaydı...

...Evlənib Vəli üçün tikilmiş evdə yaşayanda artıq başqa adamıydı. Həmin adam bir səhər hamilə qadının yanında gözünü açıb anlamışdı ki, onun bu günəşli, aylı, ulduzlu səmanın altında nəfəs ala bilməyi xoşbəxtlikdi və bu xoşbəxtlik üçün hamıya borcludu, hamı onun üçün nəsə edib, deməli, o da bu adamlar üçün nəsə etməlidi, necəsə, nə cürsə bu borcun əvəzini verməlidi...

...Həmin adam özündən sonra onun üçün bircə ağrı qoyub gedib – yəqin ağrısız yaşanan illərcə ağrıyla xatırlanır, yəqin ağrı həmişə olmalıdı: ya həmin günləri yaşayanda, ya da xatırlayanda. Bir də həmin adamı xatırlayanda həmişə heyifsilənir: axı o həmişə o cür ola bilərdi, dünyanı, adamları o cür görə bilərdi, qorxusuz-hürküsüz, xoşbəxtliyinin üstündə əsmədən, xoşbəxtliyini heç kimə qısqanmadan, heç nəyə qızırğalanmadan yaşaya bilərdi. Hər şey birdəncə dağıldı, yoxa çıxdı...”

Burada xatırlanan adamların heç biri indi sağ deyil, hamısı ölüb-itib, onun ahıl yaşına biri də salamat qalmayıb, biri də ömrünün bu tək, kimsəsiz çağında onun harayına yetməyib.

***

Budur, artıq yaş altmışı haqlayıb, bir dastanlıq ömürdən ona yalnız tənha qocalıq qalıb. Hərəsi bir evin çırağını yandırmış qızları hərdən gəlib onu yoluxurlar, ev-eşiyinə əl gəzdirir, pal-paltarını yuyurlar: “İndi acığı tutur qızlarının analarıyla görüşməyinə, süfrələrinin başında oturtmaqlarına, amma haçansa özü şərait yaradırdı. Bilirdi yolda-izdə görüşürlər, günü uzadılmış adıyla evdən çıxıb analarının yanına qaçırlar... Axırdan-axıra aranı da açdı, hərdən qızlarını söhbətə tutub, analarının necə yaşadığı ilə, nə danışdığı, nə soruşduğu ilə maraqlandı. Etinasız-etinasız suallar verirdi, guya eşitdiklərinin ona dəxli yoxdu, amma qulağı darı dəlirdi, analarının qanıqara olduğunu, nəyəsə deyindiyini, şikayətləndiyini eşidəndə çiçəyi çırtlayırdı. İlahi, hələ heç kimin ağlına gəlməz ki, o indiyə qədər nə edibsə, həmişə arvadını düşünüb, hər hərəkətini “o ləçərin” gözüylə ölçüb. Təkcə ona çalışıb ki, gördüyü iş arvadının xoşuna gəlsin, arvadı onu tanısın, təzədən tanısın, yaxşı adam kimi tanısın və günlərin bir günü o hiss eləsin ki, arvadı peşman olub...”

Onun həyatda özünü təsdiqləmə metodu həmişə başqalarının bədbəxtliyinə hesablanıb, onun xoşbəxtliyi özgələrin bədbəxtliyindən çıxıb – o bədbəxtliyə çarə qılmağı nə qədər arzulasa da. Başqa sözlə, onun törətmək istədiyi xeyir əməl şeytana möhtacdır, şərə bulaşıqdır, emosional, impulsiv xarakterlidir, mənəviyyat baxımından şübhəli mənbələrə dayanır, bu səbəbdən saf xeyir sayıla bilməz. Saf əməl olmadığından bu adamın ömrün ayrı-ayrı epizodlarında yaşadığı xoşbəxt anlar da sabit, dayanıqlı deyil, ötəridir, keçicidir, mənəvi əsasdan məhrumdur.

Qardaşının çağırdığı təcili yardım maşını qapıya dirənəndə onun durğun həyatı yenidən dalğalanır. Fikir fikiri qovduqca, fantaziyası sürətlə irəlilədikcə bu dalğa əvvəlcə selə, sonra sunamiyə çevrilir: “Qardaşı zorla, hıqqana-hıqqana danışırdı, sol böyründəki sancılardan şikayətlənirdi, deyirdi iki gündü ağrıdan qovrulur. Bu, qoca adamın səsi idi. O elə bil qardaşının qocaldığını indicə başa düşdü. Və narahatlıq hiss elədi. Bu narahatçılıqda adamı şirnikdirən, çəkən nəsə vardı...”

Küsülü olsalar da, qardaşını tək buraxmır, özü də həkim maşınına təpilir: “Qardaşını xəstəxanaya aparacaqlarını eşidəndə də elə həmin narahatçılığın boş yerə olmadığına inanmaq üçün geyinib tələsik maşına oturdu”.

Ürəyinə damır ki, qardaşı öləcək – indi onun sönük qəlbini yalnız belə bir bədbəxtlik yerindən oynada bilər: “Görəsən indi nə düşünür qardaşı? Bu evləri, ağacları, hərdənbir buludların arxasından işaran günəşi son dəfə gördüyünü hiss eləyirmi? Gözləri yol çəkir, deyəsən onun maşında olduğunu da unudub...”

Müəllif bir-birinə düşmən kəsilmiş küsülü qardaşların əslində bir-birinə bir medalın iki üzü kimi çox yaxın, çox doğma, xaraktercə, mahiyyətcə eyni xassəli olduğunu sadə bədii dillə rahatca izah eləyir: “Qardaşı ona oxşayırmış. Özü də çox oxşayırmış. Ancaq qəribədi, tək sir-sifətdən oxşamırlar, talelərində də nəsə bir oxşarlıq var, elə xasiyyətlərində də. O da qardaşı kimi tərsdi. Ürəyi qövr eləyir, bir şirin söz dilini-dodağını yandırır, di gəl, gedib həmin sözü deyəmmir. Guya desə, alçalar, özünü sındırar. İndi qardaşının gözündə o tamam ayrı adamdı, ölüb gedəcək, heç vaxt da onun ürəyindəkilərdən xəbəri olmayacaq; xəbəri olmayacaq ki, həmişə, hətta qayıtmağından əlini üzəndə də ona güvənib, inanıb ki, çətinə düşsə, yenə qardaşı hayına yetər, xəstələnsə, yastığının dibini kəsdirər, ölsə, gəlib yerdən götürər...”

***

Labüd ölüm qarşısında qəhrəmanın şüur axını sürətlənir, yaddaşının tozlu qatları açılır. İndi onun öhdəsinə düşən ölümqabağı qardaşının qulluğunda durmaq, onun yastığının dibini kəsdirmək, “əkiztayının”, antipodunun əzabından, ölümündən özünə həyat iksiri düzəltməkdir. Bir zamanlar ölümcül xəstəlikdən yatan atasının da üç ay əziyyətini çəkmişdi, kişini qucağında içəri-çölə daşımışdı, həmin üç aylıq cəfasının hesabına həyata yeni lisenziya almışdı, ömrünü illərlə uzatmışdı. İndi vaxtı keçmiş o lisenziyanı təzələmək zamanıydı: “Beşmərtəbəli xəstəxana binasının eyvanları boşuydu, qapı-pəncərələr bərk-bərk örtülmüşdü. Qardaşı da bu pəncərələrdən birinin arxasında oturub darıxacaqdı. Yuxarı mərtəbələrdə yatsa, meyidi düşürmək çətin olacaq...”

Xəstəxana həyətində həkim onu müjdələyir: qardaşının elə bir dərdi-azarı yoxdur, bir azca qara ciyəri şişib, beş-on gün yatıb çıxar: “Demək, heç nə dəyişməyəcək. O yenə evdə barmağının ucunda gəzəcək, qardaşıyla rastlaşmamaq üçün dəhlizə çıxanda öskürəcək, nəlbəkini əlində əsdirə-əsdirə çayı yenə öz otağına aparacaq. Demək, heç nə dəyişməyəcək”.

Adsız qəhrəman, qardaşının qardaşı kor-peşman evə qayıdası olur, avtobus dayanacağında fikrə dalıb sərinləyən şüurunu ovudur: “Evdə onu nə gözlədiyini, günün necə başlayıb necə qurtaracağını bildiyindən birdən-birə sakitləşmişdi. Hərdən-hərdən yenə qızları gəlib onu yoluxacaqdı, növbəylə ağları dəyişib yumağa aparacaqdılar, heç vaxt da onlarla ürək söhbəti eləyəmməyəcəkdi, dərdini, ağrısını onlardan gizlədəcəkdi, çünki həmişə fikirləşib ki, ata övladına ancaq sevinc verməlidi. Hərdən də bacısı bir qab qonşu payı gətirəcəkdi, bəzən heç söhbətə oturmayacaqdı da, evin səliqə-sahmanına ötəri göz gəzdirib xudahafizləşmədən, nəyisə fikrində götür-qoy edə-edə, dodağının altında mızıldaya-mızıldaya çıxıb gedəcəkdi. O da tək qalanda arvadını xatırlayacaqdı, çalışacaqdı haçansa evli olduğuna özünü inandırsın, arvadı süfrəyə yemək gətirəndə nə hiss keçirdiyini yadına salsın. Hər şey olmuşdu: yuxusuz gecələr də, doğulacaq uşağın sevinci də, məhrəm yaxınlığın xoş utancaqlığı da, ancaq ayrı-ayrı əhvalatlar kimi, bütün bunlar da elə bil başqa adamın başına gəlmişdi, ona bir qırıq da dəxli yoxdu...”

Əslində, o, qardaşının ölümünə ağlamaq istəyirdi, indi isə onun ölmədiyinə ağlayır: “Qardaşından ötrü birdən-birə darıxdı. Və çarpayıya çöküb bütün qocalar kimi astadan, için-için ağladı”.

***

Maddi-bioloji dünya ayrılıqlar, itkinliklər, yadlaşmalar üzərində qurulub. Nəsillər dəyişdikcə doğmalar yada çevrilir, qohumlar bir-birini tanımır. Şəhərdə bu proses sürətlə, kənd yerlərində bir az ləng gedir. İndi elm də sübuta yetirir ki, bütün bəşəriyyət bir kökdən törəyib, ancaq heç bir elmi kəşf, fəlsəfi ixtira insanlar arasındakı düşmənçiliyin qarşısını ala bilmir. Məsələnin paradoksal tərəfi burasıdır ki, yaxınlar, doğmalar arasında nifaq, barışmazlıq daha amansız, daha qəddar olur, dostun düşmənə dönməyi düşmənin dosta çevrilməyindən asan başa gəlir. Doğmalıq bağları bioloji saplardır, saysız-hesabsız mikrobun, virusun, bakteriyanın hesabına əmələ gəlib, ona görə də bu tellərin bəlli müddətdən sonra çürüməsi, qırılması, kollektiv orqanizmdə cürbəcür fəsadlar verməsi labüddür, təbiətin qanunudur. Təbiət bütün üzvi varlıqları yaradır, işlədir, köhnəldir, sonra da kamına çəkib aradan qaldırır – əlbəttə, bir çox halda proses məntiqi sonluğuna çatmayıb yarımçıq başa çatır. Tarixçəsini gözdən keçirdiyimiz ailənin taleyi kimi.

Əsərdə xatırlanan ata obrazı ana təbiətin həyata keçirdiyi yaradıcı prosesin birbaşa iştirakçısı, icraçısıdır. Övladları onun surətini Tanrının obrazı kimi, yaxud da dağınıq qövmünü toparlayıb qanadının altına yığan peyğəmbər, xilaskar kimi qavrayıblar. Ancaq eli, tayfanı bir yerə yığan ata özcə övladlarını başına toplaya bilmir, balalar böyüyüb gimrikləşdikcə yadlıq, düşmənlik virusları fəaliyyətə keçir, ayrılıqlar, itkinliklər başlayır. Bunlara görə kimisə qınamaq da çətindir (heç müəllif də məsələyə bu mövqedən yanaşmır), çünki bütün bu sayaq fəsadlar varlığın mayasından, materiyanın xassəsindən törəyir. Ayrılıq da, itkinlik də insanın qədəridir, ağacın budaqları bir-birindən aralı düşdüyü kimi insan da öz kökündən, doğmalarından uzaqlaşır, ayrıca istiqamət götürüb müstəqil həyata adlayır. Bu, əlbəttə, təbii yoldur, bəşəriyyəti min bir qövmə, tayfaya ayıran, min bir dildə danışdıran, min bir rəngə boyayıb min bir dona bürüyən təkamül prosesidir. Ancaq nəsil ağacının bu prosesdən qıraqda qalan, quruyub tumurcuqlamayan, bar verməyən, xüşk olub çırpıya, oduna dönən budaqlaı da var.

Bizim mərhum atamız – elindən-obasından ötrü isti yerindən didərgin düşən, qol-budağını qorumaqdan ötrü özünə münbit zəmin axtaran, bir zamanlar şəcərəsini müqəddəsləşdirməklə nəslini yaşatmağı dinə, əqidəyə çevirmiş qədim yəhudi peyğəmbərləritək qövmünün üstündə əsən el atası da əlahəzrət Təkamülün uğursuz qollarından, soldurmağa, qurutmağa qərar verdiyi talesiz nəsil ağaclarındandır. Böyük oğul itkin düşür, sümüyü də ələ gəlmir. Doğrudur, canı yanana qədər yer üzünə toxum səpməyə macal tapır, ancaq həmin toxum da artıq özgə bağçanın tağında çiçək açıb, doğma torpağından boy verməmiş, kökündən ayrı düşmüş o meyvə də itkin sayılmalıdır. Kiçik qardaş özünü əkməyə yer, becərməyə macal tapmayıb, onu bitirən budağın yolu burada tamamdır. Görünür, kiçik qardaş həm də elə bu səbəbdən çox qəddar, yovuşmazdır, daş ürəyi o dərəcədə bərkiyib ki, eqosunu yaralamaq, onu hətta olası övladıyla da paylaşmaq istəməyib, necə deyərlər, gözü çıxmış qardaşının miskin aqibətindən qorxub. O, elə sağkən itirilmiş övladdır, hələ dipdiri göz qabağındaykən itkindir.

***

O ki qaldı adsız qəhrəmanımıza, onu da Tanrı-atanın itkin balası saya bilərik. Doğrudur, onun bir cüt qızı, iki varisi var, ancaq onlar da artıq bibiləri kimi özgə evin ocağını qoruyur, özgə nəslin çırağını yandırırlar. Artıq onlar da doğmaca atalarına yaddırlar, müəllif bu yadlığı çox incə psixoloji detallarla nəzərə çatdırır: “İndi ancaq qızlarından çəkinir, gəlib yoluxanda, pal-paltarını yuyanda yüz yol “sağ ol” deyir, yerli-yersiz üzlərinə gülümsəyir ki, onları özündən bezdirməsin, qırpım-qırpım üzüləsi bağları birdən qırmasın. Onsuz da necə uzaqlaşdıqlarını görürdü, bu da onu təəccübləndirmirdi, bilirdi ki, belə də olmalıdı, Allah rəhmlidi: övlad ata-anadan uzaqlaşmalıdı, elə uzaqlaşmalıdı ki, onları nə vaxtsa itirəcəyi fikrinə öyrəşə bilsin, itirəndə də ağrı az olsun”.

Vəssalam. Bu da bizim qəhrəmanın itmiş axırı. Sonuncu sevinci də əlindən çıxandan sonra fevral sazağı tezliklə onu aparacaq. Bir gecə hamıdan xəbərsiz canını tapşıranda bəlkə də neçə gün onun öldüsündən xəbər tutan olmayacaq. Onun sonu heç də böyük qardaşı Vəlinin aqibətindən uğurlu gəlməyəcək. Kiçik qardaşı onun iylənmiş cəsədinə ikrahla, həqarətlə baxacaq, yanına düşüb xəstəxanaya necə həvəslə getdiyini istehzayla xatırlayacaq. Qızları, şübhəsiz, sevinəcəklər, ona sevinəcəklər ki, çiyinlərindən ağır bir yük götürüldü. Arvadı da dərindən nəfəs alıb rahatlaşacaq, onu uzaqdan-uzağa güdən bir cüt gözdən, dinşəyən bir cüt qulaqdan, marığa yatıb onun fəlakətini gözləyən pisniyyət bəndədən qurtulduğuna sevinəcək.

Bəs Lüdmila, bəs qardaşı oğlu? Onlar da üzünü görmədikləri adamın ölümünə çətin yanalar. Həm də zaman keçdikcə, yaş ötdükcə doğmalıq sapları çürüyür, qırılır, ayrılan ayrılır, itən itir, yadlaşan yadlaşır.

Çünki ayrılıq dünyanın mayasındadır. Bu dünyada gec-tez hamı ayrılacaq, hamı itkin düşəcək, unudulacaq. Yalnız böyük mənəvi güclə, ruhani enerjiylə dünyanın mahiyyətinə toxunmuş, qəlbinə nüfuz eləmiş azmanlar diri qalacaqlar. Yalnız könül səltənətində bayrağını ucaldanlar itib-batmayacaqlar, yaşayacaqlar. Doğmalıq tellərinə, bioloji saplara, materiyadan toxunma zəncirlərə etibar yoxdur; əgər olsaydı, bir atanın, bir ananın övladları min illərdir bir-birinə qənim kəsilməzdilər. Fakt odur ki, kəsiliblər, bu gün də bir-birini məhv eləməkdən ötrü, bir-birinin əcəlindən özlərinə həyat iksiri qayırmaqdan ötrü pusquda durublar.

Gerçək doğmalıq – mənəvi doğmalıqdır. Yalnız mənəvi tellər insanları doğrudan bir-birinə bağlamağa, adamlar arasından maddi sərhədləri götürməyə, həqiqi könül sarayında həqiqi birlik, ümumbəşəri məbəd yaratmağa qadirdir. Qalan bütün birliklər şaxələnən bir nəslin törəmələri kimi qəlpələnib dörd tərəfə səpələnməyə, doğmalıqdan yadlığa, dostluqdan düşmənliyə çevrilməyə məhkumdur.

P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam oldu. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi? "Qaraca qız"ın premyerası olub Röyaya hesabat verən icra başçısı...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri