Üzeyir Hacıbəylinin pedaqoji görüşləri
Icma.az, Xalq qazeti-ə istinadən məlumat verir Üzeyir Hacıbəylinin pedaqoji görüşləri.
Ü.Hacıbəyli – 140
2025-ci ilin sentyabr ayında istiqlal və milli dövlətçilik ideyalarının carcılarından biri, görkəmli pedaqoq, Azərbaycanda professional musiqi sənətinin təşəkkülü və inkişafında, musiqi təhsili sisteminin yaradılmasında, musiqiçi kadrların yetişməsində müstəsna xidmətləri olmuş, bütün müsəlman Şərqində ilk operanın müəllifi, milli maarifçilik hərəkatının tanınmış nümayəndələrindən olan dahi Ü.Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaqdır.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda oxuyuruq:”...Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır…”.
Üzeyir Hacıbəyli Azərbaycan xalqı üçün, Azərbaycan təhsili və mədəniyyəti üçün o qədər böyük işlər görüb ki, bir yazıda onların hamısı haqqında bəhs etmək qeyri-mümkündür. Yazımızda ancaq ensiklopedik biliyə malik olan bu böyük insanın pedaqoji görüşlərindən bəhs edəcəyik.
Ü.Hacıbəyli X.Natavanın xeyir-duası, F.Köçərlinin məsləhəti ilə 1899-cu ildə qəbul olduğu Qori müəllimlər seminariyasını 1904-cü ildə bitirmiş, həmin ildən Qarabağ mahalının Hadrut kəndində rus dili, hesab, tarix və musiqi müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1906-1912-ci illərdə isə Bakıda - Bibiheybət və “Səadət” məktəblərində ana dili və riyaziyyat fənlərini tədris etmişdir. Sonralar Moskva və Sank Peterburqda xüsusi musiqi təhsili almışdı.
O, adi müəllim deyildi, bilik və bacarığını öz şagirdlərinə və tələbələrinə ürəyinin, ruhunun vasitəsilə çatdıran müəllim idı. Pedaqoji elmlər doktoru, professor Əli Heydər Həşimov bu barədə yazırdı ki, “Əsl müəllim üçün səciyyəvi və zəruri olan keyfiyyətləri ilə onun səviyyəsinə qalxa bilən, nadir istedada malik müəllimlər tarixdə tək-tək olubdur, indi də tək-təkdir. Üzeyir qabil müəllim idi. O həm də nəzəriyyəçi müəllimlərdəndir”.
Ü.Hacıbəyli 1905-ci ildə Bakıya gələndən sonra müəllimlik fəaliyyəti ilə bərabər
64 imza ilə 16-ya qədər mətbuat orqanında, o cümlədən “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin”, “Həyat”, “Azərbaycan” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış etmiş, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışmışdı. Onun yazılarının xeyli qismində təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli dünyəvi məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud mollaxana və mədrəsələrdəki qüsurlar, qızların təhsili, müəllim kadrları və tərbiyə məsələlərindən bəhs olunurdu. Üzeyir bəy 1906 və 1907-ci illərdə Bakıda keçirilən müsəlman müəllimləri qurultaylarının nümayəndəsi olmuş, II qurultayın hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, katib və dərsliklərə nəzarət üzrə xüsusi komissiyanın üzvü seçilmişdir.
Ü.Hacıbəylinin pedaqoji görüşləri Azərbaycanın içtimai və pedaqoji fikir tarixində xüsusi yerə malikdir. Xalq maarifinin müxtəlif məsələləri barəsində onun müxtəlif illərdə söylədiyi mülahizə və fikirlər tarixi, nəzəri, əməli baxımdan indi də öz dəyərini və əhəmiyyətini saxlamaqdadır. Bu mənada Üzeyir bəyin görkəmli və tanınmış şəxslər barədə 1910-cu ildə ”Həqiqət” qəzetində çap olunmuş yazısında dediyi “…onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında…öləndən sonra da camaata mənfəət veriblər”, - sözlərini ilk növbədə onun özünə aid etmək lazımdır.
M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də elm, maarif və məktəb məsələləri barədəki fikirlərinin məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. O da, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasının yardıcılarından idi.
Hörmətli alim, dosent Ə.Quliyevin “Üzeyir bəy Hacıbəyli böyük maarifçi-
pedaqoq və ziyalı kimi” adlı yazısında qeyd etdiyi kimi, “…millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasında, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin müstəsna rolunu, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən keçdiyini” yaxşı bilən Üzeyir bəy maarifsizliyi və savadsızlığı çox qorxulu hal hesab edirdi. Deyirdi ki, "Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar….Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır….Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri-maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)...".
Professor Ə.H.Həşimovun “qabil müəllim” adlandırdığı Ü.Hacıbəyli də
Azərbaycan türkünün siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürür, demokratik təhsili, ana dilli, milli məzmunlu tərbiyə və ümumbəşəri dəyərli təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab edirdi.
Ü.Hacıbəyli ana dilimizin təəssübkeşlərindən idi. Onun “Həyat” qəzetdə dərs
olunmuş “Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhü”, “İrşad” qəzetində “Hansı vasitələr ilə ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi ilə çap edilmiş üç yazısında və digər məqalələrində ana dili haqqında qiymətli fikirlər irəli sürülür. Dilimizi öyrənməyin və öyrətməyin yolları göstərilir, öz ana dilini bilməyənlər “zavallı” adlandırılır.
Ana dilinin təlim dilinə çevrilməsinə xüsusi önəm verən Üzeyir bəy ana dilli məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir. O yazırdı: “Hər bir millətin ki, bəqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar…İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” Buna görə də yuxarıda qeyd etdiyimiz kimi Ü.Hacıbəyli israrla yazırdı ki, “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir”. Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi. Hətta rus məktəblərində təhsil alan şagirdlərin Azərbaycan dilini daha yaxşı öyrənmələri üçün 1907-ci ildə “Türkcə – Rusca və Rusca – Türkcə lüğət “ adlı kitabını çap etdirmişdi.
O, ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. 1909-cu ildə Bakıda nəşr olunan “Tərəqqi” jurnalında bu barədə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.
Məktəblərimizdəki dərsliklərin keyfiyyəti və məzmunu, dərslik catışmazlıqları onu Qori seminariyasında oxuduğu illərdən ciddi narahat edirdi. Hələ seminariyada oxuyarkən “Mən gələcəkdə nə iş görəcəyəm?” mövzusunda yazdığı inşada qeyd etmişdi ki, “Mən məktəblərimiz üçün ana dilində hesab, coğrafiya və s. dərs kitabları tərtib edəcəyəm”. Belə dərsliklərdən biri - “Hesab məsələləri” dərsliyi 1908-ci ildə çap olunmuşdu. Dahi M.Ə.Rəsulzadə və görkəmli maarifçi İ.Qaspıralı mətbuat səhifələrində bu dərsliyə yüksək qiymət vermişdilər. Həmin dərslik haqqında M. Ə. Rəsulzadə “Tərəqqi” qəzetində yazırdı: “Bütün rəsmi və qeyri-rəsmi olan məktəblərdə lisan dərsindən sonra ikinci yer tutan hesab dərsi böyük bir ehtiyacda idi. Uşaqlara bir dərs maddəsi olmaq üçün əvvəlinci dərəcədə lazım olan hesab məsələlərini came edən bir kitab yox idi. Bu yoxluq hər bir anda, hər saatda özünü bildirir, hiss etdirir idi. Mühərrirlərimizdən müəllim Ü. Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır”. M.Ə.Rəsulzadə kitabın müsbət cəhətlərini təqdir edir, onu Komarovun kitabı ilə müqayisə edir, anlaşıqlı dildə yazıldığını, misal və məsələlərin cavablarının hamısının düzgün olduğunu bildirir və həmin kitabı bütün Qafqaz ibtidai məktəbləri üçün tövsiyə edir.
Üzeyir bəy deyirdi: “Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük bir dərddir". O, dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı. 1909-cu ildə “İrşad” qəzetində yazırdı: “Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir”. “İkinci il” məqaləsində isə göstərirdi ki, uşağın təlim və tədrisi yaxından uzağa, məlumdan qeyri-məluma getmək yolu ilə olmalıdır. Bu fikirlər bu gün dərslik yazanların qulağında bir sırğa olmalıdır.
Uzeyir bəy təhsildə əsas sima olan müəllimə yüksək qiymət verirdi. Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır.
Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəshi-ruzi vasitəsi axtarsın”.
Onun fikrincə, müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə, pedaqoji etikaya və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən hamıya nümunə olmalı, öz məsuliyyətini dərindən dərk etməlidir. Ona görə də yazılarının birində göstərirdi ki, “…kənd camaatı görsə ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb kamali-mərifətlə övladlarını onların təhti-tərbiyə və təliminə verərlər...”.
Üzeyir bəy müəllim hazırlığına yüksək qiymət verir, K.D.Uşinskinin “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür” fikrinə haqq qazandırırdı. Onun özünün müəllimlərin gündəlik dərs hazırlıqlarına maraqlı yanaşması varmış. Müəllimlər şagird və tələbələrin dərsə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: “Əminsinizmi ki, sizin dərsinizdə auditoriyanın boş qalmasında təkcə uşaqlar günahkardır?” Oxun hara atıldığını başa düşən müəllimlər gündəlik dərslərə daha ciddi hazırlaşarmışlar.
Professor M.Dadaşova “Musiqi təhsilinin bünovrəsini qoyan böyük pedaqoq” məqaləsində yazır ki, “Üzeyir bəyin çoxsahəli fəaliyyətinin hər bir sahəsində tərbiyə məsələləri geniş yer tuturdu. Onun istər bir müəllim kimi fəaliyyəti, istərsə də, bütün yaradıcılığında qabarıq şəkildə özünü göstərən tərbiyə məsələlərinə dair fikir və mülahizələri pedaqoji fikir tariximizin parlaq səhifələrini təşkil edir”.
Tərbiyə məsələlərinə cox ciddi yanaşan Ü.Hacıbəyli yazırdı ki, “Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əfradimiz (törəmələrimiz) olacaqdır. Ona binaən indidən lazımdır ki, onların tərbiyələri o nəhv (o cür) ilə icra olunsun ki, axırda millət və milliyyət hissi-müqəddəslər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər...".“Bəs yaxşı adamları, nəcib sifətləri özündə birləşdirmək, istedadlar yetişdirmək üçün nə lazımdır?” sualına özü də cavab verərək deyirdi: “Insani mühit, normal ictimai şərait, mədəniyyət, gözəl ailə tərbiyəsi, məktəb, təkmil təlim üsulları və s.” Ü.Hacıbəyli «Xəbərdarlıq» məqaləsində deyirdi: «Doğrudan da uşaq tərbiyəsi çətindir…Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür”. Onun tərbiyə haqqındakı fikirlərinin əsasını humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir.
Insanın formalaşmasında mühitin, ictimai şəraitin mühüm amil olduğunu düzgün qiymətləndirən Üzeyir Hacıbəyov yazırdı ki, cəlalət və nadanlığın əsas səbəbləri dərəbəylik üsul idarəsidir. Görkəmli ədib insanda yüksək mənəvi sifətlərin yaranmasına məhz uşaqlıq dövründən diqqət yetirilməsinə, ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. Apardığı müşahidələr nəticəsində belə qənaətə gəlmişdi ki, uşağın inkişafının istiqaməti və intensivliyi bilavasitə ilkin tərbiyədən – ailə tərbiyəsindən asılıdır. Çünki uşağın fiziki və psixi inkişafının ilk rüşeymləri ailədə qoyulur. Ü.Hacıbəyovun fikrincə, ailədə tərbiyə məsələsinin düzgün qoyuluşu şəxsiyyətin gələcək inkişafına güclü təsir edir. Felyetonlarının birində yazırdı ki, uşaqlar 7-8 yaşına qədər məktəbə getmir və evdə qalırlar. Bu dövrdə qeyri-millətlərin uşaqları gözəl tərbiyə olunur, yəni vaxtında yatır, açıq havada gəzir, ona lazım olan oyuncaqlarla oynayırlar. Anaları onlara kitab oxuyur, bir sözlə ətrafı uşağa xoş təsir bağışlayır. Amma bizim uşaqlar toz-torpağın içində böyüyür, qulağı söyüş, qarğış, dava-dalaş səsləri ilə dolur və sonra da məktəbə gedir. Gələcəkdə oxuyub necə deyərlər, alim olsa da, adam ola bilmirlər.
Azərbaycan pedaqoji fikir və təhsil tarixində silinməz iz qoymuş Ü.Hacıbəyli göstərir ki, uşağın tərbiyəsində ailə və məktəbin eyni dərəcədə mühüm rolu var. Ümumiyyətlə, o, uşaqların tərbiyəsinə ümumxalq işi kimi baxır və müəllimləri, valideynləri və içtimaiyyət nümayəndələrini bu sahədə qarşıya çıxan hər cür çətinliyə dözməyə çağırırdı.
Üzeyir bəy “Xəbərdarlıq” adlı məqaləsində tələb edirdi ki, uşağın təbii qüvvəsini düzgün istiqamətləndirməklə onların qarşısını almağa çalışan və ya inkişafına mane olan hər cür vasitələri aradan qaldırmaq lazımdır. O, uşağın təbiətini yeni əkilmiş ağaca bənzədirdi. Ağacın becərilməyə ehtiyacı olduğu kimi, uşağın da təbiəti elm öyrənməyə, təhsil və tərəqqi almağa möhtacdır”. Böyük Üzeyir bəy özü ən yaxşı tərbiyəçilərdən idi. Tanınmış bəstəkar S.Rüstəmov bu barədə belə yazırdı: “Azərbaycan xalqının ləyaqətli oğlu olan Ü.Hacıbəyov istedadlı bəstəkar, qabil sənətkar olmaqla, gənclərimizin tərbiyəsi ilə məşğul olan ən yaxşı müəllimdir”.
Heç şübhəsiz ki, Azərbaycan musiqisinin baş tacı olan Üzeyir bəyin pedaqoji fəaliyyətinin ən yüksək mərhələsi musiqi sənətinin tədrisi ilə bağlıdır. Demək olar ki, Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin və musiqi təhsilinin inkişafına həsr etmişdi. O, ölkəmizdə musiqi təhsilinin bünovrəsini qoyan böyük pedaqoqdur. Milli musiqi kadrlarının yetişdirilməsində müstəsna xidmətləri olmuşdur.
Ü.Hacıbəyli “Azərbaycanda musiqi tərəqqisi” əsərində musiqi təhsili ilə bağlı əsas məqsədi belə müəyyənləşdirmişdi: “Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alışdırmaqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdədir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musiqisini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir”.
Dahi bəstəkarın “Azərbaycan musiqi təhsili”, “Vəzifeyi-musiqiyyətimizə aid məsələlər”, “Türk operaları haqqında”, “Dövrümüzə layiq musiqi əsərləri yaradaq”, “Azərbaycanda musiqi tərəqqisi”, “Çaykovski və Azərbaycan musiqisi”, ”Milli ifaçı kadrların yetişdirilməsinə dair” və s. məqalə və çıxışlarında Azərbaycan musiqisinin və musiqi təhsilinin inkişafına, o cümlədən xalq musiqisinin təliminə və ifaçılıq sənətinə aid çox dəyərli fikirlər əks olunmuşdur. Bu əsərlər barədə məşhur bəstəkar F.Əmirov özünün “Üzeyir məktəbi” məqaləsində yazırdı ki, “Bəstəkarın (Ü.Hacıbəylinin) musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş məqalələri və çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir…Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır”.
S.Rüstəmovun 1945-ci ildə Üzeyir bəyin anadan olmasının 60 illik yubileyi münasibətilə yazdığı "Üzeyir Hacıbəyli bir xalq müəllimi kimi" məqaləsində oxuyuruq: “1922-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə Bakıda Musiqi Texnikumu təşkil olunmuşdu. Azərbaycan xalqının bir sıra musiqiçi və bəstəkarlarının ilk təhsilini almağa başladıqları, yetişdiyi bu tarixi məktəbin təşkili və idarə olunması hörmətli sənətkar-müəllim Üzeyir Hacıbəyliyə tapşırılmışdı. Bu vaxta qədər musiqi məktəbi və musiqi təhsilinin nə demək olduğunu bilməyən əməkçi azərbaycanlı balaları bu məktəbə axın-axın gəlməyə başlayırlar.
Burada Avropa musiqi alətləri: fortepiano, skripka, violençel, kontrabas, fleyta, qaboy, klarnet, truba, valtorna və başqaları ilə yanaşı olaraq, Azərbaycan xalq çalğı alətləri- tar, kamança və dəf sinifləri də təşkil olunmuşdu. Məktəbə qəbul olunmuş şagirdlərin istər valideynləri və istərsə bilavasitə özləri ilk öncə möhtərəm Üzeyir müəllimlə görüşərdilər; Üzeyir müəllim onları özünəməxsus təvazökarlıq və mehribanlıqla qarşılayır, musiqi qabiliyyətlərini yoxladıqdan sonra musiqi sənətindən, musiqi təhsilinin xalq üçün xeyir və əhəmiyyətindən danışar, onlara ürək, ruh verib işə inamla yanaşmalarını tövsiyə edərdi.
Üzeyir müəllim Musiqi Texnikumu şagirdlərinin hamısını çox yaxşı tanıyır, hər gün onların müvəffəqiyyətləri haqqında müəllimlərdən məlumat alar, hər bir şagirdin gələcək perspektivini təyin edərdi. Azərbaycanlı balalarının bu məktəbə olan şövq və həvəsi hədsiz idi. Maraqlı burasıdır ki, hələ o vaxt mövhumatın güclü olmasına baxmayaraq, Musiqi Texnikumunda azərbaycanlı qızlar və oğlanlar bir yerdə dərs alırdılar və buna heç kəs etiraz etməmişdi. Əksinə olaraq, məktəbə qəbul olunmaq istəyənlərin sayı gündən-günə artırdı. Məktəbin bütün müəllimləri başda Üzeyir bəy olmaq üzrə azərbaycanlı balalarından ixtisaslı musiqiçilər yetişdirməyə səy edirdilər. Üzeyir bəyin rəhbərliyi ilə Azərbaycanda ilk simfonik orkestr təşkil olunmuşdu.
1925- ci ilin may ayında Dövlət Opera Teatrının binasında Musiqi Texnikumu ilk hesabatını verdi. Həmin gün şagirdlərin qüvvəsi ilə “Arşın mal alan” operettası tamaşaya qoyuldu. Dirijor böyük müəllimimiz Üzeyir bəy idi”.
Bəstəkar, dirijor, musiqişünas Ü.Hacıbəyovun musiqi dünyası özü də bir məktəb idi. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və onlarla başqa tanınmış bəstəkarlar və musiqiçilər bu məktəbin yetirmələri olmuşlar.
Sonralar Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Müsəlman Şərqində ilk ali musiqi təhsil ocağı–konservatoriya (hazırkı Bakı Musiqi Akademiyası) 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır. Ü.Hacıbəylinin müəllimlik fəaliyyətinin ən qiymətli məhsullarından biri də «Azərbaycan xalq musiqisinin əsasları» əsəridir.
Şübhəsiz ki, 140 illik yubileyini qeyd etməyə hazırlaşdığımız dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin pedaqoji görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin və musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş, əsl vətənpərvərlik nümunəsi olan fəaliyyətini və yüksək mənəvi-estetik dəyərə malik irsini, “yaradıcılığındakı Antey qüdrətinin, Herkules əzəmətinin sirlərini hələ çox nəsillər öyrənəcək” və faydalanacaqlar. Onun yazılarında bu günümüzlə səsləşən, rəhbər tutulacaq, istifadə olunacaq məqamlar, qiymətli fikir və mülahizələr tapmaq o qədər də çətin deyildir.
“Üzeyir Hacıbəylinin yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəylinin xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə də artırmalı, daha da inkişaf etdirməliyik”. (H.Əliyev)
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.

