Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin pedaqoji irsi: ailədə övlad tərbiyəsinə nümunəvi baxış

Üzeyir Hacıbəylinin pedaqoji irsi: ailədə övlad tərbiyəsinə nümunəvi baxış

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kamal CAMALOV
Kamal CAMALOV Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi bəstəkar, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli Sərəncamı bu böyük sənətkarın həyat və fəaliyyət yoluna bir daha geniş nəzər yetirilməsinə təkan verdi.

Bu yazımızda Üzeyir Hacıbəylinin pedaqoji düşüncələri, ailə dəyərlərimiz, valideyn-övlad münasibətləri və digər bu kimi məsələlərə baxışı barədə söz açmağı qarşıya məqsəd qoymuşuq. Qeyd edək ki, yaradıcılığın digər sahələri ilə yanaşı, pedaqoji istiqamətdə də mühüm xidmətləri olan Ü.Hacıbəyli Azərbaycanda ilk dəfə ibtidai sinif şagirdləri üçün riyaziyyat dərsliyi yazan müəllim-pedaqoq kimi də uğur qazanıb.

Ailə tərbiyəsində ata və ananın önəmli yeri vardır. Nahaq yerə ata və ananı ailə tərbiyəsinin qoşa qanadı adlandırmırlar. Azərbaycan ailəsində həm ata, həm də ana uşaq üçün yaşayır. Atalarımız “Dörd göz bir uşaq üçündür”, “Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər” - deyiblər. Üzeyir Hacıbəyli də qeyd edir ki, ailədə tərbiyə prosesinin başlanğıcı və sonu yoxdur. Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələcək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Ü.Hacıbəyliyə görə, övlad bəşəriyyətin, dövranın nəzim-nizamıdır. Heç bir sərvət, heç bir var-dövlət, heç bir cahü-cəlal, heç bir izzət və fəzilət övladı əvəz edə bilməz, ona görə ki, övlad can cövhəridir. Övladın doğulması yalnız nəslin artımı deyildir. Valideynlərin ən ümdə vəzifəsi, Üzeyir bəyin nəzərində, tərbiyə etdiyi övladın ağıllı, qabiliyyətli olmasına çalışmasıdır. Övladın tərbiyəsinə böyük tələbkarlıqla yanaşan Ü.Hacıbəyli valideynlərə müraciətlə deyirdi: “Allah-Təala birisinə bir övlad kəramət etdikdə, onun qəlbində övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətdən ruhani bir ləzzət almağa başlar. Balanın canını sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrı yarılmasın”.

Alovlu publisistikası ilə mətbuat salnaməsində yeni səhifələr yazan Ü.Hacıbəyli deyir ki, hər bir valideyn övladının insan olması üçün ona düzgün tərbiyə verməlidir. Ailədə ata və ananın qarşılıqlı səmimi münasibətləri, xeyirxahlığı övlad tərbiyəsinin əsasıdır. Uşaq mənəviyyatın, əxlaqın ilk dərslərini ailədə alır. Bu mənada müəyyən bir səhvlik və ya səhlənkarlıq uşağın mənəviyyatına müəyyən mənada mənfi təsir göstərər. Ü.Hacıbəyli yazırdı: “Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cürə adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar”.

Azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş görkəmli pedaqoq-müəllim Ü.Hacıbəyli uşaqları xalqın ümidi, canı, ürəyi adlandırır və onların oxumasını, ədəbə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu kimi qeydə qalmağın ən başlıca məqsədini isə valideynlərin özlərinin elmli, təhsilli olmasında görürdü. Üzeyir bəy valideynlərdən uşaqlarda elmə maraq oyatmağı tələb edərək yazırdı: “Hər kəs ki, (millət kənarda dursun) öz övladını sevir, onun gələcəyinin dərdinə qalır, öz nəslinin bəqasını istəyir, övladının bədbəxt olmağına səbəb olmaq istəmir, o kəs övladını məktəbə verib, oxutdurmalıdır. Əks surətdə, övladının başına hər nə fəlakət gələcəksə, hamısının səbəbi özü olub, qəbirdə də rahat yata bilməyəcəkdir”.

Ü.Hacıbəylinin fikrincə, hər bir ailə uşağın zehninin zənginləşməsinə, onun elm və bilik almasına maraq oyatmalı, xalqına fayda verə biləcək biliklərə yönləndirməlidir. Belə olduqda valideynlər və uşaqlar arasında düşüncəli, qarşılıqlı münasibət, bir-birinə inam, etibar və xeyirxahlıq hökm sürür: “Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şəri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür”.

Şəxsi nümunənin, valideynlərin övladlara onlarda görmək istədikləri  xüsusiyyətləri aşılamağa çalışmasının tərbiyədə həlledici rolunu nəzərdən qaçırmayan Ü.Hacıbəyli yazır: “Kimi elmilə, kimi ağıl və təcrübə ilə bir kərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir məmatdır. Doğrudan da, minlərcə atalar əvvəllərdə gələcəyi heç də nəzəri-etibara almayıb, günlərini qəflətdə keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini anlayıb evladlarına tərbiyə verirlər ki, onlar gələcək həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şeylərdən məhrum olmasınlar”.

Bu kimi məsələlərlə bağlı fikirlərini izah etdiyi “Xəbərdarlıq” adlı məqaləsi də Ü.Hacıbəylinin baxış bucağını anlamaq üçün qiymətli nümunədir: “Uşaq məktəbə girməzdən qabaq öz valideyninin təhsil-tərbiyəsinə qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladının birinci xeyirxah cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şəri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq, elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan pedaqoqların tərbiyə haqqındakı mülahizə və təkliflərindən layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsizliyi və tərbiyəsizliyidir. İş burasındadır ki, məktəbə qoyulan uşaqlarımızın əksəri tərbiyə görmədiyinə görə onları təhsil-təlim və tərbiyə verən müəllim əfəndinin işi müstəqil, daha ağır olur”.

Ü.Hacıbəyli publisistik yazılarında dəfələrlə qeyd edir ki, valideynlər uşaqlarının bilikli, zəhmətsevər və həyata hazırlıqlı vətəndaşlar kimi yetişdirilməsinə məsuliyyət daşıyırlar. Ona görə övlada yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda uşaq öz valideynindən heç bir şey götürə bilməz. Uşağı yalnız sevgi ilə tərbiyə etməyin qeyri-mümkünlüyünü diqqətə çatdıran Ü.Hacıbəyli Belinskinin “Dünyada valideyn çoxdur, amma ata və analar azdır” fikrini yada salaraq yazır: “Siz deyə bilərsiniz ki, çox gözəl! Bəs valideyn ilə ata-ananın nə fərqi var? Necə yəni? Yay zamanı milçəklərə diqqət yetirin: Görün nə qədər valideyn var. Bəs atalar, analar hanı? Övlad doğmaq haqqı-müqəddəs bir haqdır və ata-ana adı müqəddəsdir. Ancaq məsələ təkcə bununla bitmir. Daha yüksək bir haqq da var: valideynlərin məhəbbəti! Siz deyə bilərsiniz ki, hansı ata və ya ana öz övladını sevməz? Bu belədir, ancaq icazə verin sizdən soruşaq - siz məhəbbət nəyə deyirsiniz? Məhəbbəti siz necə başa düşürsünüz? Axı, qoyun da öz quzusunu sevir, onu öz südü ilə bəsləyir, dili ilə yalayır. Ancaq elə ki, quzu südü otla əvəz edib çöldə otlamağa başladı, onların ana-övladlıq münasibəti qurtarır. Ata-ana ilə uşaqlar arasında qarşılıqlı münasibətin əsasını şüurlu, düşüncəli məhəbbət təşkil etməlidir”.

Ü.Hacıbəyli vurğulayır ki, valideyn uşağın daha çox gələcəyi qeydinə qalmalıdır. Hər bir valideyn uşaq üçün elə şərait yaratmalıdır ki, uşaqda bütün müsbət keyfiyyətlərin yaranıb təşəkkül tapması üçün onda geniş imkanlar açılsın. Uşağın istedad və qabiliyyətinin inkişafı üçün o, həmişə məsuliyyət daşımalıdır. Əks təqdirdə, onun istedad və qabiliyyəti də məhv ola bilər ki, bundan da heç kəs, o cümlədən millətimiz və ya dövlətimiz fayda götürə bilməz. Bu mənada Ü.Hacıbəyli yazırdı: “Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əhfadımız olacaqdır. Ona bina indidən lazımdır ki, onların tərbiyələri o növlə icra olunsun ki, axırda məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər”.

Qeyd etdiyimiz kimi, Ü.Hacıbəyliyə görə, ailədə uşağın tərbiyəsində valideynin şəxsi nümunəsi güclü təsirə malikdir. O, valideyn nüfuzunun, davranışının uşağın tərbiyəsində əhəmiyyətini dönə-dönə qeyd edərək yazırdı ki, əgər ata və ana bir-birinə qarşılıqlı hörmət və məhəbbətlə yanaşmazsa, onda ailədə uşağın düzgün tərbiyə almasından söhbət gedə bilməz. Xalqın dilində gözəl bir deyim var: “Uşaq evin güzgüsüdür”. Bu mənada böyük ustad öz fikrini kiçik bir miniatürdə çox gözəl ifadə edib:

“Bir müsəlman uşağından soruşdular ki, bu qədər söyüşü kimdən öyrəndin?

Dedi:

- Hamısını dədəmdən.

Dedilər:

- Nə tövr?

Dedi:

- O mənə söydükcə, mən də əzbərlədim”.

Göründüyü kimi, Ü.Hacıbəyli valideyn-övlad tərbiyəsinə əsərlərində ona görə çox böyük əhəmiyyət verirdi ki, yaşadığı dövrdə övladlarının sağlam ruhda tərbiyəsi qeydinə qalmayan məsuliyyətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaqlarına mənfi nümunə göstərən cahil ata və analar da yox deyildi. Bildiyimiz kimi, uşaqların da psixoloji xüsusiyyətləri elədir ki, onlar nümunələri nəsihətlərdən daha tez və asan qəbul edirlər. Çünki canlı nümunə sözlə ifadə edilən uzun-uzadı nəsihətlərdən daha konkret və daha təsirlidir. Bütün bunları hər bir valideyn rütbəsindən asılı olmayaraq nəzərə almalı və öz hərəkətlərini daim nəzarət altında saxlamalıdır.

Ü.Hacıbəyli tamamilə haqlı olaraq qeyd edirdi ki, hər bir ata və ya ana öz uşağına nə kimi sifətlər tərbiyə etmək istədiyini anlamalı və onda bu sahədə ciddi məsuliyyət hissi olmalıdır, çünki: “Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri