Icma.az
close
up
RU
Vaqif İbrahimin sükutla keçən yubileyi

Vaqif İbrahimin sükutla keçən yubileyi

Icma.az bildirir, 525.az portalına istinadən.

Kamalə ABİYEVA

1983-cü il oktyabrın 29-da yaşadığı mənzildən Sumqayıt məzarlığına qədər insan axını - izdiham vardı. Sevənləri onu son mənzilə yola salırdılar. Çöhrələrdə kədər, gözlərdə səssiz-səmirsiz göz yaşı... Dilimizdə ona deyə bilmədiyimiz, ürəyimizdə ona olan sevgi, sayğı...

26 oktyabr axşamı idi. Xatırlamıram kim zəng etdi: Vaqif müəllimin getdiyi avtobus yol qəzasına uğrayıb, respublika xəstəxanasındadır. Vəziyyəti ağırdır...

O qəzada bir-neçə nəfər yüngül yaralanmışdı, yalnız o, həyatını itirdi. Tək O...

Bütün gecəni xəbəri eşidənlər, rəhbəri olduğu Respublika Gənc Yazarlar Ədəbi Birliyinin bir çox üzvləri, yaxınları yatmadı. Onu son dəfə yatdığı otağın pəncərəsində olan iynə boyda yarıqdan gördüm. O görüntü hələ də gözlərimin önündədir. Nə o görüntünü, nə də o kiçik yarıqdan son dəfə gördüyüm adamın böyüklüyünü unuda bilmədim.

Onda cavan idim, çox cavan. Hələ pislərin, pisliklərin necə və neçə olduğundan o qədər xəbərim yoxdu. Yaşadıqca, adamları gördükcə O - Vaqif İbrahim bir az da böyüdü mənim üçün.

O illərdə “Göyərçin” jurnalında məsul katib idi. Nə vaxt getsən, makinada gənclərin şeir və hekayələrini yazdığını görərdin. Yazardı, sonra da aparıb qəzetlərə verərdi. Əslində kiminsə şeirlərini makinada yazmaq onun işi deyildi, amma bilirdi ki, əksəri rayon və kəndlərdən gələn bu uşaqların yazı makinası yoxdur, hardasa yazdırmaqsa, əlavə xərcdir.

Belə idi. Sevqi dolu, qayğı dolu. Hamıya kömək etməyə çalışırdı.

Vaqif İbrahim. 80-ci illərdə ədəbi mühitə gələn çoxunun yaradıcılığında, həyatında onun adı var, zəhməti var, qayğısı var. Çoxu unutsa da...

Dost idi. Qardaş idi. Doğma idi. O həm də şair idi. O illərin ən istedadlı imzalarından biri, bəlkə də birincisi idi. O qədər istedadlıydı ki, bir şeirinə, bir misrasına, bir hekayəsinə görə kimsəni tərifləməkdən qorxmazdı. Çünki hələ 1961-ci ildə, 16 yaşında yazdığı kimi bilirdi ki, adam ilk növbədə özünə cavabdehdir:

Bu ada cavabdehəm...

Özümə cavabdehəm.

Ömrümdən düşüb qalan

İzimə cavabdehəm...

Narahatam hər zaman.

Şəkidə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU), o vaxtkı AZİ-yə daxil olmuşdu. İxtisasca mühəndis olsa da, uşaqlıqdan ədəbiyyata olan bağlılığı üstün gəlir. Əmək fəaliyyətinə Sumqayıt radiosunda jurnalist kimi başlayır. Sonralar Əli Kərim adına Sumqayıt poeziya klubunun sədri olmuş, “Ulduz” və “Göyərçin” jurnallarında çalışmışdı. O, SSRİ-Bolqarıstan “Drujba” jurnalının redaksiya heyətinin üzvü olub. Maksim Qorki adına Ümumittifaq və Azərbaycan SSR Lenin Komsomolu Mükafatlarına layiq görülüb.

Yaratdıqları, elədikləri qısa ömründən böyük idi. Poeziya onun həyatı idi həm də:

Nə vaxt ki, bir misra yaza bilmirəm.

Sanıram qurumuş bir budağam mən.

Dərsini bilməyib sinifdə qalmış

Ən əfəl, ən tənbəl bir uşağam mən.

(“Kədərli anlarım”)

İstənilən mövzu var yaradıcılığında. Hər mövzuda yazılan şeirdə  Vaqif İbrahim qələminin, duyumunun, ürəyinin zənginliyi var:

Yağış yağır

Buludun büllur barmaqları

görünür pəncərəmdən.

Yağış yağır gilə-gilə.

Bulud hardan bilib ayrılığımızı

kövrəlib belə?

Bəlkə külək deyib ona?

Yağış yağır...

Pəncərəmdə göz yaşlarının əksi,

Qulağımda bu yağışda

məni gəzən xəyalının addım səsi...

(“Bu yağışda”)

Şeirlərini oxuduqca düşünürsən: bir şair ağacı, yarpağı, yağışı, sinif otağını, məzarlığı, insan qəlbini, müharibənin dəhşətlərini və s...belə görə bilir? Elə bil bu gün üçün yazıb vətən mövzulu şeirlərini.

Vətən sevgisini sözlə deməyi

Ar bildi özünü oda atanlar,

Ancaq bu Vətəni necə sevməyi

Bizə ölümüylə göstərdi onlar!...

Sonra düşünürsən ki, axı o Vaqif İbrahimdir. İstedadlı, Sakit, təvazökar, alicənab, mədəni, əxlaqlı... Vaqif İbrahim.

30 sentyabr 1945-ci ildə Şəkidə dünyaya gəlmişdi. 1983-cü ildə bu dünyadan köçdü.Yaşasaydı bu il 80 illiyini qeyd edəcəkdi. Yaşasaydı? Belə yazdığıma peşiman oldum. Axı, o yaşayır. Poeziya sevənlər, sözə dəyər verənlər onu yaşadır. Bu sətirləri yazmaq mənim üçün həm də çox üzücüdür. Ağırdır. Onun doğum günləri, hətta yubiley illəri belə sükutla keçir. 80 illiyi də...

Amma sevməsə belə, arxasınca min söz danışsa belə, vəzifədə olan birini, ya necəliyindən xəbərsiz olduğu atasını qəbirdən çıxarıb oxşayan, əzizləyən, bağrına basanlar nə qədər istəsən var. 

Niyə sevməyi bacarmırıq? Ürəyimizin sevgi tutumu nə qədərdir görəsən?

Onun 80 illik yubileyinin sükutu qədər...

P.S. 70 illiyində onun latınca “Mən də varam” kitabını hazırladım. Çap etdirdim öz gücümə. Vaqif İbrahim üçün anım günü və kitabın təqdimatını keçirdim. Gələnlər çox oldu, kitabı alan az. Hətta kitabda xatirələrini verdiyim imzaların da çoxu kitabı götürüb bir kitabxanaya verməyi belə düşünmədilər. Paşa Qəlbinurun 5-10 kitab alıb, gələnlərə hədiyyə etməsini xatırlayıram... Bir də “525-ci qəzet” və “Ədalət”ə xatirə yazılarını, şeirlərini göndərirdim. Bir-neçə gün ardıcıl bu yazılar gedirdi. Bir daha onlara təşəkkür edirəm. Elə bu yazını verəcəklərinə görə də təşəkkür edirəm.

P.P.S. Vaqif müəllim nəşriyyatın mənzil növbəsində idi.  Ailəsinə ikiotaqlı ev verdilər. Bu işdə ehtiramla andığım Tofiq Mahmudun da səyi oldu.  İki uşaqla - Rəşad və Aytənlə tək qalan Məlahət xanım övladlarını böyüdə, oxuda bildi çətinliklə olsa da. Bu günə qədər oğlunun ailəsi ilə o kiçik mənzildə yaşayır. Deyir ki, müraciət etmək istəmişəm, amma əvvəl köçkünləri düşünüb, utanırdım. İndi də şəhidlər, qazilər var. Amma bizə də çox çətindir. Vaqifin 80 illiyidir. Görəsən, müraciət etsəm, bir otaqlı da osa mənə mənzil verərlər?”- deyə düşünür. Mən müracət etməsini məsləhət gördüm. Bilmirəm müraciət etdimi? 

Vaqif İBRAHİM

Yaşamaq  eşqi

Qəbristanlıq...

Sinif otağı kimi sakit.

Elə bil kimsə sual verib,

dinc qoymayıb dilini:

-Kim yaşamaq istəyir?

Hamı əlini qaldırıb,

başdaşına dönmüş əlini...

Yüz yerdən çatlamış qab kimidir dünya

Dünyanı bölmək, parçalamaq

nəyə lazımmış axı?

O qədər böldük ki, bu torpağı

çətin bölünməmiş yer ola,

gözdən uzaqda qala...

Əvvəl həyət-həyət böldük dünyanı,

sonra küçə-küçə...

Əvvəl məhəllə-məhəllə böldük dünyanı

sonra kənd-kənd,

şəhər-şəhər, oba-oba,

ölkə-ölkə...

Odur ki, birləşdirə bilmirik dünyanı.

Yenə kimsə xəyalən

dünyanı sərhəd-sərhəd cızır.

Yüz yerdən çatlamış

qab kimidir dünya,

sərhədlər çatlaq yerləridir;

o yerlərdən

müharibə qorxusu sızır...

Sızır... sızır... sızacaq...

Sızmaz çatlaq yerləri

möhkəm birləşsə ancaq...

Əllərim çicək açıb

Əllərimə bax mənim,

Zəhmət adlı gözələ

Vurulub, “Ürək” açıb.

Əllərimdə gördüyün

adi qabarlar deyil,

Çətinliyin özüdür,

Elə bil çiçək açıb...

Həyat ağacı

Həyat nəhəng,

Qocaman ağacdır,

bizik barı.

Qəbirlər bu ağacın

xəzan vurmuş-tökülmüş

sapsarı yarpaqları.

Niyə görüşdürdü təsadüf  bizi

Niyə görüşdürdü təsadüf bizi,

Əgər bu ayrılıq vardısa onda.

Gərək ayrılaydıq, bir-birimizi

Başa düşməyəndə, anlamayanda.

Yaxın düşməsəydim sevən könlünə,

Səndən ayrılmağa axı nə vardı?

Bilirsən, əzizim, o zaman mənə

Səni unutmaq da asan olardı.

İndi yaşayardım qəmindən uzaq,

Gözüm də, könlüm də, qulağım da dinc!..

De, nəyə gərəkmiş qəminə ortaq

Eniylə uzunu görünən sevinc?

Ayrılıq daha çox sarsıdır bizi,

Gənclik köç edəndə, yaş ötüşəndə.

Çətindir ayrılmaq - bir-birimizi

Yaxından anlayıb, başa düşəndə.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see384

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see282

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see249

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see243

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see238

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see236

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see235

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see231

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see223

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see219

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see216

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see210

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see207

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see196

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see195

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see194

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see189

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see187

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see185

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri