Icma.az
close
up
RU
Vaşinqton “ölü” düzəlişi ləğv edəcəkmi?

Vaşinqton “ölü” düzəlişi ləğv edəcəkmi?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət sovet dövrünün məhdudiyyətindən gedir Azərbaycan və Mərkəzi Asiya ölkələrinə münasibətdə hələ də qüvvədə qalan Cekson-Venik düzəlişinin ləğvi məsələsi yenidən gündəmə gəlib. İlk baxışdan bu, ABŞ qanunvericiliyində köhnə bir müddəanın aradan qaldırılması kimi görünə bilər. Əslində isə məsələnin arxasında Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiyaya münasibətində baş verən dəyişiklik dayanır.

ABŞ Nümayəndələr Palatasının Yollar və Vasitələr Komitəsində keçirilən dinləmələrdə ekspertlər Cekson-Venik düzəlişinin Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistana münasibətdə qüvvəsinin tamamilə ləğv edilməsinə çağırıblar. “Atlantic Council”in Avrasiya Mərkəzinin baş direktoru Con Herbstin fikrincə, bu məhdudiyyətlərin saxlanılması Vaşinqtonun region ölkələri ilə sıx ticarət-iqtisadi əlaqələr qurmasına mane olur. Onun sözlərinə görə, düzəlişin ləğvi üçün Konqresin müvafiq qanunvericilik qərarı qəbul etməsi lazımdır.

Bu yanaşmanın arxasında kifayət qədər aydın məntiq var. Cekson-Venik düzəlişi 1974-cü ildə, Sovet İttifaqının mövcud olduğu dövrdə qəbul edilib. O zaman ABŞ SSRİ-dən yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərə etiraz olaraq ticarət münasibətlərinə də müəyyən şərtlər qoymuşdu. SSRİ artıq 30 ildən çoxdur mövcud deyil, Azərbaycan və Mərkəzi Asiya dövlətləri isə müstəqil ölkələrdir. Buna baxmayaraq, həmin dövrün qanunvericilik mexanizminin bəzi dövlətlərə münasibətdə saxlanılması bu gün getdikcə daha çox sual doğurur.

Hüquqi baxımdan məsələnin mahiyyəti məhz buradadır. Düzəlişin artıq real praktiki əhəmiyyətinin olmadığı, onun de-yure ləğvinin çoxdan baş verməli olduğu vurğulanır. Çünki söhbət başqa siyasi sistemə və başqa geosiyasi reallığa aid edilmiş qərarın bu gün müstəqil dövlətlərə münasibətdə formal şəkildə davam etməsindən gedir. Üstəlik, bu məhdudiyyətlərin saxlanılması ABŞ-ın hazırda regionda həyata keçirməyə çalışdığı iqtisadi və strateji siyasətlə də uyğunlaşmır.

Vaşinqton son illər Mərkəzi Asiyaya və Cənubi Qafqaza daha çox diqqət yetirir. Enerji resursları, kritik əhəmiyyətli faydalı qazıntılar, nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur və yeni investisiya imkanları regionu ABŞ üçün əhəmiyyətli edir. Belə bir şəraitdə yarım əsr əvvəl qəbul edilmiş ticarət məhdudiyyətinin hələ də qüvvədə qalması həqiqətən də başadüşülən deyil.

Azərbaycan bu mənzərədə ayrıca yer tutur. ABŞ Konqresindəki dinləmələrdə ölkəmizin Mərkəzi Asiya, Xəzər regionu və Qərb bazarları arasında əlaqələndirici roluna diqqət çəkilməsi təsadüfi deyil. Bakı limanı, dəmir və avtomobil yolları, Xəzər üzərindən Mərkəzi Asiya ilə bağlantılar Azərbaycanın tranzit əhəmiyyətini artırır. Bunun üzərinə enerji layihələrini və rəqəmsal bağlantıları da əlavə etsək, Azərbaycanın ABŞ və Qərb üçün niyə xüsusi maraq doğurduğu aydın görünür.

TRIPP layihəsinə və Trans-Xəzər qaz kəmərinə diqqət də bununla bağlıdır. Bu təşəbbüslər yalnız ayrı-ayrı iqtisadi layihələr deyil. Onlar regionun geosiyasi xəritəsini dəyişə biləcək daha geniş prosesin bir hissəsidir. Azərbaycanın bu prosesdə iştirakı isə ölkənin Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü rolunu gücləndirə bilər.

Burada başqa, bir vacib məqam da var. ABŞ administrasiyası Cekson-Venik düzəlişinin ləğvini dəstəkləməyə hazır olduğunu bildirərkən bunun qarşılığında region ölkələrindən öz bazarlarını Amerika malları üçün açmalarını gözlədiyini də açıq şəkildə ortaya qoyur. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn açıqlaması göstərir ki, Vaşinqton məsələyə yalnız siyasi jest kimi baxmır. Burada konkret iqtisadi maraq var. ABŞ “qarşılıqlılıq” prinsipindən çıxış edir. Yəni Amerika bazarlarına çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin də öz bazarlarını ABŞ şirkətləri və məhsulları üçün daha əlçatan etməsi gözlənilir.

Azərbaycan baxımından əsas məsələ yaranacaq imkanlardan necə istifadə etməkdir. Cekson-Venik düzəlişinin ləğvi avtomatik olaraq ABŞ-Azərbaycan ticarətinin kəskin artacağı anlamına gəlmir. Bunun üçün investisiya mühiti, gömrük və tarif siyasəti, biznes əlaqələri və bazara çıxış imkanları kimi amillər də rol oynayır. Ancaq köhnə və mahiyyətini böyük ölçüdə itirmiş hüquqi məhdudiyyətin aradan qaldırılması münasibətlər üçün əlverişli hüquqi-siyasi zəmin yarada bilər. Üstəlik, bu məsələ yalnız Azərbaycanla bağlı deyil. Qazaxıstanın enerji və xammal resursları, Özbəkistanın geniş bazarı və sənaye potensialı, Türkmənistanın enerji imkanları, Tacikistanın təbii resursları və regionun ümumi tranzit potensialı ABŞ-ın diqqət mərkəzindədir. Mərkəzi Asiya artıq yalnız Rusiya və Çin arasında yerləşən coğrafiya kimi qiymətləndirilmir. Region böyük dövlətlərin iqtisadi və strateji maraqlarının kəsişdiyi məkandır.

Cekson-Venik düzəlişinin ləğvi məsələsinə yalnız “köhnə qanun aradan qaldırılır” kimi baxmaq düzgün olmaz. Burada daha böyük siyasi mesaj var. Vaşinqton region ölkələri ilə münasibətlərini yeni reallıqlara uyğunlaşdırmaq istəyirsə, bunun hüquqi bazasında da dəyişikliklər etməlidir. Bununla belə, prosesin qarşısında mühüm bir prosedur mərhələsi qalır. Administrasiyanın dəstəyi düzəlişin avtomatik olaraq ləğv edilməsi demək deyil. Bunun üçün ABŞ Konqresinin müvafiq qərarı lazımdır. Ancaq administrasiyanın mövqeyi və Konqresdə səslənən təkliflər göstərir ki, məsələ artıq siyasi gündəmdədir. Bir sözlə, 1974-cü ildə SSRİ-yə münasibətdə qəbul edilmiş Cekson-Venik düzəlişi bu gün artıq tamam başqa bir reallığın içində müzakirə olunur. O dövrdə əsas məsələ insan hüquqları və mühacirət idisə, bu gün söhbət ticarətdən, enerji təhlükəsizliyindən, nəqliyyat dəhlizlərindən, investisiyalardan və yeni bazarlardan gedir.

Əgər düzəliş Azərbaycan və Mərkəzi Asiya ölkələrinə münasibətdə ləğv edilərsə, bu, yalnız köhnə bir hüquqi məhdudiyyətin aradan qaldırılması olmayacaq. Bu addım həm də ABŞ-ın regiona baxışının dəyişdiyini göstərəcək. Əsas məsələ isə bundan sonra başlayacaq: Azərbaycan və digər region ölkələri açılan yeni imkanlardan öz milli iqtisadi maraqları naminə nə dərəcədə səmərəli istifadə edə biləcəklər?

***

İqtisadçı-ekspert Mahir Zeynalov mövzu ilə bağlı XQ-yə bildirdi ki, Cekson–Venik düzəlişinin ləğvi, ilk növbədə, ABŞ-Azərbaycan iqtisadi münasibətlərində hüquqi qeyri-müəyyənliyin aradan qalxması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, düzəlişin praktiki təsiri bu gün məhdud olsa da, qüvvədə qalması ABŞ-ın Azərbaycanla münasibətlərinə keçmişdən qalan fərqli hüquqi rejimin mövcudluğunu göstərir.

M.Zeynalov hesab edir ki, proses qarşılıqlılıq prinsipi ilə aparılarsa, Azərbaycan üçün əsas üstünlük ixrac imkanlarının genişləndirilməsi olacaq: “Xüsusilə qeyri-neft sektoru, logistika, rəqəmsal iqtisadiyyat və yüksək əlavə dəyər yaradan sahələrdə ABŞ bazarına çıxış imkanlarının artırılması daha önəmli nəticə verə bilər”.

Eyni zamanda ekspert vurğulayır ki, ABŞ bazarının Azərbaycan üçün açılması qədər, Azərbaycan bazarının Amerika şirkətləri üçün açılması da gündəmdə olacaq: “Buna görə də proses yalnız güzəşt kimi deyil, qarşılıqlı iqtisadi faydanın təmin edilməsinə yönəlmiş danışıqlar kimi qiymətləndirilməlidir. Azərbaycanın marağı ondan ibarət olmalıdır ki, yeni mərhələ idxalın artımı ilə məhdudlaşmasın, investisiya, texnologiya transferi və yerli istehsalın ABŞ bazarına çıxışına real imkan yaratsın”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri