Vəkil olmaq hüquqşünaslara şad xəbər:
Dünən Azərbaycanda Vəkillər günü qeyd olundu. Vəkillər Kollegiyasında aparılan islahatlar nəticəsində Azərbaycanda vəkil peşəsinin prestiji yüksəlib. Hazırda ali məktəblərin hüquq fakültələrində təhsil alan bir çox tələbələr məhz vəkil olmaq istəyir. O cümlədən əlavə (ikinci) ali təhsil alan tələbələr arasında da vəkil olmaq istəyənlər çoxdur. Ancaq onlar vəkil olmaq üçün diplomdan sonra 3 illik staj tələb olunmasını çox uzun müddət sayırlar. Belə ki, bir çoxu hazırda hüquq sahəsində çalışır, amma diplom tələbinə görə stajları daha tez vəkil olmaq üçün hesablanmayacaq. Bəs, bu məsələnin həlli üçün hansı addımlar atılır və atılmalıdır? AzNews.az analitik-informasiya portalının sualını Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Şahmar Məmmədov cavablandırıb.
O, deyib:
"Bəli, bütün cəmiyyət, ictimaiyyət görür ki, xüsusilə son illər vəkillik fəaliyyətinin daha da inkişafı ilə bağlı bir çox mühim işlər həyata keçirilib. Eyni zamanda vəkillərin sayının, göstərdikləri hüquqi yardımın keyfiyyətinin artmasını da qeyd etmək lazımdır. Bu sahədə kifayət qədər görülən işlər çoxdur. Hazırda qanunun tələblərinə görə vəkil olmaq şəxslərdən 3 illik staj tələb olunur”.
Sədr müavini qeyd edib ki, Vəkillər Kollegiyası olaraq həmin tələbin 1 (bir) ilə endirilməsinə tərəfdardırlar.
“Ümid edək ki, qanunvericilikdə bu dəyişiklik baş verəcək. Əlbəttə, biz də çox istərdik ki, hüquqşünaslarımız üçün əngəl olmasın. Həqiqətən də 3 illik staj onlar üçün həm birinci, həm də ikinci təhsili hüquqşünaslıq olan məzunlara müəyyən maneələr yaradır. İnanırıq ki, tələb 1 illik staja endiriləcək və bu, yeni hüquqşünasların Vəkillər Kollegiyasına üzv olması istiqamətində mühüm addım olacaq”.
Onu da xatırladaq ki, açıqlama yayıma hazırlanərkən AzNews.az-ın əldə etdiyi son məlumata görə, Vəkillər Kollegiyası “Vəkillər və vəkillik fəaliyyəti haqqında“ qanunun dəyişdirilməsi üçün öz təkliflərini müvafiq dövlət orqanlarına təqdim edib.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az